Mədə, yoxsa mədəniyyət, mənəviyyat?

Feyruz Hilaloğlu 

AYB-nin üzvü, şair-publisist

Sərlövhəyə çıxardığımız  sualına tək bircə cavabı var. Əlbəttə, mədəniyyət, mənəviyyat ön planda olmalıdır. Təəssüflər olsun ki, çox vaxt biz bu gəlişi gözəl sözləri deyirik, lakin əməl etmirik. Müharibə şəraitində yaşayan bir ölkənin vətəndaşı, əlbəttə, mənəvi məsələlərə daha çox fikir verməlidir. Bu müharibədə canını vətən yolunda qurban verən Mübarizlər də var. Öz vətəninə xəyanət edən, pula, vara, dövlətə, bir sözlə, mədəsinə görə torpağı satanlar da. Ona görə də, mən bir neçə epizodu (Qarabağla bağlı) oxucularımızın nəzərinə çatdırmaq istəyirəm.

Şuşanın işğalı gözlənilməz oldu. Hətta bir həftə keçəndən sonra ermənilər şəhərə daxil oldular. Onlar elə bilirdilər ki, biz onlara qurğu qurmuşuq. Şuşa sakinləri evlərindən, demək olar ki, heç bir şey çıxara bilmədilər. Çoxları, sadəcə olaraq evlərinin qapısını bağlayıb, bir topa açarı da ciblərinə qoyaraq Şuşanı tərk etdilər. Qayıtmaq ümidi ilə. Lakin illər keçdi. Torpaqlar qayıtmadı. Tanıdığım bir Şuşa sakini vətən həsrətilə yanıb-yaxılırdı. O, hətta xəstəlik də tapmışdı. Hansı həkimə aparırdılarsa, dərdinə əlac olmurdu. Gecəsi, gündüzü yox idi. Elə "Şuşa", "Şuşa" deyirdi. Ailədə vəziyyət çox gərgin idi. Birdən onun həyat yoldaşının yadına Şuşadan çıxarkən özləri ilə götürdükləri bir topa açar düşdü. Uşaqları başına yığdı. Həmin açarları atalarına verib, ona Şuşanın artıq alındığını deməyi məsləhət gördü. Elə də etdilər. Açarları gətirib kişiyə verdilər və ona Şuşanın geri qaytarıldığını və yaxın günlərdə evlərinə gedəcəklərini dedilər.

Qaçqınlıq dövründə hər cür qayğı ilə əhatə olunan, evi, eşiyi, hər cür şəraiti olan bir mənəviyyat adamı üçün ən qiymətlisi yuxarıda qeyd etdiyim bir topa açar idi. O açarları bağrına basdı, sanki gözlərinə işıq gəldi, dirçəldi. Artıq yemək yeməyə, deyib-gülməyə başladı. Lakin bütün bunlar ötəri oldu. O, aldadıldığını biləndən sonra əbədi olaraq gözlərini yumdu.

Qarabağ müharibəsi zamanı şəhid olanlar, dövlətimiz tərəfindən qiymətləndirilənlər çoxdur. Lakin elələri də var ki, Böyük Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərən Oleq Motrosovun, Gəray Əsədovun qəhrəmanlıqlarını təkrar ediblər. Ağcabədi rayonundan olan Şahgəldiyev soyadlı bir əsgər öz yoldaşlarını xilas etmək üçün sinəsini düşmən gülləsinə  sipər edib. Belə misalların sayını istənilən qədər artırmaq olar. Onlar bu gün yoldaşlarının və xalqın qəlbində yaşayır. Onlar canlarını Vətən yolunda qurban verəndə heç də öz nəflərini düşünməyiblər. Mənən vətənə, xalqa bağlı olan bu insanlar əsl igidlər, mənəviyyat adamları idi.

Bu gün əsirlikdə olan Şahbazla, Dilqəm böyük bir romanın, filmin qəhrəmanlarıdır. Bu gün göbələk kimi baş alıb gedən ssenarilərin əvəzinə, məhz vətən mücahidlərinin həyatından bəhs edən əsərlərə üstünlük vermək lazımdır.

Bu gün bizim içərimizdə vətənpərvərlər olduğu kimi, naxələflər də çoxdur. Mədəsini güdən həkimə, müəllimə, məmura nə qədər desən rast gəlmək olar. Belə adamlara salam vermək də düzgün deyil. Bir nadan mənə "sən kimə salam verirsən ki?" -deyə, ironik sual verdi. Mən də, ona salam verdiyim yox, salam vermədiklərimi sadaladım;

Yolun ortasına daş qoyanlara,
Gözləri çıxarıb qaş qoyanlara,
Özgə yastığına baş qoyanlara,
Mən salam vermirəm!

Böhtanlara, həm şərlərə,
Qan-qan deyən bəşərlərə,
Dəmbərçəklərə, təşərlərə,
Mən salam vermirəm!

Qarətlərə, talanlara,
Ayaq tutan yalanlara,
Bax, o sarı ilanlara,
Mən salam vermirəm!

İnam qıran hakimlərə,
İnam qıran həkimlərə,
Daha kimlər və kimlərə,
Mən salam vermirəm!

Özünü çox öyən nadan kəslərə,|
Namusu, qeyrəti atan kəslərə,
Vətəni yadlara satan kəslərə,
Mən salam vermirəm!

Ola bilsin ki, bir məmurun ailəsində böyüyən gənc bu vətənin qədrini bilməsin. Harın məmur övladlarına nə qədər desən, rast gəlmək olar. Ancaq mən uşaq evində böyüyən, bir kimsəsi olmayan Qərib adlı bir gəncin qısa həyat yolundan danışmaq istəyirəm. O, hərbi xidmətə çağırıldı. "N" saylı hərbi hissədə qulluq etməyə başladı. Yoldaşlarına bağlamalar, məktublar gəlirdi. Müharibə dövrü idi, ona isə nə məktub, nə də bağlama gəlirdi. Onun ən çox ünsiyyətdə olduğu bir əsgər yoldaşı var idi. Onun da adı Qərib idi. O da yeddi bacının bir qardaşı idi. Ata-anası ona məktub yazırdı. O da məktub gələndə çəkilib bir kənara oxuyurdu. Uşaq evində böyüyən Qərib yoldaşlarına gələn məktubları görəndə çox kədərlənirdi. Bir gün o, dostu Qəribə yaxınlaşıb məktubu ona verməsini xahiş etdi. Məktubu alıb bir kənara çəkildi. Bu hadisə bir neçə dəfə təkrar olundu. O, hər dəfə də məktubu alıb kənara çəkilir və bir müddətdən sonra gətirib dostuna verirdi. Yeddi bacının bir qardaşı olan Qərib ondan məktubu nə üçün aldığını soruşmağa utanırdı. Növbəti dəfə məktubu ona verəndə özü də onun arxasınca getdi. Baxıb gördü ki, uşaq evində böyüyən Qərib məktubu oxuyaraq sinəsinə sıxıb ağlayır. Yaxınlaşıb onu sakitləşdirdi və dedi:

-Niyə ağlayırsan?

-Niyə ağlamayım. Sizlərə məktublar, bağlamalar gəlir.Ancaq mənim kimim var ki...

-Dostum, sən narahat olma, bu gündən biz qardaşıq. Mənim ata-anam sənin ata-anandır. O gündən sonra hər iki Qəribə bağlama və məktublar gəlməyə başladı. Çünki yeddi basıcının bir qardaşı olan Qərib ata-anasına o biri Qərib haqqında yazmış və onunla qardaş olduğunu demişdi.

Bir gün həyəcan siqanlı verildi. Düşmən yenə atəşkəsi pozmuşdu. Qızğın döyüş gedirdi. Birdən uşaq evində böyüyən Qərib düşmənin o biri adaşını nişan aldığını gördü. O, atılıb sinəsini güllənin qabağına verdi və düşmən gülləsindən dünyasını dəyişdi. Dostu isə qospitalda ayılıb dostunu soruşdu. Əhvalatı ona dedilər. O, gözlərindən qan-yaş tökərək bir müddət özünə gələ bilmədi. Bəli, bax budur mənəviyyat, saflıq nümunəsi.

Bilirsiniz, mənəviyyata gedən yol maddiyətdən keçir. Qarabağ müharibəsində canlarını qurban verən oğul və qızlarımızın böyük əksəriyyətinin uşaqlığı maddi çətinliklər içərisində keçib. Həmin uşaqlara heç bir müavinət verilməyib. Bu uşaqların hərbi xidmətə çağırılana qədər heç bir imtiyazları olmayıb. "Doğrudanmı uşaqlar bizim gələcəyimizdir?" adlı publisistik yazımda bu barədə ətraflı yazmışam. Lakin "Mir Şahinin vaxtı" verilişində Mir Şahinin: "Onsuz da sosial yardım verilir, uşaqlara müavinət verilməsinə ehtiyac yoxdur"-deməsi, məni çox qıcıqlandırdı. Üç yüz əlli evi, minə yaxın uşağı olan bir kənddə cəmi doqquz nəfər sosial yardım alır. Maraqlıdır, deyilmi? Ona görə də bu mövzuya bir də toxundum. Məncə, sosial yardımı ləğv edib, uşaqlara müavinət vermək lazımdır. Çünki hər gün məktəbə gedən uşaq evdən xeyli pul götürməyə məcburdur. Hələ bunun geyim, yemək, həkim, dava-dərman, əyləncə və s. xərclərini demirəm. Axı, cənablar, siz nə üçün uşaqların maddiyatını təmin etməkdənsə, öz mədənizi təmin edirsiniz?

Nə qədər ki, yumruq boyda mədəniz mənəviyyatı üstələyəcək, onda hansı yaxşı işlərdən danışmaq olar?

Niyə biz müvəqqəti olan dünyada mədəmizin tutumundan milyon qat artığına nail olmaq istəyirik?

Niyə biz gəlişi gözəl sözlərlə, yalanlarla bir-birimizi aldadırıq?

Neçə ki, bu vətən var, fərizələr, ilhamlar, mübarizlər və eləcədə söz, sənət adamları yaşayacaq. Bu gün villaları olanlar, haram yolla pul qazananlar, xalqı aldadanlar və digərləri əvvəl-axır yox olacaq. Mən buna əminəm!

0.092943906784058