İlham Əliyevin yeni islahatlar paketi dünyanın ən mükəmməl sosial dəstək modellərindəndir

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı

 

Prezident İlham Əliyev ölkə vətəndaşlarının sosial müdafiəsinin mütəmadi gücləndirilməsini fəaliyyətinin başlıca məqsədlərindən biri kimi diqqətdə saxlayır. 

Onun düşünüb ortaya qoyduğu ideyalar və şəxsi təşəbbüsü sayəsində inqilabi iqtisadi, sosial islahatlar aparılır ki, bu da son nəticədə əhalinin yaşayışını yaxşılaşdırır və dövlətimizin qüdrətini artırır.
Modern dövlət quruculuğu xəttini seçən və bu yolda fenomen bacarıq nümayiş etdirən cənab İlham Əliyev ölkəmizi nəinki regionun, hətta qitənin və dünyanın qabaqcıl dövlətləri sırasına çıxarmışdır. Cənab İlham Əliyevin dövlət quruculuğu modelinin digər coğrafiyalarda da öyrənilməsi, təqdir və tətbiq edilməsi bizdə qürur hissi doğurur. Artıq Azərbaycanda dövlət idarəetmə sistemində mövcud olan brend modellər dünya dövlətlərinə ixrac edilməkdədir. Buna misal kimi "Asan xidmət”i göstərmək olar. Siyasi, sosial, iqtisadi, hərbi sahədə aparılan islahatlar Azərbaycanın bütün komponentləri ilə müasir dünyanın sivil ölkələri sırasında layiqli yerini tutmasını təmin etdi.
 
Məlum olduğu kimi, hətta Avropanın özündə belə islahatlar heç də həmişə istənilən nəticəni vermir. Bəzən əks göstəricilərə gətirib çıxarır. Bəs Azərbaycanda aparılan islahatların uğurlarının sirri nədədir? Bu, ilk növbədə cənab İlham Əliyevin proseslərə kompleks yanaşması, islahatları qısa və uzun müddətlərə hesablanmış dövlət proqramları vasitəsilə həyata keçirməsi sayəsində mümkün olur. Bu proqramlar təkcə iqtisadi prosesləri deyil, həm də mənəvi, milli, tarixi sərvətlərimizin bərpasını, tərəqqisini özündə ehtiva edir. Bütün bunlar insanlarda sovet dövrünün unutdurduğu dövlətçilik hisslərini gücləndirir, daha böyük iqtisadi uğurlara səfərbər edir.
 
Neft kapitalının insan kapitalına çevrilməsi, informasiya texnologiyalarının inkişafı bütün sahələrdə İKT-dən istifadə qeyri-neft sektorunun dövlət büdcəsində çəkisini artırır. Bu da ciddi sosial islahatlara yol açır. Büdcə gəlirləri ölkə başçısının dediyi kimi, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilir. Cənab İlham Əliyev islahatların nəticələrini qabaqcadan hesablamaq istedadına malikdir. Təsadüfi deyil ki, o, hələ bir müddət əvvəl xalqa müjdə vermişdi ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqli olacaq. Xalq bu müjdənin reallaşmasını çox gözləmədi. Cari ilin ilk aylarından başlayaraq iki sosial paket təqdim olundu.
 
Birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Bu gün həmin artımlardan 830 min insan yararlanır. Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, 2 yeni təqaüd növü - sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub. Habelə aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 300 min əlilliyi olan şəxslərdən ibarət 600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb. Bunlardan əlavə, məcburi köçkünlərin aylıq müavinəti 50 faiz artırılıb, 800 min vətəndaşın problemli kreditləri həll olunub, tələbələrin təqaüdlərində əhəmiyyətli artımlar edilib.
 
Ümumilikdə cari ilin ilk rübündə reallaşdırılan və artımların təmin edilməsi üçün əlavə olaraq dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək oldu.
Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir. "Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış oldu. Bununla ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələdi. Yəni minimum səviyyədə olan əməkhaqqı belə yaşayış minimumundan 70 manat və ya 40 faiz çox oldu. Bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə (PPP) MDB ölkələri arasında 2-ci yerə qalxdi. Minimum əməkhaqqının bu artımı 950 min nəfərin (muzdla çalışanların azı 63 faizini) maaşlarının artımına səbəb oldu ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır.
Beləliklə, Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə təkcə qonşu yox, MDB-yə üzv ölkələrlə də müqayisə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə sahiblənmiş oldu.
 
18 iyun 2019-cu il tarixində imzalanan digər sərəncamlarla eyni zamanda dövlət sektorunda işləyən müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, hüquq mühafizə orqanları əməkdaşları, həm ümumi, həm də xüsusi növ üzrə dövlət qulluqçuları, hakimlər və digərlərindən ibarət 400 min nəfərin əməkhaqları da cari il sentyabrın 1-dən 20-100 faiz səviyyəsində artırıldı. Ümumilikdə ikinci sosial paket 1 milyon 350 min nəfəri əhatə edir ki, onlardan da 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir. Onu da qeyd edək ki, 2019-cu ildə reallaşan iki sosial paket nəticəsində minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı üçün dövlət tərəfindən illik 2 milyard manat vəsait ayrılıb. Digər mühüm fakt: 2003-cü ilə nisbətən ölkə üzrə minimum əməkhaqqı 27,7 dəfə artırılaraq 250 manata çatdırılıb, orta aylıq əməkhaqqı isə 7,5 dəfə artaraq 77,4 manatdan 581,2 manata çatıb.
Qeyd etdiyimiz kimi, ikinci sosial paket çərçivəsində Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması təmin edildi.
Bir qədər əvvəl dediyim kimi, dövlətimiz, iqtisadiyyatımız inkişaf etdikcə sosial islahatların da miqyası və sayı artacaq. Çünki bu tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tarixi ənənələrini və Avropa dəyərlərini özündə birləşdirən dövlətçilik konsepsiyası durur.
0.45005488395691