Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətidir

Qarabağ münaqişəsi erməni millətçi dairələrin təxribatçı və düşmən siyasəti nəticəsində baş verib

Azərbaycanın bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi ölkəmizdə  dövlət -din münasibətlərinin tənzimlənməsi, multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində gördüyü işlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Müasir dünyamızın bütün sivil cəmiyyətlərini daha çox narahat edən, dini və milli ayrı-seçkilik, ksenofobiya, islamafobiya, antisemitizm, terrorçuluq, radikalizm və separatizm kimi halların qarşısının alınmasında da, bu kimi tədbirlərin əhəmiyyəti danılmazdır. Məlumdur ki, bu gün dünyanın müxtəlif bölgələrində baş verən qarşıdurmaların və bu qarşıdurmalardan törəyən faciələrin də əsas səbəbi dini və milli dözümsüzlük və anlaşılmazlıqdır. Bu anlaşılmazlıqların aradan qaldırılmasının isə bir yolu var, qarşılıqlı əməkdaşlıq və dialoq. Bunun üçün də maraqlı tərəflərin bir yerə toparlanaraq dialoqa girmək üçün münbit məkana ehtiyac yaranır.  

Belə məkanlardan biri də, son 10-15 ildə özünü dünyaya multikultural və tolerant bir dövlət kimi təqdim etməyi bacaran Azərbaycandır.

Məhz buna görə də, Azərbaycan son illər multikulturalizm və tolerantlıqla bağlı bir çox beynəlxalq tədbirlərin uğurla həyata keçirildiyi mərkəz kimi tanınıb. Bu gün artıq, dünyanın bütün sivil dövlətləri Azərbaycanı multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirildiyi, eləcə də dini və milli münasibətlərin ən yüksək səviyyədə tənzimləndiyi bir dövlət kimi qəbul edir. Bu da ta qədim zamanlardan ölkəmizdə mövcud olan dini və milli dözümlülük kimi bəşəri dəyərlərin təbliği, eyni zamanda bugünkü Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından geniş imkanlar açır. Məhz buna görə də, Azərbaycan dövləti maraqlıdır ki, beynəlxalq tədbirlər ölkəmizdə daha intensiv şəkildə keçirilsin.

Bu tədbirlərin əsas məqsədi respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uğurlu siyasətin mühüm tərkib hissələri olan tolerantlığın və etnomədəni müxtəlifliyin qorunub saxlanılması, mədəniyyətlərarası dialoqun rolunun artırılması, multikulturalizmin nümunəvi Azərbaycan modelinin təbliği və təşviqidir.

Məlumdur ki, minilliklər boyu Azərbaycanda məskunlaşan müxtəlif mədəniyyətlərə və dini konfessiyalara mənsub xalqlar sülh və əmin-amanlıq şəraitində, dinc, yanaşı yaşayıblar və aralarında heç bir ayrı-seçkilik halları müşahidə olunmayıb. Ölkəmizdə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyi olmaqla, həm də həyat tərzidir.

Qeyd etmək lazımdır ki, son illərdə ölkədə bu sahədə görülən  qlobal işlər nəticəsində Azərbaycan mədəniyyətlərarası dialoq, dünya mədəniyyətinin və sivilizasiyaların qarşılıqlı təsir məkanına uğurla inteqrasiya oluna bilib.

İnsan hüquq və azadlıqlarının, multikultural dəyərlərin yüksək səviyyədə qorunduğu, tarixən tolerant mühitin mövcud olduğu, xalqların sülh və harmoniya şəraitində yaşadığı Azərbaycan, Ermənistanla müharibə şəraitində olmasına baxmayaraq, hazırda ölkəmizdə yaşayan on minlərlə erməniyə qarşı da dözümlülük nümayiş etdirir. Bunun əksinə olaraq, monoetnik Ermənistanda ksenofobiya dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib və burada yaşayan etnik qruplara qarşı diskriminasiya halları bu gün də davam edir.

Azərbaycanda isə multikulturalizm və tolerantlıq dövlət siyasətidir və bu siyasətin ölkəmizdə bərqərar olmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir. Bunun ən böyük təzahürlərindən biri də Azərbaycanda dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsidir. Bu da özünü dini azadlıqların təmin edilməsində, bütün dinlərin və dini məzhəblərin qanun qarşısında bərabər olmasında, onların fəaliyyətinə dövlət tərəfindən dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında göstərir. Dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi, həm də dövlətin inkişafında mühüm rol oynayan multikulturalizmın inkişafına ciddi təkan verir. Bu gün Azərbaycanda multikulturalizm siyasətinin ən yüksək səviyyədə həyata keçirilməsinin nəticəsidir ki, ölkəmiz dünyada multikulturalizm mərkəzi kimi tanınır və onun bu sahədə rolu yüksək qiymətləndirilir, təcrübəsi öyrənilir və başqalarına nümunə olaraq göstərilir.

Çünki müasir Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri də, dünyada mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi və təbliğidir. Son illər ölkəmiz bu istiqamətdə böyük uğurlara imza ata bilib. Belə uğurlu layihələrdən biri də, məhz ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi"dir. Bu layihə çərçivəsində 2008-ci ildən bu günə kimi Azərbaycan bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın multikulturalizm siyasəti həm daxili, həm də xarici siyasətdə özünü göstərir. Keçən il "Bakı prosesi"nin 10 illiyi qeyd olundu və bu çağırışın bəşər sivilizasiyası üçün nə dərəcədə mühüm olduğu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Bu kimi çağırışlar bir daha sübut edir ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Burada mədəni müxtəliflik dövlət siyasəti səviyyəsində təbliğ və təşviq olunur. Ölkəmizdə bu siyasətin həyata keçirilməsində mühüm rol oynayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu günə qədər Azərbaycanın multikultural dəyərlərinin dünyada təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirməklə multikulturalizmin inkişafına böyük töhfələr verib. Qeyd etmək lazımdır ki, bu Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycandakı etnomədəni müxtəlifliyin öyrənilməsi və bu zənginliyin dünyada təbliği olub. Bu gün Azərbaycan multikulturalizmi fənni dünyanın 21 məşhur universitetində tədris olunur. Mərkəzin bir çox ölkədə filialları fəaliyyət göstərir, o cümlədən də ABŞ-da. Bütün bunları nəzərə alan beynəlxalq təşkilatlar Azərbaycandakı multikultural modeli və multikultural münasibətləri başqalarına da nümunə kimi göstərirlər. Qeyd etmək lazımdır ki, Azərbaycan həm də müxtəlif millətlərin, dinlərin dinc və sülh şəraitində yaşadığı çox nadir ölkələrdən biridir.

 Azərbaycan dövləti burada yaşayan bütün xalqların adət və ənənələrinə diqqət və qayğı ilə yanaşır. Baxmayaraq ki, mənfur qonşumuz olan Ermənistan Azərbaycanın 20 faizdən çox ərazisini işğal edib, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün var, ölkəmiz dünyaya dinlərarası dialoq nümunəsi göstərir. Bu da məlumdur ki, Ermənistan dünyada ən monoetnik ölkədir, orada şovinizm, millətçilik, habelə faşistlərin və antisemitlərin tərifinin göylərə qaldırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Faşist cəlladı Njdenin abidəsinin açılışında Ermənistan prezidentinin iştirak etməsi faktı da təsdiqləyir ki, onlar özlərini erməni faşisti və antisemit Qaregin Njdenin əsl varisləri sayır, öz cinayətkar əməlləri ilə onun davamçıları olduqlarını təsdiqləyirlər.

 Bununla yanaşı, bəzi müstəqil fikirli ermənilər etiraf edirlər ki, Qarabağ erməniləri çoxmillətli suveren Azərbaycanın bir hissəsidir. Onlar bunu da etiraf edirlər ki, Azərbaycan multikulturalizmi tolerantlıq prinsiplərinə sadiqliyin əyani nümunəsidir və Qarabağ münaqişəsi Ermənistandakı millətçi dairələrin təxribatçı və düşmən siyasəti nəticəsində baş verib: "...Ermənistanın faşist hakimiyyətini dayandırmaq və torpaqlarımızda sülhün bərqərar olmasına nail olmaq vaxtıdır. Bugünkü tolerant, inkişaf etmiş və sivil Azərbaycanda multikulturalizmin və beynəlmiləlçiliyin uğurlu adaptasiyası bu modelin parlaq təcəssümüdür. Mədəniyyətlər və millətlərarası münasibətlər məsələsi münaqişə ilə üzləşən xalqlar üçün ağrılı problemdir. Azərbaycanda etnik və dini tolerantlıq yüksək səviyyədədir",-bunu da ermənilər deyir.

Bu da bütün dünyaya məlum həqiqətdir ki, Ermənistan Azərbaycanın etnomədəni irsini dağıdır, ölkənin ətraf mühitinə ciddi zərbələr vurur. Ermənistan təkcə torpaqlarımızı işğal etməyib, eyni zamanda, ölkəmizə qarşı hərtərəfli terror törədib. Lakin təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, Avropa İttifaqı, ABŞ və dünyanın əsas gücləri Ermənistan tərəfindən günahsız Azərbaycan xalqına qarşı törədilən bütün bu insanlıq əleyhinə zorakılıqlar və cinayətlər qarşısında susqunluq nümayiş etdirir,  münaqişənin həlli üçün heç bir ciddi addım atmırlar. Bu təşkilatlar və dövlətlər anlamaq istəmirlər ki, Ermənistan təkcə Azərbaycana, Türkiyəyə və digər qonşu dövlətlərə deyil, həm də Avropaya və bütün dünyaya təhdiddir.

Bu gün Ermənistanda faşist diktaturası hökm sürür. Bu da inkarolunmaz faktdır ki, monoetnik dövlət olan Ermənistan tarixin bütün dönəmlərində burada yaşayan etnik qruplar olan rusları, yəhudiləri və azərbaycanlıları mərhələli şəkildə ərazisindən çıxarıblar və belə kəskin demoqrafik dəyişiklik heç bir ölkədə qeydə alınmayıb.

Azərbaycanda isə ta qədim dövrlərdən etibarən müxtəlif xalqlar və millətlər birgə yaşayıb, dilindən, dini-etnik mənsubiyyətindən asılı olmayaraq, Vətənimizin inkişafında əvəzsiz rol oynayıb, müqəddəs torpaqlarımızın yadelli işğalçılardan müdafiəsində çiyin-çiyinə iştirak edərək qəhrəmanlıq nümunələri göstərib.

Sonda onu da qeyd etməyi vacib bilirik ki, Ermənistanın aşkar təcavüzü ilə bağlı münaqişənin silahlı mərhələyə keçdiyi 1991-ci ildən ermənilər istisna olmaqla, Azərbaycanda yaşayan bütün xalqlar tarixi Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərə qatılıb. Onların bəziləri həlak olub, itkin düşüb. Adları Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunan 215 Milli Qəhrəmanımızdan 16-sı ölkəmizdə yaşayan digər xalqların nümayəndələridir. Onlar doğulduqları Azərbaycan Respublikasının suverenliyi, dövlətçiliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verib və əbədiyyətə qovuşublar. Xalqımız və dövlətimiz bu qəhrəmanları heç vaxt unutmur. Vətənimiz uğrunda döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhid olan igidlərin əziz xatirələri yaddaşlardan heç vaxt silinməyəcək.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.11039304733276