Azərbaycan dünyada multikulturalizmin və tolerantlığın bərqərar olmasına çalışır

Dünyada mədəni müxtəlifliyin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoq əsas şərtdir

Qloballaşma proseslərinin təsiri ilə bu gün bütün dünyada milli özünəməxsusluqdan, milli-mənəvi xüsusiyyətlərin qorunub saxlanılması və kütləvi mədəniyyət stereotiplərindən kənarlaşma meyilləri geniş vüsət alıb.

Eyni zamanda, bu proseslərin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini günün ən aktual problemləri səviyyəsinə qaldırıb. Yəni bu gün dünyada mövcud olan İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində müasir dünyada mənəviyyat problemləri özünü qabarıq şəkildə göstərməyə başlayıb.

Bu kimi zərərli meyillərin qarşısının alınması üçün bəşəriyyət birgə mübarizə aparmalıdır. Ümumbəşəri problemlərin həlli ayrıca götürülən bir dövlətin işi deyil. O cümlədən, dünyada stabilliyin və sabitliyin qorunub inkişaf etdirilməsi də, bəşəri problem olaraq dünyanın bütün sivil dövlətlərini narahat etməlidir. Bu narahatlığı yaradan əsas amillər terrorizm, ksenofobiya, ekstremizm və separatizmdirsə, onun qarşısını ala bilən əsas amillər də multikulturalizm, tolerantlıq, qarşılıqlı əməkdaşlıq və dialoqdur. Bu amillərin inkar edilməsi bəşəriyyəti uçuruma sürükləyə bilər. Bu gün dünyanın bir çox bölgələrində davam edən dini və milli münaqişələrin həll olunmaması da, bir sıra dövlətlərin problemə ikili standartlar yanaşmasından irəli gəlir. Bu kimi mənfi tendensiyalar hətta bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi fenomen dəyərlərdən olan tolerantlığa da kölgə salır və onun etnik, irqi, dini və siyasi dözümsüzlüklə əvəzlənməsinə yol açır. Bu da öz növbəsində, milli özünəməxsusluğu qoruma instinkti və yaxud da bəhanəsi altında son nəticədə başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük, ksenofobiya kimi halların artmasına səbəb olur. Məhz buna görə də, bəşər sivilizasiyasında müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir.

Yuxarıda da qeyd etdiyimiz kim, bütün bu problemlərin həlli tolerant və multikultural  dəyərlərə söykənən birgəyaşayış prinsiplərinin, qarşılıqlı dialoq və əməkdaşlıq  yolu ilə reallaşdırılmasından keçir.

Məlumdur ki, sivil bəşər cəmiyyəti formalaşandan bəri ayrı-ayrı insan cəmiyyətləri həmişə inteqrasiyaya can atıb, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni məkanın bir hissəsi olmaqla maraqlarını təmin etməyə səy göstəriblər.

Bunu da xüsusi qeyd etmək lazımdır ki, üç dünyəvi təkallahlıq dinlərinin meydana gəlməsi qlobal inteqrasiyanı gücləndirən səbəblərdən biri olub. İudaizm, xristianlıq, daha sonra isə İslam dini sosiomədəni, siyasi və iqtisadi anlaşmanın təsir hüdudlarını genişləndirərək bu və ya digər dinin nümayəndələrinin məskunlaşdığı məkanlar yaradıblar. Fərqli məkanlarda formalaşan etnosların sivil dialoqu, qarşılıqlı anlaşması ta qədim zamanlardan başlayaraq mürəkkəb təkamül və inkişaf mərhələlərindən keçməklə tolerant düşüncə sayəsində mümkün olub. Milli, irqi, dini, siyasi dözümlülük tədricən bəşəriyyətin zəngin mədəniyyətinin qəbul olunması, dərk edilməsi, insanın öz fərdiliyini, etnosun özünəməxsusluğunu təsdiqləmək forması kimi qiymətləndirilib.

Bu baxımdan, tolerantlıq ilk növbədə hər bir fərdin daxili aləmini ifadə edən, insani dəyərlərdən qaynaqlanan və ali mənəvi dəyər kimi özünü göstərən əxlaqi fenomendir; o, həm də fərdin özünüifadə və özünütəsdiq əzmini gerçəkləşdirən mühüm amillərdən biridir. Məlumdur ki, tolerant insan nəyinsə və ya kiminsə xatirinə öz fikir və ideyalarından geri çəkilmir, sadəcə, qarşısındakı şəxsi səbirlə dinləmək, ona dözümlü yanaşmaq mədəniyyəti göstərir. Yəni tolerantlıq əsla sosial ədalətsizliyə, haqsızlığa dözümlü yanaşma, yaxud insanların inanclarından imtina etməsi kimi başa düşülməməlidir. Tolerantlıq həm də öz mədəniyyətindən imtina və ya imtina edilməyə təzyiq göstərilməsi deyil. Müxtəlif fikir, inam, əqidə və dünya-görüşlərə münasibətdə insanın yüksək mədəni səviyyəsi kimi özünü göstərən tolerantlıq həm də onu eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən düşüncə tərzidir. Bu düşüncə tərzinə görə, dözümlülük göstərmədən qarşısındakını olduğu kimi qəbul etmək, dünyanın əşrəfi sayılan insana yüksək dəyər vermək mümkün deyil. Bu da məlumdur ki, dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi başlıca nailiyyət hesab olunur. Amerikalı filosof, sivilizasiyaların toqquşması nəzəriyyəsinin banisi Samuel Hantinqton qeyd edir ki, tolerantlıq dəyəri normativ olaraq kompromisin legitimliyini və həmçinin sosial və siyasi qruplar arasında mövcud olan fərqlərə və ziddiyyətlərə dözümlülüyü özündə ehtiva edir.

Dünyanın müxtəlif bölgələrində, fərqli sosial və siyasi durumda yaşayan ayrı-ayrı xalqlar tolerantlığı özlərinin milli-mənəvi dəyərləri, siyasi baxışları çərçivəsində dəyərləndirirlər. Qloballaşan dünyamızda tolerantlıq həm də sivilizasiyalararası dialoqun, sülh və barışın, qarşılıqlı anlaşmanın, iqtisadi tərəqqinin, sosial rifahın şərtlərindən biri kimi qəbul olunur.

Tolerantlıqdan bir qədər fərqli olan dözümlülük isə baş verən hadisələrə məmnun olmamaq və eyni zamanda bəyənilməyən hərəkətin qarşısını almaq üçün heç nə etməmək kimi anlaşılır və qəbul olunur. Dözümlülük, eyni zamanda diskriminasiyaya məruz qoymadan hər bir insan üçün bərabər iqtisadi və sosial inkişaf şəraiti yaratmağı özündə ehtiva edir. Yəni cəmiyyətdə fərqli düşünən insanlara münasibətdə ayrı-seçkilik məyusluğa, ifrat radikalizmə və düşmənçiliyə səbəb ola bilər.

Bununla belə, tolerantlıq anlayışı hər hansı bir düşüncə tərzinin zorla digərinə təlqin olunmasını da qəbulolunmaz hesab edir. Lakin tarixin müxtəlif mərhələlərində fikir və ideyaları, hətta siyasi baxışları uğrunda həyatından keçən insanlarla bağlı çoxsaylı nümunələr var.

Onlardan fərqli olaraq bu gün dünyada baş verən bir çox anlaşılmazlaqların və qarşıdurmaların yaranmasında maraqlı olan qüvvələr də yox deyil. Bir sıra Qərb dövlətlərinin multikulturalizmin və tolerantlığın iflasa uğraması barədə iddiaları da buradan qaynaqlanır. Bu gün ələlxüsus da islama qarşı dözümsüz münasibətilə seçilən bəzi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycan dövləti bütün dünyada multikulturalizmin və tolerantlığın bərqərar olması üçün çalışır. Bu da onu deməyə əsas verir ki, ta qədim zamanlardan tolerant bir ölkə kimi tanınan Azərbaycanda bəşəri birgəyaşayışın ən mükəmməl forması bu gün də qorunaraq inkişaf etdirilir.

Tarixi faktlarda qeyd olunur ki, Babil hökmdarı II Novoxudonosorun (e.ə. 586-cı il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olunmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri, məhz Azərbaycan torpağına pənah gətiriblər və burada özlərinə məskən qurublar. Eramızın birinci yüzilliyinin ortalarında isə xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirib və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoyublar. Daha sonra İslam dininin Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib. Bu da ondan irəli gəlirdi ki, İslamda tolerantlıq dinin əsas ünsürü kimi qəbul olunur. Qurani-Kərimdə bununla bağlı buyurulur: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ("Kafirun" surəsi, 6).

Bu da danılmaz tarixi faktdır ki, Azərbaycanda tarixən azsaylı xalqların yaşadığını, onların öz dilini, mədəniyyətini, dinini qoruyub saxladığını təsdiqləyən mötəbər mənbələrdən biri də şifahi xalq ədəbiyyatıdır. Epik folklorun ən mükəmməl nümunələri olan dastanlarımızda, eləcə də yazıçılarımızın əsərlərində azərbaycanlıların digər xalqlarla qarşılıqlı hörmət şəraitində yaşadığını göstərən çoxsaylı epizodlar var. Məsələn, "Əsli və Kərəm" dastanı,  Hüseyn Cavidin "Şeyx Sənan", Cəfər Cabbarlının "1905-ci ildə", Mirzə Cəlilin "Kamança",  Qurban Səidin "Əli və Nino" əsərlərində bunu açıq görmək mümkündür.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda tolerantlıq düşüncəsinin inkişafına onun mühüm coğrafi-siyasi məkanda yerləşməsinin və zəngin karbohidrogen ehtiyatlarına malik olmasının da ciddi təsiri olub. XIX əsrdə Bakıda sənaye üsulu ilə ilk neft mədənlərinin qazılması,  Azərbaycana müxtəlif ölkələrdən olan neft maqnatlarının marağını artırıb. Həmin dövrdə Nobel qardaşlarının Bakıda həyata keçirdiyi mühüm layihələr də buna əyani sübutdur. XX əsrin əvvəllərində, artıq böyük sənaye şəhərinə çevrilən Bakıya Almaniyadan, Polşadan, Türkiyədən, Rusiyadan, İrandan çox sayda tacirlər, neftçilər, habelə fəhlələrin axını başlayıb. Ötən əsrin əvvəllərində iqtisadi fəallığın artması, sənayenin inkişafı, orta burjuaziyanın formalaşması və digər obyektiv tarixi proseslərlə əlaqədar Azərbaycanda tolerantlıq mədəniyyəti da inkişaf edərək geniş  əhali kütləsini əhatə edib.

Bu gün də ölkəmizdə yaşayan bütün dini konfessiya nümayəndələri, eləcə də ölkəmizdə məskunlaşan çox sayda xalqların nümayəndələri arasında heç bir anlaşılmazlıq mövcud deyil və onlar özünü Azərbaycanda öz doğma vətənlərində olduqları kimi hiss edirlər. Bunun da əsas səbəblərindən biri, ölkəmizdə multikulturalizmin və tolerantlığın dövlət siyasəti və xalqımızın həyat tərzinə çevrilməsidir. Məhz buna görə də, Azərbaycan dünyanın bir çox ölkələrinə nümunə olaraq göstərilir.

“Paralel”in Araşdırma Qrupu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

0.12083292007446