SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək

 

 

SOCAR istiqrazları oktyabrın 17-də 12-ci faiz ödənişini həyata keçirəcək və istiqraz sahibləri növbəti dəfə 1,250 mln. dollar qazanacaq.

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, bununla da, istiqraz sahiblərinin ümumi gəliri 15 mln. dollara yüksələcək. Nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri hər üç aydan bir ödənilən SOCAR istiqrazlarının 1,25 milyonluq rüblük faiz məbləği Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.

Bildirilib ki, investorların ehtiyaclarına uyğun şəkildə dizayn edilməsi, yüksək gəlirlilik, yüksək likvidlik, alqı–satqı əməliyyatlarının asanlığı (hətta 1 milyon dollarlıq istiqrazı cəmi 1 saata satmaq mümkündür), faiz ödənişlərinin qrafikə uyğun aparılması və SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti – hansı ki, indiyədək belə bir əməliyyatın aparılmasına ehtiyac olmayıb – SOCAR istiqrazlarının əsas xüsusiyyətlərini təşkil edir.

SOCAR istiqrazı sahibləri sərfəli şərtlərdə REPO əməliyyatı ilə qısamüddətli kredit cəlb edə və ya istiqrazı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15–16% olan manat krediti götürə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və cəlb etdikləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə enmiş olur.

Xatırladaq ki, SOCAR istiqrazları Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağızdır və ASAN Xidmət mərkəzlərindən (1 və 5 saylı) əldə edilməsi mümkündür.

0.13085007667542