XVI-XVII əsrin əvvəlində dünyada baş verən münaqişələrin əsasını dini sferada yaranan ziddiyyətlər təşkil edib

Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının

Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

Kondaliza Rays:"XXI əsrdə ortaya çıxan öldürücü təhdidlər kiçik müharibələrdən və etnik münaqişələrdən irəli gəlir"

Müasir dünyamizda bir çox sivil cəmiyyətlərin multikulturalizmi və tolerantlığı təbliğ və təşviq etməsinə rəğmən, bu dəyərlərin iflasa uğradığını iddia edənlər də yox deyil. Məhz bu səbəbdən də, bu gün sizə dünyada baş verən dini və etnik qarşıdurmalar və müharibələr barədə daha ətraflı məlumat verməyə çalışacağıq.

Məlumdur ki, bəşər tarixi yarandığı vaxtdan çoxsaylı müharibələrlə üzləşib. Tarixin bütün inkişaf mərhələləri qəbilələr, şəhərlər, dövlətlər və siyasi ittifaqlar arasında münaqişə və müharibələrlə müşayiət olunub. Bu müharibələr əsasən ərazi və təbii ehtiyatlar uğrunda aparılıb və eyni zamanda dini, mədəni, ideoloji, etnik və digər ziddiyyətlərdən irəli gəlib. Məhz buna görə də alman hərb tarixçisi və nəzəriyyəçisi Karl fon Klauzeviç hələ 1780-1831-ci illərdə qeyd edib ki, bəşər tarixi müharibələr tarixindən ibarətdir, yəni o dövrlərdə müharibə salnaməçiləri müharibələrlə bağlı olan tarixi faktları qələmə alıblar.

Bu müharibələrin özləri də, müxtəlif dövrlərdə, sadəcə olaraq öz məzmununa görə bir-birindən fərqlənir. Məsələn,  XVI-XVII əsrin başlanğıcında dünyada baş verən əsas ziddiyyətlərin başlıca mənbəyini dini sferada yaranan ziddiyyətlər təşkil edirdisə, XVII əsrin sonu və XVIII əsrdə daha nəzərəçarpan ziddiyyətlər sülalə və  hakimiyyətlərarası qarşıdurmalarda, XIX əsrdə dövlətlərin milli mənafelərinin toqquşmasında, XX əsrdə isə "soyuq müharibə" adı almış Şərqlə Qərbin ideoloji ziddiyyətlərində özünü göstərirdi.

XX əsrin sonunda "Soyuq müharibə"nin süqutu planetimizdə münaqişəsiz dövrün başlanmasına, əgər belə demək mümkündürsə, "tarixin sonu" haqqında optimist fikirlərin səslənməsinə geniş imkanlar açdı. Və belə bir təsəvvür yarandı ki, iki supergüc SSRİ ilə ABŞ arasında qarşıdurmanın iflası regional münaqişələrin tezliklə nizamlanmasına imkan yaradacaq. Ancaq bu fikirlər özünü doğrultmadı və tam əksinə, ikiqütblü dünya strukturunun dağılması ilə bəşəriyyət millətçilik və separatizmin dalğasının daha da güclənməsinin şahidi oldu. Dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələr və müharibələr (Hindistan, Həbəşistan, Şri-Lanka, Sudan, Ruanda, Yaxın Şərq) "soyuq müharibə"dən sonra, səngimək əvəzinə,  daha da şiddətləndi. Avropa ölkələrində mövcud olan münaqişələr də (Böyük Britaniyada - Olster, İspaniyada-basklar, Fransada - bretonlar və korsikalılar) öz yekun həllini tapmadı. 

Sovet rejiminin süqutu ilə dünyanın müxtəlif regionlarında, eləcə də postsovet məkanında yeni münaqişə ocaqları (Yuqoslaviya, MDB münaqişələri) meydana gəldi. Bu münaqişələrə və qarşıdurmalara münasibət bildirən ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays çıxışlarının birində bəyan etdi ki, XXI əsrdə ortaya çıxan öldürücü təhdidlər kiçik müharibələrdən və etnik münaqişələrdən irəli gəlir.

Bu da tarixi faktdır ki, etnik münaqişələr adətən hakimiyyət böhranı zamanı ortaya çıxır. Bu zaman milli-dövlət sferasında dezinteqrasiyanın, həmçinin polietnik cəmiyyətlərin yekun parçalanmasının ən mühüm səbəblərindən biri olan milli hisslərin qabarması "etnikliyə qayıdış" simptomu kimi meydana gəlir. Burada etnik amilin əhəmiyyətli dərəcədə güclənməsi onun iqtisadi, siyasi və sosial həyatda baş vermiş ciddi dəyişikliklərlə bir araya düşməsindən qaynaqlanır.

Bu da məlum həqiqətdir ki, etnik münaqişələr, əsasən, maddi və mənəvi resursların bölüşdürülməsinə nəzarət uğrunda gedən geosiyasi mübarizənin bir formasıdır.  Bu münaqişələr müxtəlif etnosların ayrı-ayrı nümayəndələrinin, sosial qrupların, habelə, iki və ya daha çox etnosun qarşıdurması kimi özünü göstərir. Bu tip münaqişələrin "soyuq müharibə"nin bitməsindən sonra daha geniş vüsət alması, polietnik sosialist federasiyaların süqutu və həmin ərazidə meydana gələn gənc müstəqil dövlətlərdə yeni milli azlıq probleminin üzə çıxması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, əksər müasir siyasi sistemlərin polietnik olması da, etnik münaqişə riskini artıran əsas amillərdən biridir.

Etnik münaqişələri araşdıran əksər tədqiqatçılar etnik zəmində münaqişələri "identikliklərin qarşıdurması" kimi qiymətləndirirlər. Onların fikrincə, etnik münaqişədə bir-birinə qarşı müxtəlif dünyagörüşünə, adət-ənənəyə, tarixi keçmişə, qan yaddaşına, psixologiya və özünüdərkə malik iki etnik qrup durur. Eyni zamanda, onlar etiraf edirlər ki, təmiz etnik, dini, ərazi münaqişələrinə müasir dövrdə rast gəlinmir. İstənilən etnik münaqişələrin gedişində etnik ziddiyyətlər siyasi, ərazi, dini problemlər və mübahisələr əsasında baş verir.

Bu da danılmaz faktdır ki, müasir dövrümüzdə etnik münaqişələrin əksəriyyəti yaşadığı dövlətin tərkibindən çıxmaq və həmin ərazidə öz dövlətini yaratmaq məqsədini qarşısına qoyan separatçı qüvvələr tərəfındən törədilir. Son illər dünyada baş verən bu kimi münaqişələrin təhlili onu göstərir ki, bir çox dünya dövlətləri yekun olaraq, "antiseparatist konsensus" formalaşdırıb. Bu dövlətlərin əksəriyyəti öz razılıqları olmadan, milli azlıqların tərkibində olduğu dövlətdən ayrılması hüququnu tanımır. Bu da onu deməyə əsas verir ki, separatizm daxili silahlı toqquşmaların törədilməsi məqsədi kimi getdikcə öz cazibədarlığını itirir və sırf cinayət xarakteri daşıyır. Buna misal olaraq, postsovet məkanında baş verən etnik münaqişələri göstərmək olar. Dünyada qloballaşmanın gücləndiyi bir dövrdə müasir silahlı münaqişələrin cizgilərinin bütün sistemlərə təsiri daha çox narahatlıq doğuran məsələlərdən biridir.  Çünki əksər daxili münaqişələr bu və ya digər formada qonşu dövlətə də təsir göstərir və bu təsirlə əlaqədar qonşu dövləti müvafıq addımlara sövq edir. Bu da praktiki olaraq, regional sabitliyi təhdid edən amilə çevrilir.

Eyni zamanda, kommunikasiyanın inkişafı, kütləvi informasiya vasitələrinin qloballaşması etnosların qapalılığını aradan qaldırır, onların qarşılıqlı təsir və asılılıq sferasını genişləndirir, nəticədə, etnik amilin hakimiyyət uğrunda mübarizədə real vasitəyə çevrilməsi prosesi başlayır. Buna görə də etnik münaqişələri yalnız daxili şəraitlə bağlamaq, onu daxili münaqişələr kateqoriyasına aid etmək düzgün olmazdı.

Etnosiyasi münaqişələrin XXI əsrin əvvəllərində bəzi coğrafi regionlarda daha çox aktivləşməsi də diqqətçəkən məsələlərdən biridir. Çoxsaylı silahlı qarşıdurmalar, Mərkəzi Afrikada baş qaldıran çoxsaylı silahlı münaqişələr buna misal ola bilər. Buna səbəb kimi isə ilk növbədə ümumi aclıq, yoxsulluq, dağılmış infrastruktur, texnika çatışmazlığı, sənayeləşmənin olmaması göstərilir. Hökumət administrasiyasının zəifliyi isə bu ölkələrdə silahlı münaqişələrin kifayət qədər effektli idarə olunmasına və nizamlanmasına imkan vermir, əksinə, humanitar böhranların daha da dərinləşməsinə gətirib çıxarır.

Bu baxımdan Cənubi Asiyanın bir çox ölkələrində vəziyyət daha da gərgindir. Əfqanıstanda, Şri-Lankada, Nepalda, Sakit okean hövzəsində, İndoneziya və Filippində davam edən daxili münaqişələr, Hindistan-Pakistan qarşıdurması bu bölgədə daim gərginliyi artırır, sabitliyə və sülhə təhdid yaradır. Bu bölgədə silahlı münaqişələrin nizamlanması perspektivlərinə mane olan əsas amillər dərindən parçalanmış cəmiyyətlər, iqtisadiyyatın dağılmış vəziyyəti, resursların tükənməsi və şüuru zədələnmiş əhalidir. Onu da qeyd etmək vacibdir ki, vətəndaş müharibəsindən ciddi zədələr alan ölkələr yalnız, beynəlxalq xarakterli mütəşəkkil cinayətkar qruplaşmalar və "qara bazar"la rəqabət aparır.

Bir çox tədqiqatçılar hesab edir ki, geosiyasətin bugünkü vəzifəsi - XXI əsr münaqişələrinin təbiətini və xarakterini anlamaq və təhlil etməkdir. Heç şübhəsiz ki, "soyuq müharibə"nin süqutu münaqişələrin xarakterində ciddi dəyişikliyə səbəb olub.  Qeyd edək ki, keçən əsrin 90-cı illərində az sayda dövlətlərarası münaqişələr baş verib, onların miqyası və davamı da məhdud olub. Rəsmi statistik məlumatlar da bunu təsdiq edir. Amerikalı konfliktoloqlar P.Vallensteyn və M.Sollenberqin araşdırmalarına görə, 1989-1994-cü illər ərzində qeydə alınan 54 münaqişədən yalnız 4-ü ənənəvi dövlətlərarası münaqişə olub, bununla yanaşı, ikinci dərəcəli və orta səviyyəli münaqişələr əhəmiyyətli dərəcədə artıb. Digər bir mənbəyə görə, 1990-1999-cu illər ərzində dünyanın 80 ölkəsində qeydə alınan 118 münaqişədən yalnız 10-u dövlətlərarası müharibə kimi xarakterizə olunur, qalanı isə daxili siyasi müharibələrin bu və ya digər formalarını özündə əks etdirib.

Tədqiqatçılar dövlətlərarası müharibələrin tədricən bəşər səhnəsindən silinməsini qloballaşmanın nailiyyəti kimi xarakterizə edirlər. Burada onlar iqtisadiyyatın hərbi əməliyyatları əvəz etməsi tendensiyasını önə çəkirlər. Bu gün istənilən dövlət başçısını və əhalisini düşündürən əsas məsələ münaqişə yox, ölkənin çiçəklənməsi, inkişaf etməsidir. Çünki iqtisadiyyatın qloballaşması nəticəsində dövlətlər arasında elə sıx əlaqələr yaranıb ki, dünyanın bir regionunda silahlı zorakılıq digər regionunda qiymətlərin artımına və ya inflyasiyaya səbəb olur. Bu da  tərəfləri müharibədən yayınmağa vadar edir. Məhz buna görə də, inkişaf etmiş sənaye ölkələri bir-birinə güc tətbiq etməmək öhdəliyi götürüblər və gücün tətbiqinə yalnız humanitar müdafiəni təmin etmək, sülhə vadar etmək, həmçinin zəif ölkələrdə beynəlxalq təhlükəsizliyi təhdid edən anarxiyaya qarşı çıxmaq məqsədilə əl atırlar.

Ardı gələn sayımızda

0.43503379821777