Dövlət və İqtisadiyyat

Akif Nəsirli

 Hökumət ölkədə siyasi və iqtisadi idarəetmə ilə məşğul olmalıdır

 Azərbaycanda dövlətin iqtisadi fəaliyyətlə məşğul olmasının, həm istehsal, həm də ticarət sektorunda iştirakçı rolunda çıxış etməsinin müsbət və mənfi cəhətləri var. Keçmiş SSRİ-nin dağılması nəticəsində yaranan dövlətlərin böyük əksəriyyətində dövlətin iqtisadi fəaliyyətinə önəm verilir, o cümlədən də Azərbaycanda.

Fikrimizcə, bu da həmin dövlətlərin sovetdən qalma idarəçilik xüsusiyyətləri ilə bağlıdır. Çünki keçmiş SSRİ-də yeganə sahibkar dövlət idi. Sahibkar-dövlətin dağılması nəticəsində isə hibrid dövlətlər yarandı. Yəni bu dövlətlər, eyni zamanda  Azərbaycan dövlətinin menecerlərinin təsəvvüründə bir kompleks var ki, dövlət iqtisadi fəaliyyəti olmadan işləyə, idarəetməni səmərəli həyata keçirə bilməz. Ölkəmizdə də ümumi fikir -idarəetmə ideyası bundan uzağa gedə bilmir. Amma fərqli cəhətlər də var. Birincisi, Azərbaycan dövlətinin iqtisadi fəaliyyətlə məşğul olması üçün obyektiv səbəblər var. Məsələn, ölkədə kifayət qədər karbohidrogen ehtiyatları var ki, dünyanın əksər dövlətlərində olduğu kimi, Azərbaycanda da onları dövlət istismar edir. Bu, iqtisadiyyatın elə bir növüdür ki, oradan əldə olunan gəlirləri ədalətli bölüşdürmək üçün onunla yalnız dövlət məşğul olmalıdır. Ona görə də dünyanın təbii sərvətləri ilə tanınan əksər ölkələrində bu resursların istismarı dövlətin əlində cəmlənib. Bununla belə, bu resurslardan əldə edilən məhsulların vətəndaşa satışını dünyanın əksər ölkələrində özəl şirkətlər həyata keçirsə də, bizdə həmin məhsulların əhaliyə satışının əsas hissəsini də dövlət öz əlində saxlayır.

Bununla yanaşı, geniş təbii resurlara malik olan ölkələrdə bu sərvətlərin istismarına yerli özəl şirkətlər cəlb edilsə də, bizdə bu işə yalnız, bir dövlət şirkəti cəlb edilib -SOCAR (ARDNŞ).

Bu, yuxarıda qeyd etdiyimiz məsələnin bir tərəfidir, digər tərəf isə iqtisadiyyatın müxtəlif sektorlarında dövlətin rolu ilə bağlıdır. Bu günlərdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov açıqlama verdi ki, nazirliyə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin ərazisində "AzerFloat" QSC-nin şüşə lövhələrinin istehsalı zavodunun inşası gələn il başa çatacaq. Onun sözlərinə görə, bu layihə üzrə 82 milyon ABŞ dolları məbləğində investisiya qoyuluşu nəzərdə tutulub.

Qeyd edək ki, «Sumqayıt Kimya Sənaye Parkı» Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılıb.

«Sumqayıt Kimya Sənaye Parkı»nın yaradılmasında məqsəd aşağıdakılardan ibarətdir:

- ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq;

- bu sahədə sahibkarlığı dəstəkləmək;

- qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək;

- əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq.

«Sumqayıt Kimya Sənaye Parkı» sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.

Paytaxt Bakıdan 32,5 km məsafədə Sumqayıt şəhərində yerləşən və nəhəng infrastruktura malik «Sumqayıt Kimya Sənaye Parkı»nın ərazisi 508,14 hektar təşkil edir. Parkda bir neçə iri istehsal müəssisəsi fəaliyyət göstərir.

Hökumət buna qədər Gəncədə, İsmayıllıda, Şirvanda və ölkənin digər ərazilərində istehsal müəssisələri yaratmağa cəhd göstərdi və bunların əksəriyyəti özünü doğrultmadı. Düşünürük ki, uğursuzluğun əsas səbəbi, bu müəssisələrin bilavasitə  dövlətə bağlı olmasıdır. Çünki dövlətə bağlı olan istehsal müəssisələri istər-istəməz kommersiya prinsipləri ilə çalışa bilmir. Çünki bu tip İstehsal müəssisələrini onun idarə edilməsi, məhsul üzərində iş - alıcıya hansı zamanda çatdırılması, hansı keyfiyyətdə istehsal edilməsi, reklam və digər marketinq fəaliyyətindən gələn mənfəəti deyil, büdcədən ayrılan vəsaitin necə xərclənməsini hədəfləyir. Bu səbəbdən də dövlətə bağlı istehsal müəssisələrinin böyük əksəriyyəti, xidmət qurumlarının isə hamısı zərərlə işləyir.

Digər tərəfdən, bu kimi dövlət istehsal müəssisələri hökumətin idarəetmə fəaliyyətinin səmərəlilik səviyyəsini aşağı salır. Belə ki, hökumət idarəetməyə ayrılan vəsaitin bir hissəsini dövlət müəssisələrinin idarə edilməsinə, onun strategiyasının qurulmasına və s. ayırır ki, bu da ümumi potensialın zəifləməsinə gətirib çıxarır. Bundan başqa, dövlət müəssisələrinin fəaliyyət göstərdiyi ölkələrdə hökumət istehlakçıların hüquqlarını tam məsuliyyəti ilə qoruya bilmir. Məsələn, vətəndaş dövlət müəsisəsindən şikayətçi kimi çıxış edərkən hökumət zorən öz strukturu olan müəssisənin müdafiəçisinə çevrilir ki, bu da istehlakçı hüquqlarının pozulması ehtimalını artırır.

Normalda dövlət sərvətlərə bağlı seqment istisna olmaqla, bütün iqtisadi fəaliyyətdən imtina etməli, istehsal və xidmətlə məşğul olan dövlət müəssisələrini özəlləşdirməyə çıxararaq satmalıdır. Yəni, hökumət ölkədə siyasi və iqtisadi idarəetmə ilə məşğul olmalıdır. Təbii ki, hər bir seqmentin də öz alətləri var. Tutaq ki, hökumət iqtisadiyyatın hər-hansı bir seqmentinin daha yüksək sürətlə inkişafına nail olmaq istəyir, o zaman həmin sahəyə vergi güzəştləri, subsidya, güzəştli kredit, dotasiya və s. yollarla asanlıqla nail ola bilər. Yaxud, bunun tərsini həyata keçirə bilər. İqtisadi nəzəriyyədə bu "görünməz əl" ilə idarəetmə adlandırılır. Dövlətin iqtisadi sektordan iştirakçı kimi çıxması, onun həm işini yüngülləşdirir, həm də dövlət üzərinə düşən digər idarəetmə məsələlərinin (daxili bazarın və rəqabət mühitinin qorunması, vətəndaş (istehlakçı) hüquqlarının müdafiəsit və s.) səmərəliləşdirilməsi üçün geniş imkan yaranır.

0.13844513893127