“ÖLKƏNİ DAXİLDƏN MÖHKƏMLƏNDİRMƏK LAZIMDIR…” - Hikmət Hacızadə
“AzPolitika.info” Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə ilə “SSRİ-nin bərpasının mümkünlüyü” mövzusunda söhbətləşib. Paralel.az müsahibəni təqdim edir:
- Hikmət bəy, Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili bir neçə gün əvvəl bəyan etdi ki, Moskva SSRİ-ni bərpa etməyə çalışır və bu prosesi 2024-cü ildə başa çatdırmağa hazırlaşır. Bu bəyanatı nə dərəcədə ciddi hesab edirsiniz?
– Mən bu bəyanatın ciddiliyinə inanıram. Gürcüstanın sabiq prezidenti durduğu yerdə belə bir bəyanatla çıxış etməzdi. Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putinin ağlında imperiyasını genişləndirmək niyyəti var. Mən sizə onun məşhur bir sözünü xatırladım. Putin bir dəfə çıxışında açıq bəyan edib ki, müstəqillik vaxtı biz 41 faiz torpaqlarımızı itirmişik. Putin “torpaqlarımız” deyəndə əslində SSRİ-nin tərkibində olmuş respublikaları nəzərdə tuturdu. Bu o deməkdir ki, Putin bu torpaqları geri qaytarmaq, nəzarətinə daxil etmək niyyətindədir. Sözsüz ki, belə planlar, istəklər var. İndi imperalist təfəkkürdə olan rus elitası bu cür düşünür və hər halda buna çalışacaqlar.
- Bunu arzulamaq və ya istəmək bir şeydir, buna nail olmaq üçün tarixi, geosiyasi şəraitin olması başqa şeydir. Necə düşünürsünüz, Kremlin bu arzunu gerçəkləşdirmək üçün resursları varmı?
– Hesab edirəm ki, Moskva keçmiş SSRİ respublikalarına bilavasitə tank və ya hərbi qoşunlar göndərməyəcək. Amma çalışacaq ki, tədricən öz nüfuzunu və təsirini bu respublikalarda bərpa etsin. Məcbur edəcək ki, respublikaların rəhbərliyi Rusiyanın sözünə baxsın, onların istədiyi siyasəti həyata keçirsin. Hər halda nəzərə almaq lazımdır ki, Rusiya xarici siyasətdə az qala bunu edir. Məsələn, Azərbaycan və bir çox ölkələr xarici siyasətdə Rusiya amilini nəzərə alır, onun dediyini edir. Xüsusilə, beynəlxalq təşkilatlarda Rusiyanın əleyhinə çıxmırlar, əksinə onun sözünü deyirlər. Eləcədə Moskva çalışır ki, bu respublikalarda rus malları və firmaları üçün münasib şərait yaratsın. Həm də vacib deyil ki, SSRİ tərkibində olan respublikalarda hökumət dəyişsin. Əsas odur ki, Azərbaycan, Gürcüstan və Ermənistan Moskvadan gələn göstərişləri nəzərə alırlar.
- Söhbət ancaq Azərbaycan, Gürcüstan və Ermənistandan gedir?
– Yox. Hesab edirəm ki, ruslar, Pribaltika istisna olmaqla, digər respublikaları nəzərdə tuturlar. Yəni Ukrayna, Belarus, Orta Asiya ölkələri, Qafqaz və s.
- Hətta nəzəri cəhətdən bu mümkün hesab edilsə belə, sizə elə gəlmir ki, Rusiya ciddi müqavimətlə qarşılaçacaq? Yəni Rusiyanın təzədən bu respublikaları öz nəzarətinə qaytarmasl bu qədər asan ola bilərmi?
– Müqavimət məsələsinə gəldikdə, hesab edirəm ki, hələlik Qazaxıstan və Qırğızıstana girişməyiblər. Amma digər yerlərə müdaxilə ediblər. Məsələn, Ukraynanın tarixi torpağı Krımı ilhaq ediblər, Donbası faktiki götürüblər. Həmçinin Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsini yaradıblar. Gürcüstan üçün Abxaziya və Osetiya problemi mövcuddur, Moldova başını Dnestryani münaqişəyə qarışıdırıb. Bütün bu tələlərin ipi Rusiyanın əlindədir. Bir sözlə, hər yerdə işləyiblər. Bu mənada Saakaşvilinin bəyanatı və belə qorxular təsadüfi deyil. Hesab edirəm ki, belə bir təhlükəni gözləmək lazımdır.
- Yəni hesab edirsiniz ki, SSRİ-nin ərazi olaraq bərpası planı yoxdur, eləmi?
– Yox, bu SSRİ-nin bərpası məsələsi deyil. Söhbət Moskvanın keçmiş sovet ölkələrindəki nüfuzunun bərpasından gedə bilər. Daha vahid kommunist partiyasının olması, Moskvanın hər respublikaya qubernator təyin etməsi məsələsindən söhbət gedə bilməz. Bu respublikalarda prezidentlər yox, qubernatorların olması əvvəla çətindir, ikincisi, heç Rusiyaya lazım da deyil.
- Heç mümkün də deyil…
– Bu günün şərtlərində mümkün deyil, amma sabah necə olacağını deyə bilmərəm.
- Moskvanın bu istək və arzularına dünya necə yanaşır?
– Əslində dünya Rusiya ilə vuruşmaq, mübarizə aparmaq istəmir. Dünya reaksiya vermir. Rusiyaya qarşı sanksiyalar tətbiq edib və oturublar. Sanksiyalar da 3-4 ildir tətbiq edilir, amma hələlik bunun nəticələri özünü göstərmir. Açığı, Qərb ruslarla vuruşmaq istəmir. Düşünürlər ki, “pişim-pişimlə” məsələni həll etsinlər. Amma bu yolla da məsələ həll edilmir. Baxın, nə Krımı, nə Donbası həll edə bilirlər, nə də Abxaziya məsələsində irəliləyişlər var. Bizim Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə dair ümumiyyətlə irəliləyiş yoxdur.
- Gürcüstanda və Ukraynada anti-Rusiya ovqatında hakimiyyətlər formalaşıb, Qazaxıstan Nazarbayev liderliyində uzun illər Rusiyadan aralanmaq siyasəti aparıb. Pribaltika isə Rusiyadan birdəfəlik qopub. Yəni Rusiyanın keçmiş sovet respublikalarını nəzarət altına qaytarmaq siyasəti müəyyən mənada uğursuzluğa düçar olmayıbmı?
– Belə hallar var. Amma qova-qova mərdi namərd etmək mümkündür. Baxın, dünən Ukraynada Prezident Zelenski yeni sülh planı haqqında məlumat verib. Amma bu sülh planını müxalifət qəbul etmir və deyir ki, əslində bu kapitulyasiyadır, torpaqlarımızı ruslara verir. Yəni Ukrayna artıq o istiqamətdə tərpəniş etdi. Bilmirəm, bunun sonu necə bitəcək, lakin tərpəniş o istiqamətdədir.
- Bayaq dediniz Rusiyanın Azərbaycana təsiri güclüdür. Amma Azərbaycan da iqtisadi cəhətdən demək olar ki, Rusiyanın asılılığından çıxıb. İqtisadi əlaqələrimizin 70 faizdən çoxu Avropa və qərblə bağlıdır. Belə olduqda Rusiya Azərbaycanı necə öz təsiri altına ala bilər?
– Bəli, siz dediyiniz kimidir. Amma nəzərə alın ki, bu bizim üçün 70 faizdir, Qərb üçün 3-4 faizdir. Əsasən neft və qaz satırıq. Qərb bizim və digər respublikalar üçün tərpənməyəcək. Bir daha qeyd edirəm ki, beynəlxalq təşkilatlarda əksər respublikalar rusların istədiyini edir, Avrovizion yarışmalarında səslərini ruslara verirlər. Yəni rusun saqqızını oğurlamaq, ona xoş gəlməyə çalışırlar. Guya biz ruslara xoş gəlsək onlar Qarabağı bizə qaytaracaq? Mən buna qətiyyən inanmıram.
- Yəni siz bu siyasəti qüsurlu sayırsınız?
– Bəli, mənə görə bu səhv siyasətdir. İnanmıram ki, bu gedişatla ruslar Qarabağın bizə qaytarılmasına razılıq və ya köməklik göstərsinlər.
- Bəs bunun əvəzində siz nə təklif edirsiniz?
– Əgər Qarabağ məsələsi indi həll edilmirsə, deməli rus bizə imkan verməyəcək ki, Qarabağ məsələsini hərbi yolla həll edək. Bu halda ölkəni gücləndirmək, islahatlar aparmaq, cəmiyyətlə birləşmək, barışıq, şəffaflıq lazımdır. Bu bizim ölkəmizi möhkəmləndirər və bəlkə də nə vaxtsa məsələni həll edər. Demokratik dövlət olmaq lazımdır. Onda Qərb bizə doğru daha çox tərpənəcək. Çıxış yolu islahatlar, ədalət, düzgünlükdədir. Hamı hamının kitabını oxumalıdır. Hərbi yoll mümkün deyil və Rusiya buna imkan vermir. Bunu Azərbaycan rəhbərliyi də, bizim özümüz də bilirik. Onda ölkənin daxilini möhkəmləndirək. Çıxış yolunu bunda görürəm.
- Sizcə, ümumilikdə götürdükdə, hazırda keçmiş SSRİ respublikalarında Rusiyanın nüfuzu genişdir, yoxsa Qərbin?
– Əslində bütün ölkələrdə həm qərbpərəstlər, həm də ruspərəstlər var. Bizim ölkədə hakimiyyətdə olanların çoxu ruspərəstdir. Gündə bir məmura orden verirlər. Digər tərəfdən, ruslar sıxacaq. Onun basqısı qarşısında durmaq imkanı yaradılmalıdır. Buna da islahatlar aparmaq və ölkəni möhkəmləndirməklə nail olmaq mümkündür. Rusiya bu respublikalara təzyiqlər edə, üçüncü qüvvənin əli ilə hərbi əməliyyatlar apara, iqtisadi sferada basqılar edə bilər. Onların imkanları çoxdur. Elə bizim Rusiyada olan azərbaycanlıları çıxarmaqla bizə təzyiq göstərə bilərlər. Eləcədə başqa ölkələrdən olan miqrantları. Bir daha hesab edirəm ki, ölkəni islahatlarla möhkəmləndirmək, cəmiyyətlə birləşmək, hamını bir ayara gətirmək lazımdır.
- Yeri gəlmişkən, Putin Paşinyanı Yerevan hava limanında qəbul etdi. Bu mənada Ermənistan-Rusiya münasibətləri indi hansı mərhələdədir?
– Soyuqluq var və bu da Paşinyanın Qərbə tərəf daha isti baxışları ilə əlaqəlidir. Ancaq bunun üçün Paşinyan möhkəm durmalıdır. Lakin Paşinyanın nə gücü, nə də bacarığı var. Başa düşmür ki, nə baş verir. Elə deyir biz Qərbə gedirik, Fransa ilə belə yaxınıq və s. Bu tərəfdən də Rusiya hərəkətə keçsə, Levon Ter-Petrosyan kimi Paşinyanı da işdən kənarlaşdıra bilərlər. İndi münasibətlərdə soyuqluq Paşinyanın deklarasiyaları ilə bağlıdır. Lakin hələlik Paşinyan Avropaya tərəf heç bir ciddi addım atmayıb. Qorxa-qorxa ortalıqda qalıb.