Miqrasiya problemləri hər bir dövlətin milli təhlükəsizliyinə ciddi təsir göstərir

XX əsrin ikinci yarısından başlayaraq, dünyada zorakı etnosiyasi münaqişələrin sayı artıb

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

(Əvvəli ötən sayımızda)

Son zamanlar dünyada baş verən bir çox münaqişə və qarşıdurmalar nəticəsində yaşanan faciələrin əsas səbəbi dini və milli dözümsüzlüyün qlobal səviyyəyə qaldırılaraq təbliğ olunmasıdır. Bəzi separatçı-radikal qüvvələr informasiya kommunikasiya texnologiyalarının verdiyi imkanlardan dinlər və millətlər arasında qarşıdurmanın və dözümsüzlüyün daha da qızışdırılması üçün geniş istifadə edirlər.

Bu gün dünyanın bütün sivil cəmiyyətləri bunun qarşısının alınması üçün ən mükəmməl yol olaraq multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi olduğu qənaətindədir. Son illər bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər, eləcə də dünyanın müxtəlif bölgələrində multikulturalizmin Azərbaycan modelinin təbliği mühüm nailiyyətlərin əldə olunmasına təkan verib. Bununla belə, qeyd etmək lazımdır ki, dövlətlərarası zorakılığın səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması fonunda daxili müharibələr, xüsusən də etnik münaqişələr daha çox narahatlıq doğurur. Çünki XX əsrin ikinci yarısından başlayaraq, təkcə Avropada deyil, bütün dünyada zorakı etnosiyasi münaqişələrin sayında artım qeydə alınıb. Belə ki, 1990-1999-cu illər ərzində dünyanın müxtəlif bölgələrində 108 daxili silahlı qarşıdurma (etnik münaqişə) qeydə alınıb.

Heç şübhəsiz ki, son yarım əsrdə münaqişələrə səbəb olan etnosiyasi amillərin, dünyəvi proseslərin - qloballaşma, modernləşmə, əhalinin kütləvi miqrasiyası və təbii ehtiyatların getdikcə tükənməsi nəticəsində qlobal sabitliyə təhdidlər və ekoloji problemlərin kəskinləşməsi və s. təsirlər artmaqda davam edib.

Etnosiyasi problemləri araşdıran tədqiqatçıların fikrincə, dünyanı həmrəyliyə aparacaq qloballaşma gələcək çiçəklənmənin, sivil birgəyaşayışın, siyasi və sosial sabitliyin səbəbkarı olsa belə, destruktiv hadisələrin qarşısını almaq gücündə deyil. Hər hansı bir dövlətin milli bütövlüyünün pozulmasında, siyasi suverenliyinin zəifləməsində, lokal, regional və beynəlxalq sabitliyin laxlamasında etnik dözümsüzlük, dini radikalizm, etnoregional separatizm, mafioz strukturların fəaliyyəti xüsusilə diqqət çəkir. Bu dövlətlərdə mərkəzi hakimiyyətin zəifləməsi səbəbindən anarxiyanın yeni formaları meydana gəlir, transmilli münasibətlər sürətlənir, millətlərarası sədlərin əhəmiyyəti azalır və dövlət sərhədlərini aşmaq asanlaşır. Bu da istər-istəməz dünyanın yenidən qurulması, regionlarda muxtariyyatlaşma və dövlət səviyyəsində deyil, etnik, din və dil əsasında identikliklərin formalaşması ilə nəticələnir. Bu identiklik siyasəti XXI əsrdə qlobal siyasətin başlıca imperativinə çevrilir və dövlətə mənsubluq hisslərinin eroziyasını (siyasətin etnikləşməsini) stimullaşdırır.

Bu kimi modernləşmə sənayenin və xidmət sahələrinin inkişafına, bazarların genişlənməsinə, dünyəviləşməyə, əhalinin savadının artmasına və sürətli urbanizasiyaya yol açır və müxtəlif xalqlar arasında əlaqələrin genişlənməsinə gətirib çıxarır. Bu modernləşmə prosesi həm də, bazar imkanlarından istifadə və müəyyən fəaliyyət sahələrinə çıxış uğrunda rəqabəti kəskinləşdirir ki, bu da adətən etniklərarası və regional düşmənçiliyə səbəb olur.

Bu düşmənçilik nəticəsində meydana çıxan miqrasiya problemləri də, hər bir dövlətin milli təhlükəsizliyinə ciddi təsir göstərir. Miqrasiyanı şərtləndirən səbəblər isə bir qayda olaraq aclıq, siyasi repressiya və etnik toqquşmalarla müşahidə olunan iqtisadi və siyasi böhranlar olur. Məsələn, Afrikada sərt etnik toqquşmalar kənd əhalisini şəhərə üz tutmaq məcburiyyəti qarşısında qoyur. Bu da öz növbəsində qeyri-sənaye ölkələrində meqapolislərin genişlənməsinə və inkişaf etməkdə olan dünyada münaqişələrin yaranmasına səbəb olan əsas amillərdən birinə çevrilir. Belə etnik toqquşmalar nəticəsində meydana çıxan qaçqın axını da, həlli vacib problemlər sırasında mühüm yer tutur. Qeyd etmək lazımdır ki, Asiyada nəhəng məskunlaşma, Afrikada ekoloji və neft böhranları, Balkanlarda müharibə və etnik toqquşmalar, SSRİ-nin süqutu, Şimali Qafqazda silahlı qarşıdurmalar və digər fövqəladə hadisələr beynəlxalq və regional miqyasda miqrasiya proseslərinin intensivliyinə təkan verib.

Məlumdur ki, hər hansı bir ölkəyə miqrant axını nəticəsində onların tədricən yerli əhalinin torpaqlarında məskunlaşması, mövcud etnik tarazlığın pozulması, təxribatçılıq fəaliyyətinin, terrorizmin və s. cinayətlərin artması, bütövlükdə milli suverenliyə ciddi təhdid yaradır. Eyni zamanda, miqrasiyanın doğurduğu cinayətkarlıq, nizamsızlıq, yoluxucu xəstəliklər və s. hallar ölkədə sosial gərginliyə yol açır, nəticədə, dövlət daxili təhlükəsizlik problemləri ilə üz-üzə qalır.

Dövlətin milli təhlükəsizlik problemləri haqqında düşünərkən demoqrafiyaya da xüsusi diqqət yetirmək və planlaşdırma zamanı demoqrafik tendensiyaların nəticələrini nəzərə almaq da vacib şərtlərdən biridir. Çünki Yer kürəsində əhalinin artması və zəruri qida məhsullarının azalması fonunda demoqrafik gərginliyin potensial münaqişələri alovlandıracağı istisna deyil.

Heç şübhəsiz ki, etnik münasibətlərdə gərginlik yaradan əsas amillərdən biri də dindir. Hər hansı bir ölkədə yaşayan milli azlıq dövlətin əsasını təşkil edən xalqın mənsub olduğu dinə mənsubdursa, münaqişə ehtimalı azalır, əks-təqdirdə, mədəniyyətin bazasi kimi dini ziddiyyətlər daha da kəskinləşir.

Bu kimi hallar daha çox xristian və islam dinlərinin qarşılaşdığı zonalar (Kipr, Balkan, Qafqaz) üçün xarakterikdir. Amerika tədqiqatçısı və filosofu Samuel Hantinqton özünün "Sivilizasiyaların toqquşması" əsərində bu problemlərə toxunaraq qeyd edir ki, gələcəyin münaqişələri müxtəlif dinlər əsasında qurulan mədəni sistemlər arasında olacaq. Eyni zamanda ABŞ-da 2001-ci ilin məlum sentyabr hadisəsi, amerikalı keşişin "Quran"ı yandırmaq cəhdi, Danimarkada Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsi və 2005-ci ildə Fransada müsəlmanların etiraz aksiyaları və s. ictimai-siyasi proseslərdə dini amilin təsirinin artdığını göstərir.

Bu da danılmaz faktdır ki, son yüz illər ərzində müharibənin təbiəti dəyişməsə də, onun xarakteri və aparılması qaydaları daim dəyişir. Ta qədim zamanlardan texniki tərəqqi, cəmiyyətlərin və siyasi sistemlərin inkişafı müharibələrin aparılmasına da ciddi təsir göstərib. Müharibənin xarakterindən asılı olmayaraq son illər baş verən müharibələrdə milyonlarla insan dünyasını dəyişib, on milyanlarla insan öz yurd-yuvasından qaçqın və köçkün düşərək, miqrasiya qurbanlarına çevrilib. Qeyd etmək lazımdır ki, XXI əsrin münaqişələri sərhəd, ərazi, düşmən rejim və resurs uğrunda baş vermiş klassik dövlətlərarası qarşıdurmalara əsla bənzəmir. Bununla belə, 1990-1999-cu illərdə silahlı münaqişə qurbanlarının sayı 6 mln. nəfərdən artıq olub. BMT-nin açıqlamalarına görə, 1978-1997-ci illər ərzində dünyada qaçqınların sayı orta hesabla 4 dəfə (1978-ci ildə 3,8 mln. nəfər, 1997-ci ildə 13 mln. olub) artıb. Daha bir diqqətçəkən fərq ondadır ki, keçmiş müharibələr qısamüddətli olsa da, yeni münaqişələr uzunmüddətli və tarixi köklərə malik olduğundan onları nizamlamaq da son dərəcə çətindir.

Bu baxımdan Afrikada etnik zəmində davam edən daxili silahlı münaqişələri tədqiqatçılar "cinayətkar müharibə" adlandırırlar. Bu müharibələrə faktiki olaraq, kriminal elementlərin, cinayətkar qrupların iştirak etdiyi genişmiqyaslı quldurluq və ya soyğunçuluq hərəkətindən başqa ad vermək mümkün deyil. Belə qrupları zəif dövlətlər ölkəyə muzdlu kimi gətirir, zorla münaqişəyə cəlb edir, ya da zəif və süqut etməkdə olan dövlətlərin ərazisində yaranan silahlı dəstələrin üzvü kimi etnik müharibəyə cəlb edir. Bu halda müharibə dövlətin nəzarətindən çıxır, canilərin və kriminal qruplaşmaların maraq obyektinə çevrilir. Məhz bu səbəbdən də, Afrikada etnik münaqişələr mütəşəkkil cinayətkarlığın bir forması kimi tanınır.

Amerikalı alimlərin fikrincə, müasir silahlı zorakılıqlar ənənəvi və qeyri-ənənəvi toqquşmaların bütün cizgilərini özündə əks etdirdiyinə görə, onları müxtəlif adlarla - yeni müharibələr, uzun müharibələr, hibrid müharibələr, asimmetrik müharibələr və ya 4-cü nəslə aid müharibələr adlandırmaq daha düzgün olar.

Müasir münaqişələrin yeni geosiyasi keyfiyyətlərini Hans Maqnus Entinsberqer "Vətəndaş müharibəsini duymaq" essesində belə dəyərləndirir: "Vətəndaş müharibəsi qayıdır... Məhz vətəndaş müharibəsi bütün kollektiv münaqişələrin ilkin forması hesab olunur. Dövlətlər arasında müharibə bəşər tarixinin nisbətən gecikmiş məhsuludur. Fakt ondan ibarətdir ki, yeni dövrün müharibələri dünya siyasətində iki mühüm dəyişikliyə şahidlik edən daxili münaqişələrə çevrilir. Birincisi, bəşər tarixinin zəngin olduğu ənənəvi beynəlxalq münaqişələr tədricən keçmişdə qalır; ikincisi isə ondan ibarətdir ki, müasirliyin əsas siyasi, sosial və digər ziddiyyətlərinin ayırıcı xətləri artıq dövlətlərarası sərhədlərlə üst-üstə düşmür, sadəcə, cəmiyyətin daxili pərdəsindən keçir".

Bu baxımdan milli sərhədlərin aradan qalxdığı, milli suverenliyin ovulduğu bir dövrdə coğrafi amil artıq öz əvvəlki cazibəsini tamamilə itirib. Bununla belə, strateji ərazilərə nəzarəti ələ keçirmək beynəlxalq siyasi həyatın dəyişməz qanunu olaraq qalır. Burada  "geosiyasət" anlayışını elmə gətirən R.Çellenin belə bir fikri yada düşür: "Bütün bəşər tarixi həyat məkanı uğrunda gedən mübarizədir. Məhz bu səbəbdən, qonşu dövlətlər arasında sərhəd xətti uğrunda gedən mübarizə beynəlxalq həyatın əsas qanunu hesab edilir. Bütövlükdə, beynəlxalq münasibətlərdə müharibə və silahla təmin edilən sülhdən, yaxud üçüncü dövlətə qarşı birgə hərəkət etmək məqsədilə yaradılan ittifaqdan savayı digər əlaqələr mövcud deyil. Qapanmış dünyada bir dövlət digərindən ərazini yalnız güc yolu ilə ala bilər".

 

 

Ardı gələn sayımızda

0.10947895050049