Azərbaycanda dini etiqad azadlığı ölkə Konstitusiyası və digər qanunvericilik aktlarının tələblərinə uyğun şəkildə qorunur

Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

Dini və etnik zəmində baş verən bütün münaqişələr beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır

Azərbaycanda milli və dini dəyərlərin qorunaraq inkişaf etdirilməsi, ilk növbədə burada tarixən mövcud olan tolerantlıq və multikultural mühitlə sıx bağlıdır. Bu bağlılığı şərtləndirən əsas xüsusiyyətlərdən biri, Azərbaycan xalqının fərqli mədəniyyətlərə, dinlərə və xalqlara qarşı dözümlülüyüdür. Uzun əsrlər boyu Avropanın və Asiyanın qovuşduğu məkanda yerləşərək, inkişaf edən Azərbaycan dövləti, həm də bir çox xalqların və dinlərin özlərinə məskən seçdikləri əraziyə çevrilib. Azərbaycan Böyük İpək Yolunun üzərində yerləşməklə, həm də Avropa və Asiya qitələri arasında siyasi, iqtisadi, mədəni, dini və milli əlaqələrin yaranmasında körpü rolunu oynayır. Çox maraqlı faktdır ki, min illər boyu müxtəlif mədəniyyətlərə məxsus azsaylı xalqların və etnosların, eləcə də bütün səmavi dinlərin nümayəndələrinin məskunlaşdığı bu ərazidə dini və milli zəmində heç bir münaqişə və qarşıdurma faktı qeydə alınmayıb.

Dünyanın müxtəlif bölgələrində baş verən dini və milli münaqişələr səbəbindən ölkəmizə pənah gətirən insanlar belə, burada dostluq və qardaşlıq şəraitində yaşayırlar. Bu da, heç şübhəsiz ki, Azərbaycan xalqının burada məskunlaşan xalqlara və müxtəlif dini konfessiyalara mənsub insanlara göstərdiyi insani münasibətlərdən, fərqli mədəniyyətlərə və adət-ənənələrə dözümlülüyündən qaynaqlanır. 

Bu gün ölkəmizə təşrif buyuran bir çox əcnəbi qonaqlar da etiraf edirlər ki, əhalisinin 90 faizdən çoxunun müsəlman olan Azərbaycanda xristianların, yəhudilərin və digər dinlərə mənsub olan insanların bir arada, heç bir ayrı-seçkilik halları ilə üzləşmədən birgə yaşaması dünyada analoqu olmayan multikulturalizm və tolerantlıq nümunəsidir.  

Məlumdur ki, bu gün dünyada baş verən bir çox münaqişələrin kökündə dini və milli məsələdən qaynaqlanan ziddiyyət dayanır. Özünün fəlsəfi anlamı ilə insanları xeyirə, yaxşılığa, pis əməllərdən, qanlı müharibədən və qarşıdurmadan çəkinməyə sövq edən dindən, çox təəssüf ki, bəzi dövlətlər öz maraqlarını təmin etmək məqsədilə sui-istifadə edirlər və bu proses bu gün də davam edir. Açıq etiraf etmək lazımdır ki, bu gün bir çox ölkələrdə din amilindən sui-istifadə halları ən yüksək həddə çatıb. Qloballaşan dünyada sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə seçilən mürəkkəb proseslər bəzən elə idarəolunmaz həddə çatır ki, ümumiyyətlə, dünyada böyük narahatlıqların yaranmasına səbəb olur. Son illərin müşahidələri də deməyə əsas verir ki, dünyadakı mövcud ziddiyyətlərin, müharibələrin kökündə duran dini və etnik problemlərin həllinin bir yolu var. Bu yol dinlər və millətlər arasında tolerantlığın və multikulturalizmin inkişaf etdirilməsindən keçir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dili ilə desək, multikulturalizmin alternativi yoxdur, multikulturalizmin əksi terrordur, separatizm və radikalizmdir, insan faciələrinə gətirən müharibələrdir. Məhz bu səbəbdən də, dini və etnik zəmində baş verən bütün münaqişələr beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır. Bu faktı da inkar etmək mümkün deyil ki, dini və etink zəmində meydana çıxan bütün münaqişələr, əsasən dünyanın müxtəlif bölgələrində öz geosiyasi, geoiqtisadi maraqlarını təmin etməyə çalışan qüvvələrin nəzarəti altında meydana gəlir. Bu qüvvələr din amilindən sui-istifadə edərək, dünyanın müxtəlif bölgələrində mövcud olan radikal dini qruplardan öz ambisiyalarını təmin etmək vasitəsi kimi yararlanıb, məqsədlərinə çatmağa çalışırlar. Bunun üçün də, ilk növbədə hədəfə götürdükləri ölkələrin ərazisində ictimai-siyasi sabitliyi pozmaqla, dini zəmində münaqişələr yaradırlar ki, bu da son nəticədə böyük faciələrə səbəb olur. Bu gün Yaxın Şərq ölkələrində baş verən qanlı hadisələri buna nümunə kimi göstərmək olar. Həmin güclərin din amilindən belə asanlıqla yararlanmasının başlıca səbəbi isə bu cəmiyyətlərdə din haqqında mükəmməl, doğru-dürüst bilgilərin olmamasıdır. Digər mühüm amillərdən biri də, həmin qüvvələrin dini zəmində münaqişələrin törədilməsində medianın imkanlarından geniş istifadə etməsidir.

Bu baxımdan dünyanın inkişaf etməkdə olan ölkələrindən biri sayılan Azərbaycanda da bu hal istisna sayılmır.

Məlumdur ki, zaman-zaman ölkəmizin ərazisində din amilindən sui-istifadə edərək, münaqişələrin yaradılmasına cəhdlər olub. Bunun da başlıca səbəbi Qədim İpək yolunun üzərində yerləşən, Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanın tarix boyu müxtəlif dinlərin qovuşduğu, çox sayda milli azlıqların və azsaylı xalqları məskunlaşdığı məkan olmasıdır. Həmin qüvvələr hesab edirdilər ki, bu baxımdan, dünyanın müxtəlif yerlərində olduğu kimi, ölkəmizdə də dini və milli zəmində qarşıdurmalar yaratmaq heç də çətin olmayacaq.

Etiraf etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində bu cəhdlər daha intensiv xarakter almışdı və daha geniş kütləni əhatə edirdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi və Azərbaycan dövlətinin dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində bu cəhdlərin qarşısı alındı. Hazırda Azərbaycan demokratik, dünyəvi, zəngin tarixə, milli-mənəvi dəyərlərə malik bir ölkədir və ona hər hansı bir yolla təzyiq göstərmək mümkün deyil. Ölkəmizdə hər bir vətəndaşın hüquq və azadlıqları, o cümlədən dini etiqad azadlığı ölkə Konstitusiyası və digər qanunvericilik aktlarınin tələblərinə uyğun şəkildə qorunur. Vətəndaşlara dini etiqad azadlığını təbliğ etmək, dini ayinləri həyata keçirmək üçün dövlət tərəfindən hər cür imkanlar yaradılıb, hətta dini konfessiyalara dövlət maliyyə yardımı da göstərir.

Müasir Azərbaycan dövlətində müxtəlif dinlərə və etiqadlara məxsus insanlar heç bir dini ayrı-seçkiliyə yol verilmədən, sülh şəraitində birgə yaşayırlar və bundan məmnundurlar. Məhz buna görə də, Azərbaycanda dini zəmində hər hansı münaqişə və problemlər yaratmaq qeyri-mümkündür. Digər tərəfdən, ölkəmizdə elə bir təhlükəsizlik sistemi yaradılıb ki, ölkə vətəndaşları burada özlərini tam təhlükəsizlikdə hiss edirlər. Bəzi radikal dini qrupların vaxtaşırı ortaya atdıqları tezislər və bu zəmində qarşıdurmalar yaratmaq cəhdlərinin də qarşısı huquq-mühafizə orqanları tərəfindən dərhal alınır. Son illər Gəncə şəhərində və Bakının Nardaran kəndində dini zəmində baş vermiş hadisələri törədən bu qrupların da son aqibəti hamıya bəllidir. 

Məlumdur ki, ölkəmizdə din dövlətdən ayrıdır, bununla belə, Azərbaycan dövləti dini məsələlərin həssaslığını nəzərə alaraq, dövlətin din sahəsində siyasətini həyata keçirmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıb. Dövlət Komitəsi fəaliyyətə başladığı andan dövlətin bu istiqamətdə müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi üçün ciddi fəaliyyətə başlayıb. Dövlət Komitəsi öz fəaliyyətini əhalisinin 90 faizindən çoxunun müsəlman olmasına baxmayaraq, hər hansı dini ayrı-seçkiliyə yol vermədən, dövlətin müəyyən etdiyi siyasətə uyğun şəkildə həyata keçirir. Azərbaycan dövləti dindarların öz ibadətlərini yerinə yetirmək üçün heç bir fərq və ayrı-seçkilik qoymadan ibadət yerlərinin inşasına və təmirinə yardım edir. Dini icmalara maddi və mənəvi dəstək olur. Bütün bu işlərin məqsədyönlü şəkildə həyata keçirilməsi, ölkəmizdə dinlər və millətlər arasında münasibətlərin tənzimlənməsi prosesi ən yüksək səviyyəyə çatıb.

Bu uğurların nəticəsidir ki, ölkəmiz bu gün bütün sivil beynəlxal cəmiyyətlər və təşkilatlar tərəfindən dünyanın multikulturalizm və tolerantlıq mərkəzi kimi qəbul olunur. Bu mövzuyla bağı bir çox beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi faktı da bunu bir daha təsdiq edir.

Dini dözümlülük, tolerantlıq, multikulturalizm artıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri, xalqımızın həyat tərzidir. Bu istiqamətdə görülən işlər milli-mənəvi və tolerantlıq dəyərlərinin təbliği və təşviqində, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir.

Bütün bu uğurlara baxmayaraq, ölkəmizin inkişafını, beynəlxalq aləmdə qazandığı nüfuzu həzm edə bilməyən anti-Azərbaycan qüvvələr zaman-zaman ölkəmizdə ictimai sabitliyi pozmağa cəhd edirlər. Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının səyi nəticəsində onların bu cəhdlərinin qarşısı alınır. Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasəti ölkəmizdə yaşayan bütün xalqlar və dini konfessiya nümayəndələri də dəstəkləyir.

Heç şübhəsiz ki, cəmiyyətin güzgüsü hesab olunan Azərbaycan mediası da bu proseslərdən kənarda qalmır və dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin cəmiyyət arasında təbliği istiqamətində ciddi maarifləndirmə işləri aparır.

Ancaq yaddan çıxarmaq olmaz ki, jurnalistlər dini mövzuda yazılar hazırlayarkən daha diqqətli olmalı, məsələyə həssaslıqla yanaşmalıdırlar. Çünki kiçik bir yanlışlıqdan bizi istəməyən, dini siyasiləşdirməyə cəhd edən anti-Azərbaycan qüvvələri elə bu səhvdən özümüzə qarşı təbliğatda istifadə edə bilərlər. Bu baxımdan dini mövzuda yazılar hazırlayan media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür.

Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin bizə tövsiyə etdiyi dəyərlərin düzgün formada ictimaiyyətə çatdırılmasında hər bir ölkə vətəndaşı da öz üzərinə düşən məsuliyyəti dərindən hiss etməlidir. Dövlətimizin inkişafı, tərəqqisi və təhlükəsizliyi üçün hər birimiz əlimizdən gələn işi yüksək səviyyədə görməyə çalışmalıyıq. Çünki bu iş təkcə dövlət qurumlarının işi deyil, həm də vətəndaşların işidir.

0.12492799758911