Yol qeydləri

Akif Nəsirli

Əsgərlə görüşə yaxın qohumlardan başqa heç kimə icazə verilmir?

İstirahət günü uzaq qohumlardan olan bir əsgəri yoluxmaq gərəkirdi. Hərbi hissə Sumqayıt şəhərinin ətrafında yerləşir. Evdən çıxıb dörd marşrut dəyişərək iki saata hərbi hissəyə çata bildim. Mən çatanda Nəzarət-Buraxılış Məntəqəsində (NBM) xeyli valideyn var idi. Bir qədər növbə gözləməli olduq, bizdən əvvəl dayanan orta yaşlı kişidən nəzarətçi soruşdu ki, siz əsgərin nəyisiniz? Kişi cavab verdi ki, əsgər mənim xalamın nəvəsidir. Bu zaman nəzarətçi qaşqabaqlı halda cavab verdi ki, yaxın qohumlardan başqa heç kimlə görüşə icazə verilmir!

Bir atalar misalı var, "qızım, sənə deyirəm, gəlinim, sən eşit!". Hesabımı götürdüm ki, nəzarətçi əsgər bu "xod"la getsə, deməli mən də görüşdən əlimi üzməliyəm. Ona görə də məsələyə müdaxilə edib, əsgərdən aydınlıq gətirməsini istədim ki, bu nə məntiqdi, kimsə Vətənin keşiyində duran əsgəri ziyarət edirsə, burada mənfi nə ola bilər?

Əsgər qısaca dedi ki, bizə belə tapşırıblar! Komandirlərdən kimisə çağırmağı tələb etdim, bu zaman nəzarətçi əsgər guya bizə güzəşt edirmiş kimi, şəxsiyyət vəsiqəsini götürüb, əsgər yoluxmağa gələn vətəndaşa "keç" işarəsini verdi. Sıra mənə gələndə, eyni sualı verdi və bildirdim ki, dayısıyam.  Həmin əsgəri rabitəyə çağırıb soruşdu ki, filankəs sənin necə qohumundu, əsgər isə dərhal cavab verdi ki, əmimdi. Bu dəfə nəzarətçi söz güləşdirmədən mənim də vəsiqəmi götürüb görüşə buraxdı.

Müdafiə Nazirliyinin səlahiyyətli şəxslərinə bu yazı vasitəsilə səslənmək istəyirəm ki, əsgəri lap uzaq qohumu belə, yada salırsa, xərc çəkib onu yoluxmaq istəyirsə, burda pis nə var? Hətta, elə ölkələr var ki, vətəndaşlar tanımadıqları əsgərə dəstək üçün hərbi hissələrə gedirlər, onlara dəstək nümayiş etdirirlər. Bizdə isə yaxın qohumlara belə, bunu yasaqlamaq istəyirlər. Əgər bu, mərkəzdən verilən təlimatdırsa, çox zərərli tendensiyadır, yox, əgər hərbi hissə komandirlərinin təşəbbüsüdürsə, buna son qoymaq lazımdır.

Sumqayıt Bakıdan gözəldir

Son illər Sumqayıta heç yolum düşməmişdi, o üzdən də, gəlmişkən şəhəri gəzmək fikrinə düşdüm. Ona görə də 12, 5, 7, 10 saylı marşrutlarla demək olar ki, Sumqayıtın bütün küçələrini gəzdim. Doğrudan da şəhər son illər çox gözəlləşib, yaşıllıq və xiyabanları böyüyüb, şəhər yaşıllıqlara qərq olub. Əvvəllər - sovetlər dönəmində qazanılan "Zəhərli Sumqayıt" imicindən əsər-əlamət qalmayıb. Küçələrin arasında və kənarlarında ucalan küknar, şam və zeytun ağacları, müxtəlif növdən olan kol bitkiləri və güllər sözün həqiqi mənasında göz oxşayırdı. Bu cür yaşıllıqların bolluğu da yəqin ki, şəhərdə havanın təmizlənməsinə səbəb olur.

Şəhərdaxili və şəhərətrafı qəsəbələrə işləyən marşrut xəttlərindəki avtobusların hamısı yenilənib, əhaliyə müasir tipli, hər cür komforta malik avtobuslar xidmət edir. İndiyə qədər Bakıda bir dəfə də olsun marşrut avtobusunun əlil arabası üçün pandus açdığını görməmişdim, hətta bir neçə dəfə 6 saylı marşrutda bunun tələb edildiyinin şahidi olmuşam, bununla belə, sürücü əlil arabasının avtobusa qalxmasına şərait yaratmayıb, əlil sərnişinlərin köməyi ilə avtobusa qalxıb. Amma ötən bazar günü Sumqayıtda bunun şahidi oldum. Sürücü dayanacaqda əlil arabasını görən kimi, avtobusun pandusunu avtomatik olaraq açdı, əlil heç kimin köməyi olmadan araba ilə avtobusa daxil oldu. Düzü, internetdə görmüşdüm, lakin bu halın real şahidi olmamışdım, Sumqayıt şəhərində bir neçə saatlıq ekskursiya bunu bizə nəsib etdi.

Sürət qatarının sürəti

Artıq axşamüstü Bakıya qayıtmaq qərarına gələndə düşündüm ki, heç vaxt Bakı-Sumqayıt sürət qatarına minməmişəm, bu dəfə qoy, qatarla gedim. Dayanacaqda avtobus gözləyən sərnişinlərdən Sumqayıt Dəmiryolu Vağzalına necə gedə biləcəyimi soruşdum. Dedilər ki, 10 saylı avtobusa minmək lazımdı. Elə də etdim, "Corat dairəsi" adlanan ərazidən 10 saylı avtobusa minib, iyirimi beş dəqiqədən sonra vağzala çatdım. Biz vağzala çatanda saat 14.30-u göstərirdi, kassadan dedilər ki, qatar 15.50-də çıxacaq. Avtomat kassadan 1.10 manata bilet alıb gözləməli olduq. Bu müddət ərzində yeni təmir olunmuş vağzal binasını gəzdik. Binanın yarıdan çoxunu "Bravo" marketi zəbt etdiyindən sərnişinlər gözləmə məqsədilə yalnız otura bilər. Onu da qeyd edim ki, vağzal digər vağzallarımız kimi görünüş baxımından müasir olsa da, heç də müasir tələblərə cavab vermir. Burada heç olmasa ana və uşaqların istirahəti üçün şərait yaradılmayıb. Əvəzində isə Bakı Dəmir Yolu Vağzalındakı kimi, gözləmə zalları da, şaqqalanaraq müxtəlif təyinatlarla baha qiymətə icarəyə verilib.

Düzü, sürət qatarının vaqonları çox gözəl və rahatdır. İki mərtəbəli dörd vaqonun hər birində yüz nəfərdən çox sərnişin otura bilər. Yəni qatarın tam daşıma gücü 400 nəfərdən çoxdur. Amma qatarda cəmi 50-60 nəfər var idi. Sərnişinlərin az olmasının səbəbini bələdçi xanım istirahət günü ilə izah etməyə çalışdı. Amma sonradan əlavə etdi ki, iş günləri sərnişin bir qədər artsa da, yenə sərnişin qıtlığı hiss edilir.

Müşahidələrimizə əsasən Bakı-Sumqayıt sürət qatarına marağın az olmasının bir neçə səbəbi var. Birincisi, qatara bilet avtobusa nisbətən az qala iki dəfə bahadır. Avtobuslarda biletin qiyməti 60 qəpikdirsə, qatarda bilet 1.10 manatadır. İkincisi, şəhərin digər hissələrindən dəmir yoluna birbaşa avtobuslar gəlmir, dəmir yoluna cəmi 2 avtobus gəlir. Qalanları vağzal tərəfə getmir, ya da bir neçə kilometr aralıdan keçir. Üçüncüsü, adı "sürət qatarı" olan bu nəqliyyat növü 25 kilometrlik məsafəni düz 40 dəqiqəyə qət edir ki, bu da qiymətə görə adekvat deyil. İki marşrut dəyişərək dəmiryoluna yarım saata çatan sərnişin uyğun qrafikə çata bilsə, evindən Bakıya bir saat on dəqiqəyə, 1.7 manat xərcləməklə çatır. Taksi isə 2 manata, yarım saata sərnişini Bakıya çatdıra bilir. Digər tərəfdən, şəhərin istənilən guşəsindən avtovağzala bir marşrutla 10-15 dəqiqəyə çatmaq mümkündür. Oradan isə Bakıya yarım saatlıq yol var. Deməli, avtobusla sərnişin 90 qəpik xərcləməklə, 45-50 dəqiqəyə evindən Bakıya çata bilir. Həm qiymət, həm də vaxt baxımından sərnişinlər üçün taksi və avtobuslar qatara nisbətən daha səmərəli olduğuna görə, bu gün Bakı-Sumqayıt sürət qatarı sərnişin qıtlığından "əziyyət çəkir". Sonuncu ifadəni ona görə məcaza saldım ki, əslində bu qatarlar - onun rəhbərliyi və işçiləri heç bir əziyyət çəkmir, onlar üçün çöl də bayır kimidi, xərclərinin örtülməyən hissəsinə görə dövlət büdcəsindən dotasiya alırlar. Çünki bu nəqliyyət növü də dövlətə, "Azərbaycan Dəmir Yollara" QSC-yə məxsusdur.

Fikrimizcə, vəziyyətdən çıxmaq üçün ilk növbədə qiymətləri azı iki dəfə aşağı salmaq lazımdır. Əgər qiymətlər iki dəfə aşağı düşsə, sərnişinlərin sayı bir neçə dəfə artacaq, o üzdən, gəlirləri də indikindən daha çox olacaq. İkincisi, qatarın Sumqayıt şəhəri ətrafında bir neçə stansiyada dayanmasına şərait yaradılmalıdır.

Başqa sözlə desək, qatarın dəmir yolu şəhərin daha gur sərnişin axını müşahidə edilən ərazilərinə qədər uzadılmalıdır. Bu halda sərnişinlər bu nəqliyyat vasitəsindən şəhərarası nəqliyyat vasitəsi kimi də istifadə edə bilər. Bu halda bilet qiymətlərinin diferensiallaşdırılmasına ehtiyac duyulacaq. Bakı şəhərində də bir neçə dayanacağın olması pis olmazdı. Üçüncüsü, qatarın sürəti maksimuma qədər artırılmalıdır, bunun üçün qatarın texniki imkanları genişdir, sadəcə, relslərin texniki vəziyyəti o tələblərə cavab verməlidir. Dördüncüsü, qatarlara bilet satışı üçün xüsusi ödəməni aradan qaldırmaq, onların da metroda istifadə edilən "Bakıkart" vasitəsi ilə ödəniş edilməsinə şərait yaradılmalıdır.

Sonda qeyd edim ki, Sumqayıtda alınan bletin halaqramını turniketə sürtməklə qatara minik sahəsinə daxil olan sərnişin, Bakıda da həmin bletin halaqramını turniketə sürtməklə minik sahəsini tərk etməlidi. Düşünürük ki, çıxışda turniketlərin quraşdırılması artıq xərcdir, ona görə də onlar çıxışlardan götürülməlidir.

Əgər bu təkliflər reallaşdırılarsa, sonradan Bakı-Sumqayıt sürət qatarları özəlləşdirmə üçün də maraqlı obyektə çevrilə bilər ki, bu da sonda həm əlavə gəlir gətirə və dövlət büdcəsinin yükünü azalda bilər.

Bakı-Sumqayıt-Bakı

0.093348026275635