Gəlin, özümüzü tanıdaq

Yusif Seyid

Niyə «Məmmədqulu» yox, «Osmanbəy»?

Mənim üçün çox maraqlıdır ki, nə üçün biz özümüz olmaq istəmirik. Yadınızdadırsa, bizə qısa müddətdə rəhbərlik edən bir prezidentimiz var idi. Deyirdi ki, mənə cavanlıqda "stilyaqa"(stil-dəb, moda anlayışını özündə ehtiva edir, yəni ona cavanlığında modabaz deyiblər) deyirdilər. İnsafən, həqiqətən də çox "simpatiçnıy" və dəblə ayaqlaşmağı bacaran birisi idi eks-prezidentimiz. Təəssüf ki, dövləti çox idarə edə bilmədi, yoxsa çoxdan bütün xalqımızı "stilyaqa" etmişdi, Allah üzümüzə baxdı, bizə rəhmi gəldi. Necə ki, indi bu quldur, talançı, öz nəfslərinə sahib çıxa bilməyən məmurların əməllərinə baxır, yenə də bizə rəhm edir, onların isə işi qiyamətə qalıb.

Sözümün canı bu deyil, məmurlar elə bir tayfadır ki, onları nə qədər bizləyirsən, bir o qədər də harınlayırlar.

Əlqərəz, məni maraqlandıran və eyni zamanda narahat edən odur ki, nə üçün biz özümüz-özümüzə inanmırıq və bu səbəbdən ətrafımızdakılar da, bizə inanmırlar.

Yəni, biz nə üçün özümüzə qiymət vermirik?

Məsələn, Məmmədqulu Binə kəndində özünə bir paltar sexi açıb, orada müxtəlif çeşiddə məhsul istehsal edib, çıxarır bazara. Və başlayır camaatı aldatmağa ki, bəs, bu paltarlar Türkiyə istehsalıdır, sex malı deyil və s.və i. Ancaq heç düşünmür ki, o, nə üçün türkün hansısa "Osmanbəy", "Əlioğlu" və sair firmalarını təbliğ etməlidir. Əgər məhsul həmin firmaların məhsuluna uyğun şəkildə keyfiyyətlə istehsal olunubsa, onu nə üçün başqasının adına çıxırsan? Olmaz ki, onu elə " Məmmədqulu" adı ilə satışa çıxarasan? Məmmədqulunun "Osmanoğlu"ndan, "Versaçe"dən, "Karden"dən nəyi əskikdir ki? Onlar sadəcə olaraq, uzun müddətdir, bazardadırlar və öz "brend"lərini keyfiyyətləri ilə təsdiqləyərək təqdim etməyi bacarıblar. Və bu gün də öz adları ilə dünya bazarına çıxaraq, səni də öz brendlərini reklam etməyə sövq edirlər.

İlk əvvəl bir qədər çətin ola bilər, burada əsas məsələ keyfiyyət, çeşid və təqdimatdır, yəni reklam. Bu məsələləri düzgün tənzimləməklə, "Məmmədqulu" brendini yaratmaq mümkündür. Bu yol, türk malı adı ilə keyfiyyətsiz məhsul istehsal etməkdən bir qədər çətin olsa da, bir müddət daha az gəlirlə keyfiyyətli məhsul istehsal edərək, "Məmmədqulu" brendini bazara çıxarmaq olar. Camaat da bazarda nisbətən ucuz və keyfiyyətdə məşhur brendlərdən geridə qalmayan "Məmmədqulu" brendinə üstünlük verəcək.

Bunun üçün brend geyim həsrətində olan gənc müğənnilərdən də istifadə etmək mümkündür. Onlar üçün xüsusi geyimlər hazırlayın və hədiyyə edin, onlar da bunun müqabilində sizin geyimləri reklam etsinlər.

 Yadınızdadırsa, hazırda məşhur müğənni olan Azərbaycanın xalq artisti Faiq Ağayev karyerasının əvvəlində bütün çıxışlarında "Andrey" firmasından geyindiyini qeyd edirdi və bu, gənclər arasında geniş maraq yaratmışdı. "Məmmədqulu"ya nə gəlib ki, onlar "Andrey"dən geyinirlər.

Bu, sadəcə bir misaldır, sahibkarları özlərini tanımağa və qiymətləndirməyə çağıran bir misal. 

Keçək ölkəmizdə fəaliyyət göstərən ictimai-iaşə obyektləri olan restoran və kafelərdə göstərilən xidmətə. Bəzi iaşə obyektlərinin adlarını görəndə heç cür anlamaq olmur ki, burası yeməkxanadır, hamamxanadır, yaxud hərəmxana.

Bir misal deyim, işlədiyim yerin yaxınlığında bir restoran var idi, adı da "Şah plov", oraya nə vaxtsa, kiminsə daxil olduğunu görməmişdim. İndi adını dəyişib, əndirəbadi bir əcnəbi ad qoyublar, restorana yaxın düşmək mümkün deyil. Gələnlərin də 90 faizi öz vətəndaşlarımızdır. "Şah plov"da yemək istəmirlər, "Portofino"da yeyirlər, burada yeyəndə özlərini həmin ölkədə hiss edirlər yəqin ki.

Ay millət, maraqlanmışam, həmin restoranda nə rəhbər dəyişib, nə aşbazlar, nə də "menyu", yəni yeməklərin çeşidi. Dəyişən sadəcə, restoranın adıdır və buna uyğun da qiymətlər artıb. Maraqlıdır, siz nə üçün "Şah plov" da 5 manata yemədiyiniz yeməklərə, "Portofino"da 10 manat verirsiniz?  Nə dəyişib axı? Yəni restoranın adı sizin üçün bu qədər önəmlidir?

Restoranlara, kafelərə elə adlar qoyurlar ki, sadə Azərbaycan vətəndaşı oxuyub anlaya bilmir ki, bu nə deməkdir.

O günlərdə Xırdalan şəhərində bir müəssisənin girişinin üstündə təxminən belə bir yazı oxudum-TEA HAUS ŞURŞUR. Özümü o yerə qoydum ki, başa düşmədim bu nə deməkdir, yanımda oturan 16 yaşlı nəvəm dedi ki, baba, bu, çay evi, qəlyan deməkdir.

Ay millət, indi belə çıxır ki, ölkəmizdə olan cəmi 100 min əcnəbiyə və bir o qədər də turistə görə, Azərbaycan vətəndaşları yanlarında tərcüməçi gəzdirməlidirlər? Buna nə ad verəsən? Ölkəmizdə olan bir qrup əcnəbiyə və turistə görə, öz xalqına qarşı bu biganəliyi heç cür anlaya bilmirəm. Qoy əcnəbi məndən soruşsun ki, "şah plov" nədir, nə üçün azərbaycanlı öz doğma yurdunda kimdənsə soruşmalıdır ki, "Kabare"nədir?

Siz hansı bir ölkədə "Şah plov","Bozbaş", "Kabab" adlı restorana, kafeyə rast gəlmisiniz? Əsla, mümkün deyil. 

Gəlin, bir qədər də özümüzə dəyər verməyi öyrənək. Türk qarşımıza çıxır, bildik-bilmədik türkcə qırıldadırıq, rus çıxdı rusca, indi də başqa dillər dəb düşüb, kimin nə danışdığını anlamaq mümkün deyil. Bir azdan da ərəblər buranı elə bir kökə salacaqlar ki, heç özümüzə yer tapa bilməyəcəyik.

Yaddan çıxarmamalıyıq ki, özünə dəyər verməyən bir kəsə, heç kim dəyər verməz.

İstər "stilyaqa" olun, istər modabaz, ancaq özünüz olun. Məmmədqulu istehsal etdiyi məhsula öz adını qoysun, Həsənqulu da restoranına öz adını. Kimin də xoşu gəlmir, getsin gəldiyi yerə. 

Hələlik, bu qədər. Bu o qədər uzun və həllivacib mövzudur ki, onun sonuna çıxmaq üçün gərəkdir ki, aylarla araşdırıb, təhlillər aparasan.

Ələlxüsus da sahibkarlardan soruşmaq lazımdır ki, bu nə hoqqabazlıqdır çıxarırsınız, başınıza ad qəhətdirsə, öz adınızdan istifadə edin ki, insanlarda söyəndə bilsinlər kimi söyürlər.

0.35030508041382