Qoşulmama Hərəkatına Bakının sədrliyi dünyada həmrəyliyi və birliyi gücləndirməyi hədəfləyir

 

 

Yaxın günlərdə Azərbaycanda əhəmiyyətli hadisə baş verəcək - Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək. Onun mövzusu “Bandung prinsiplərini rəhbər tutaraq, müasir dünyanın çağırışlarına ortaq və adekvat cavabı təmin etməkdir”.

Ölkəmizin təşkilata qısa müddət əvvəl üzv olmasına baxmayaraq - 26 may 2011-ci ildə Bakı onun tamhüquqlu üzvü olub və oktyabr ayından QH-yə sədrlik Azərbaycana keçib. Hərəkatın 2016-cı ilin sentyabrında Venesuelada keçirilmiş 17-ci Zirvə Görüşündə Azərbaycanın quruma sədrliyi ilə bağlı qərar qəbul olunub.

1961-ci ildə qurulan QH bu gün beynəlxalq səviyyədə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. 120 dövlət Hərəkatın tamhüquqlu üzvləridir, daha 17 ölkə müşahidəçi qismində təmsil olunur.

QH-də bu statusa 10 beynəlxalq təşkilat da malikdir. Bu gün dünya əhalisinin 55 faizi QH üzvü olan ölkələrdə yaşayır. Bu dövlətlər dünya neft ehtiyatlarının 75 faizi və qaz ehtiyatlarının yarıdan çoxuna sahibdirlər.

Qoşulmama Hərəkatı “soyuq müharibə” dövründə hər hansı siyasi-hərbi bloklara qoşulmayan dövlətləri bir araya gətirib. Bu gün bu təşkilat Sovet İttifaqının dağılması ilə dəyişən tarixi reallıqda və müasir dövrün çoxtərəfli diplomatiyasında aktuallığını və beynəlxalq münasibətlərə təsir imkanlarını qoruyub-saxlaya bilən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib.

Qoşulmama Hərəkatının əsas prinsipləri hələ 1955-ci ildə, yəni QH yaranmazdan əvvəl İndoneziyanın Bandunq şəhərində keçirilmiş beynəlxalq konfrans zamanı elan edilmiş “Bandunq prinsipləri”dir.

Beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair beynəlxalq hüququn əsas prinsipləri ilə uyğunluq təşkil edən “Bandunq prinsipləri”nə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, xalqların bərabərliyi, dövlətlərin daxili işlərinə qarışmamaq, dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı fəaliyyətdən və güc tətbiqindən imtina etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, habelə ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək və digər bu kimi mühüm məsələlər daxildir. Hərəkatın üzvü olan hər bir dövlət məhz bu prinsiplərə bağlı olduğunu bildirməlidir.

Müstəqil təhlükəsizlik siyasəti yürüdən Azərbaycan hər hansı hərbi-siyasi bloka qoşulmayıb. Hərəkatın işində fəal şəkildə iştirak edən Azərbaycan bu platformadan, eyni zamanda, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf etdirilməsi üçün səmərəli şəkildə faydalanıb. 

Bakının Qoşulmama Hərəkatında iştirakı ilə bu qurumun üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatı daha da dolğunlaşıb. Bunun nəticəsində 2012-ci ildən etibarən Hərəkatın nazirlər görüşləri və zirvə görüşləri nəticəsində qəbul edilən bütün yekun sənədlərinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bənd daxil edilir. Burada Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstək ifadə edilir.

QH-nin tamhüquqlu üzvü kimi Bakı Hərəkata üzv ölkələr arasında koordinasiya işinin yaxşılaşdırılması və canlandırılması, fəaliyyət göstərdiyi digər BMT qərargahları ilə koordinasiyanın gücləndirilməsi və aparıcı beynəlxalq təşkilatlarla dialoqun qurulması üçün səy göstərir.

Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyinin prioritetləri QH üzvü olan ölkələr arasında birlik və həmrəyliyin, təşkilatın beynəlxalq aləmdəki nüfuzunun möhkəmləndirilməsi və “Bandunq prinsipləri”nin təbliğidir.

Bakının 2019-2022-ci illərdə QH-yə sədrliyində vacib məqamlardan biri də ondan ibarətdir ki, ölkəmizin daxil olduğu Avropa qrupu uzun müddətdən sonra ilk dəfə məhz Azərbaycanın timsalında QH-yə sədrliyi həyata keçirəcək. Sonuncu dəfə 1989-1992-ci illərdə Hərəkata Avropa qrupundan Yuqoslaviya sədrlik edib

Bu baxımdan, əlbəttə ki, bütün dünya dövlətləri ilə təcavüzkar Ermənistan istisna olmaqla, xüsusilə qonşu ölkələrlə əməkdaşlıq münasibətlərini inkişaf etdirən, İslam dünyasının mühüm tərkib hissəsi olan və Avropa ölkələri ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini bölüşən, Qərblə Şərqin kəsişdiyi önəmli coğrafi məntəqədə yerləşən Azərbaycanın üzərinə böyük məsuliyyət düşür.

Bu baxımdan, Bakı BMT Təhlükəsizlik Şurasına sədrlik etmək təcrübəsindən istifadə edə bilər, bu müddət ərzində Azərbaycan xüsusilə Afrika qitəsi ölkələrinin beynəlxalq əlaqələrini gücləndirmək üçün çox iş görüb.

Bu təcrübə istər-istəməz həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan Azərbaycana Qoşulmama Hərəkatının sədri kimi Avropa Birliyi, Afrika Birliyi, Amerika Dövlətləri Təşkilatı və Cənub-şərqi Asiya Dövlətlər Birliyi arasında əməkdaşlıq və dialoqun genişləndirilməsi və dərinləşdirilməsi vəzifələrini həll etməyə kömək edəcək. 

Bundan əlavə, belə bir nüfuzlu beynəlxalq təşkilatın forumunun Bakıda keçirilməsi Azərbaycanda daimi diplomatik nümayəndəlikləri olmayan ölkələrlə əlaqələrin möhkəmləndirilməsi üçün effektiv platforma yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının ötən il aprelin 3-6-da Bakıda keçirilən nazirlər konfransının açılış mərasimində çıxışı zamanı səsləndirdiyi kimi, “Hamımız müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik”.

Qoşulmama Hərəkatının gələcəyi və gücü məhz birlikdə olmaqda və vahid mövqe nümayiş etdirməkdədir. Azərbaycan, öz növbəsində, qarşıdan gələn QH sədrliyi müddətində bu məqsədlərə nail olmaq üçün bütün səylərini səfərbər edəcək.

Rasim Babayev

0.15346193313599