Atatürkün verdiyi "TÜRK" adı

Akif Nəsirli

 Rəcəb Tayyib Ərdoğan "TÜRK" sözünü bəşər tarixinə qızıl hərflərlə yenidən yazdı

  Gənc yaşlarımdan məni bir məsələ çox dü-şündürüb - Osmanlı imperiyasını dünya gücünə çevirən səlcuq türklərinin adı nəyə görə "türk" adlanır. Hətta, bir neçə dəfə bu mövzuda dost-tanışla mübahisəmiz də olub. XX əsrin əvvəllərinə - daha dəqiq desək, 1926-cı ilə qədər osmanlı türkləri adlanan səlcuqlar həmin tarixdən sonra sadəcə olaraq türk adlandırılıb. Bu adı səlcuqlara onların o zamankı lideri, müasir Türkiyə Cümhuriyyətinin qurucusu olan Mustafa Kamal Atatürk verib. Dövlətin isə adını Osmanlıdan Türkiyəyə çevirən Mustafa Kamalın bu addımı həmişə məni düşündürüb.          Bu barədə mübahisələrimdə mənim qənaətim ondan ibarət idi ki, türk yüzə yaxın xalqın soyudur - bu qədər xalq nə qədər türkdürsə, osmanlılar və ya səlcuqlar da bir o qədər türkdür, bəlkə də bəzilərindən geri qalır. Ona görə də səlcuq türklərinə "türk" adının verilməsi dilçilik baxımından "kobud səhv"dir. Hətta, Azərbaycanda millətin və dilin adının türk dili kimi adlandırılması təklif olunarkən mənim fikrim ondan ibarət olub ki, dilimizin və millətimizin adı "türk" ola bilməz - türk bizim soy kökümüzdür, bu söz və onun bir hissəsi millətin və dilin adında hansı formadasa yer ala bilər? Çünki dünyada vaxtilə türk milləti də, onun əski dili də mövcud olub. Bütün türk xalqları da ondan törəyib, lakin artıq o millət deyil, başqa çalar qatıb özünə, yeni bir millət yaranıb. Məsələn, mən babalarımın irsini davam etdirsəm də, artıq başqa bir şəxsəm, babam, hətta, atam deyiləm.

Əlqərəz, yuxarıda ortaya qoyduğum arqumentlərlə həmişə tərəf müqabillərim qarşısında fikrimin doğru olduğunu sübut etmişəm və bu bəzilərini qane etməsə də, çoxları mənimlə razılaşıb.

Lakin Türkiyənin Atatürk dönəmindən sonrakı gəlişmələri, inkişafı, dünya siyasətində oynadığı rol sübut edir ki, Atatürk osmanlılara bu adı verməkdə yanılmayıb. Ona görə ki, dünya mafiyasının millət və dövlət "dəyirmanı" bütün dövlətləri və millətləri əzərək parçaladı, xırdaladı, amma Türkiyə və türklərdən bir tikə də qopara bilmədi. Bu səbəbdən də hesab edirik ki, Atatürkün o zamankı ad seçimi dilçilik elminə zidd olsa da, millətinin qarşıda gördüyü taleyinə uyğundur.

Türkiyənin bu tarixi ləyaqətinə sonuna az qaldığımız bu il daha böyük şərəf gətirdi. Belə ki, Suriya böhranında dünyanın iki böyük dövlətinin - Amerika Birləşmiş Ştatlarını və Rusiya Federasiyasını "mat" vəziyyətinə salan Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğan "TÜRK" sözünü bəşər tarixinə qızıl hərflərlə yenidən yazdı. "Sülh çeşməsi" ("Barış pinarı") əməliyyatı TÜRKün tarixinə qızıl hərflərlə yazılmış bir zəfərdir. Bir neçə günlük, hətta, dünyanın super-dövlətləri tərəfindən saatlarla sayılan və izlənilən bu əməliyyat Rusiyanı və Amerikanı arzuolunmaz addımlara vadar etdi. Təsəvvür edin, Moskva vaxtilə özünün yaratdığı, Yaxın Şərqdə 40 ilə yaxın müddətdə müxtəlif məqsədlər üçün istifadə etdiyi PKK-nı (Kürd Fəhlə Partiyası) terror təşkilatı elan etməyə məcbur oldu. ABŞ prezidenti Tramp isə YPG-nin (Xalq Qoruma Dəstələri) taleyi barədə açıqlama verərkən dedi ki, biz ömrü boyu kürdləri qoruyacağımız barədə öhdəlik götürməmişik. Beləcə, Amerika Suriya böhranında istifadə etdiyi kürd kartından imtina etməyə məcbur oldu. İndi 444 kilometrlik Türkiyə-Suriya sərhəddinin qorunmasının əsas məsuliyyəti ABŞ, Rusiya və Əsəd rejiminin üzərinə yüklənib. Bugünlərdə, Soçi memorandumundan sonra YPG lideri, Abdulla Ocalanın mənəvi oğlu Fərhad Abdi Şahin (Məzlum Kobani) Rusiyanın müdafiə naziri S. Şayqu və baş qərargah rəisi V. Gerasimovla telekonfransa qatılıb. Çox güman ki, Rusiya bayrağı fonunda danışan Məzlum Kobani öz şeflərindən eşitdiklərindən məyus olub. Çünki bu telekonfrans zamanı ona Soçidə imzalanan Türkiyə-Rusiya razılaşması barədə təlimat verilib.

Beləcə, Türkiyə bu gün də indiyə qədərki kimi TÜRK adına layiqli bir dövlət olduğunu təsdiqləməkdədir. Biz bununla fəxr edir və Azərbaycan dövlətindən də belə cəsarətli addımlar gözləyirik. Ən azı işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində TÜRKə layiq addımlar ata, torpaqlarımızı mənfur düşmənin tapdaqları altından təmizləyə bilərik!

0.092336893081665