İcbari tibbi sığorta tətbiq olunacaqmı?

Səkinə Mehdiyeva

20 ilə yaxın müddətdə unudulan qanun

Azərbaycanda "İcbari tibbi sığortanın tətbiqi haqqında" Qanun 18 il bundan əvvəl qəbul olunsa da, onun ölkədə tətbiq olunması, demək olar ki, tamamilə yaddan çıxıb. Bu unutqanlığın hansı səbəbdən baş verməsi isə heç kimə məlum deyil.

İcbari tibbi sığortanın tətbiq olunmasının ölkə əhalisi üçün nə qədər böyük əhəmiyyətə malik olduğu barədə məlumatlar mətbuatda çox geniş işıqlandırılıb. Lakin belə bir vacib prosesin ölkəmizdə həyata keçirilməsinə biganə münasibətin göstərilməsi, haqlı olaraq əhalinin ciddi narazılığına səbəb olub. Dünyanın inkişaf etmiş qabaqcıl, hətta bəzi İran kimi teokratik avtoritar dövlətlərdə belə, icbari tibbi sığorta tətbiq edildiyi halda, Azərbaycanın bu prosesdən geri qalması utandırıcı haldır.

Dünyanın bütün dövlətlərində qarşıya qoyulan ilk vəzifələrdən biri vətəndaşların fiziki sağlamlığının təmin edilməsidir. Azərbaycan dövləti də ilk yaranışından vətəndaşların fiziki sağlamlığının qorunmasını və təmin olunmasını bir öhdəlik olaraq öz üzərinə götürüb. İnsanların fiziki sağlamlığını qorumaq üçün ölkədə icbari tibbi sığortanın tətbiq olunmasından daha vacib vəzifə olmadığı halda, 18 ildir ki, bu mühüm vəzifənin yerinə yetirilməsinin təmin olunması hökumətimizin yadından çıxıb. Nəticədə ölkə vətəndaşlarının normal tibbi yardım almaq haqqı  və hüququ əlindən alınıb və sağlamlığına qəsd edilib. Bu isə məsuliyyət yaradır və hökumətdə görəv sahibi olan müvafiq şəxslər barəsində cəza tədbiri görülməsini tələb edir.

Bununla belə, gəlin görək, vətəndaşların tibbi yardım almaq haqqını əlindən alanlar barəsində hansısa ölçü götürülübmü?

Xeyr! Heç bir tədbir görən və cəzalandırılan şəxs yoxdur. Deməli, 18 ildir qəbul olunan və qüvvəyə minən "İcbari sığortanın tətbiq olunması haqqında" Qanun bu günə kimi də icra olunmayıb. Nəticədə vətəndaşlara qarşı cinayət edilib, bu cinayəti törədənlər isə cəzasız qalıb.

Nəhayət, mətbuatdan aldığımız məlumata görə, 2019-cu ildə icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçirilir. Sistemin bütün ölkə üzrə tətbiqinə 2020-ci ildən başlanması gözlənilir. Məlumata görə, bu haqda Milli Məclis (MM) komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında bildirilib. Qeyd olunub ki, gələn il icbari tibbi sığortanın tətbiq olunmasına dövlət büdcəsindən 224 milyon manat pul ayrılması nəzərdə tutulub.

Buna baxmayaraq, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılması müzakirə mövzusu olub.

Gəlin gözləyək, görək, icbari tibbi sığortanın tətbiq olunması barədə qanun 2020-ci ildə də unudulmayacaq ki...

0.39951395988464