"Gənclərimiz milli və multikultural ruhda tərbiyə olunmalıdır"

Radikal qruplaşmalar ölkəmizdəki multikultural və tolerant mühitə təsir edə bilməz

Dünyada multikulturalizmə və tolerantlığa qarşı yönələn ən ciddi təhdid radikal dini ekstremizmdən gəlir. Son illər bəzi Qərb dövlətlərinin multikulturalizmin iflasa uğraması barədə iddiaları ilə yanaşı, təhdidlərin artması faktları  da müşayiət olunur. Bu tendensiya Qərb dövlətlərində daha qabarıq şəkildə özünü göstərir. Onlar bu mənfi meylləri İslam dini ilə bağlamağa cəhd göstərirlər. Bu proseslərin inkişafında və genişlənməsində internet resurslarının da az rol oynamadığına şübhə yoxdur.

Məlum həqiqətdir ki, dini radikalizmin yayılmasında marağı olan qüvvələr də, əsasən, bu resurslardan daha çox faydalanır. Bu ondan irəli gəlir ki, internet şəbəkələrindən, əsasən gənclər çox istifadə edir. İstənilən dövlətin ərazisində dini radikalizmin yayılmasına çalışan radikal qüvvələr sosial şəbəkələr vasitəsilə həmin ölkənin gənclərini tora salır və bu yolla çirkin niyyətlərini gercəkləşdirməyə cəhd edir. Gənc nəslin dini bilikləri mənbəyi və mənşəyi məlum olmayan internet resursları üzərindən öyrənməsi, yaxud bu məsələ ilə bağlı təsadüfi adamlara müraciət etmələri tamamilə yanlış və təhlükəli tendensiyadır. Bu, son zamanlar qarşısıalınmaz prosesə çevrilib. Çünki bu gün gənclərin böyük əksəriyyəti sosial şəbəkə aludəçisinə çevrilib və onları dinlə bağlı maraqlandıran bütün sualların cavabını virtual məkanda axtarırlar. Bu zaman onların internet resurslar vasitəsi ilə zərərli təbliğatın təsiri altına düşmək ehtimalı çoxalır. Ona görə ki, radikal qrupların hazırda əsas təbliğat vasitəsi internet resursları və sosial şəbəkələrdir. Bu tendensiyanın ölkəmizdə mövcudluğuna heç kim şübhə etmir. Lakin bu cür zərərli təbliğatın qarşısını almaq üçün hazırda ölkəmiz çox böyük texniki imkanlara malikdir. Ölkəmizin din xadimləri arasında xurafata meylli, fanatik dünyagörüşünə sahib insanlar az da olsa, var, lakin bu sahəyə peşəkarcasına yanaşan, ənənəvi dini dəyərləri gözəl bilən və gənclərimizi yüksək səviyyədə öyrətmək bacarığına malik din xadimləri olduğunu qeyd etmək lazımdır. İnsanların dinimizin inkişafına ürəklə göstərdiyi diqqət və qayğı imkan verir ki, onlara müraciət edən gənclərin düzgün istiqamətləndirilməsi, dövlət-din münasibətlərinin normal aşılanması üçün bütün lazım olan şərait yaradılıb. Bu da gənclərimizin radikal qruplaşmaların qurbanına çevrilmə ehtimalını azaldır, onların vətənpərvərlik hisslərilə dini etiqadlarının vəhdətdə olmasına imkan verir. İslam dininin mütərəqqi dünyabaxışı, həyat fəlsəfəsi ilə bizim milli kimliyimizin, mədəniyyətimizin formalaşmasında mühüm rol oynamaqla yanaşı, həm də dünyada sülh, dostluq, bərabərlik, həmrəylik və bir çox digər mütərəqqi dəyərləri təbliğ etməsi bu dini mükəmməl bilən hər kəsə yaxşı məlumdur. Ümummilli lider Heydər Əliyev də İslam dini barədə deyib: "İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etməklə, müsəlmanların dünyada layiqli yer tutmasını təmin edib". Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyev də öz növbəsində İslam dinini yüksək dəyərləndirərək deyib: "İslam dözümlülük dinidir, sülh dinidir, tolerantlıq dinidir. Biz bütün başqa dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik və buna da mütləq nail olacağıq".

Təəssüflə qeyd edək ki, hazırda dünyada fəaliyyət göstərən bəzi düşmən qüvvələr öz siyasi və digər məkrli maraqlarını gerçəkləşdirmək naminə islam dinini islamofobiya pərdəsinə büküb, çox radikal formada təqdim edir, ətraflarına topladıqları kriminal və cinayətkar ünsürlərdən islam dini adına ekstremizmin yayılmasına rəvac verirlər. Belə radikal qruplaşmaların məqsədi və fəaliyyəti, əslində islam dinini gözdən salmaq, onu terrorist mahiyyətə malik din kimi qələmə vermək, islamofobiyanı inkişaf etdirməkdir. Məhz buna görə də, müasir dövrdə islamofobiya dözümsüzlüyün və bölücülüyün ən pis yayılan formalarından biri kimi təqdim olunur. Bu səbəbdən də, Qərb ölkələrinə yenicə gələn miqrantlarla yanaşı, orada yaşayan yerli müsəlmanlar da islamofobiyadan ciddi əziyyət çəkir. İslamofobiya İslam dininə, müsəlmanlara və ümumiyyətlə, bu dinlə bağlı olan hər bir sosial hadisəyə münasibətdə qorxudan irəli gələn nifrətə əsaslanır. Bunun qarşısını almaq məqsədi ilə nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da islamofobiya ilə mübarizəyə xüsusi yer ayrılır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2018-ci ildə dərc olunan "Müsəlmanlara qarşı nifrət zəminində törədilən cinayət" adlı hesabatında haqlı olaraq qeyd olunub ki, ATƏT ölkələrində müsəlman icmalarını terrorçuluqla və ekstremizmlə əlaqələndirən, yaxud onların Qərb ölkələrində məskunlaşmalarını bu ölkələrin xalqlarının milli identikliyinə təhdid kimi qələmə verən ritorikanın qurbanına çevrilirlər. Həmin hesabatda qeyd olunur ki, Qərb ölkələrində islam dini və mədəniyyəti insan haqları və demokratiya kimi anlayışlarla ziddiyyət təşkil edən qrup kimi təqdim olunur. Eyni zamanda, o da bildirilir ki, bu dözümsüzlüyün qarşısı alınmasa, bu ölkələrdə müsəlmanlara qarşı nifrət zəminində cinayəti təşviq edən mühit formalaşa bilər. Bu da öz növbəsində müsəlmanların cəmiyyətdən təcrid olunması ilə nəticələnə bilər. Belə təhlükəli halların qarşısının alınması üçün cəmiyyətin bütün üzvləri müsəlmanlara qarşı ayrı-seçkiliyə, dözümsüzlüyə və nifrət zəminində törədilən cinayətlərə qarşı birgə mübarizə aparmalıdır.

Bütün bunları təhlil edərək, belə bir nəticəyə gəlmək olar ki, gənclərimiz İslam dinini hər hansı xarici mühitin təsiri ilə deyil, öz milli-mənəvi dəyərlərimizə və Azərbaycançılıq ideyasına bağlı şəkildə öyrənməlidir. Bunun müxtəlif yolları var. Belə yoldan biri dini təhsilin təmin edilməsi və xalqın düzgün maarifləndirilməsidir.

Azərbaycan dünyəvi demokratik dövlət olduğundan, ölkəmizdə təhsil sistemi dindən ayrıdır. Ona görə də orta məktəblərdə şəriət fənninin tədrisi məqbul sayılmır. Azərbaycan qanunvericiliyinə görə, dinşünaslıq, dini-idraki, dini-fəlsəfi, müqəddəs dini kitabların əsasları ilə tanışlıq kimi fənlər dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər və bu məsələ öz həllini tapıb. Orta təhsil müəssisələrində "Həyat bilgisi" adlı fənn tədris olunur və onun vasitəsi ilə şagirdlərə dinin əsasları haqqında məlumatlar verilir, ibtidai dini bilgilər öyrədilir. Bu fənn vasitəsilə dini bilgilər dünyəvi tədris metodikasına uyğun olaraq, pedaqoji ixtisaslı müəllimlər tərəfindən keçirilir.

Hazırda aidiyyəti qurumlar tərəfindən "Həyat bilgisi" adlı fənn dərsliklərində dinlə bağlı məlumatların genişləndirilməsi istiqamətində işlər davam edir. Qalır dini maarifləndirmə yolu. Son illər aparılın araşdırmalar göstərir ki, radikal qruplara, əsasən, savadsız, dünyagörüşü məhdud insanlar meyl edirlər və onların arasında gənclər üstünlük təşkil edir. Eyni zamanda, cəmiyyətdə özünü sübut edə bilməyən insanların dini radikalizmə meyillənməsi daha çox diqqət cəlb edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bu sahədə geniş araşdırmalar aparıb. Araşdırmaların nəticəsi göstərib ki, dini radikalizmin təsirinə daha çox məruz qalanlar arasında işsizlər və ali məktəblərə qəbul oluna bilməyən gənclər çoxluq təşkil edir. Bu halların qarşısını almaq məqsədi ilə Bilik Fondu və BBMM bir neçə layihə hazırlayıb, həyata keçirib. Bunlardan biri də, "Məscidlərdə kitabxanaların yaradılması" layihəsidir. Layihənin məqsədi məscidlərdə təkcə dini ədəbiyyat deyil, elmi-populyar və bədii ədəbiyyatdan ibarət kitabxananın yaradılması və dindarların onlardan istifadə etməsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də yaxından iştirak etdiyi bu layihə uğurla həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə həyata keçirdiyi digər layihə "Epizod" adlanır. Bu layihənin məqsədi ali məktəblərə qəbul olmayan və işsiz qalan gənclərin sosial problemlərinin, o cümlədən, onların radikal dini qruplara qoşulmasının qarşısını almaq üçün maraqlarına uyğun peşə ixtisaslarına yiyələnməsinə şərait yaratmaqdır. Bu layihə gənclər tərəfindən maraqla qarşılanıb və az bir zaman kəsimində gənclər maraqlarına uyğun şəkildə avtomexanik, çilingər, xarici dil, yaxud kompüter bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müvafiq dəstək alıblar. Bu cür layihələrin, eləcə də aparılın müvafiq maarifləndirmə nəticəsində gənclərin radikal dini qruplaşmalara qoşulma hallarının qarşısı alınıb.

Hazırda ölkəmizdə radikal-ekstremist qruplaşmaların, demək olar ki, "qolu-qanadı qırılıb", onların fəaliyyəti üçün şərait yoxdur. Buna görə də hazırda radikal qruplaşmalar ölkəmizdə mövcud olan multikultural və tolerant muhiti təhdid edə, ona təsir göstərə bilmirlər. Lakin bəzi radikal qrupların apardıqları gizli təbliğatda milli kimliyimizi, mədəniyyətimizi, adət-ənənələrimizi təhrif və təftiş etməyə cəhdləri narahatlıq doğurur. Çünki bizim milli və dini dəyərlərimizin hər ikisi xalqımız üçün müqəddəsdir və onlara kölgə salmaq cəhdlərinin qarşısı alınmalıdır. Gələcək nəsilləri, məhz bu dəyərlər, eyni zamanda, multikulturalizm ruhunda tərbiyə etmək qarşıda duran əsas vəzifədir. Bu barədə Prezident İlham Əliyevin dedikləri hər birimiz üçün istiqamət və örnəkdir: "Milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan kimi böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə olunmalıdır". Bu gün dövlətimizin, Prezident İlham Əliyevin ölkəmizin təhlükəsizliyinin qorunması istiqamətində ortaya qoyduğu mövqe Azərbaycan xalqı tərəfindən dəstəklənir və təqdir olunur. Xalqın və hakimiyyətin bir yerdə olduğu dövlət isə həmişə güclü olur.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.40363097190857