“TƏMİZ ADAMLAR VƏZİFƏYƏ GƏTİRİLMƏLİDİR…” - Əli Məsimli

Paralel.az “AzPolitika.info”-a istinadən Milli Məclisin deputatı Əli Məsimli ilə müsahibəni təqdim edir:

- Əli müəllim, Əli Əsədovun baş nazir təyin edilməsi qəfil baş verdi və bu təyinat cəmiyyətdə birmənalı qarşılanmadı. Necə qarşıladınız bu dəyişikliyi?

– Təyinatı müsbət qiymətləndirirəm. Yeni baş nazir tanıdığım adamdır. Onun tərcümeyi-halına baxsanız görərsiniz ki, iqtisadçıdır, SSRİ zamanı bu sahədə aparıcı rol oynayan Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. Sonradan xeyli müddət AMEA-nın İqtisadiyyat İnstitutunda çalışıb, iqtisadiyyatdan dissertasiya müdafiə edib, Dövlət İdarəçilik və Politologiya İnstitutunda müəllim və kafedra müdiri olub. Son 20 ildə isə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi postunu tutub. Deməli, yeni Baş Nazirin baza təhsilidir, eyni zamanda fəaliyyət göstərdiyi sahələr istisadiyyatla bağlı olub. Bir tərəfdən iqtisadiyyatın nəzəri tərəflərindən xəbərdardır, digər tərəfdən Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi kimi iqtisadiyyatın praktiki tərəflərindən məlumatlıdır. Nazirlər Kabinetinin rəhbəri kimi iş əmsalı kifayətdir, qalır onu reallaşdırmaq. Bunun üçün də Strateji Yol Xəritəsində müəyyən edilən istiqamətdə Nazirlər Kabinetinin səlahiyyətində olan məsələlər üzərində işləməli, Azərbaycanda iqtisadiyyatın real, maliyyə və sosial sektorunda islahatların dərinləşdirilməsi üçün səmərəli fəaliyyət göstərməlidir.

- Ümumiyyətlə, Baş Nazir dəyişikliyi gözlənilən idimi?

– Təbii ki, əvvəlcədən kadr islahatlarının gözlənilməsi barədə məlumatlı idim, amma konkret adlar məsələsində bilgim yox idi. Baş Nazirin təyinatı haqqında isə oktyabrın 7-də bildim. Yəni təyinatdan bir gün əvvəl.

- Qeyd etdiniz ki, kadr islahatları haqqında məlumatlısınız. İndi cəmiyyətin ən müxtəlif çevrələrində yeni təyinatların olacağı, yəni dəyişikliklərin davam edəcəyi gözləntisi var. Sizcə, dəyişiklikləri zəruri edən səbəblər hansılardır?

– Əgər sosial şəbəkələrdə, kafedə belə müzakirələr aparılırsa, deməli buna sosial sifariş var. Sosial sifariş də təsadüfi xarakter daşımır. Azərbaycanda növbədənkənar prezident seçkilərindən sonra islahatların yeni mərhələsi başlanıb. Bu mərhələdə həm istehsalın inkişafına yönəlik islahatlar aparılıb, həm Vergilər Nazirliyi və digər qurumların timsalında maliyyə sektorunda addımlar atılıb, həm də 4 milyon insanı əhatə edəcək sosial paket həyata keçirilib. Bu prosesi əhatəli reallaşdırmaq üçün tələb olunan şərtlərdən biri idarəetmənin təşkilati quruluşunun həm effektliliyini təmin etmək, həm də kadr islahatları ilə müşahidə olunan şəkildə addımlar atmaqdır. Bu mənada kadr islahatları aparılıb, amma bu proses daha da sürətlənməlidir. Yeni mərhələdə islahatların səmərəliliyini artırmaq, doğrudan da xalqın daha çox fayda götürməsi üçün müasir dövrün tələblərindən baş çıxaran, dünyada gedən prosesləri analiz edən və bunun əsasında aparılan siyasətdə korrektələr etməyi bacaran, üstəlik, əli təmiz və dövlətçilik təfəkkürü olan insanların vəzifəyə gətirilməsi çox vacibdir.
Ya korrupsiyadan uzaq, təmiz, yüksək dünyagörüşlü insanlar görəvə gətirilməlidir, ya da iqtisadiyyatın səmərəliliyi geriyə gedəcək.

- Bəs indi iqtisadiyyat hara gedir?…

– Hazırda islahatların yeni mərhələsi insanlarda ümid yaradıb. Bu ümidi doğrultmaq üçün fikirdə, sözdə və əməldə Azərbaycan dövlətçiliyinə xidmət edən, korrupsiyadan uzaq, xalqın və dövlətin maraqlarını fəaliyyətində üstün tutan bacarıqlı kadrlardan daha çox istifadə edilməlidir. Hesab edirəm ki, bu proses yaxın illərdə özünü göstərəcək. Başqa yol yoxdur.

- Doğrudanmı hazırda MDB məkanında ümumdaxili məhsulun (ÜDM) həcminə görə, ən zəif temp Azərbaycanda müşahidə edilir?

– Azərbaycan iqtisadiyyatı uzun müddət neftdən asılı iqtisadiyyat kimi addımlayıb. Neft bumu dövründə bizim iqtisadiyyatımızda dünyada nadir hesab olunan səviyyədə iqtisadi artım olub. Orta hesabla 16% qədər artıma olub, bəzi illər üzrə 25 % artım olub. Neft bumu səngidikdə isə, iqtisadiyyat neftdən asılı olduğu səbəbindən, eyni zamanda neft hasilatının və qiymətinin aşağı düşməsi Azərbaycanda templəri aşağı salıb. İndi çalışmaq lazımdır ki, qeyri-neft sektorunun inkişafına təkan verilsin və bu yolla inkişaf tempi sürətlənsin. Məsələn, bu ilin avqust ayına qədər göstəricilərə əsasən qeyri-neft sənayesində 15 faizə qədər artım qeydə alınıb. Kənd təsərrüfatı sahəsində 6 faizdən çox artım olub. Harada sərmayə qoyulur və bu sərmayədən səmərəli istifadə edilirsə, orada atrım var. Harada sərmayələrdən “əvvəlki qaydada” istifadə edilirsə, orada artım ola bilməz.

- “Əvvəlki qayda” dedikdə konkret nəyi nəzədə tutursunuz?

– Konkret olaraq sərmayə korrupsiyanın yeminə çevrilirsə, orada artım ola bilməz.

- Əli müəllim, 2019-cu ildə minimum əməkhaqqı 250 manata çatdırıldı. Sizcə, aşağı kateqoriyaya aid insanlarımız bu pulla 1 ay yaşaya bilərmi?

– Son illərin tendensiyasına baxanda görürük ki, minimum pensiya və maaşların artırılması 2019-cu ildə əvvəlki illərlə müqayisədə daha böyük templə olub. Məsələn, mart ayına qədər vahid taarif cədvəli üzrə maaş alanların birinci kateqoriyaya aid olanı 170, 15-ci kateqoriyaya aid olanı isə 251 manat idi. İndi minimum əməkhaqqının artırılması ona gətirib çıxarıb ki, 15-ci kateqoriyaya aid olan 250 manat indi birinci kateqoriya olub. Yəni bu vahid taarif cədvəlinin bütün kateqoriyalarında olan işçilərin maaşlarının 50, 60, 70, bəzisində 100 manatdan çox artırılmasına gətirib çıxarıb. Amma Azərbaycanda qiymətlərin indiki səviyyəsi ilə götürəndə orta aylıq əməkhaqqı 600 manatın altındadır və ilin sonuna qədər 600 manatı ötəcək. Büdcə təşkilatında çalışanların da xeyli hissəsi 300, 400 manat maaş alır. Bu pulla da yaşamaq çətindir.

Şəxsən mənim Milli Məclisdə qaldırdığım məsələlərin içərisində əməkhaqqı, pensiya və digər ödənişlərin artırılmasının davam etdirilməsi qırmızı xətlə keçir. Əməkhaqqı və təqaüdlərin indiki səviyyəsi qane etmədiyi üçün mən bunu əsaslandırılmış formada qeyd edirəm. Ona görə də, milli gəlirin bölünməsində ədalətsizlik aradan qalxmalıdır. MDB məkanında yeni yaradılan və “Dəyər” adlandırılan ÜDM-nin 45 faizindən çoxu Rusiyada əməyin ödənilməsinə sərf edilir. Bu proses bizdə 20 faizin ətrafında gedir. Qazaxıstanda bu 30 faizdən çoxdur. Əgər biz ÜDM bölgüsündə əməyin ödənilməsinin xərclərini Qazaxıstan səviyyəsinə, yəni 30 faizə çatdırsaq, bu zaman MDB məkanında Rusiyadan sonra ikinci yerə gəlib çatarıq.

- Maaşların qaldırılması ilə paralel olaraq qiymət artımı da davam edir. İnflyasiya əmək haqlarının artırılan hissəsini “yeyir”. Başqa sözlə, bu prosesdən daha çox möhtəkirlər yararlanır. Amma onlara qarşı sərt tədbirlərin görüldüyü hiss edilmir. Niyə?

– Əmək haqlarının artırılması irəliyə doğru addımdır, digər tərəfdən monopoliyaya qarşı ciddi mübarizə aparmaq lazımdır ki, artan maaş süni qiymət artımının yeminə çevrilməsin. Bu məsələ mübahisəli xarakter daşıyır. Əslində mən bu fikirləri deyəndə, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, qiymətlərin artmasını nəzərdə tutmuram. Əgər dövriyyəyə əlavə pul daxil olursa, bu əlavə təzyiq yaradır və həmin təzyiqin bir hissəsi inflyasiyaya çevrilir. Bu, bazar iqtisadiyyatının qanunudur. Bir də var ki, monopolistlər əmək haqlarının artırılması haqda dövlət tərəfindən informasiya verilməsinin səhəri günü qiymətləri artırmağa başlayırlar. Normalda bu informasiyada qeyd edilir ki, 15 gün və ya bir aydan sonra maaşlar qaldırılacaq. Əmək haqlarının artırılması barədə informasiyanı eşidən kimi qiymətləri qaldırmaq necə bazar iqtisadiyyatı ola bilər? Əslində bu monopolistlərin acgözlüyü,millətin qanını sormaq hərisliyidir. Nəticə də budur ki, işçi köhnə maaşla 100 vahid alırdısa əmək haqqlarının qalxmasından sonra bu pulla yenə də 100 vahid ala bilir. Bu, xalqın soyulmasının acgöz variantıdır və bunu aradan qaldırmaq lazımdır. Mənim biliyim imkan verir ki, bazar iqtisadiyyatının nə olduğunu anlayım. Bu artıq acgözlük, xalqın əlində olan pulların müxtəlif üsullarla mənimsəmək variantıdır. Bunun bazar iqtisadiyyatına yaxından-uzaqdan aidiyyatı yoxdur.

- Amma qeyd etdiniz ki, islahatlar gedir. Nədən bu islahatlar monopolistlərin “at oynatdıqları meydanları” da əhatə etmir?…

– Ona görə ki, həmin monopolistlərin xeyli hissəsi vəzifədədir. Ya birbaşa iri kapital daşıyıcısı olan şirkətlərin başında dururlar, ya da dolayısı yolla onlara nəzarət edərək, həmin sahələri monopoliyaya götürürlər. Və ya öz çətiri altında saxlayır və digər təmiz işləyən, Azərbaycana fayda vermək qabiliyyəti olan iş adamlarını sıradan çıxarır, lazım gələndə qiymətlərlə də oynayırlar. Harada monopoliya varsa, orada iqtisadiyyatın yüksək səmərəsindən, ədalətli qiymətlərdən, xalqın güzəranının sürətlə yaxşılaşmasından danışmaq olmaz. Ona görə də, məmur biznesini və məmur sahibkarlığını aradan qaldıran kimi monopoliyaların xeyli hissəsi öz-özünə ləğv olub gedəcək.

0.13134694099426