İslam mədəniyyəti Qafqazın digər bölgələrinə məhz Azərbaycandan yayılıb...

Azərbaycan müsəlman, o cümlədən islam dünyasının mərkəzi kimi daim diqqətdədir

Müasir dünyamızda milli, dini və etnik münaqişələrin az qala bütün regionları əhatə etməsinə rəğmən, Azərbaycanda dövlət-din münasibətlərinin möhkəm təməl üzərində qurulması, multikulturalizmin və tolerantlığın dövlət siyasəti və xalqımızın həyat tərzinə çevrilməsini, dövlətimizin ən böyük uğurlarından hesab etmək olar.

Bu da danılmaz tarixi faktdır ki, Azərbaycan ta qədim zamanlardan müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu unikal məkan olaraq tanınıb. Azərbaycan həm də dini dözümlülüyün ən yüksək səviyyədə qəbul olunduğu və müxtəlif millətlərin heç bir ayrıseçkiliyə məruz qalmadan birgə yaşadıqları yerdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qeyd edib ki, tarix və coğrafiyamız göstərir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da, məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır: "Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə qədim Şəki şəhərindədir".

Prezident İlham Əliyev daha sonra qeyd edib ki, Azərbaycan tarixi mədəni müxtəliflik tarixidir. Bu gün həmin tarixi irs əsasında ölkəmiz dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirməyə çalışır. Bunun üçün də, bu istiqamətdə həyata keçirilən bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir, eyni zamanda bu kimi tədbirlərə həm maddi, həm də mənəvi dəstək verir.

Belə tədbirlərdən biri kimi, bu ilin iyul ayında Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi ilə birlikdə AMEA-nın Akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunu qeyd etmək olar.

Əvvəlcə onu da diqqətinizə çatdırmağı vacib sayırıq ki, "İslam Sivilizasiyası Qafqazda" I Beynəlxalq Simpoziumu islamın Qafqazda yaşayan xalqlar arasında yayılmasının tarixinə dərindən bələd olan Ümummilli Lider Heydər Əliyevin birbaşa təşəbbüsü və iştirakı ilə 1998-ci ilin dekabrın 9-11- də Bakıda keçirilib. Heydər Əliyev vaxtilə "Qafqazda islamın yayılması və inkişafı Azərbaycandan başlayır" -deməklə, İslam sivilizasiyasının Qafqazda bərqərar olmasında ölkəmizin əhəmiyyətli rol oynadığını xüsusi qeyd edib. Təməli Heydər Əliyev tərəfindən qoyulan dinlərarası tolerantlıq və multikulturalizmlə bağlı Simpoziumda, Azərbaycanın dünyada tolerantlığın və multikulturalizmin qorunub inkişaf etdirilməsi istiqamətində gördüyü işlər geniş müzakirə olunub. Onun həyata keçirdiyi siyasəti daha da təkmilləşdirərək, zamanın tələbinə uyğun şəkildə uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün regionda tolerantlığın və multikulturalizmin dünyada tanıdılması istiqamətındə həyata keçirilən tədbirlər də, bir çox beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan müsəlman, o cümlədən islam dünyasının mərkəzi kimi bu gün diqqət mərkəzindədir.

"İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumda İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən azərbaycanlı alimlərin özünəməxsus mövqeyindən bəhs edilib. Simpoziumun keçirilmə tarixi də böyük rəmzi məna daşıyır. Belə ki, Iyulun 14-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 ili tamam oldu. Məhz bu baxımdan, simpoziumun təşkili xüsusi əhəmiyyət kəsb edir.

Ölkəmizin paytaxtı Bakının son 10-15 il ərzində ev sahibliyi etdiyi bir sira beynəlxalq tədbirlər kimi, "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumu da, məhz Ulu Öndərin misilsiz ideyalarının həyata keçirilməsinin bariz nümunəsidir. Bu gün sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən ölkəmiz mədəniyyət sahəsində də çoxsaylı nailiyyətlərə imza atıb. Azərbaycan multikultural dəyərlərin xalq və dövlət səviyyəsində dəstəkləndiyi və beynəlxalq miqyasda təbliğ olunduğu ölkədir. 2016-cı ilin "Multikulturalizm İli" elan olunması da, bu ali dəyərlərə dövlət başçımızın yüksək münasibətinin təzahürüdür. Qloballaşan dünyada monokultural mədəniyyət anlayışının multikultural düşüncə ilə əvəzlənməsi, mədəniyyətlərin öz sərhədlərindən çıxması zərurəti ilə meydana gəlib.

Prezident İlham Əliyevin 2017-ci ilin "İslam həmrəyliyi İli" elan edilməsi haqqında imzaladığı tarixi Sərəncam da müsəlman dünyasında həmrəyliyin əldə olunmasında əhəmiyyəti rol oynayıb. Həmin Sərəncam dünyada getdikcə güclənən ksenofob və islamofob qüvvələrə tutarlı cavab və sivil cəmiyyətlərə bir çağırış idi. Bu, həm də 2016-ci ilin "Multikulturalizm İli" elan olunması barədə dövlət başçımızın imzaladığı Sərəncamın məntiqi davamı olaraq dəyərləndirilməlidir. Dünya xalqları birmənalı şəkildə görür və qəbul edir ki, Azərbaycan həm multikultural dəyərlərin tətbiqi və təbliği, həm də müsəlman aləmində vəhdət və qardaşlıq ideyalarının yayılması baxımından nümunəvi ölkədir.

Bu il keçirilən Simpoziumda Heydər Əliyevin tövsiyə etdiyi ideyaların təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi vurğulanıb. Qeyd olunub ki, istər ölkəmizdə, istərsə də onun hüdudlarından çox-çox uzaqlarda çox sayda məscid, kilsə, sinaqoq və digər dini abidələrin təmir və bərpa olunmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.

Qeyd etmək lazımdır ki, "Rusiyanın Qafqazda İslam siyasəti", "Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu", "Qafqazda multikulturalizm" kimi mövzular "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun panel iclaslarının aparıcı mövzuları olub.

Simpoziumda çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov islamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin müsəlman sivilizasiyasına bəxş etdikləri töhfələrdən danışıb. O qeyd edib ki, Qafqazın ən böyuk məscidi olan "Heydər məscidi"nin inşa edilib inanclı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması dövlətimizin dini-mənəvi dəyərlərə göstərdiyi yüksək dəyərin bariz nümunəsidir.

Məmmədov həmçinin bildirib ki, Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və onun aktual problemlərinin araşdırılması, ölkəmizin uzun əsrlik keçmişə malik, qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti bu gün də sistemli şəkildə davam etdirilir.

Qeyd etmək vacibdir ki, son illər Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə istər regionda, istərsə də beynəlxalq səviyyədə əldə edilən nailiyyətlər ictimai-siyasi və sosial həyatla birbaşa bağlı olan dini münasibətlərə də müsbət təsir göstərir. Bunun nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən konfessiyalar arasında heç bir qarşıdurma müşahidə olunmur, əksinə, onların arasındakı münasibətlər, artıq birgə əməkdaşlığın yeni səviyyəsinə - qarşılıqlı yardım və empatiya mərhələsinə yüksəlib. Bunu belə bir fakt təsdiq edir ki, hər hansı konfessiya üçün ibadət evi tikiləndə digər konfessiyalar ona yaxından kömək və dəstək olurlar.

Simpoziumda qeyd olunub ki, müasir Azərbaycanda tolerantlıqın təkcə cəmiyyətdə deyil, həm də hər bir vətəndaşın şüurunda, mövqeyində və həyat tərzində gün-dən-günə özünü daha qabarıq şəkildə göstərir. İnsan hüquq və azadlıqlarına, o cümlədən vicdan və din azadlığına dair qanunvericilik bazası respublikada tolerantlıq və dini dözümlülük kimi ali dəyərləri möhkəmləndirmək məqsədi ilə beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb.

Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan azərbaycançılıq ideologiyasının əsasını da, məhz belə yanaşma təşkil edir. Ömrünün 30 ilindən çoxunu Azərbaycanın və onun xalqının rifahına həsr edən Heydər Əliyev dövlət-din münasibətlərinin tənzimlənməsində, dini-əxlaqi dəyərlərin müdafiə olunmasında və dini tolerantlığın möhkəmlənməsində müstəsna xidmətlər göstərib, özündən sonra bu sahədə böyük siyasi və dövlətçilik təcrübəsi qoyub. Ümummilli Lider gənclərin dini dözümlülük və tolerantlıq ruhunda tərbiyə olunmasının əhəmiyyətini həmişə xüsusi qeyd edib.

Tədbirin yekununda "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpozium iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciət qəbul olunub. Ölkəmizin paytaxtı Bakıda keçirilən "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumuna göstərdiyi hərtərəfli diqqətə, eləcə də tədbir iştirakçılarına ünvanladığı müraciətə görə dövlət başçısına təşəkkür bildirilən müraciətdə qeyd edilib ki, müsəlman dünyasının ayrılmaz hissəsi olan Azərbaycan tarixən müsəlman sivilizasiyasının yaranması və tərəqqisində mühüm rol oynayıb: "... Təsadüfi deyil ki, Bəhmənyar Azərbaycani, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Seid Yəhya Şirvani, Məhəmməd Füzuli və yüzlərlə başqa azərbaycanlı mütəfəkkirlər müsəlman aləmində elmi, fəlsəfi və ədəbi düşüncənin inkişafında müstəsna xidmətlər göstəriblər. İslam mədəniyyəti Qafqazın digər bölgələrinə məhz Azərbaycandan yayılıb... "

“Paralel”in Araşdırma Qrupu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

0.31395983695984