Rüşvət dövlətin ən təhlükəli düşmənidir

Şahnaz Salehqızı
[email protected]

İqtidarla xalq arasında uçurumu dərinləşdirir

İnsan cəmiyyəti ilk yaranışından müxtəlif kataklizmlərdən əziyyət çəkib. İnsan öz həyatını başqalarının əməyi üzərində qurmaq üçün daim müxtəlif  istismar yolları tapır.

Araşdırma aparıb tarixə diqqətlə nəzər salanda, sanki dünya tarixinin dövlətlə insan arasında gedən mübarizəsinin gedişatını izləyirik. Dövlət anlayışı hər bir tarixi dövrdə müxtəlif mahiyyətə malik olub və insanları məsud etməkdən çox, onların istismar olmasına xidmət göstərib. Tarixin quldarlıq, feodalizm, kapitalizm, sosializm mərhələlərinin hər birində dövlətin insanları istismar etməsi reallıqdır.

Dövlət anlayışının izahında qeyd edilir ki, dövlət bütün müsbət keyfiyyətlərinə baxmayaraq, həm də istismar aparatıdır. Dövlət, bir ölkədə, bir ərazidə siyasi baxımdan təşkilatlanmış bir millət və ya millətlər ittifaqının yaratdığı siyasi təsisatdır. Dövlət müəyyən idarəetmə üsuluna, qanunvericilik sisteminə, güc strukturlarına, atributlara və sairə  sahib olur və öz varlığını nəzarət etdiyi ərazinin bütün hissələrinə yayır. Tarix boyu dövlət müvafiq ərazidəki cəmiyyəti idarə etmək mexanizminə sahib bir təşkilat olaraq çıxış edib. Bu anlayış oturmuş elmi və ümumiləşdirilmiş tərifdir. Dövlət anlayışı çox geniş və əhatəli mövzudur. Burada  bir neçə konseptual yanaşma mövcuddur və bunların hamısı barədə söhbət etməyə lüzum yoxdur. Məqsədim bu barədə çox geniş bəhs etmədən, hazırda ölkəmizdə hökm sürən korrupsiya hesabına rüşvətin dövlətlə xalq arasında yaratdığı uçurumun mahiyyəti barədə bəzi detalların üzərində dayanmaqdır. Çünki Azərbaycanda məmur korpusu arasında açıq hökm sürən rüşvət və korrupsiya ölkəmizdə sadə insandan tutmuş, ən yüksək qatdakı məmura qədər hər kəsi ağuşuna alaraq, məhv edir.

Ölkə əhalisini rüşvətə, haram qazanca görə, iki fərqli qrupa bölmək olar. Birinci qrupa haram yeyən məmurlar, biznesmenlər və bütün imkanlı insanlar daxildir. İkinci qrupa isə, ölkəmizin kasıb və imkansız kəsimi daxildir. Bəzi insanlarda fikir yarana bilər ki, məmurların, biznesmenlərin, imkanlı şəxslərın haram yeməsinə heç bir şübhə yoxdur, bunu başa düşdük, bəs kasıb, imkansız insanların haram yediyini nə ilə izah etmək olar?

Bu sualın da cavabı çox sadədir. Yəni kasıb və imkansız insanlar öz həyatlarını, yaşamını gizli və aşkar olaraq, oğurluq etməklə təmin etməyə məcburdur. Oğurluqla əldə olunan istənilən qənimət və qazancın haram olmasına yəqin ki, şəkk-şübhəsi olan yoxdur. Yəni ölkənin kasıb qismi hakimiyyətin günahı üzündən işsizlikdən, öz zəhmətilə dolanışığını təmin etmək  imkanından məhrum olduğuna görə, oğurluq etməyə məhkumdur.

Müstəqillik qazandığımız andan bugünədək, bütün dövrdə, öz ömrünü uzatmaq, ölkəni asanlıqla idarə etmək, narazı olan hər kəsi susdurmaq, həm də külli sərvət qazanmaq üçün ən yaxşı vasitə kimi hakimiyyət dövlət orqanlarında və bütün cəmiyyətdə rüşvət və korrupsiyanın geniş yayılmasına imkan yaradır. Rüşvət və korrupsiyaya həmişə dövlət səviyyəsində əlverişli şərait yaradılıb. Bunu hər gün görürük, həm də, bu prosesin iştirakçısıyıq. Ona görə də ölkədə heç bir məmur və imkansız təbəqəyə aid olanların heç biri haram yediyini inkar edə bilməz.

Rüşvət alan istənilən məmur isə daim dili qısa və asan idarə edilən olur. Belə adamlar hakimiyyətin tələb etdiyi istənilən işi, hətta cinayət olsa belə,  görməyə həmişə hazırdır.

Azərbaycanda rüşvət və korrupsiya indiki kimi bundan sonra da cəmiyyətdə davam edəcəksə, ölkədə normal cəmiyyətin formalaşması mümkün olmayacaq. Rüşvət elə dəhşətli zəhərdir ki, o, dövlətlə xalq arasında bütün münasibətləri məhv edir. Xalq öz dövlətindən imtina edir, onu saysız şəhidlər hesabına qurduğu doğma dövlətinin düşməninə çevirir. Məmurlar rüşvət vasitəsilə dövləti və xalqı talayır, eyni zamanda, törətdiyi cinayətə görə, cəzalandırılmır. Əksinə, bu cür rüşvətxorlara çirkin əməlini davam etdirmək üçün imkan yaradılır.

Dövlətin, xalqın gələcəyini dərindən düşünən milli hakimiyyət dünyanın heç bir ölkəsində dövlət səviyyəsində qəbul edilməyən, şiddətlə rədd edilən bu rüşvətxorluğa Azərbaycanda  son qoymalıdır!

Azərbaycanın ən böyük problemi, bəlası, sağalmaz xəstəliyi rüşvətxorluqdur! Əgər ölkəmizi və xalqımızı xilas etmək istəyiriksə, ilk növbədə dövləti idarə edən hakimiyyət özü yaratdığı rüşvətxorluq mühitini dağıtmalıdır!

Heç kim bu acı həqiqəti inkar edə bilməz. Nə və necə etməyindən asılı olmayaraq, rüşvət bəlasının ən acı meyvəsini əvvəl-axır hakimiyyət yeyəcək və bu hər kəs üçün pis olacaq. İmkan varkən, vaxt tükənməmiş, xalq ciddi etiraza qalxmamış rüşvətxorluğa, talançılığa, korrupsiyaya son qoyulmalıdır. Onu doğuran səbəblər birdəfəlik aradan qaldırılmalıdır.

0.14672017097473