CİHAD

İslamın ucalığı, möminin dirrik, birlik və diriliyinin qarantıdır

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

Məlumdur ki, Suriyada vətəndaş müharibəsinə rəvac verən bəzi inkişaf etmiş "demokratik" dairələr cihad adı ilə vuruşa, əsasən digər müsəlman ölkələrinin gənclərini cəlb edirlər. Nəticə bəlli: müsəlman müsəlman qanı axıdır. Bu isə dinimizdə haram sayılan işlərdən biridir. Qeyd edək ki, bu harama həm də dünyəvi qanunlar qadağa qoyur. Çünki hər hansı şəxsin başqa ölkə ərazisində siyasi hakimiyyət uğrunda vuruşması qadağandır.

Təəssüf ki, "Cihad müqabilində "cənnət" qazanmaq istəyən qeyri-suriyalıların (gəlmələrin) çoxu nə cihad və fətvanın mahiyyətini, nə də dünyəvi qanunları bildikləri üçün fitnəyə tuş gələrək insan öldürür, ev yıxır, körpəni yetim, qadını dul qoyur. Belələri sonda özləri də öldürülərək həm anasını  gözü yaşlı, körpəsini atasız, ömür-gün yoldaşını bəlaya düçar, həm də özünün dünya və axirətini puç edir.

Qeyd edilən fitnənin bəşərə gətirdiyi bəlanı nəzərə alaraq, cihad və onun mahiyyəti barədə fikrimi dəyərli oxucularla bölüşürəm.

İslamda əmri bil-məruf, nəhyi anil-münkər (yaxşılığa dəvət, pisliyi nəhy etmək) və cihad, dinin qoruyucu zirehi və səddi hesab edilir. Bu vəzifənin öhdəsindən gələn camaat barədə Rəbb buyurub: "Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən, Rəbbin onları haqsız yerə məhv etməz" (Hud, 117). Münkəri (pisliyi) görüb onunla mübarizə aparmayan camaatın işi isə fənadır. "Sizdən kim bir münkər görərsə, onu əli ilə, gücü çatmazsa dili ilə, buna da gücü çatmazsa, qəlbi ilə yox etsin. Allah bəzi insanların günahı üzündən ümumə əzab verməz. Ancaq onlar öz aralarında münkəratın işləndiyini görüb, gücləri çatdıqları halda ona qarşı heç bir tədbir görməzlərsə, o zaman əzab ümumi olar" (həz. Məhəmməd). Deməli, həm münkərin, həm də "zalımın qarşısında divar kimi tikilməyən kəs, gələcəkdə ondan gördüyü zülmə qatlaşmalıdır" (həz. Əli).

Cihadın mənası

Cihad, ərəbcə hər bir məşəqqət və çətinliyə sinə gərib çalışmaq, mübarizə aparmaq mənalarını verir. İslamda bu termin, "Allah yolunda, Allah üçün aparılan mübarizənin, cəhdin" adıdır. Din cihad deyərkən, məhz bu ifadəni nəzərdə tutur. Yoxsa nəyin bahasına olursa olsun, başqalarının haqqını tapdalayıb, öz durumu uğrunda öldürən, savaşan və mübarizə aparan hər kəsin əməlinə cihad deyilməz. Cihadda məqsəd insanın canı, malı, dini, söz azadlığı və nəslini Allah rizası üçün hər cür təcavüzdən qorumaqdır. Çünki həmin dəyərlərin hamısı Onun əmanətləridir.

Cənnət qapıları qılıncların kölgəsi altındadır

Bəşər üçün cihaddan daha üstün bir ibadət yoxdur. Əgər ikinci belə bir vəzifə olsaydı, şübhəsiz ki, Rəbb peyğəmbərləri həmin vəzifə ilə də məsul edərdi. Bir kəs Peyğəmbər(ə)-dən soruşdu: "Mənə cihada bərabər bir əməl göstər". Cavab: "Mən belə əməl tanımıram. Mücahid cihada çıxarkən, sən namazgahda fasiləsiz namaz qılıb, oruc tuta bilərsənmi?" Həmin adam cavab verdi: "Bunu heç kim bacarmaz". Cihad, möminin dirrik və diriliyinin qarantı, İslamın ucalığıdır. Çünki, həz. Adəmdən ta bu günə kimi bütün peyğəmbər, vəli və əməli saleh insanlar öz məqsədlərinə yalnız nəfs, Şeytan, din və vətən düşmənlərinə qarşı mübarizə vasitəsilə nail olublar. Namus, qeyrət, irz və adın qorunması da, "ayaqlarının altına cənnətin layiq görüldüyü ananın" da, bizi ana kimi bəsləyən ana torpağın toxunulmazlığı da, "cənnət qapıları qılıncların kölgəsi altındadır" (həz. Peyğəmbər) məfkurəsi də - cihadla reallaşdırılır.

Cihad sülh zamanı da qüvvədədir

İnsanın Rəbbin rizasını qazanmaq üçün iki əsas vəzifəsi var: Təqva və saleh əməl. Əgər Şeytan və nəfsə uymamaq təqvadırsa, Allah və Peyğəmbər(ə) yolu ilə getmək də saleh əməldir. Və sözsüz ki, Allah uğrunda vuruşmaq da, saleh əməlin bir hissəsidir. Lakin cihad yalnız hərblə məhdudlaşmır. Belə olsaydı, sülh zamanı cihad əmri qüvvədən düşərdi. Cihadın doğru dəyərləndirilməsi barədə Rəbb buyurub: "Ey iman gətirənlər! Sizə elə bir xeyirli əməl göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? Allah yolunda mal və canınızla cihad edərsiniz. Bilsəniz, bu sizə nə qədər xeyirlidir" (Saff, 10-11). Ayədən göründüyü kimi, cihadda əsas qayə axirətdə şiddətli əzabdan xilas olmaqdır. Bu isə mal və canın Allah yolunda xərclənib əbədiləşdirilməsindən asılıdır. Malı əbədiləşdirmə yardım ilə, canı əbədiləşdirmə isə maddi-mənəvi cihadla mümkündür. Əksinə, daxili aləmini zəbt (idarə etmə) və rəbt (əlaqələndirmə) etməyən, riyanı öldürməyən, təkəbbürü ayaq altına ata bilməyən, yalnız özü üçün yaşayan insanın cəhd və əməlindən cəmiyyətə xeyir gəlməz.

"Sülh xeyirdir" buyuran Peyğəmbər(ə), Allah kəlamlarına istinadən cahiliyyət dövründə mənəvi cihad edərək insanları hidayət yoluna çağırıb. O, hərbə izn verilənə qədər hərb cihadından yox, sülhü təmin edən cihaddan istifadə edib. Deməli, Allah yolunda vuruşmaq və vuruşanlara mal və sözlə dəstək vermək cihad olduğu kimi, sülh zamanında malı, qəlbi, sözü və duası ilə insanlara xidmət etmək də cihaddır. Başqa sözlə, hərbdə iştirak etmək cihaddırsa, insanların imanının kamilləşdirilməsi və hərbə qardaş olan arxa cəbhənin bütün işləri də cihaddır.

Cihad hürr yaşamanın qarantıdır

Cihad mal və can bahasına olduğu üçün, adətən o, zahirən gözəl görünməz. Çünki tərbiyələndirmək, qanunlara əməl etmək, özünü məcbur etmək, nəfs və Şeytana meydan oxumaq, din və torpağa sahib çıxmaq qeyrət və əzm tələb edən keyfiyyətlərdir. Deməli, cəhənnəmdə yanmamaq üçün canımızı əziyyətə salıb, malımızı verməklə yanaşı, həm də bəzi bəla və müsibətlərə tab gətirmək lazımdır. Bu baxımdan, cihad başqasını öldürüb "cəhənnəmə" göndərmənin yox, özümüzü və digərlərini cəhənnəmdən qurtarmaq üçün edilən ibadətin adıdır. Başqa sözlə, cihad, insan xilası uğrunda aparılan mücadilə və mücahidənin adıdır. Cihadda hədəf öldürmək, insanları yurdundan çıxarmaq yox, ölü qəlbləri diriltmək, pis duyğu və fikirləri durultmaq və onlara əbədiyyət yurdunu qazandırmaqdır. Sözsüz ki, bu dirilik və durultmanın öndərləri cihadı Haqqdan gələn haqq kimi qəbul edib, Onun rizasına nail olanlardır. "Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq" (Ənkəbut, 69).

Hürr yaşamanın qarantı olan cihad, həm də Haqqa şahidlik etmək deməkdir. Bu səbəbdən, məhkəmə və digər yerlərdə şahidlik edənlər bilməlidir ki, onlar haqqa, ədalətə şahidlik etməklə, Haqqa şahidlik edirlər. Haqqa, ədalətə şahidlik etməyənlər isə, Haqqın birlik və təkliyinə də şahidlik etməzlər. Halbuki, Rəbb buyurub: "Allah, mələklər və ədalətə boyun əyən elm sahibləri şahidlik edirlər ki, Ondan başqa iləh yoxdur" (Ali-İmran, 18).

Cihadın növləri

İnsanın iki növ düşməni olduğu üçün cihad da iki növdür. Birinci düşmən, Şeytan və nəfsimizdir. Onlarla mübarizə böyük cihad (Cihadi-Əkbər) adlanır. Bəşərin ikinci düşməni isə onun malı, canı, dini, söz azadlığı və nəslinə qəsd edən daxili və xarici düşmənlərdir. Əslində, onlar bəşər adlanan iblisdirlər. "... Hər kəsə xain olan insan nədir - iblis" (H.Cavid, 1882-1941). Belələrinə qarşı edilən hərb, mücadilə və mücahidə isə kiçik cihad (Cihadi-Əsğər) adlanır. Rəbb hər iki cihadı bəndə üçün bir əmr, fərz buyurub. Həmin səbəbdən Allah və Peyğəmbər(ə) əxlaqı ilə əxlaqlanan insan da, hər iki cihadı həyatının xilası üçün ən ümdə vəzifə bilməlidir. Deməli, həqiqi cihad kiçik və böyük cihadların vəhdətidir. Belə cihad həm dərk etmə, həm də dərk etdirmə olduğu üçün o, insanın daxili və xaricinin fəthidir. Başqa sözlə, insanın özünü dərk etməsi böyük, başqalarını dərk etdirməsi isə kiçik cihaddır. Adətən Allah yolunda böyük cihadını reallaşdıran bəndə, kiçik cihadında da uğur qazanır.

Böyük cihad

Bu cihadın hədəfi Şeytan və nəfsimizdir. Həmin səbəbdən ona mənəvi cihad da deyilir. Kiçik cihaddan fərqli olaraq, bu cihadda insan həmişə "tətikdə" olmalıdır. Bəzən Şeytan və nəfsə bir an uymaq bütün ömrü zay edir. "Şeytan sizin düşməninizdir. Siz də ona düşmən olun" (Fətir, 6); "Sizin ən böyük düşməniniz nəfsinizdir", Rəbb və Peyğəmbər(ə) kəlamlarıdır. Şeytan və idarə olunmayan nəfs insanı döyüşdə də sakit buraxmaz. Bəzən ölümə hazır olub döyüşə gedən şəxs orada nəfsinə ram olaraq, şöhrət naminə vuruşub, qələbə də çala bilər. Lakin bu, həqiqi cihad deyil. Çünki o, Allah uğrunda aparılmayıb. Və ya, döyüşə qatılan şəxs, Şeytanın vəsvəsəsinə uyaraq, müvəqqəti döyüşdən qaçıb əbədi əzabı dadar. Belələri üçün Rəbb buyurub: "Kim müharibədə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir" (Ənfəl, 16). Böyük cihadda qorxaqlıq, mənəmlik, qürur, həsəd, kin, nifrət, heyvani nəfs və digər mənəvi düşmənlər ram edilməklə mənəviyyat təmizlənməlidir. Təbir caizsə, kiçik cihad üçün qınından sıyrılacaq qılıncdan əvvəl mənəviyyatı zay edən bütün düşmənlərə böyük cihad edilməlidir. Unutmamalı ki, kiçik cihadda məğlub olmaq, insana ya şəhidlik, ya da qazilik gətirirsə, böyük cihadda Şeytan və nəfsə məğlub olmaq isə, ona rüsvayçılıq, fasiqlik, dinsizlik damğası vurur.

Kiçik cihad

Bu, İslam düşmənlərinin qərəzli təqdim etdikləri və ən çox qorxduqları cihad növüdür. Onlar cihad barədəki əksər ayələri bilərəkdən təcrid edərək, konkret zaman, məkan və quruma şamil edilən bəzi kəlamları ümumən Quran hikməti kimi təqdim edirlər. Məsələn "Ey iman gətirənlər! Özünüzə özünüzdən başqa dost tutmayın" (Ali-İmran, 118). Halbuki, bu ayəni həmin surənin 113-120-ci ayələrindən təcrid etmək korluq, cahillik, elmsizlik və imansızlıqdır. İslam, sülh və barışığa gəlmək üçün ən cüzi imkanı belə təqdir edir: "Əgər onlar (düşmənlər) sülhə meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla" (Ənfəl, 61). Humanist din olan İslam, hətta düşmənə himayədarlığı tövsiyə edir: "Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver... Sonra onu əmin olduğu yerə çatdır" (Tövbə, 6).

Kiçik cihad İslamın varlıq qayəsinin (müsəlmanın canı, malı, dini, söz azadlığı və nəslinin mühafizəsi) qorunması üçündür. Həmin səbəbdən sülhün bərqərarı naminə bütün vasitələrdən istifadə edən İslam, şərə müqavimət göstərməyi imandan hesab edir. Təcavüzü haram hesab edən Quran buyurur: "Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddi aşmayın. Allah həddi aşanları sevməz; sizi çıxardıqları yerdən siz də onları çıxarın" (Bəqara190-191); "Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxarmağa kömək edən kimsələrlə dostluq etməyinizi qadağan edər" (Mumtəhinə,9). Bu Rəbb kəlamları İslamın varolma və özünümüdafiə düsturudur.

Əl Məlili (vəf. ed. 1942) savaşı, "hərbi-islah və hərbi ifsad (qarışığa səbəb olan)" - deyə iki hissəyə bölüb. O, möminlərə əmr edilən hərbin islahedici hərb olduğunu vurğulayaraq deyir: "Cihada çıxan möminlər, əzab verən bir qövmə Allahın əzabını dadızdıran məsul bir əldirlər". Quran hikmətinə görə, haqqını müdafiə edən qurum üçün belə cihad bir ibadət formasıdır. Deməli bu savaş, ibadətin bütün incəliklərini ehtiva etməlidir. "Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi pozmayın" (Nəhl, 91), "Allahın qoyduğu sərhədləri aşmayın", "Hərbdə iştirak etməyən qadın, qoca, uşaq və xəstələrə, heyvanlara, bitkilərə zərər verməyin" və s. və i. tövsiyələr həmin ibadətin əsasını təşkil edir.

Kiçik cihadın bəzi elementləri

Kiçik cihad zülmə qarşı fiziki vuruşla məhdudlaşmır. Bəzən bir söz demək və ya susmaq, bəzən üz çevirmək və ya təbəssüm etmək, bəzən bir məclisi tərk etmək və ya ona qoşulmaq da cihaddır. Şərə üsyan, "yaxşılığa dəvət, pislikdən çəkindirmək" prinsipini təbliğ edən radio və TV-lər, yazılan kitab və məqalələr, buraxılan qəzetlər də cihad sayılır. Cihadın ideoloji tərəfini önə çəkən ABŞ Müstəqillik Bəyannaməsinin müəllifi T.Cefferson hələ 1787-ci ildə deyirdi: "Əgər qəzetsiz bir hökumətinmi, yoxsa hökumətsiz bir qəzetinmi daha vacib olduğu haqda qərar qəbul etmək mənim öhdəmə buraxılsaydı, mən heç bir tərəddüd etmədən qəzetə üstünlük verərdim".

Çağdaş Azərbaycana arxivacib olan maddi-mənəvi (böyük-kiçik) cihad əmri, sülh və hərbdən asılı olmayaraq, bəşər üçün qiyamətə qədər qüvvədə olan ilahi bir fərmandır. Çünki cihadın hədəfi qiyamətə qədər Rəbbdən möhlət alan ləin Şeytandır. Bu azmiş kimi, Şeytana özümüzdən olan heyvani nəfslər və şeytanlaşmış düşmənlər də kömək edir.

Lakin Rəbb, bir insan olaraq tapdanmış haqqımızı qaytarmaq üçün bizə çox şey, o cümlədən cihad da verib. Verib ki, biz bir "VƏTƏN daş"ı kimi, ərazi və bayrağımızın bakirəliyini, din və millətimizin diriliyini mal və canımız bahasına bərpa edək. Bəlkə, "onda vətən sanar məni (bizi - V.C.) bir balaca "VƏTƏN daş"ı..." (M.Araz).

0.27207088470459