İmansızlıq zülmətində

Şahnaz Salehqızı
[email protected]

İbadət əməllə tamamlanmalıdır

Müasir dünyada insanları fərqləndirən əlamətlərdən biri də dini etiqaddır. Son məlumata görə, dünyada 7 milyarddan çox insan yaşayır. Bunlardan 2 milyarda yaxının islam dininə mənsub olduğu deyilir. Azərbaycan əhalisinin böyük əksəriyyəti də islam inancına sahibdir.

Dünyanın din tədqiqatçı alimlərinin araşdırmalarına əsasən, dini etiqadın yaşı insanlığın yaşı qədərdir. Yəni Adəm babamızla, Həvva nənəmizin cənnətdən birlikdə yerə endiyi andan dini inanc yaranmış və ilk peyğəmbərlik də Adəmə verilmişdir...

Bu yazını yazmaqda məqsədim heç də dinin tarixi barədə oxuculara ətraflı məlumat vermək deyil. Bu yazıda inancımızın və imanımızın zəifliyini, millət kimi inkişafdan geridə qalma səbəbini araşdırmağa çalışacam. Bu gün «nə üçün imansızlığa daha çox meylli-yik və bunun zülmünü hələ də niyə çəkirik» - sualına cavab axtarmağa cəhd edəcəm.

Dəyərli oxucular, Azərbaycanda dindarlığın ən aşağı səviyyədə olduğunu hər birimiz yaxşı bilirik. Bunun birinci səbəbi ölkəmizin inancsız insanlar tərəfindən idarə olunmasıdır. İkinci səbəb Qafqaz Müsəlmanları İdarəsinin öz vəzifə borcunu icra etməyi bacarmamasıdır. Üçüncü səbəb, ölkədə islam dininin vacib əməllərini yerinə yetirməyənlərin çox olmasıdır. Əməli kafir müsəlman o insana deyilir ki, Allaha, onun peyğəmbərlərinə və kitablarına, axirətə inanır, amma dini ibadətlə məşğul olmur. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının verdiyi məlumata görə, ölkə əhalisinin 95 faizi islam dininə mənsub olduğunu bəyan etsə də, dini ibadət və ayinləri icra edənlər  cəmi 15 faizdir. Rəqəmdən də göründüyü kimi, 100 nəfərdən yalnız 15 nəfəri ibadətlə məşğul olursa, deməli, 10 milyonluq ölkə əhalisindən 1,5 milyonu müsəlman üçün vacib olan əməlləri yerinə yetirir. Əslində, 1,5 milyon inanclı insanın - müsəlmanların yaşadığı ölkədə, hökm sürən müsəlmançılıqla bir araya sığmayan hərəkətlər baş verməməlidir. Bəs, ölkəmizdə baş verən bu ziddiyyət nəyin məhsuludur, səbəbini bilirsinizmi, əziz oxucular?! Əlbəttə, hamı bunun səbəbini tam bilməsə də, bilənlər də az deyil. Bilənlər yaxşı bilir ki, təxmini hesablamaya əsasən, ölkədə 1,5 milyon dindar və 100 mindən çox hacı olmasına baxmayaraq, bu ölkədə qəlb, ruh, əməl etibarı ilə Allaha bağlı olan, Allahın buyruğu ilə yaşayan həqiqi müsəlman azdır.

Rəvayətlərə görə, peyğəmbər (s.s.) zamanında Kəbəyə gələn ziyarətçilərin sayca çoxluğunu görən İmam Əli (s.s) deyir ki, Ya Peyğəmbər, islamın qüdrəti getdikcə artır, müsəlmanların sırası sürətlə çoxalır. Peyğəmbər (s.s.) buyurur ki, Ya Əli, mənə yaxınlaş və barmağımdakı üzüyün içindən Kəbənin başına dolananlara diqqətlə bax, gör, onların nə qədərini insan simasında görürsən? Həzrət Əli üzüyün içindən insanlara baxdıqdan sonra orada az sayda insanı insan simasında, digərlərini isə, müxtəlif heyvan simasında gördüyünü heyrətlə bildirir. Peyğəmbər (s.s.) deyir ki, Ya Əli, hər bir ibadət və ziyarət edənlərin əsl siması Allaha olduğu kimi bəllidir və O, hər şeyin əvvəlini və axırını biləndir. Ona görə də ibadət və ziyarətçilərin sayının çox olması hələ müsəlmanların sayının çox olması demək deyil. İnsan bütün varlığı ilə Allaha bağlı olmasa, həyatda haqqın, ədalətin, dürüst-lüyün yanında, zalımın, kafirin qarşısında durmasa, canını, malını, var-dövlətini haqq yolunda itirməkdən qorxsa, ibadət və ziyarət əhli olsa belə, o kəs Allahın qəzəbindən qurtula bilməz!

Əziz oxucu, necə  düşünürsən, ölkəmizdə Allahın yuxarıda toxunduğum buyruğuna əməl edən bir nəfər də olsun, insan tanıyırsanmı?! Mən bu xüsusiyyətləri özündə cəmləşdirən bir müsəlman tanımıram!

Bəli, namaz qılmaq, oruc tutmaq, Allahın bəxş etdiyindən sədəqə vermək hər bir müsəlman üçün vacibdir, lakin haqqı qorumaq, haqsızlığa qarşı çıxmaq, zülmkara boyun əyməmək, ədaləti müdafiə etmək, Vətəni, torpağı, xalqı, namusu canı bahasına olsa da, qorumaq müsəlmanın borcudur!

Siz deyin, Azərbaycanda 1,5 milyon dindar müsəlman, 100 mindən çox Hacı varsa, torpaqlarımızın 20 faizi niyə işğaldadır? Bir milyondan çox qaçqın və köçkün nə üçün uzun illər çöllərdə, vaqonlarda, çadırlarda yaşamağa məcbur oldu? Xalqa  zalımllqla, rüşvətlə, korrupsiya ilə, namussuz hərəkətlərlə ziyan vuran məmurlara qarşı müsəlmanların cihadı niyə başlamır?! Çünki Azərbaycandakı müsəlmanların çoxunun imanı kamil deyil, namaz qılmaq, oruc tutmaq, İmam Hüseynə yas saxlayıb sonra  mərasim sonunda bozbaş yeməklə insan heç vaxt iman sahibi ola bilməz!

Əgər zamanında İmam Hüseyn (s.s.) bilsəydi ki, onun din, iman uğrunda şəhid olmasının ildönümünü müsəlmanlar zəncirlə baş yarıb, qan töküb, ağlayıb, sonra da bozbaş yeməklə qeyd edəcəklər, əminəm ki, O, belə bir addımı heç zaman atmazdı! Özünü müsəlman adlandıran bizim insanlar çox təəssüf ki, İmam Hüseynin şəhidlik zirvəsinin yüksək məqamını dərk edə bilmirlər.

0.30479001998901