Hər kəsin öz arşını

Yusif Seyid

Düz niyə düzdə qalır?

Atalarımızın belə bir misalı var: "Düz adam düzdə qalar". Bu, bəlkə də sizə bir qədər qəribə gələcək, daim düşünürdüm, necə ola bilər ki, düz adam düzdə qalsın...

Bugünlərdə qarşıma dünya şöhrətli alim-filosof Əbu Turxanın aforizmləri çıxdı və yuxarıda qeyd etdiyim açıqlamadan anladım ki, əslində, düz insan düzdə qalmır. Sadəcə olaraq, naqis mühitdə ona həmin münasibət sərgilənir. Burada düz adamın heç bir günahı yoxdur, günah mühitin naqisliyindədir.

Hesab edirəm ki, son zamanlar ölkəmizdə baş verən bir çox olaylar da, məhz həmin naqislikdən qaynaqlanır.

Məsələn, bizim çox hörmətli deputatlarımızdan biri deyir ki, uşaq pulunu o ölkələrdə verirlər ki, orada uşaq doğulmur. Onun sözündən belə çıxır ki, bütün dünya xalqları qısırdır, doğan, artan ancaq bizik. İndi gəl bu adama anlat ki, uşaqpulu ilə uşaq doğumu arasında heç bir bağlılıq yoxdur. Sən pul verdin-vermədin, doğulan doğulacaq. Burada söhbət imkansız insanlara yardımdan gedir. Adam var ki, xalqı, dövləti talamaqla milyonlara sahibdir, ancaq Allah ona övlad payı vermir. Adam da var ki, özünü zorla dolandırır, amma Allah ona hər il bir övlad bəxş edir. Məlum zərb-məsəldə deyildiyi kimi: "Kasıbın heç nəyi olmasa da, övladı çox olar".

Deyirəm, bəlkə bizim deputatlarımız Milli Məclis adından  Allah Təalaya bir müraciət göndərsinlər ki, bizim ölkənin kasıblarına övlad vermə, büdcə vəsaitləri məmurlarımıza və biz deputatlara ancaq çatır.

Büdcə dedim, yadıma düşdü. Bizim möhtərəm və möhtəşəm hökumət təmsilçilərimiz bütün çıxışlarında bəyan edirlər ki, builki büdcəmiz də sosialyönümlüdür, xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Mən, nədənsə bu sosialyönümlü məsələsini heç cür anlaya bilmirəm. Büdcə-büdcədir, məmurlarımız da onu illər uzunu bacardıqları kim talayırlar, bunun xalqa nə dəxli?

Buna şübhəsi olanlara uzun-uzadı siyahı da təqdim etmək olar ki, bu günə qədər eks-deputatlar, nazirlər, bankirlər və s. kim nə qələr talayıb və aradan çıxıb. Az bir qisim isə layiq olduğu yerdədir, çox az bir qisim.

Son illərin müşahidələrinə əsaslanaraq deyə bilərəm ki, bu illər ərzində həyata keçirilən sosial islahatlar hesabına, yalnız məmurların, deputarların və onlara yaxın ətrafın sosial durumu yaxşılaşıb, rifahı fantastik səviyyəyə yüksəlib. Bunun sadə Azərbaycan vətəndaşına nə dəxli var axı?

Yenə də Əbu Turxandan sitat gətirim: "Vəzifəli şəxslər öncə ətrafdakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edirlər və tək-tük düz danışanlara birtəhər dözürlər və nə vaxtsa daha buna da dözmürlər". Belə çıxır ki, bizim vəzifəlilərimiz indi yalanlara alışmaq mərhələsindədirlər və düz sözə birtəhər dözürlər. Amma mənə belə gəlir ki, bu mərhələ də artıq geridə qalıb. Çünki bu gün məmləkətimizdə düz söz deməyə cürət edəni ya narkoman, ya da radikal dindar adı ilə atırlar qazamata, yaxud da "vətən xaini" damğası vururlar ki, dinib-danışmasın.

Məhz bu səbəbdən də, atalarımız deyiblər ki, düz adam düzdə qalar.  

Gəlin görək, günümüzün reallıqlarını bildikləri halda, nə üçün deputartlarımız (onlara bəzən çaşıb millət vəkili də deyirlər) öz millətinə yox, məmurlar çetesinə vəkillik edirlər?   Bunun bir çox obyektiv və subyektiv səbəbləri var.

 Birincisi, hər bir deputat yüz faiz bilir ki, onu xalq seçməyib. Onu deputat kürsüsünə təyin ediblər. Burada da əsas rolu məmurlar oynayır (Eks -deputat Gülər Əhmədovanın açıqlamalarını yadınıza salın). İkincisi, sadə xalq deputata nə verə bilər- səsindən başqa- ona da təyinatlı deputaların heç bir ehtiyacı yoxdur. Ona mandat verən məmurlar, həm də onun normal yaşamını təmin etmiş olurlar. Məsələn, müstəqillik dönəmində bir gün belə iş "stajı" olmayan deputatlarımız var, bu gün deputat kimi maaş alırlar (dəqiq məbləğini bilmirəm, başqalarının pulunu saymaqla işim yox, deyilənlərə görə 2000 manatdan az deyil), mən hələ əlavə xərcləri demirəm. Pensiyaya çıxdıqları zaman da, bir o qədər pensiya alacaqlar. Bəs bunu kim təmin edir? Yenə də yüksək səlahiyyət sahibləri olan məmurlar. Ancaq 40-45-50 il istehsalatın ən ağır sahələrində can qoyan sadə Azərbaycan vətəndaşı ən yaxşı halda 300-350 manat pensiya alır ki, onun da tam yarısını "kommunal xəprclər" adı ilə əlindən alırlar. Budurmu sosialyönümlü siyasət, budurmu sosial ədalət? Belə bir naqis mühitdə düz danışan düzdə qalmasın, nə etsin?

Bir də görürsən ki, hansısa naqis əməlinə görə haqqına tənqid edən bir məmur jurnalisti məhkəməyə verir ki, bəs, mənim ləyaqətimi təhqir edib, işguzar nüfuzuma zərbə vurub və s. və ilaxir. Bu barədə də Əbu Turxan gözəl deyir: "Ləyaqətsiz insanı təhqir etmək mümkün deyil".

Mənə belə gəlir ki, ən böyük ləyaqətsizlik, ona etimad göstərib belə yüksək vəzifəyə təyin edən dövlət başçısına xəyanətdir. Ən böyük ləyaqətsizlik, rüşvətxorluq, mənsəbbazlıq, yerlibazlıq, tayfabazlıq kimi naqisliklərə qol qoymaqdır.

Bu baxımdan, bu gün ölkəmizdə dövlətə, xalqa və dövlətçiliyə sadiq məmur tapmaq çox çətin məsələdir. Mən demirəm ki, yoxdur. Lakin təəssüflər olsun ki, onların sayı çox azdır. Məhz buna görə də, dövlət başçımızın bütün səylərinə baxmayaraq, ölkəmizdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq kimi naqisliklərin qarşısını almaq olmur.

Rüşvət və korrupsiya olan yerdə də, yalan və riyakarlıq olacaq. Yalanın və riyakarlığın olduğu yerdə də, düz həmişə düzdə qalacaq.

Hər birinizə düzdə qalmamaq arzusu ilə...

Yazdıqlarım kimin xoşuna gəlmirsə məni söyə bilər, bir şərtlə ki, yazdıqlarımı oxuyun.

P.S. Keçən yazılarımda qeyd etmişdim ki, Abşeron rayonunun səlahiyyət sahiblərinin biganəliyi üzündən, bu rayonun kənd və qəsəbələrində yaşamaq müm-künsüz hala gəlib. Bu bəlkə də rayon rəhbərliyinin səlahiyyətinə aid məsələ deyil, bununla belə, o da məlumdur ki, hər bir rayonun öz "xozeyni" var və ondan xəbərsiz heç bir iş görülə bilməz. Bu gün səhər evdən çıxanda yenə də qaz kəsildi, bu, Masazır qəsəbəsi üçün adi haldır. Nağıllar da eynidir, "durbalar" (borular) sovet dönəmindən qalıb, qəza baş verib, çalışırıq aradan qaldıraq". Sovet dönəmindən 30 il keçib, hər il də “durbaları” təmir edirlər, görəsən daha neçə onilliklər keçməlidir ki, “durbalar” tam təmir olunsun. Qarşıdan qış gəlir. Kənd camaatı artıq odun, təzək hazırlığına başlayıb. Ayıb olsun! Axı biz az qala bütün Avropanı qazla təmin etməyi boynumuza götürmüşük. Bəs biz...

0.11814093589783