Selcan Yağmurun dəyərsizlik ideyası

Akif Nəsirli
[email protected]

Feminizm ailə institutunu dağıtmağa yönələn çoxsaylı ideyalardan biridir

Bir neçə həftə əvvəl, daha dəqiq desək sentyabrın 19-da Fb sosial şəbəkəsinin hesabında yayımladığı durum cəmiyyətin diqqətini çəkdi və kifayət qədər müzakirələrə səbəb oldu. Paylaşılan durumda Selcan xanım atası Fuad Qəhrəmanlıdan ailədə göstərdiyi şiddətə görə imtina etdiyini bildirmişdi.

Bu yerdə onu da qeyd edim ki, bu sətirlərin müəllifi Fuad Qəhrəmanlıya bir azadlıq carçısı olaraq baxır və ona rəğbət bəsləyir. Düzü, Fuad barədə düşünəndə hesab edirdim ki, yəqin o, ailə qurmağa belə, vaxt tapmayıb, çünki adamın həddi-buluq yaşının əsas hissəsi həbsxanada keçib, azadlıqda olanda isə aktiv siyasi fəaliyyətlə məşğul olub. Elə bu səbəbdən də, yəqin şəxsi həyata çox az vaxt ayırb, hətta, boya-başa çatan övladları var, Allah xoşbəxt eləsin!

O ki qaldı Fuad bəyin qızının Hollandiyadan yaydığı statusa, mən onu oxuyanda  çox üzüldüm, bir atanın kifayət qədər qayğısını duya bilmədiyindən qaynaqlanan bir riqqət, qəzəb kimi qarşıladım. Düşündüm ki, görünür, Selcan yay tətilində evdə olarkən valideyinlər arasındakı soyuqluğu hiss edib, qızları da adəti üzrə anasını müdafiə etmək üçün belə ifadələr işlədib, bu, sadəcə bir sözdü, bunu Fuad bəyin özünə də yaza bilərdi. İçimdə bir narahatlıq keçirdim ki, bu niyə baş verdi - sosial şəbəkələr bunu saqqız kimi dartıb uzatdı, Fuad Qəhrəmanlı istefaya təhrik edildi, digər tərəfdən də baş prokuror cəsarətləndi və ailədə baş verən şiddəti hüquq müstəvisində çözməyin lazım gəldiyini bəyan elədi və s.

Mən hələ də Selcanın bu durumu düşünmədən paylaşdığı qənaətində idim, lakin onun BBC-yə müsahibəsini dinlədikdən sonra hər şey aydın oldu. Həmin müsahibədən aydın olur ki, Selcan Yağmur paylaşdığı durumu məqsədyönlü şəkildə edib və bu addım onun Azərbaycan cəmiyyətinə çağırış olaraq həyata keçirdiyi  layihənin bir hissəsidir. Dediklərindən belə anlaşıldı ki, o, Hollandiyanın feminizm hərakatına qoşulub və onların ideyalarını təbliğ edir.

Arayış üçün qeyd edim ki, feminizm qadınların azadlıq uğrunda hərəkatıdır, o, cinslərin bərabərliyi nəzəriyyəsinə əsaslanır. Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizlikdən meydana çıxıb. Hərəkat qadınların sıxışdırılmasının əsaslarını və səviyyələrini təhlil edərək, onların azadlığına nail olmağa çalışır. Bu, feminizm hərəkatının ənənəvi nəzəriyyəsidir. Amma Selcan Yağmurun müsahibəsindən belə anlaşılır ki, müasir Hollandiya feminizmi Azərbaycan cəmiyyətindəki bütün dəyərləri tabu (qadağalar, aşılmalı olan mənəvi sədd) hesab edir. Onun fikrincə uşaq 18 yaşını tamam etdisə, ata-anasından Selcan Yağmur kimi imtina etməlidir və onun üçün cəmiyyətdə heç bir dəyər olmamalıdır - ona heç kim deyə bilməz ki, gecə niyə evə gəlmədin, niyə gec gəldin, kimlərləsə niyə yoldaşlıq edirsən və s. Yəni sən gəncsənsə, bütün dəyərlər sənin üçün boş şeydir, sən özlüyündə özün üçün dəyər yaratmalısan, cəmiyyətin və ailənin sənə qoyduğu qadağaları birdəfəlik süpürüb atmalısan. Bu deyilənlər əsasən qadın cinsindən olan insanlara, Azərbaycan qızlarına aiddir. Siz təsəvvür edin ki, 18 yaşında bir azərbaycanlı xanım evə gecə saat 2.00-da gəlir və ya heç gəlmir, səhəri günü dərsdən sonra gəlir və valideyinləri də bunu normal qarşılayır. Selcan Yağmurun təbliğ etdiyi ideyanı qısaca, bu formada ifadə etmək olar.

Hətta, bu ilin yayında Selçan xanımın üzvü olduğu qadın hərəkatı Bərdə rayonunda tədbirlər keçirib, təbliğat-maarifləndirmə işi aparıb. Layihə çərçivəsində Bərdədə yaşayan beş gənc xanımı təcrübə keçmək üçün Hollandiyaya aparıblar. Çox güman ki, həmin xanımların da bir neçə aydan sonra öz valideyinlərindən imtina etdiklərinin şahidi olacağıq. Lakin onların valideyinlərindən imtina etməsi, Selcan Yağmurun addımı kimi "uğurlu" alınmayacaq. Çünki onların valideyinləri sözsüz ki, nə Fuad Qəhrəmanlı qədər məşhur, nə də Zümrüd Yağmur qədər təbliğatçı olmayacaq.

Bu hərəkatın dəyərsizləşdirmə, cəmiyyətdəki dəyərlərdən doğan qadağaların aradan qaldırılmasına çağrışları heç də yeni ideya deyil. Bu ideya əsasən müsəlman dünyasında mövcud olan möhkəm ailə institutunu hədəfə alır və müxtəlif insan haqları, liberalizm şüarları ilə maskalanan təşkilatlar tərəfindən zaman-zaman səsləndirilib. Sözügedən ideya xristian dünyasında çox rahatlıqla mənimsənilir və bu səbəbdən də həmin dinin hakim kəsildiyi cəmiyyətlərdə ailə institutu aşındırılıb, dağıdılıb və çox zəif duruma salınıb. Lakin müsəlman cəmiyyətlərinin bir sıra qüsurlu digər adət-ənənələri olsa belə, ailə institutu  kifayət qədər möhkəm qoruna bilib. Belə cəmiyyətlərdən biri də, məhz Azərbaycan cəmiyyətidir. 

Hazırda Yeni Dünya Düzəni  (YDD) adlandırılan dünya mafiyasının əsas hədəflərindən biri müsəlman dünyasında, o cümlədən də Azərbaycanda ailə inistitutlarının sarsıdılmasıdır. Çünki bu institut YDD-nin bəşəriyyət üzərində həyata keçirdiyi "uğurlu" layihələri inkar edir, onların reallaşmasının gözlənilən nəticələr verməsinin qarşısını alır. YDD-yə bəşəriyyəti öz əlində ram etmək üçün bütün digər insanlardan bağları qoparılan - azad gənclər lazımdır. Çünki belə gəncləri Tavestak İnsan Münasibətləri İnstitutunda hazırlanan, bəşəriyyətin cilovlanmasına, onu asan idarə edilən kütləyə çevrilməsinə xidmət edən ideyalara inandırmaq çox asandır. Bu səbəbdən də feministlərlə yanaşı bir çox digər qeyri-hökumət təşkilatları da azadlıq maskası altında gəncləri ailələrindən qoparmağa çalışırlar ki, onların məsləhət alacağı, ona qadağa qoyacaq  bir kimsə qalmasın.

Sonda onu qeyd etməyi özümə borc bilirəm ki, cəmiyyətdə dəyərlər sivilizasiyanın müxtəlif mərhələlərində formalaşır və bu, cəmiyyətin bir xəzinəsidir. Bəşəriyyət bu dəyərləri kərpic-kərpic tikərək bir mənəvi qalaya çevirib ki, gələcək nəsil daha rahat yaşamaq üçün bu mənəvi qalanın dəyərlərindən yararlansın, birləşsin, bütün bəlalara immunitet formalaşdıra bilsin. Müasir feminizm ideyaları isə bu mənəvi qalaları uçurmaq istəyir ki, bizi fərdlərə bölə bilsin, fərdləri isə təklikdə udmaq çox asan olur. Bizim isə bir cəmiyyət olaraq bu ideyalara qarşı dirəniş göstərməyimiz, müdafiə olunmağımız vacibdir. Biz heç də qadın və kişi bərabərliyini, qadın azadlığını inkar etməməliyik, amma bu, valideyindən, ərdən imtina etmək, bütün ictimai məsuliyyəti çiyindən atmaq, ən nəhayət, ailə bağlarını sarsıtmağı hədəfləməməlidir.

0.10611200332642