70 illik totalitar sovet rejimi xalqın tolerantlıq düşüncəsinə hakim kəsilə bilmədi

Avropa dövlətlərinin bəzilərində milli-etnik və dini tolerantlıqla bağlı ciddi problemlər var

Qloballaşan dünyamızın əsas problemlərindən birinə çevrilən milli və dini separatizmin əsas daşıyıcıları bir çox ölkələrdə qarşıdurmalar, ixtişaşlar yaratmaqla öz siyasi ambisiyalarını gerçəkləşdirməyə çalışan radikal qüvvələrdir. Bu qüvvələrin əsas məqsədi bir sıra etnik qrupların milli və dini hisslərini qızışdıraraq onları digərlərinə qarşı dözümsüzlüyə və qarşıdurmaya cəlb etməkdir. Mənfur qonşularımız olan ermənilər də, həmin qüvvələrin təsiri və təhriki ilə artıq yüz ildən çoxdur ki, "Böyük Ermənistan" dövləti yaratmaq xülyası ilə ölkəmizə və digər qonşularına qarşı torpaq iddiası ilə çıxış edir və buna dini don geyindirməyə çalışır.

Baxmayaraq ki, hələ çox qədim zamanlardan ölkəmizin ərazisində bir çox xalqların və millətlərin nümayəndələri, hətta ermənilər də tamhüquqlu vətəndaşlar kimi yaşayıblar. Lakin çox təəssüf ki, ermənilər Azərbaycan xalqının tolerantlığından sui-istifadə edərək daim xalqımıza və dövlətimizə qarşı xəyanət yolunu tutublar.

Bu səbəbdən də, bədnam qonşularımız olan ermənilərdən fərqli olaraq, azərbaycanlılar başqa xalqlara daim hörmət və qayğı ilə yanaşıb, onların sıxışdırılmasına, diskriminasiyasına, yol verməyiblər. Tarixin inkarolunmaz faktlarından biri də odur ki, Azərbaycanda bütün dinlərin və 30-dan çox etnik azlıqılar və azsaylı xalqların nümayəndələrinin yaşamasına baxmayarq, onların arasında heç vaxt narazılıq və anlaşılmazlıq halları qeydə alınmayıb.  Belə hallar olubsa belə, onların ilhamvericiləri hansısa qüvvələr tərəfindən qızışdırılan ermənilər olub. Əzəli Azərbaycan torpaqlarında Çar Rusiyasının bilavasitə yardımı ilə özlərinə dövlət yaradan ermənilər, bununla qane olmayaraq, zaman-zaman Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış ediblər. 

Keçən əsrin əvvəllərində Çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilən xalqların azadlıq uğrunda mübarizəyə qalxması, 1918-ci il mayın 28-də Azərbaycana istiqlaliyyətini elan etmək imkanı verdi. İstiqlal Bəyannaməsində demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların mülki-siyasi hüquqlarının təmini, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şəraitin yaradılması, ən nəhayət, hakimiyyət bölgüsü kimi prinsiplərin əksini tapması suveren, demokratik, hüquqi dövlət yaradılması istəyinin, habelə tolerantlığın bariz təcəssümü idi.

Azərbaycan Xalq Cümhuriyyəti rus-bolşevik rejiminin hərbi müdaxiləsi ilə süquta uğradı və Azərbaycan 70 il Sovet imperiyasının tərkibində qaldı. Sovet rejiminin tərkibində olduğu illərdə mərkəzin qondarma vahid sovet xalqını formalaşdırmaq məqsədinə xidmət edən beynəlmiləlçilik ideologiyası digər respublikalarda olduğu kimi, Azərbaycanda da etnik tolerantlığın güclənməsinə rəvac verdi. Bununla belə, ateizm siyasəti yürüdən imperiya ayrı-ayrı xalqların mental dəyərlərinin, mədəniyyətinin, dininin inkişafına yol vermədi və milli özünəməxsusluğa qarşı dözümsüzlük göstərdi. Bu dövrdə demək olar ki, ölkəmizdə mövcud olan məscidlərin böyük əksəriyyəti  bağlandı, din xadimlərinin bir qismi repressiya qurbanı oldu, islami dəyərlərin yayılmasına qarşı ciddi tədbirlər görüldü. Lakin bütün bunlara baxmayaraq, 70 illik totalitar sovet rejimi xalqın tolerantlıq düşüncəsinə hakim kəsilə, onu öz milli-mənəvi, dini dəyərlərindən, adət-ənənələrindən ayıraraq manqurtlaşdıra bilmədi. Bu da danılmaz tarixi faktdır ki, 70-80-ci illərdə, məhz ulu öndər Heydər Əliyevin himayəsi altında onlarca məscid tarixi abidə adı altında qorunub saxlanıldı, əsaslı təmir edilərək, xalqın dindar qisminin istifadəsinə verildi.

Bu gün özlərini dünyanın demokratik düzəninin soz sahibiləri hesab edən bəzi beynəlxalq təsisatlar öz hesabatlarında Azərbaycanda guya insan hüquqlarının pozulduğunu, vicdan azadlığına təhlükənin olduğunu iddia edirlər. Eyni zamanda, həmin Qərb dövlətlərində dini dözümsüzlük qabarıq formada özünü göstərir. Məsələn, Norveçdə 77 insanın qətli ilə nəticələnən terror aktı, Danimarkada, ABŞ-da Qurani-Kərimin yandırılması, Hollandiyada Vilders adlı rejissorun islam dini əleyhinə "Fitnə" adlı film çəkməsi, İsveçrədə minarələrin referendumla ləğv olunması, eləcə də hicab qadağaları, müsəlman mühacirlərin diskriminasiyaya məruz qalması, qaraçıların Avropa ölkələrindən qovulması qloballaşma prosesinin lokomotivi kimi çıxış edən Avropa dövlətlərinin özündə milli-etnik və dini tolerantlıqla bağlı ciddi problemlərin olduğunu göstərir. Ən çox narahatlıq doğuran isə özünü Avropanı "demokratiya beşiyi" sayan Almaniya və Fransa kimi dövlətlərdə islamofobiyanın genişlənməsidir. Qeyd etmək lazımdır ki, bu ölkələrdə, ələlxüsus da Ramazan və Qurban bayramları ərəfəsində vəziyyət daha kəskin xarakter alır, müsəlmanlara qarşı zorakılıq halları artır. Bunu görməmək və inkar etmək mümkün deyil ki, 2009-cu ildə alman qonşusunun irqçi hərəkətlərinə görə məhkəməyə şikayət edən misirli müsəlman xanım Mərvə Əşşərbi həyat yoldaşı və 3 yaşında qızının gözləri önündə irqçi qonşusundan 18 bıçaq zərbəsi alaraq qətlə yetirilib. Bu zaman xanımına kömək etmək istəyən Əşşərbinin həyat yoldaşını isə polis guya səhvən avtomatla vurub qətlə yetirib.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün hələ də islam əxlaqı, islam həyat tərzi, habelə bütövlükdə islam dininə dözümlü münasibətin qloballaşan dünyada birgəyaşayışın əsas normalarından birinə çevrilməsinə mane olan qüvvələr var və imkan düşdükcə öz fəaliyyətlərini genişləndirməyə çalışırlar. Qeyd edək ki, bir müddət əvvəl Belçikada məscidə hücum edilərək yandırılması, Almaniyada "İslama yox deyək" kimi qondarma şuarların küçələrdə, ictimai yerlərdə yerləşdirilməsi, bir qrup rasistin Almaniyanın Düren şəhərindəki məscidə hücumu, Fransada "Fransa fransızlar üçündür" kimi tələblərin səsləndirilməsi, elə bu ölkənin paytaxtında məscidin imamının ölkədən çıxarılmasına dair çıxışlar, Myanmada buddistlər tərəfindən minlərlə müsəlmanın öldürülməsi, evlərinin yandırılması, ölkədən qovulması və s. həmin qüvvələrin fəaliyyətinin acı nəticələridir.

Bu nəticələri şərh edən Avropa Birliyinin insan hüquqları üzrə komissarı Nils Muiznieksin quruma üzv olan ölkələrdə müsəlmanların vəziyyəti ilə bağlı hazırladığı hesabatda da etiraf edilir ki, Avropa cəmiyyətinə inteqrasiya etmək istəyən müsəlmanlar müxtəlif təzyiqlərə məruz qalırlar.

Avropa Birliyinin Əsas hüquqlar üzrə Agentliyinin sorğusuna görə, son bir ildə Avropada yaşayan hər üç müsəlmandan biri diskriminasiyaya məruz qalıb. Polis, gömrük və sərhəd xidməti orqanlarında diskriminasiyanın daha sərt şəkildə həyata keçirilməsi, təhlükəsizlik qüvvələri tərəfindən şübhəli şəxslər müəyyən edilərkən insanların geyiminə görə saxlanılıb yoxlanılmasına üstünlük verilməsi, bu vəziyyətdən ən çox gənclərin əziyyət çəkməsi və s. sorğuda müəyyən edilən ən ciddi faktlardır və bu da hesabatda öz əksini tapıb.

Qeyd etmək lazımdır ki, Avropada fəaliyyət göstərən QHT-lərin məlumatları və şikayətlər əsasında tərtib edilən həmin hesabatda xüsusilə vurğulanır ki, Avropada populist sağçı qüvvələr üçün İslam dini əsas müzakirə və təbliğat mövzusudur.

Məsələn, Almaniya, Danimarka, Norveç və digər ölkələrdə siyasi qüvvələr hakimiyyətə gəlmək üçün müsəlmanlara "hücum" kampaniyasından istifadə etməyə çalışırlar və 11 sentyabr hadisələrindən sonra müsəlmanlar barədə ictimai rəydə terrorçu imici formalaşdırmaqla ictimaiyyətə təsir göstərməyə cəhd edirlər. Bununla da Almaniyada irqi zəmində törədilən qətllər və Norveçdə Anders Breyvikin törətdiyi qanlı olay sübut etdi ki, ifrat sağçılar heç bir ideologiyası olmayan terrorçulardan daha təhlükəlidir.

 Nils Muiznieks hesab edir ki, Avropa dövlətlərinin siyasi partiyaları da müsəlmanların hüquqlarını məhdudlaşdıran qanunlara səs verib. Məsələn, Fransa, Belçika və İtaliyada ötən il hicaba məhdudiyyət qoyan qanunlar qəbul edilib. Belçikada hətta küçədə hicablı qadın gördükdə polisə məlumat verənlərə mükafat da təyin edilib.

Müsəlmanların hüquqlarını məhdudlaşdıran oxşar qanunlar bir çox Avropa ölkələrində var.

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin illik hesabatlarında və bununla bağlı H.Klintonun çıxışlarında da açıq etiraf edilir ki, dünyanın bir sıra ölkələrində dini etiqad azadlığı ilə bağlı insan hüquqları nəinki inkişaf etməyib, hətta geriləmələr müşahidə olunur. O qeyd edib ki, Çin, Şimali Koreya kimi Asiya dövlətləri ilə yanaşı, Avropa qitəsində də antisemitizm və antimüsəlman əhval-ruhiyyəsinin dözülməz həddə çatması və bu insanların "özgələr" hesab edilməsi xüsusilə geniş vüsət alıb.

Bir müddət əvvəl Myanmada baş verənlər dini dözümsüzlüyün orta əsrlər sayağı tipik nümunəsidir. Müsəlmanların diri-diri yandırılması, qadınların zorlanması, kütləvi qırğınların təşkil edilməsi və bu vəhşiliklərə dövlətin müdaxilə etməməsi,  sözün həqiqi mənasında insanlıqdan kənar bir hərəkətdir və dini zəmində müsəlmanlara qarşı törədilən soyqırım  kimi qəbul olunmalıdır. Çünki dünya ictimaiyyətinin bu soyqırıma etinasız və biganə münasibəti belə halların daha da artmasına səbəb olar bilər.

 

“Paralel”in Araşdırma Qrupu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

0.36158299446106