“Siyasətdə qırmızı vərəqəni çox görmüşəm... həbsxanaya düşmüşəm” - Fazil Mustafa

“Siyasətdə qırmızı vərəqəni çox görmüşəm... həbsxanaya düşmüşəm” - Fazil Mustafa
 

”Paralel.az" Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın Yeni Sabaha verdiyi müsahibəni təqdim edir:

- Fazil Mustafa siyasətçi olaraq kifayət qədər tanınır. Bəs özünüzü idmançı olaraq necə təqdim edərdiniz?

- İdman mənim həyatımın ayrılmaz hissəsidir. İdmanın həm fiziki, həm də intelektual növləri ilə məşğul olmuşam. Xüsusilə də, uşaq vaxtından şahmatı çox sevmişəm və oynamışam. Ondan sonrakı dövrlərdə də futbol, basketbol, stolüstü tennis kimi idman növlərini vərdişə çevirmişəm. Harada fürsət olursa, bu idman növlərindən kənarda qalmıram. Bunların hamısına hobbi kimi baxıram.

- Yeniyetmə vaxtlarınızda və ya elə indi özünüzü bənzətdiyiniz idmançı kim olub?

- Var. İtalyan futbolçu Paulo Rossi. Hətta futbol oynayanda köynəklərimin arxasında Paulo Rossi də yazırdım. Bu da mənim üçün bir əyləncə idi. Amma sonrakı dövrlərdə kimisə təqlid etmədim, kumir olaraq görmədim. Fanatizm xeyli azaldı.

- Sizcə, siyasətdə deyil, idmanda özünüzü sınasaydınız, bu qədər tanınmış olardınız?

- Əlbəttə. Mən harada olsaydım, tanınmış olacaqdım. Çalışacaqdım, öndə olum. Mən arxada gizlənməyi xoşlamıram.

- Rəqibləriniz sizdə siyasətdə çəkinir, yoxsa idmanda?

- Yəqin ki, ikisində də çəkinərlər. Çünki idmanda da çox sərt və amansız üslub tətbiq edirəm. Məğlub olmaq mənim üçün çox ağır bir şeydir. Buna görə tez-tez sınıq, çıxıq və başqa bu tip şeylərlə qarşılaşıram. Çünki oyunda baş girələməyi sevmirəm. Siyasətdə olduğu kimi, idmanda da baş girələməyi sevmirəm. Bir yerdə varsansa, qələbə uğrunda çalışmalısan. Uduza da bilərsən. Ən azından rahat olacaqsan ki, mən çalışdım, lakin qalib gələ bilmədim. Çalışmayanda, baş girələyəndə, laqeyd yanaşanda idmanda da, siyasətdə də insan üçün xoş ovqat yaranmır.

- Siyasətdə və futbolda ən yadda qalan qolunuz hansı olub?

- Ən yadda qalan qolu demək bir az çətindir. Hərbi xidmətdə olarkən Ukraynada Daxili Qoşunların çempionatının finalında 3 qol vurmuşdum. Axırıncı qolumu hamı təəccüblə qarşılamışdı ki, peşəkar futbolçuların vura biləcəyi bir qolu vurdu. Siyasətdə müxtəlif addımlarımız olub ki, onlar uğurlu sayıla bilər. Amma hesab etmirəm ki, siyasətdə istədiyim qolu vurmuşam.

- Zərbələriniz kimi və ya kimləri qorxudur?

- Zərbələr ümumiyyətlə, qorxutmur. Lakin hər kəs qəbul edir ki, siyasətdə standartdan kənar qollar vura bilərsən, müəyyən addımlar ata bilərsən. Bunu isə heç kim proqnozlaşdıra bilməz. Amma mənim üçün bu standartdan kənar deyil, bu xarakterdir. Futbolda da, siyasətdə də, çalışıram ki, doğru bildiyimi, doğru anladığımı insanlara qəbul etdirim. Bəzən bunu qəbul etdirmək çətin olur və savaşdan keçir. Bundan da çəkinmirəm.

- İndiyə qədər kim Fazil Mustafaya qırmızı vərəqə göstərib?

- Qırmızı kartı oyunlarda görmüşəm, amma siyasətdə qırmızı vərəqəni daha çox görmüşəm. Bəzən məni partiyadan çıxardıblar. Partiya biletini yandırdığıma görə universitetdən çıxardılmaq təhlükəsi ilə qarşılaşmışam. Hərbi xidmətə 2-ci dəfə göndəriblər. Həbsxanaya da düşmüşəm. Bunların hamsı qırmızı kartlarımdır. Amma qırmızı kartlardan sonra yeni performansla oyuna qayıdış hər adama nəsib olmur. Mən düşünürəm ki, qırmızı kartlardan da sonra həm idmana, həm siyasətə yaxşı performansla qayıtmışam. 

- Hansı nakaut sizdə hələ də təsirini buraxmayıb?

- Həyatda çoxlu zərbələr almışam. Addımlayırsansa, səni nakautlarla məğlub etmək mümkün olmur. Sən öz yolunu gedirsən və uğursuzluqdan da dərs çıxara bilirsən. Aldığım nakautlar məni yerə sərməyib. Əksinə, daha da hərəkət etməyimə stimul verib. 

- Komandanızda kimlərim oyunu sizi qane etmir və kimləri göndərmək istərdiniz?

- Komandamda məsuliyyətsiz adam görmək istəmirəm. Ola bilər adam zəif olar,  texniki və ya intelektual hazırlığı yerində olmasın, amma məsulliyyətsiz oldusa, onunla yol gedilməz. Bu, böyük problemdir. Laqeyd, məsuliyyətsiz adam görəndə çalışıram, komanda da onunla bir yerdə olmayım. Çünki heç nəyin fərqində olmayan, udub-uduzmamağın heç bir  dəyər daşımadığını düşünən insanlarla mübarizə aparmaq mümkün deyil. 

- Fazil Mustafanın çəkindiyi rəqib, ya ondan çəkinən rəqib daha çoxdur?

- Yox, heç kimdən çəkinmirəm. Mən özümə güvənən adamam. Söhbət məsuliyyətdən gedir. Hər gün özünü təkmilləşdirdiyinə görə, qorxmursan. 

- Sizcə, oyunu satan futbolçu ilə mandatını girov qoyan deputat arasında nə kimi fərq var?

- Oyunu satan futbolçu ona görə satır ki, maaşı azdır. Amma mandatını girov qoyan deputat gərək bunu etməsin. Çünki buradakı mənəvi tələblər futbolçuya qoyulan mənəvi tələbdən daha çoxdur. 

- Milli komandanın baş məşqçisi olsaydınız, futbolumuzda hansı köklü dəyişikliklər edərdiniz?

- Milli komandanın baş məşqçisi olsaydım, ancaq azərbaycanlılardan ibarət komanda qurardım. Yəni bütün legioner, başqa ad altında gələn hamını oradan uzaqlaşdırardım. Futbolçularımızı öz dilimizdə psixoloji cəhətdən elə hazırlayardım ki, onlar milli komandada olmağın şərəfini, qürurunu qəti şəkildə anlayardılar. Milli komandada olmağın şərəfini, qürurunu anlamayanları qəti şəkildə meydançaya buraxmazdım. Milli komandada böyük fədakarlıq lazımdır, canını qoymaq lazımdır. Çünki uduzan özün olursan. Bir də 5, 6, 7 yaşlı uşaqlardan başlayıb gələcəyin milli komandasını formalaşdırardım və bu uşaqlar üçün də şərait yaradardım ki, yetişsinlər. 

- İxtiyar sahibi olsaydınız, Nikola Yurçeviçin yerinə milliyə kimi gətirərdiniz?

- Təbii ki, Qurban Qurbanovu. Mənə elə gəlir ki, Qurbanova qarşı ədalətsizlik edildi. O, daha yaxşı komanda qurma imkanına sahib idi. Ona fürsət vermək lazım idi. Azərbaycanlı olan kimi, 3-5 oyundan sonra qovurlar. Amma xarici olanda ona 5 il dözülür. Mən buna yol verməzdim.

- Adətən komandada baş məşqçi dəyişikliyi kollektivə yeni ab-hava gətirir. Sizcə, yeni baş nazir komandaya hansı ab-havanı gətirəcək?

- Birinci növbədə Nazirlər Kabinetinin peşəkarlıq səviyyəsini qaldıra bilər. Nazirlər Kabineti iqtisadi təsərüfat funksiyasını yerinə yetirən qurumdur. Birinci növbədə iqtisadçı kimi hazırlıqlı şəxsin olması lazımdır ki, layihələrdən başı çıxsın, qiymətləndirmə apara bilsin və çevik qərarlar qəbul etsin. Ümid edirəm, öncə bu keyfiyyət dəyişəcək. Azərbaycana da əslində bu lazımdır.

- Sizcə, əvvəlki baş məşqçi verilən tapşırıqları yerinə yetirə bilmədiyinəmi görə istefaya göndərilib?

- Onu bilmirəm. Hər-halda bu prezidentin qərarıdır. Bizim üçün bunun izahı açıqlanmadı. Mən sadəcə fakta görə danışıram. Yeni baş nazirin iqtisadçı olması müsbətdir.

- "Şah İsmayıl" ordeninin yığışdırılması haqqında danışmışdınız. Futbolda hansı mükafatlar ləğv edilsin?

- Dünyanın ən yaxşı futbolçusunun seçilməsi məsələsinə doğru baxmıram. Məsələn, bu il Məhəmməd Salah seçilmədi. Yaxşı futbolçudur. Hər dəfə eyni futbolçular üzərində bunun qurulması ədalətsizlikdir. Ronaldo, Messi, Salah daha çox bu ada layiqdirlər. Stabil oynayan futbolçulardan söhbət gedir. Düşünürəm ki, bu mükafat özünü daim formada saxlayan futbolçulara verilməlidir. 

- Açıqlamalarınızda dini cəhalətdən çox gileylənmisiniz. Sizcə, futbolumuzun mollası kimdir?

- Futbolumuzun əslində mollası yoxdur. Futbolumuz mollasız dəfn olunacaq. Futbolumuzun mollası olsaydı, ən azından azan veriləndə hamı o intizama tabe olardı. Mən molla deyəndə cəmiyyətin yükünü üzərinə alan birləşdirici fiquru nəzərdə tuturam. Bizdə isə təəssüf ki, o yoxdur. Bu da millətimizin ən çox uduzduğu yöndür. Bunları necə dəyişəcəyimizlə bağlı yollar isə ancaq maarifçiliklə bağlıdır. 

- Futbolçularımızın əksəriyyətinin ya kriminal ya da, qatı dindarlığa meyl etməsi haqqında fikirlər var. Siz necə düşünürsünüz?

- Bu onların şəxsi işidir. Hər şeydən əvvəl məsuliyyətli olmalıdır. Məsuliyyətsiz futbolçu hara yönəlir yönəlsin, faydalı ola bilməz. Elə futbolçular var ki, hara yönəlməsindən asılı olmadan 20-30 il oynayırlar, özlərini təkmilləşdirirlər. Məsələn, Ronaldo gündə 7 saat məşq edir. Bizim günə 7 saat məşq edən futbolçu tapmaq çətindir. Bir qol vuran kimi sabahı gedib qəlyan çəkir. Ona görə də bu fərqi görmək lazımdır.

- ATƏT və AFFA. Bu iki qrum arasında hansı oxşarlıq və fərqlər var?

- Bunlar arasında əslində elə bir oxşar cəhət yoxdur. Çünki AFFA özümüzünküdür. Biz çalışırıq, ATƏT-də özümüzə gələn şapalağı, şilləni zərərsizləşdirək. Amma AFFA yanlışı ilə, ətaləti ilə, hətta gördüyü müsbət işlərlə də özümüzünküdür. AFFA-nı yaxşı mənada dəyişmək öz əlimizdədir. ATƏT-i dəyişmək, ağıllandırmaq, tərbiyələndirmək isə ixtiyarımızda deyil. Fərq yalnız belə görülə bilər.

- Elçibəyi futbolun hansı simasına bənzədərdiniz?

- Elçibəyi Mourniyaya bənzədərdim. Onu daha emosianal və macəra davranışı sərgiləyən bir məşqçi kimi görürdüm. Onu eyni zamanda yaxşı oyunçulara yer verən, həm də riskə getməyi sevən bir məşqçi obrazında görürdüm. Bu da uğur da gətirir, bəzən uğursuzluq da.  

- Bildiyim qədəri ilə "Qalatasaray" azarkeşi olmusunuz. Fatih Terimlə özünüzü necə müqayisə edərdiniz?

- Fatih Terim vaxtında "Qalatasaray"ı izləmirəm. Ümumiyyətlə, Fatih Terimi məşqçi olaraq qəbul etmirəm. Onun idarə etdiyi oyun üslübu emosionaldır, intelektual deyil. Emosiya ilə 3-5 oyunu udarsan, amma qalıcı bir şeylər yaratmaq çətin olar. Mən sistemi olan məşqçiləri daha çox xoşlayıram. Məsələn, bu gün "Qarabağ"ın özü bir sistem içində oynayır. Bu olduqca vacibdir.

- "Liverpul"un da oyunlarına tərəfdar kimi baxmısınız. Sizcə, Azərbaycan siyasətinin Kloppu kimdir?

- Azərbaycan siyasətinin Kloppu yoxdur. Azəbaycan siyasəti tamaşaçı üçün oynayan siyasət deyil. Yəni, tamaşaçı nə deyəcək, nə deməyəcək, bunu siyasətçi çox da nəzərə almır. Klopp tamaşaçı üçün oynayan komandanı meydana çıxaran məşqçidir. Emosiyasını da açıq göstərir ki, tamaşaçının zövqünü qazansın. Bizdə isə siyasətdə tamaşaçının zövqünü qazanma hədəfi yoxdur. Ona görə də ona oxşayan məşqçi tapmıram.  

- Karyeranızda hansı zərbə ola bilər ki, meydanı tərk edəsiniz?

- Təbii ki, meydan daimi deyil. Elə ola bilər ki, meydanı zərbəsiz də tərk edərəm. Amma ümumi cəmiyyətin hansısa mədəni, mənəvi həyatına zidd davranış sərgiləsəm, tərk edərəm. İnsanların üzünə dik baxa bilməlisən. Dik baxa bilmədiyin mühitdən uzaqlaşırsan. Narahatlıq keçirdiyim bir amil olsa, mən siyasətdə olmaram.

0.013957977294922