Türkün gücü mənəvi zənginlikdədir

Röyal Əsədli

Ona görə düşmən bizi məhv edə bilmir

Düşmənlərin türk millətini məhv etmək yolunda uzun əsrlər boyu böyük əmək sərf etməsinin bu gün də davam etdiyinin şahidiyik. Sual edə bilərsiniz ki, niyə türkü məhv etməyə çalışırlar, günahımız nədir? Bu sualın cavabı çox genişdir. Amma bunun müxtəsər cavabını, onun nədən qaynaqlandığını xırda və səthi olsa da, bu yazıda qısa məlumat verməyə, oxucuya izah etməyə çalışacam. Diqqətli olun!

Tarixdən az-çox xəbəri olan hər kəs bilir ki, azərbaycanlılar türk milləti, oğuz türküdür və onu qol-budaqlı ağaca bənzətsək, oğuzlar türk dünyasının nüvəsi və gövdəsidir. Türk millətinin digər boyları (səlcuq, özbək, qazax, qırğız, türkmən, qaşqay, uyğur, altay, saxa, qaraçay, qaqauz, hun və s.) oğuz türkünün budaqlarıdır. 800 və 300 il Avropada, Asiyada hökm sahibi olan Osmanlı, Səfəvi imperiyaları oğuz türkünün qurduğu tarixi dövlətlərdir. Türklər dünyaya dövlətçilik ənənəsini gətirən və yayan millətdir. Avropaya mədəniyyət gətirənlərin də türklər olduğunu heç kim dana bilməz.

Hun (macar) lideri Atillanın islama qədərki dövrdə Avropanı necə lərzəyə gətirdiyini yadınıza salın...

Hazırda dünyada müsəlman türk dünyasına qarşı güclənən basqı da, məhz türkün dünyaya verdiyi böyük töhfələrlə, qazandığı tarixi zəfər və qələbələrlə bağlıdır. Dünya türkün əzəmətini, böyüklüyünü qısqanır, onun bütün bəşəriyyəti öz təsiri altına almasından qorxur. Türk milləti dünyanın ən mükəmməl, xeyirxah, tərəqqipərvər, humanist, ailəcanlı, sədaqətli, döyüşkən, haqq uğrunda şəhid olmağı xöşbəxtlik sayan, düşmənlə açıq döyüşdən qorxmayan millət olduğuna görə, xristianlar və digər dinlərə məxsus olanlar türk millətini özləri üçün, dünya üçün böyük təhlükə hesab edirlər.

Hörmətli oxucular, əgər tarixin gedişinə diqqətlə fikir versəniz, dünya xəritəsinə, ələlxüsus da Avrasiya materikinin xəritəsini nəzərdən keçirsəniz, Türk dünyasının Kamçatka yarımadasından Türkiyə ərazisində yerləşən Süleyman yarımadasınadək uzanan ərazidə 300 milyon türkün kompak yaşadığı möhtəşəm zolağı müşahidə edəcəksiniz. Xəritədə gördüyünüz türklərin vətəni olan bu ərazilər, həm də, yeraltı və yerüstü sərvətlərlə zəngindir. Maddi və mənəvi zənginliyin Türkləri dünya üçün böyük təhlükəyə çevirməsi, əslində, düşmənlərimizin uydurmasından başqa bir şey deyil. Bu həqiqəti təsdiqləmək üçün ayrı dəlil-sübuta ehtiyac yoxdur. Bunun üçün Türkün dünyada qurduğu imperiyalarda insan haqlarına, xalqların dini və milli mənəvi dəyərlərinə, vicdan azadlığına nə qədər önəm verildiyinə diqqət etmək və türkün  yüksək insani keyfiyyətlərə malik olmasına təkrar nəzər salmaq kifayətdir.

Fikrimi oxuculara çatdırmaq üçün Türk tarixinin vacib bir məqamına da toxunmağı lazım bilirəm. Həmin məqam tarixin müəyyən inkişaf mərhəsində türk toplumları arasında fərqli inkişafın və parçalanma prosesinin baş verməsidir. Türkün tarixdə keçdiyi təkamül xəttinə diqqət yetirəndə onun güclü olduğu məqamın, əsasən, orta əsrlərə təsadüf etdiyi diqqətimizi cəlb edir. Yəni dünyanın qeyri-bərabər inkişaf qanununa uyğun olaraq, XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən başlayaraq Türkün Avrasiyanın şərq və qərb hissəsini tutub lərzəyə salan iki böyük imperiyası - Nadir Şahın Azərbaycanı və Osmanlı dövlətlərini bir-birinin ardınca zəifləyərək, tutduqları ərazilərin əksər hissəsini itirdilər və süqut etdilər. Bundan yararlanan Avropa dövlətləri Türkiyəni, Rusiya ilə İran isə Azərbaycanı parçalamaq üçün müharibə etdilər. Bu qanlı və amansız savaşın ilk qurbanı Azərbaycan dövləti oldu, 1813-cü il Gülüstan və 1827- ci ildə Türkmənçayda Rusiya və İran aralarında sülh sazişi imzaladılar və vətənimizi iki yerə bölüb, işğal etdilər. Düşmən Oğuz yurdu Azərbaycanı işğal edib, şimal və cənub hissələrinə böldü və çoxdankı arzusuna çatdı...

Artıq 10 milyon əhalisi olan Şimali Azərbaycan 28 ildir müstəqildir, lakin torpağının 20 faizi Rusiyanın for-postu Ermənistan tərəfindən işğal olunub, müharibə şəraitində yaşayır. 40 milyon əhaliyə malik olan Cənubi Azərbaycan isə hələ də fars-molla rejiminin işğalı altında inildəyir. Lakin xalqımız birləşmək uğrunda mübarizə əzmini itirməyib, tarixin bu ədalətsizliyə son qoyacağı günü gözləyir. O gün çox uzaq deyil...

Dostlar, çox qısa və bəsit şəkildə toxunduğum tarixi həqiqətlər əsasında oğuz türkləri olan azərbaycanlıların nə üçün başıbəlalı, hissələrə parçalanmış millət olmasının səbəblərinə, yəqin azacıq da olsa, aydınlıq gətirə bildim. Bir faktı da qeyd edim ki, dünyanın çox güclü imperya sahibi olan millətindən məğlub duruma düşən və parçalanan millət halına gəlməyimizin bir səbəbi də, heç şübhəsiz, millətimizin döyüşən, igid, qəhrəman, mübariz insanlarının düşmən tərəfindən hədəflənib məhv edilməsidir. Baxın, XVIII - XIX əsrin əvvəlindən başlayaraq, ruslar və farslar xalqımızın zaman-zaman yetişdirdiyi qəhrəman, mübariz insanları fiziki məhv edərək, millətimizi qılncdan keçirib, bütün ziyalıları, sərkərdələri sıradan çıxarıblar ki, millət başsız qalıb, dirçəlməsin. Bu proses İranda bu gün də davam edir...

Düşmənlərin bütün cəhdlərinə baxmayaraq, Avrasiya materikində on min kilometr ərazi boyunca qurşaq kimi uzanan türk toplumları zamanın yaratdığı fürsəti əldən verməyərək, birləşmək və dünyanı mənəviyyatsız ünsürlərin məhvindən qurtarmaq üçün mücadilə aparırlar. Bu mübarizədə Azərbaycan oğuz türkləri yenə də ön sırada yer alıb. Azərbaycan dövlətinin Avrasiya materikinin Şərq-Qərb, Şimal-Cənub dəhlizinin açar sahibinə çevrilməsi də Tanrının Türkə bəxş etdiyi ən böyük lütfüdür. Bu lütfə dəyər verib faydalanmaq isə şərəfli işdir.

0.11166977882385