Dini radikalizm bəşəriyyəti narahat edən ən aktual problemlərdəndir

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

Dini konfessiya nümayəndələri Azərbaycan hökumətinin
tolerant və multikultural siyasətini dəstəkləyir

Hazırda Azərbaycanda multikultural mühitin, millətlər və dinlərarası münasibətlərin yüksək səviyyədə mövcudluğunu şərtləndirən bir çox səbəblər var. Bunlardan ən əsası təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən multikulturalizm siyasəti vasitəsi ilə ölkədə həm milli-etnik, həm də dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsidir. Məlumdur ki, multikulturalizm təkcə etnik, irqi, mədəni müxtəliflikləri deyil, eyni zamanda dini fərqliliklər arasında münasibətlərin tənzimlənməsinə yönəlik bir siyasətdir və assimilyasiyanı inkar edir. Bununla da multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərinin itirilməsinin qarşısını alır, bu dəyərlərin qorunub inkişaf etdirilməsinə, eləcə də, bir-birinə qarşılıqlı təsir imkanları yaradır. Multikulturalizm həm də milli azlıqların və dini müxtəlifliklərin cəmiyyətə inteqrasiyasına geniş imkanlar açır. Çox maraqlı faktdır ki, Azərbaycan Respublikası müasir dünyamızda multikulturalizmi dövlət siyasəti formasında həyata keçirən nadir dövlətlərdən biridir. Bu gün bütün beynəlxalq təşkilatlar və dünyanın sivil cəmiyyətləri, ölkəmizdə dövlət-din münasibətlərinin belə yüksək səviyyədə inkişaf etməsinin, məhz bu siyasət nəticəsində mövcud olduğu qənaətindədirlər. Bu, ölkəmizdə dini və milli-etinik sahədəki vəziyyəti sabit qiymətləndirməyə və yüksək səviyyədə olduğunu deməyə əsas verir. Çünki respublikamızda dövlət qurumları ilə dini icmalar arasında qarşılıqlı əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri tarixi ənənə olaraq nəinki qorunur, həmçinin, bu münasibətlərin daha da dərinləşməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Burada müasir tələblərə uyğun şəkildə dini maarifçilik tədbirlərinin kəmiyyət və keyfiyyətinin artırılmasını, bu tədbirlərin geniş miqyasda təbliğ və təşviq olunmasını xüsusi qeyd etmək lazımdır. Son zamanlar Azərbaycan dövləti maarifləndirmə tədbirləri ilə yanaşı, həm də dini icmalara göstərdiyi diqqət və qayğını daha da artırmaqla, onların sərbəst fəaliyyətləri üçün geniş imkanlar açıb. Bu, böyük tarixə malik dini abidələrin təmir və bərpasının davam etdirilməsində, vətəndaşlara dini ayinlərin icrası üçün geniş imkanların yaradılmasında özünü göstərir. Bu gün hökumətin din sahəsində yürütdiyi uğurlu siyasət nəticəsində, ölkəmizdə dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, dövlət-din münasibətləri beynəlxalq normalara uyğun şəkildə tənzimlənir.

Dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində ölkəmizdə görülən bütün müsbət işlərə baxmayaraq, dini radikalizm bu gün ölkəmizi və bəşəriyyəti narahat edən ən aktual problemdir. Bu problem zaman-zaman ölkəmizə də öz təsirini göstərir. Müxtəlif güclər tərəfindən idarə olunan bəzi radikal qruplar ölkəmizdə də öz məkr toxumlarını səpməyə cəhdlər edirlər. Bu cəhdlərin qarşısının alınması üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir. Məlumdur ki, din ideoloji sahədə ən həssas və incə mahiyyətə malikdir və bir çox siyasi qruplar, müxtəlif dini icma nümayəndələri, eləcə də şəxsi maraqları naminə bu həssaslıqdan istifadə edən qruplar din pərdəsi altında öz mənfur niyyətlərini həyata keçirməyə çalışırlar. Çox təəssüflər olsun ki, bizim cəmiyyətimiz də belə insanlardan xali deyil. Bu insanlar azsaylı qruplar təşkil edərək digər vətəndaşların hüquqlarını pozmağa, din adından istifadə edərək öz məkrli məqsədlərini həyata keçirtməyə cəhdlər edirlər. Son illər ölkəmizin ərazisində aparılan araşdırmalar göstərir ki, həmin qruplar birmənalı şəkildə xaricdən idarə olunur. Buna misal olaraq Gəncə şəhərində baş verən hadisələri göstərə bilərik.

Bu hadisələrdə iştirak edən radikal-ekstremist qüvvələr öz çirkin əməllərini həyata keçirərkən cəmiyyətin bütün təbəqələrinin, o cümlədən, dini və etnik konfessiyaların nümayəndələrinin etirazı ilə qarşılaşdılar. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə fəaliyyət göstərən, milli-mənəvi dəyərlərimizə sadiq olan dindarlar, radikalların bu kimi çirkin əməllərini qətiyyətlə qəbul etmirlər və ona qarşı çıxırlar. Çünki ölkəmizdə dövlət-din münasibətləri möhkəm təməllər üzərində qurulub və radikalların iddialarının tam əksinə olaraq, dindarlara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyaların nümayəndələri də bunu yüksək qiymətləndirir, Azərbaycan hökumətinin həyata keçirdiyi tolerant və multikultural siyasəti bütünlüklə dəstəkləyirlər. Bununla belə, bəzi radikal-ekstremist ruhlu kiçik qruplar öz çirkin əməlləri ilə dövlətimizin bu siyasətinə kölgə salmağa çalışır, heç bir əsas olmadan ölkədə süni gərginlik yaratmağa, ictimai-siyasi sabitliyi pozaraq öz niyyətlərinə çatacaqlarına inanırlar. Ancan anlamaq istəmirlər ki, bu kimi cəhdlərin qarşısı qanun çərçivəsində həmişə qətiyyətlə alınıb və alınacaq, buna heç kimin şübhəsi olmasın. Çünki Azərbaycanda dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara söykənir və burada radikalizmə və ayrı-seçkiliyə yer yoxdur.

Ölkəmizdə dini etiqad azadlığından sui-istifadə edən radikal-ekstremist qüvvələrin fəaliyyətinə hüquqi qiymətin verilməsi, ümumiyyətlə, mübarizə mexanizminin həyata keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən çox böyük işlər görülüb. 2015-ci ildə qəbul olunan "Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanun buna misal ola bilər. Bu qanun analoji problemlərlə mübarizədə çevik fəaliyyət üçün geniş imkanlar verməklə yanaşı, həm də dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının, eləcə də vətəndaşların hüquq və vəzifələrini özündə əks etdirir. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, həmçinin, "Dini etiqad azadlığı haqqında" Qanuna müvafiq əlavələrin edilməsi, dövlətin dini radikalizm və ekstremizmlə mübarizə sahəsində konkret taktikasını müəyyənləşdirməklə yanaşı, problemin çözümü üçün mühüm mexanizm yaradıb. Bu gün mövcud olan qanunvericilik bazası dini radikalizmlə mübarizə sahəsində ciddi addımlar atmağa geniş imkanlar verir.

O ki qaldı ölkəmizdə dövlət-din münasibətlərini tənzimləyən xüsusi konsepsiyanın qəbul edilməsi məsələsinə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli, 2198 №-li Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası"nda dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlik siyasətin məqsəd və prinsipləri müəyyən olunub. Bu konsepsiyanın "Separatçılıq, etnik, siyasi və dini ekstremizm" və "Milli və dini tolerantlıq mühitinin qorunması" bölmələrində Azərbaycan Respublikasının din siyasəti ilə bağlı müvafiq müddəaları da öz əksini tapıb.

Qeyd etmək lazımdır ki, dini radikalizm dedikdə daha çox insanların savadsız, yoxsul təbəqəsinin yanlış dini qruplaşmaların təsiri altına düşməsi daha çox qabardılan amillərdən biridir. Lakin Azərbaycanda radikalizmə zəmin yaradan əsas amillər bu da deyil. Ölkəmizdə dini radikalizmin yayılmasına təkan verən, əsasən xarici qüvvələrdir. Bu qüvvələr müstəqilliyimizin ilk illərindən ölkəmizdə öz nüfuzlarını gücləndirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Bunun əsas səbəblərindən biri də, ölkəmizdə dövlət rəhbərliyinin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində dayanıqlı inkişafın təmin olunmasıdır. Hazırda Azərbaycanda yoxsulluğun göstəricisi 5 faizdən aşağıdır, ümumi savadlılıq səviyyəsi isə 100 faizə yaxındır. Belə bir vəziyyət heç də radikalizmin yaranmasına zəmin ola bilməz. Buna görə də ölkəmizin inkişafını, beynəlxalq aləmdə artan nüfuzunu gözü götürməyən bəzi xarici qüvvələr burada müxtəlif yollarla radikalizmi qızışdırmağa cəhd edirlər.

Bu cəhdlərin qarşısının alınmasının əsas istiqamətlərindən biri də ölkəmizdə böyüyən gənc nəslin və bütövlükdə əhalinin dini təhsilini yaxşılaşdırmaq sahəsində görülən işlərdir. Çünki dinin əsaslarını bilməyən bəzi gənclər yanlış olaraq radikal dini qruplaşmaların təsiri altına düşürlər. Ölkəmizdə dini təhsil özünün inkişaf dövrünü yaşasa da, səviyyə baxımından, artıq bir çox ölkələrlə müqayisədə xeyli irəlidədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, ölkəmizdə din sahəsinə göstərilən diqqət və qayğının parlaq təzahürüdür.

Ölkəmizdə sabit dövlət-din münasibətləri modelinin mövcudluğu, tolerantlıq, multikulturalizm, həmrəylik ideyalarının dini qurumlar tərəfindən qəbul edilməsi, həmçinin, gündəlik həyatda tətbiqi deməyə əsas verir ki, radikalizm bizim cəmiyyətimiz üçün qəbulolunmaz, yad bir anlayışdır və cəmiyyətimiz buna qarşı daim mübarizə aparır.

Buna görə də təkrar qeyd etməyi vacib bilirik ki, dini radikalizm xalqımıza xas bir xüsusiyyət deyil və mövcud olanlar isə yalnız ölkəmizə təzyiq göstərməyə çalışan xarici qüvvələrin təsirindən qaynaqlanır. Bütün bunlara baxmayaraq, xarici havadarların diqtəsi ilə hərəkət edən radikal qrupların cəmiyyətimizə təsir imkanları çox zəifdir və onların qarşısı həmişə alınıb və bundan sonra da alınacaqdır.

0.14912891387939