Azərbaycan dünya xalqları arasında dialoqun təşviqi və inkişafında mühüm rol oynayır

Respublikamız Avropa Şurasıyla bərabər, İSESCO-ya da üzv olan yeganə müsəlman ölkəsidir

Multikulturalizmin və tolerantlığın dövlət siyasəti səviyyəsində qorunub inkişaf etdirildiyi Azərbaycan Respublikası müxtəlif etnosların və millətlərin, eləcə də fərqli dini konfessiyalara məxsus dini icma nümayəndələrinin tarixin bütün mərhələlərində qarşılıqlı anlaşma, dostluq və qardaşlıq şəraitində yaşadıqları unikal bir məkan kimi tanınır. Ta qədim zamanlardan bir çox dövlətlərin sosial, siyasi və iqtisadi maraqları dairəsində olan bu coğrafi məkanda, həm də dini və milli məsələlər böyük aktuallıq kəsb edib. Azərbaycanın Avropanın və Asiyanın qovuşağında, böyük İpək Yolunun üzərində yerləşməsi də, bu marağın artmasına səbəb olan əsas amillərdən biridir. Ölkəmizin ərazisində ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasını şərtləndirən səbəblərdən biri də, Azərbaycan xalqının humanizm və tolerantlıq dəyərlərinə özünəməxsus yanaşmasıdır. Məhz bu yanaşmanın da, ölkəmizdə etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında müstəsna rolu olub.

Respublikamızın coğrafi mövqeyi, tarixi inkişafının xüsusiyyətləri, əhalisinin etnik tərkibi ta qədim dövrlərdən burada, həm də müxtəlif dinlərin inkişafına və yayılmasına imkan yaradıb. Bəşər tarixinin müxtəlif dövrlərində ölkəmizin ərazisində  bütpərəstlik, zərdüştlük, iudaizm, xristianlıq, islam və bir çox başqa dini inanclar bu və ya digər dərəcədə yayılaraq bir-birinə qarşılıqlı təsir göstərib. Ancaq heç zaman bir-birinin inanclarına dözümsüzlük nümayiş etdirməyib, əksinə, hər zaman bir-birinə tolerant münasibət bəsləyiblər. Məlumdur ki, bütpərəstlik inancının kökləri çox qədimlərə gedib çıxır. Ölkəmizin ərazisində məskunlaşan insanların böyük əksəriyyətinin odu müqəddəsləşdirməsi, oda sitayiş etməsi də, məhz bu inancdan qaynaqlanıb. O dövrlərdə ölkəmizin "Odlar yurdu", "Odlar diyarı" kimi tanınması da, bütpərəstlik, atəşpərəstlik inancı ilə bağlıdır.

Daha sonra ölkəmizə yəhudilərin gəlişi ilə (yəhudilərin ölkəmizə gəlişi eramızdan əvvəl I əsrə aid edilir) burada iudaizmin təməli qoyulub. Ölkəmizin ərazisində yaşayan dağ yəhudiləri yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamağı bacarıblar.

Xristianlıq isə Azərbaycana İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə yayılıb.

Ölkəmizdə xristianlıq özünün pravoslav, katolik və protestantlıq qolları, habelə müxtəlif sekta icmaları ilə təmsil olunur. Azərbaycanda ilk pravoslav kilsəsi 1815-ci ildə Bakıda  fəaliyyətə başlayıb.

XIX əsrin ikinci yarısında ölkəmizdə neft yataqlarının aşkar olunması ilə bir çox ölkələrdən olan sənayeçilər Bakıya, Bakı neftinə maraq göstərməyə başlayıblar ki, onların da arasında müxtəlif inanclara sitayiş edən insanlar var idi.  İncilçi-lüteran kilsəsinin ardıcılları olan alman sənayeçiləri də, məhz həmin dövrdə Bakıya neft yataqlarının istismarında iştirak etməyə gəliblər.

İslam dininin ölkəmizə gəlişi isə erkən islam fütuhatları ilə hicrətin 18-ci ilindən (639-cu il) başlayıb. Tarixçi Bəlazuri qeyd edir ki, xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Bu da tarixi faktdır ki, o dövrdə Sasanilərlə bizanslılar arasında gedən şiddətli mübarizə nəticəsində ölkədə gah zərdüştilik, gah da xristianlıq güclənib, belə bir şəraitdə ölkəmizin ərazisinə gələn islam dini sürətlə yayılmağa başlayıb.

İslamın regionda daha geniş yayılması ilə ölkəmizin ərazisində dözümlülük mühitinin formalaşmasında yeni bir mərhələ başlanıb. Mərhəmət, sevgi və əxlaq dini olan islamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirildiyindən, insanlar arasında böyük rəğbətlə qarşılanıb. Əsrlər boyu müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları da regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan yaşamaq imkanı qazanıblar.

Müasir dövrümüzdə bu proses daha da inkişaf etdirilərək, dövlət siyasəti səviyyəsinə çatdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycanda mövcud olan dövlət-din münasibətləri digər dövlətlər üçün də örnək rolunu oynayır. Prezident  İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsidir ki, bu gün dövlət-din münasibətləri

özünün ən yüksək səviyyəsindədir. Ölkəmizdə bütün dini konfessiya nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edir, qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və fəaliyyət göstərirlər. Onlar həmçinin heç bir ayrı-seçkilik halları ilə üzləşmədən bütün dövlət strukturlarında bərabərhüquqlu vətəndaşlar kimi çalışır, parlamentdə təmsil olunurlar. Bu da ölkəmizdə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi, etnik dini dözümlülük mühiti və mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

Bu gün bütün dünyanı narahat edən dini və milli dözümsüzlük, terror və radikalizm kimi  halların ölkəmizdə mövcud olmaması, Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin nəticəsidir. Bununla yanaşı, Azərbaycan həm də dünya xalqları arasında dialoqun təşviqi və inkişafında mühüm rol oynayır. Bu da qürurverici haldır ki, bu gün respublikamız həm Avropa Şurasına, eyni zamanda, həm də, İSESCO-ya üzv olan yeganə müsəlman ölkəsidir. Ölkəmizin həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin mövcudluğu onu deməyə əsas verir ki, Azərbaycan sözün bütün mənalarında islami dəyərlərə üstünlük verən, müasir, müstəqil dünyəvi  dövlətdir. Ölkəmizin son illər keçirilən bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi də bu faktı bir daha təsdiqləyir. Bununla yanaşı, son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilən beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq görərik ki, bu sahədə təşəbbüslərin də böyük əksəriyyəti, artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanan Azərbaycandan  gəlib.

2009-cu ilin oktyabrında ölkəmizin uğurla ev sahibliyi etdiyi İslam ölkələri mədəniyyət nazirlərinin konfransı çərçivəsində "Mədəniyyətlərarası dialoq" mövzusunda keçirilən "dəyirmi masa"da "Bakı Prosesi -sivilizasiyalar arasında dialoqa yeni çağırış" adlı rəsmi sənəd qəbul edilib. Prezident  İlham Əliyevin irəli sürdüyü "Bakı Prosesi"nin davamı olaraq 2011-ci ilin aprelində dövlət başçısının təşəbbüsü və təşkilatçılığı ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO kimi nüfuzlu qurumların dəstəklədikləri Forum dünyada bu istiqamətdə reallaşan ilk mötəbər tədbir hesab olunur. 20-yə yaxın ölkədən nüfuzlu nümayəndələrin iştirak etdiyi tədbirdə bir çox mühüm məsələlər müzakirə olunub. 

Qeyd etmək lazımdır ki, Bakı Forumu mədəniyyətlərarası dialoqun, sülhün, əməkdaşlığın təşviqində, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılmasında və digər məsələlərin müzakirəsində qlobal brend statusu qazanıb. Ölkəmizin belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsinin və Forumun müvəffəqiyyətlə başa çatmasının məntiqi davamı olaraq Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə" 2011-ci il 27 may tarixli Fərman imzalayıb və ölkəmizdə yeni bir ənənənin əsası qoyulub. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanı təsis etmək və Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmdə təbliğ və təşviq etməkdir. Belə bir təbliğat və təşviqatın nəticəsidir ki, 2012-ci ilin dekabrında Böyük Britaniyada Azərbaycanın dinlərarası tolerantlıq modeli müzakirə olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirak etdiyi  konfransda dinlərarası dialoq sahəsində, məhz Azərbaycan modelinin Avropada tətbiqi məsələsinin xüsusi önəm daşıdığı qeyd olunub.

Bundan başqa, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların birgə təşkilatçılığı ilə Bakıda "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumu keçirilib. Zəngin milli-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın belə tədirlərə ev sahibliyi etməsini heç də təsadüfi saymaq olmaz. Məlumdur ki, Azərbaycan bütün dinlərə hörmətlə yanaşır, hətta ölkəmizə təcavüz edənlərə belə, din və məzhəbə görə fərq qoymur.

Məhz belə yanaşmanın nəticəsidir ki, hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilib.

Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasət nəticəsində hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdir. Bununla bərabər, ölkənin hüquq sistemi ekstremizm təhlükəsinin real olduğu şəraitdə, dini təşkilatlara kənardan təsiri məhdudlaşdırır, potensial təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir.

Çünki bu gün dünyanın bir çox bölgələrində baş verən müharibələrin səbəblərini araşdırsaq, etnik-dini anlaşılmazlıqların bir çox hallarda əsas rol oynadığının şahidi olarıq. Bu anlaşılmazlıqlar və qarşıdurmalar bəzən o həddə çatır ki, hətta eyni dinə mənsub təriqətlər arasında belə, qanlı toqquşmalara gətirib çıxarır.

Bu gün bəzi siyasi qüvvələrin dünyada gerçəkləşdirdiyi etnik təmizləmə siyasəti nəticəsində dünyanın 20-dən çox ölkəsində 12 milyona yaxın insan qaçqın və məcburi köçkün həyatı yaşayır. Məhz buna görə də, bu gün istəsələr də, istəməsələr də, xalqlar bir-birinin varlığını qəbul etməli, bir-birinə hörmətlə yanaşmalı və müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini başa düşməlidirlər. Azərbaycan bu sahədə  uğurlu model hesab olunur. İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilib, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağı da bacarıb. Məhz buna görə də, ölkəmizə gələn qonaqlar və mütəxəssislər multikulturalizmin Azərbaycan modelini universal model kimi, nümunə olaraq təqdim edirlər.

Azərbaycanda multikulturalizmin və tolerantlığın bu səviyyədə qorunaraq inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətləri var. Məhz onların bu sahədə gördüyü qlobal işlər nəticəsində həm ölkəmizdə, həm də ümumiyyətlə, regionda dini müstəvidə sülh və sabitlik bərqərar olub.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.21520113945007