Təhsil nazirliyinin fəaliyyəti korrupsiyaya yön alıb

Mahir Abbaszadə

Ceyhun Bayramov prezidentin etimadını doğrulda bilmədi

Təhsil Nazirliyi rüşvətxorluğa məruz qalan nazirliklərdən biridir. Qeyd edim ki, bu nazirlik istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində həmişə rüşvətin ən çox yayıldığı təşkilatlardan olub.

Təəssüflə bildirirəm ki, vaxtı ilə akademik Mehdi Mehdizadə kimi dünya miqyaslı şəxsiyyətin əyləşdiyi kürsüdə hazırda rüşvətxor, korrupsioner kadrlar ilə, qohumlar, yerlilər, dostlar hesabına Nazirliyi şəxsi fermer təsərrüfatına çevirən Ceyhun Bayramov kimi, pedaqoji biliyə,  mədəniyyətə malik olmayan birisi əyləşib.

Əvvəlcədən bildirim ki, təhsil naziri Ceyhun Bayramovu yaxından tanımıram, ondan şəxsi umacağım, ədavətim, hər hansı dərdim yoxdur. Yalnız nazir olaraq, onun fəaliyyətində yol verdiyi, özü də qəsdən, yəni pul, var-dövlət qazanmaq məqsədilə buraxdığı səhvlərin tənqid və ifşa olunmasını, bu yolla nazirliyin və bütövlükdə ölkə təhsilinin rüşvət çirkabından tam təmizlənməsini məqsəd olaraq qarşıya qoymuşam.

Nazir Ceyhun Bayramovun təhsillə, pedaqoji fəaliyyətlə heç bir əlaqəsi olmadığı halda, onun təhsil naziri vəzifəsinə irəli çəkilməsi ilk olaraq, ölkəmizin təhsil sistemində çalışan çoxsaylı pedaqoq alimlərə, akademiklərə, peşəkar müəllimlər ordusuna edilən xəyanətdir, hörmətsizlikdir, ölkənin təhsil sistemini məhvə məhkum etməkdir. Dünyanın görkəmli siyasət adamlarının, məşhur pedaqoqların millətin və dövlətin inkişafında təhsilin rolundan bəhs edərkən verdikləri dəyər, ən yüksək, əvəzolunmaz qiymətdir. Onların hər biri həm də həyacanla qeyd edib ki, milləti məhv etməyin ən yaxşı yolu onun təhsilini məhv etməkdir.

Çex pedaqoqu, pedaqogika elminin banisi, XVII əsrdə yaşamış Yan Amos Kamenski isə özünün pedaqoji baxışlarında təhsilə tək bir millətin deyil, bütün bəşəriyyətin xilaskarı kimi dəyər verib.

Gətirdiyim misallardan aydın görünür ki, təhsilə önəm verən dövlət dünyanın ən inkişaf etmiş dövlətinə çevrilir. Bu gün dünyanın ən qüdrətli, güclü dövlətlərinin təhsil, elm sahəsinə ayırdıqları vəsaitin çoxluğu onların qazandıqları uğurun mənbəyidir . Azərbaycanda elm və təhsilə ayrılan vəsait az olmaqla yanaşı, bu vəsaitin təyinatı üzrə xərclənməməsi, mənimsənilməsi elm və təhsil sahəsində rüşvət və korrupsiyanın geniş yayılması nəticəsində xalqa və dövlətə fayda vermir. Təhsilin, elmin inkişafına sərf olunması üçün dövlətin büdcədən  ayırdığı cüzi vəsaitin də təhsil nazirinin başçılıq etdiyi korrupsionerlərdən ibarət dəstə tərəfindən mənimsənilməsi, ölkəmizin təhsil sistemini sonu görünməyən uçuruma yuvarladır.

Baxın, təhsildə ibtidai sinifdən tutmuş yuxarı siniflərə qədər, orta, ali və akademik təhsilin bütün pillələrində, müəllimlərlə müqavilə bağlanması, saat bölgüsü, sinif rəhbərliyi, kabinet rəhbərliyi, sinifdənxaric, məktəbdənkənar işlər, dərnəklər və digər tədris vasitlərinə sərf olunmaq məqsədilə dövlətin ayırdığı pulların böyük hissəsi rəhbər şəxslər tərəfindən mənimsənilir və nazir buna qarşı heç bir tədbir görmür.

Sual yaranır, niyə?

Ona görə ki, ölkənin təhsil sistemində fəaliyyət göstərən bütün strukturların rəhbərləri birbaşa yerli icra hakimiyyət orqanlarının və Nazirliyin korrupsiya sisteminə xidmət edir və öz payını da götürür.

Ölkənin tam orta məktəblərinin IX, X və XI sinif şagirdləri bir qayda olaraq, repetitor yanında hazırlığa getdiklərinə görə, məktəbin direktoruna illik bir neçə min manat pul verərək, məktəbdən yayınırlar. Orta məktəblərdə adi hala çevrilən bu problem təhsil nazirinə yaxşı məlum olsa da, onun aradan qalxması üçün heç bir tədbir görmür. Çünki, nazirin burada şəxsi marağı var.

Nazir tərəfindən son illər Təhsil Nazirliyinə gətirilən vəzifəli şəxslərin tərcümeyi-halını araşdırdıqda məlum olur ki, onlardan hər 10 nəfərdən 7-8-i nazirin qohumu, yerlisi, dostudur. Bu, həddən ziyadə zərərli haldır və ölkənin təhsil sahəsi kimi vacib sistemin bir tayfanın rüşvətxorlarına həvalə etmək xalqa və dövlətə qarşı törədilən cinayətdir.

Bu yazıda təhsil nazirinin fəaliyyətində mövcud olan nöqsanların ümumi şəkildə yalnız az bir hissəsinin üzərinə işıq salmağa çalışdım. Nöbəti yazılarda nazirliyin ayrı-ayrı idarə və şöbələrində baş verən hadisələri detalları ilə qeyd etməyə çalışacam.

0.15126800537109