“Bizə mane olmaq istəyənlər var idi” - Fəzail Ağamalı

Paralel.az “AzPolitika.info”-ya istinadən Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı ilə müsahibəni təqdim edir:

- Fəzail bəy, Qarabağ qaziləri ilə Azərbaycan Dövlət Neft Şirkətinin mühafizə xidmətinin əməkdaşları arasında yaranan qarşıdurma birmənalı qəbul edilmir. Sizin bu hadisəyə münasibətiniz necədir?

– Mənim baş verən hadisəyə münasibətim yaxşı deyil, düşünürəm ki, bu məsələ araşdırılmalı, əsl səbəb ortaya çıxmalıdır. Unutmayaq ki, Azərbaycan Respublikasında torpaq islahatı aparılıb, bu islahata uyğun olaraq vətəndaşlarımızın ev tikib yaşamaq hüququ gözlənilməklə dövlət torpağı, bələdiyyə torpağı və pay torpaqları anlayışı öz ifadəsini qanunda tapıb. Bizim heç birimiz, vətən və dövlət qarşısında xidmətlərimizin olmasından asılı olmayaraq, qanunu pozmalı deyilik. Eyni zamanda vətən yolunda qan tökən, şəhid olan şəhid ailələri, müharibədə əlil olan dəyərli soydaşlarımz da qanuna riayət etməlidir. Etiraf edilməlidir ki, dövlət həm əlillərə, həm də şəhid ailələrinə yüksək qayğı göstərir, onların problemlərinin həlli dövlətin tam nəzarəti altındadır. Bunlar nəzərə alınırsa, deməli digər addımlar atılmalı deyil. Konkret olaraq neft şirkətinə aid olan torpaqlara gəlincə, bu sahədə neft buruqları var, kəmərlər keçir və neftlə bağlı struktur var. Burada ev tikmək qanunla qadağan edilməklə yanaşı hədsiz dərəcədə insan həyatı üçün təhlükəlidir. Bu amillər nəzərə alınmalıdır. Məndə olan məlumata görə, mübahisə yaranan ərazi bütövlükdə neft şirkətinin balansındadır. Orada ev tikmək qadağan edilib, bu gün neft şirkəti tikinti aparanlarla üz-üzədir.

Mənim əlillərə sözsüz ki, böyük hörmətim var, Qarabağ qazilərinə xüsusi münasibətim var, daima ən müxtəlif məsələlərdə onların yanında olmuşam və bundan sonra da olacağam. Ancaq sonradan araşdırıldı ki, bu məsələdə Məmmədəli deyilən şəxs var və bu adam özünün ətrafına bir neçə nəfər toplayaraq bu cür işlərlə məşğuldur. Qarabağ əlillərindən də istifadə edir. Eşitdiyimə görə, Məmmədəli Rusiyada əlil olub. Mənə bu şəxsin yaxınlarından birinin dediyinə görə, o, Rusiyada ayağından güllələnib və buna görə şikəst olub. Sonra hansısa yollarla Qarabağ əlilliyi vəsiqəsi alıb. Vəsiqəsindən də istifadə edərək özünə qrup yaradıb və müxtəlif yerlərdə torpağı zəbt edir, ev tikdirir və satır. Yəni bu cür işlərlə məşğuldur. İndi bütün bunları hüquq-mühafizə orqanları araşdırılmalı, bünun nə dərəcədə həqiqət olub-olmadığını ortaya çıxarmalıdır. Əgər həqiqətdirsə, cəzalandırılmalıdır, yox, həqiqət deyilsə və gerçəkdən Qarabağ qazisidirsə, ona başa salınmalıdır ki, bundan istifadə edib ölkədə qarşıdurma yaratmalı deyilsən. Hadisənin görüntülərindən də bəlli olur ki, Qarabağ qaziləri deyilən bu şəxslər SOCAR-ın mühafizəçilərinə hücum edir, onları vurur. Polis də onları aralamağa çalışır. Mən görüntülərə diqqətlə baxdım. Görün bu epizoddan necə istifadə etdilər? Hətta bu hadisəyə görə “artıq Azərbaycanda inqilab başlandı”, “bu davamlı olmalıdır” deyənlər tapıldı. Anti-milli qüvvələr bu hadisədən istifadə edərək Azərbaycanda ixtişaşlar törətmək və onun miqyasını genişləndirmək istəyindədir. Bunu da ictimai rəyə gətirmək niyyətləri var. Bax, bu çox təhlükəlidir. Kimliyindən asılı olmayaraq, bu cür hallara yol verənlərin qarşısı qəti alınmalıdır. Düşünürəm ki, hüquq- mühafizə orqanları baş verən bu hadisəyə dair ciddi araşırma aparmalı və buna ciddi hüquqi qiymət verilməlidir.

- Ötən həftə müxalifət mitinq keçirmək istədi, amma onlara aksiyanı Lökbatan qəsəbəsində keçirmək təklif olunduğu üçün bundan imtina etdilər. Buna görə Bakı meriyasının qarşısında piket təşkil ediləcək. Təşkil etdiyiniz siyasi partiyaların dəyirmi masasından sonra müxalifətin bir hissəsinin aktivləşməsini necə qarşılayırsınız?

– Azərbaycan demokratik ölkədir. Hər bir vətəndaş, siyasi partiya öz fikrini, rəyini və ya proqramını sərbəst formada ifadə etmək hüququna malikdir. Bu hüquqlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunda özünü ehtiva edir. Bu qanun faktiki qüvvədədir. Azərbaycan dövləti də ölkə vətəndaşlarının digər hüquqlarını, təhlükəsizliyini nəzərə almaqla siyasi partiyaların özlərini ifadə etməsinə şərait yaradır. İndiyə qədər Milli Şura, AXCP və digər qurumlar “Məhsul” stadionunda mitinqlər keçirib. Mən bu mitinqlərin sönük keçməsi, Milli Şura və AXCP-nin cəmiyyətdə ciddi sosial bazaya malik olmadığını bir kənara qoyuram.

Digər tərəfdən, istənilən siyasi partiya, əgər onun sosial bazası varsa, partiya üzvləri təşkilatın çağırışlarına özlərini cavab verməyə hazır hesab edirlərsə, nəinki Lökbatanda, hətta digər regionlarda mitinq keçirib, sözlərini deyə bilərlər. Amma təəssüflər olsun ki, AXCP və onun himayəsində olan Milli Şuranın sosial bazası zəif olduğundan və aksiyaların sönük keçəcəyinə əmin olduqları səbəbindən insanların kütləvi hərəkət etdiyi ünvanlara iddia edirlər. Hansı ki, belə yerlərdə təhlükəsizliyi təmin etmək çətin olar, digər insanların hüquqları məhdudlaşdırılar və s. Bu səbəbdən də Bakı meriyası onlara göstərdikləri ünvanlarda mitinqlərin keçirilməsini məqbul saymayıb. Əslində mitinq üçün Lökbatana gedə bilərdilər.

Yeri gəlmişkən, bu günlərdə YAP İcra katibi Əli Əhmədov bildirib ki, hakim partiya vaxtı ilə Lökbatan qəsəbəsində mitinq keçirib. Əslində Bakı şəhərinin nəqliyyat imkanlarına görə, Lökbatan elə də uzaq və qeyri-məqbul yer deyil. Yəqin ki, onların avtomobilləri var, ora ictimai nəqliyyat da işləyir. Gedib mitinqlərini keçirə bilərdilər. Sadəcə özlərinin sosial bazasının zəif olması ucbatından bu mitinqin effekt verməyəcəyini bildikləri üçün ondan imtina etdilər. Baxın, indi Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında 10-15 nəfərin iştirakı ilə piket keçirmək istəyirlər. Çünki gücləri bu səviyyədədir. Bir sözlə, bayraqla, müxtəlif şüarlarla ora gələrək ixtişaş yaratmaq, nəqliyyatın intensiv hərəkətinə maneə olmaq, narazılıq yaratmaq istəyirlər. Nəzərə alın ki, Bakı meriyasının bir tərəfi İqtisad Universiteti, digər tərəfi metro stansiyasının çıxış nöqtəsi, qarşısı isə orta məktəbdir. Baxın görün bu zaman nə qədər tələbənin, şagirdin, metrodan istifadə edən sərnişinlərin hüquqları pozulur. Buradan görünür ki, təxribat yaratmaq, ölkəni anarxiyaya çevirmək məqsədi güdülür. Dəfələrlə demişəm ki, AXCP sədri xaricdən idarə olunur. Bir daha qeyd edirəm ki, kimliyindən asılı olmayaraq, hər kəs qanunlar çərçivəsində, Azərbaycanın təhlükəsizliyinə təhdid və zəmin yaratmağa imkan verməmək şərti ilə, bütün vətəndaşlarımızın hüquqlarına hörmət etmək prinsipi ilə konstitusiyanın verdiyi hüquq və azadlıqlardan istifadə edə bilər. Nəzərə alınmalıdır ki, bir vətəndaşın hüququ digər vətəndaşın hüququ başlayan yerdə məhdudlaşır. Əgər bir partiyanın hüquqları ondan 100 dəfələrlə çox insanın hüququnu pozmağa xidmət edirsə, bu qanun pozuntusu və digər vətəndaşların hüququna hörmətsizlikdir.

- Sentyabrın 11-də sizin təşəbbüsünüzlə keçirilən siyasi partiyaların dəyirmi masası öz məqsədinə çata bildimi?

– Bizim niyyətimiz xaricdən Azərbaycana qarşı geniş miqyas alan təhdidlərə öz müqavimətimizi ifadə etmək, vətəndaşlıq mövqeyimizi ortaya qoymaq və Azərbaycanda iqtidardan kənar siyasi partiyaların, aktiv vətəndaş cəmiyyəti nümayəndələrinin, bütövlükdə medianı birlikdə iradəsini ifadə etmək idi və düşünürəm ki, buna nail olduq. Düzdür, bizə mane olmaq istəyənlər də oldu…

- Kimlər mane olmaq istədi?…

– Mən bunun üzərində dayanmaq istəmirəm. Hər halda bizə mane ola bilmədilər və nəticə etibarilə bizim dəyirmi masamız yüksək səviyyədə baş tutdu. YAP özü tədbirdə yüksək səviyyədə təmsil olundu. Hakim prtiyanın üçüncü şəxsi Əli Əhmədov dəyirmi masada sona qədər iştirak etdi, normal atmofer vardı. Hər kəs gördü ki, oradakı fikirlərə hörmətlə yanaşılır, heç kəsə məhdudiyyət qoyulmur. Deyilən tənqid və ittihamlara Əli Əhmədov yüksək mədəniyyət və təmkinlə cavab verdi, qarşı tərəf də bu arqumentlərin qarşısında fikir söyləmədi. Əlbəttə, mövzudan kənara çıxmalar da baş verdi. Hər halda, qənaətimə görə, dəyirmi masa uğurla başa çatdı. Niyyət də ölkəmizə xaricdən siyasi müdaxilələrə qarşı vahid mövqenin ifadə olunması idi. Orada iştirak edən şəxslərin hər biri imzaladıqları bəyanatla ölkəmizə xarici müdaxilənin yolverilməz olduğunu ifadə etdilər.

Əslində dəyirmi masa göstərdi ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar istənilən mövzunu müzakirə etməyə hazırdırlar, belə bir siyasi mədəniyyəti özlərində ifadə edirlər. Hər hansı bir beynəlxalq təşkilatın vasitəçiliyi olmadan da bizim özümüz dəyirmi masa ətrafında Azərbaycanın dövlət və milli maraqları ilə bağlı mövzuları müzakirə edə bilərik. Sözsüz ki, dartışmalar, fərqli fikirlər ola bilər və bu da normaldır.

Bəzi partiyalar bu prosesdə hansısa səbəbdən iştirak etmədi. Düşünürəm ki, gələcəkdə bu proses davam edərsə, dövlətçiliyimizin və milli maraqlarımızın yanında duran, habelə Azərbaycanın istiqlal və müstəqilliyini hər şeydən üstün tutan, anti-Azərbaycan qüvvələrinin içərisində yer alaraq onların ölkəmizdə təxribatlar törətmək layihələrində iştirak etməyən qüvvələrlə hər zaman dəyirmi masa ətrafında milli və dövlətçiliklə bağlı problemləri müzakirə etmək, vahid mövqe nümayiş etdirmək olar. Bizim dəyirmi masanın ən vacib yekunu bu idi ki, biz xarici beynəlxalq təşkilatların vasitəçi olmadan da daxili məsələlərimizi birgə müzakirə edərək ortaq nəticəyə gəlib, dövlətimizə öz töhfəmizi verə biləcəyimizi nümayiş etdirdik.

- Siyasi partiyalar arasında görüşlər davamlı olacaq, yoxsa siz birinci tədbirin təşəbbüskarı olaraq prosesin başa çatdığını düşünürsünüz?

– Əvvəla, qeyd edim ki, dəyirmi masa sosial sifariş idi. Dünyada və ölkədə gedən siyasi proseslərin məntiqinə söykənərək biz belə təşəbbüslə çıxış etdik. Sözsüz ki, bu davamlı olmalıdır. Çünki bunun formatı, niyyəti və məqsədi elədir ki, bir dəyirmi masa ilə yekunlaşa bilməz. Azərbaycan dövlətçiliyi, milli maraqları ilə bağlı istənilən məsələ özünün aktuallığını ortaya qoyarsa, biz yenidən bir yerdə olmalıyıq. Bu baxımdan hesab edirəm ki, dəyirmi masanı bitmiş saymamalıyıq. Ancaq elə etməli də deyilik ki, sadəcə dəyirmi masa naminə dəyirmi masa keçirilsin, bir az da qeybət olsun. Əksinə, elə etməliyik ki, belə dəyirmi masalar məhsuldar olsun, hədəfə çatacaq məsələlər diqqət alınsın. Bu mənada hesab edirəm ki, aktual məsələlərin önə çıxdığı məqamda belə dəyirmi masalar təşkil edilməlidir və ümidvaram ki, olacaq.

- Milli Məclisdə 12 partiya təmsil olunsa da, dəyirmi masada cəmi 5 parlament partiyası iştirak etdi. Siz digər partiyaları dəvət etməmişdiniz, yoxsa özləri iştiraka maraq göstərməyib?

– Biz o partiyalara dəvət göndərdik ki, ictimai rəydə söz sahibidirlər, parlamentdə və siyasi proseslərdə aktivdirlər, hər zaman dövlətçiliyimizin üzərinə gələndə onlar iradələrini ortaya qoya bilirlər. Və ictimai rəyin formalaşdırılmasında bu və ya digər formada iştirak edirlər. Həm parlamentdə olan, həm də olmayan partiyalar, bizim yanaşmamız belə idi. Təsəvvür edin ki, ölkədə 52 partiya qeydiyyatan keçib, amma siz özünüz də onların çoxunu tanımırsınız. Biz də istərdik ki, bu partiyalar fəal olsun. Dediyim kriteriya əsasında özünü ifadə edən partiyaların bir qismini dəvət etsək də, tədbirə gəlmədilər. Səbəbini də bilmədim. Bəziləri bu haqda açıqlama verdi, bəziləri vermədi. Dəvət edilən 7 partiya tədbirə qatılmadı. Amma mən tədbirdən iki gün əvvəl “Yeni Müsavat” qəzetinin canlı yayımında Azərbaycan dövlətçiliyinin və milli maraqlarının yanında olan hər bir partiyanı tədbirə dəvət etmişdim. AXCP istisna olmaqla, digər partiyalara dəvət göndərilmişdi. Əsas odur ki, keçirdiyimiz dəyirmi masa azı 10 gün ölkə gündəminin əsasını təşkil etdi, maraqla qarşılandı.

- Müxalifət bəllidir – AXCP belə tədbirin keçirilməsini arzu etmirdi, Müsavat Partiyası da AXCP-dən ona ittiham ola biləcəyi səbəbindən tədbirə qatılmadı. Bu biri düşərgədən tədbirə mane olmaq niyyətləri nə ilə bağlıdır?

– Hesab edirəm ki, bu məsələnin üzərində geniş dayanmağa ehtyac yoxdur. Fikrimizi nikbin notlarla bitirək. Ümidvaram ki, gələcək bu cür dəyirmi masalarda hər kəs və hamı eyni maraqdan çıxış edərək dəyirmi masada fəal iştirak edəcək.

0.13949012756348