Sağ qalan nə qədər cərimə ödəməli?

Nigar Orucova 

Çörəyi çörəkçiyə, balığı da balıqçıya...

“Uzun illərin təcrübəsi balıqçı olmağın çətinliyini deməyə əsas verir. Bunu uşaqlığından balıq tutan, bu işi zaman keçdikcə məşğuliyyətdən ən azı, peşəyə çevirənlər də təsdiq edər. İş təkcə tilovun, qarmağın, balığa tələ olan yemin, vedrənin əldə edilməsindən ibarət deyil. Bu iş ustalıq tələb edir, bax, görürsən, tilovu atmışam, gözləyirəm, ona balıq düşdü-düşmədi, gözləməliyəm. Düşsə, yaxşı olar, düşməsə də, nə zərəri, bu işin özü elə ən böyük məşğuliyyətdir.

Mən xırda balıqları açıb yenidən suya buraxıram, onlar hələ körpədir, böyüməli, çoxalmalı, sayı artmalıdır. Onları tutub nə edəsiyəm ki?! Kilkədə nə dad-ləzzət? Elə adamın əlində suya dönür. Sən çəkidən, kütümdən, qızılbalıqdan danış. Beluqanı görmüsən? Mən ötənlərdə görmüşəm. Amma son illər onun adını eşidirik. Nə olsun Xəzərin sahilində yaşayırıq, kürülər hər dəniz kənarında yaşayanın, hər dənizli şəhəri olanın süfrəsində görünməz. Kimi dindirsən, qırmızı, qara kürünün adını mütləq eşitdiyini deyər, amma dadından söhbət aça bilməz. Məndən soruşsan, balığı sevsəm də, onun kürüsünü yeməyin tərəfdarı deyiləm. Balıq tutmaq məşğuliyyətimdir, amma onun kürüsündə zərrəcə gözüm yox. Kürüsündən balıqlar yetişirsə, nəticədə bu sevimli məşğuliyyətim davam edirsə, nədən kürüyə qənim kəsilməliyəm?”...

Balıqçının dediklərini dinləmək onunla həmsöhbət olmaq kimidir. Yanında dayananların hamısına xitabən söylədiklərinə cavab verən də yoxdur. Kimisi dincəlmək, yodlu hava almaq, kimisi tanışı, dostu, rəfiqəsi ilə görüşmək, kimisi də, bu balıqçı kimi, “peşə” adlandırdığı sevimli məşğuliyyəti üçün sahilə yönəlir. Əvvəllər sayları çox olan balıqçılar nədənsə gözə dəymir daha. Qalan da balıqçılıqdan vaz keçə bilmədiyini anlatmaq, öz məşğuliyyətinə haqq qazandırmaq üçün ətrafdakı insanlara səslənir. Bu məşğuliyyətin onun üçün qara və qırmızı kürüdən qiymətli olduğuna inandırmaq istəyir ətrafdakıları. Saatlarla o həndəvərdə dolaşan, balıqçını maraqla müşahidə edən, ona tamaşaçı, dinləyici olanları inandırmaq lazım deyil əslində. Yanındakı boş vedrə balıqçının balıqlara qənim kəsilmək üçün orda dayanmadığını göstərən əsas “dəlil-sübut”, balıqçıyla az qala eyni saatda ora gələn və sahildən dənizə, suya boylanan adamlar da “hal şahidi”... Balıqçı elə düşünsə də, onu niyə qınayaq ki? O ki, balıqların düşməni yox, yalnız sevimli məşğuliyyətə sadiq dostdur. Və illərdir sahildə dayanaraq, zamanla forması və istehsalı dəyişən tilovların sahibi, bir balıq xiridarıdır. Və... ömründə dilinə balıq dəyməyən bu adamı balıqtutanlardan fərqləndirən balıqçı vicdanıdır.

Balıqların dostunun ətrafdakılara verdiyi məlumat deyəsən, hamını maraqlandırır. Bəlkə də çoxları elektrikli skatın 240 volta qədər cərəyan buraxdığını eşitməyib. Ya da, 250-300 volt cərəyan buraxan anqvilla balığının nadir xüsusiyyətindən indi xəbərdar olur. Eşidir ki, bu balıq çoxalma dövründə Atlantik okeanını üzüb keçərək sahilə yetişir, kürüləmədən sonra yenidən okeanın içərisinə qayıdır. Ən maraqlısı da odur ki, anqvilla balığı bu səfərdə təyyarələrin, gəmilərin, insanların, ümumiyyətlə, bütün canlı-cansızların əlli-ayaqlı itdiyi, yoxa çıxdığı vahiməli “Bermud üçbucağı”ndan salamat keçən yeganə varlıqdır.

Amma yox, bu vicdanlı balıqçının tanımadığı elə varlıqlar da var ki, balığa onun öz həmcinsi, amansız piraniya kimi baxırlar. Bu “piraniya adamlar” balıqçı şərəfinə zidd olaraq, balıqçılıqda yeni üsulun icadıyla məşğuldurlar. Onlar üçün balıqçılıq sevimli bir məşğuliyyət deyil. Elə ona görə də balığı asan və tez ovlamaq üçün suya elektrik buraxır, binəva canlıların körpə və ya yetkin fərd olmasına əhəmiyyət verməyərək onları kütləvi şəkildə məhv edirlər. Belə adamları piraniyadan, elektrikli skatdan, akuladan ayıran fərqi demərəm əsla. Necə deyərlər, ilana zəhər nə lazım?!

Bugünlərdə eşitdik ki, elələrindən birini suya buraxdığı elektrik cərəyanı vurub öldürüb. Əslində, bölgələrdə belə hadisələr çox olur, “könlü balıq istəyən”in balıqlara tuşladığı cərəyan özünü torpağa gömür. O adamlar hələ bilmir ki, tutmaq istədiyi canlının başqa adda həmcinsini “Bermud üçbucağı” da yenə bilməyib. Adamlarla birgə texnikanı da udan “üçbucaq”dan güclü olduğunu zənn edirsə o balıqtutan, ona balıqçı deyənə yazıq.

Suya elektrik cərəyanı buraxmaqla ova çıxanların vicdandan ömürlük xali olduğunu deyən, sahildə sevimli peşəsini nümayiş etdirən balıqçıya görə, durna balığı 200 il, qızılbalıq 30 il, naxa balığı isə 60 il yaşayır: “Onu da ovlamasalar”...

Balıqçıdan onu əhatə edənlərə maraqlı məlumatlar, bizdənsə ənənəmizə sadiq, cavaba ehtiyac bir sual: “Cərəyan vasitəsilə balıq ovlayanları görəsən, hansı cərimə gözləyir?”.

Təbii ki, sağ qalsa...

0.23005199432373