Şəhid ailəsi prezidenti və xanımını toya dəvət etdi

 

 

Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub. 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. 

Daha sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində oldular. Bildirildi ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz olunub. 

Söhbət zamanı ev sahibəsi Prezident və xanımını oğlunun toyuna dəvət edib: 

“Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz”.  

Ölkə başçısı isə bu dəvətdən məmnun olduğunu bildirib: “Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin. Tarixi məlumdur? Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik”.  

Birinci xanım Mehriban Əliyeva da dəvətdən məmnunluğunu ifadə edib: “Böyük məmnuniyyətlə gəlib iştirak edərəm”. 

0.11246299743652