Deyirlər Qarabağ ermənilərin olsun...

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

Problem otuz ildir buna görə həll edilmir

Qarabağın Azərbaycan torpağı olması dünyanın bütün beynəlxalq  təşkilatlar və dövlətlər tərəfindən təsdiqləndiyi heç kimə sirr deyil. Bütün beynəlxalq təşkilatların rəsmi sənədlərində birmənalı qeyd edilib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu o deməkdir ki, Qarabağ ermənilərinin müstəqil dövlət olmaq, Ermənistana birləşmək kimi ideyaları puçdur, boş xulya və arzulardan başqa bir şey deyil.

Qarabağın status məsələsinə gəlincə, artıq o da məlumdur ki, Azərbaycan hakimiyyəti Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirib. Lakin ermənilərin sərsəm ideyasını əsas tutan, Azərbaycanı təzyiq altında saxlamaqla, ölkəmizin bütün imkanlarından istifadə edən Rusiya, bu imkanları əlində saxlamaq naminə, münaqişənin tezliklə həllinə razı deyil. Münaqişəni əlinin altında saxlayıb, onun həllini gecikdirən Rusiyanın hərəkətindən o da hiss olunur ki, bu münaqişələrdən istifadə edərək, ruslar hələ də keçmiş sovet imperiyasını yeni formada bərpa edəcəklərinə ümid bəsləyirlər.

Əslində, islam və türk dünyasının əleyhinə olan beynəlxalq güclər Qarabağın taleyini tam ermənilərin xeyrinə həll etmək istəyindədirlər, lakin islam və türk aləminin buna razı olmayacağını hiss edib, geri çəkildilər, özlərini ədalət tərəfdarı kimi aparmağa və ölkəmizlə normal münasibət qurmağa məcbur oldular. Bununla yanaşı, qeyd edim ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə beynəlxalq hüquqi sənədləri və normaları tanısalar da, super dövlətlərin ermənilərə doğma münasibət bəslədikləri göz qabağındadır və bu doğmalığı heç gizlətmirlər də. ABŞ, Rusiya, Fransa, Yunanıstan, Hollandiya və dünyanın digər iri xristian dövlətləri erməniləri var gücü ilə müdafiə edir. ATƏT-in Minsk Qrupunda təmsil olunan ABŞ, Rusiya və Fransa dövlətlərinin Qarabağ probleminin həllində nümayiş etdirdikləri passivlik hər kəsin gözü qarşısında baş verir. Qrupun ermənipərəst tərkibinin dəyişdirilməsi haqqında dəfələrlə məsələ gündəmə gəlsə də, ATƏT susmağa üstünlük verir. Bunlara görə, hadisələrin ziddiyyətli müşahidəsi və gedişi Qarabağ probleminin tezliklə həll ediləcəyi ehtimalını sıfırlayır.

Azərbaycan hakimiyyəti problemin həlli istiqamətində bütün daxili imkanlardan istifadə etməyə cəhd etsə də, hələ heç bir müsbət nəticə əldə edə bilmir. Müsbət nəticə əldə ediləcəyinə isə, yalnız ümid bəsləmək qalır. Ölkəmizin Qarabağ probleminin tez həll olunmasına kömək edə biləcək bütün imkanlar təəssüf ki, ölkə rəhbərliyi tərəfindən əldən verildi və bundan sonra bu cür imkanların ələ keçməsi çətin ki, mümkün olsun. Ölkəmizin təbii sərvətləri, xüsusən karbohidrogen ehtiyatları - neft, qaz və digərləri çox yanlış olaraq, torpaqlarımızın azad olunmasına yox, hakimiyyətin qorunmasına sərf olundu. Bu proses indi də davam edir. Bundan sonra da hadisələr belə davam edərsə, Qarabağ və işğal altında olan torpaqlarımızın taleyinin sual altına düşəcəyi şübhə doğurmur.

Fikrimcə, Azərbaycan hakimiyyəti ötən 26 ildə Qarabağ problemini ona görə həll edə bilmədi ki, ölkədaxili problemlər sivil formada, beynəlxalq hüquq normalarına uyğun tənzimlənmədi. Avtoritar məsləhətçilərin və texnoloqların tövsiyəsilə vətəndaşlarla süni, zor gücünə, milli həmrəylikdən uzaq vasitələrlə, polis dəyənəyinin gücü ilə münasibət qurdu, bütün növ seçkilər saxtalaşdırıldı, xalqı, xalqın seçmədiyi parlament və bələdiyyələrlə idarə etdi. Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədən danışdı, amma qarşısını ala bilmədi. Ölkədəki müxalifət əzildi, tutuldu və "Azərbaycanda müxalifət yoxdur",- deyib, bütün dünyanı özünə güldürdü, düşmənləri sevindirdi, demokratik təsisatları məhv edib, ermənilərin əlinə əsas verdi, onlar da bundan çox ustalıqla istifadə etdilər.

İqtidar texnoloqlarının ölkədə yaratdıqları avtoritar rejimin günahı üzündən xarici düşmənlərin və ermənilərin havadarlarının uydurduğu - "Qarabağ ermənilərin olsun" fikri ilə az qala, dünyanı razılaşmağa vadar etdilər.

İqtidar texnoloqları heç cür dərk etmirlər ki, Azərbaycanın daxilində qurduqları avtoritar, müxalifəti inkar edən, demokratik dəyərləri əzən rejim Qarabağın işğaldan azad olmasına mane olan, eyni zamanda, ermənilərin əlinə keçən ən güclü faktordur.

Ölkə prezidentinin işğal altındakı torpaqları azad etmək istiqamətində göstərdiyi bütün cəhdlərin nəticəsini heçə endirən də, məhz saxtakarlıq texnologiyasının ölkəmizdə geniş tətbiq etməyin təşəbbüskarlarıdır. Həmin texnoloqlar bu yolla həm ölkəmizi, həm prezidenti zərbə altına qoydular, eyni zamanda düşmənlərə imkan yaratmaqla, yaxşı pul qazandılar. Hazırda həmin xəyanətkar texnoloqlar ölkəmizə qarşı yeni quyu qazmaqla məşğuldurlar. Xarici düşmənlərin sifarişinə uyğun olaraq, cəmiyyətimizi bir-birinə vurdurmaq üçün qarşıdurma texnologiyasını işə salırlar. Xaricdən ölkəmizə müdaxiləni sürətləndirən və təşkil edən də daxildəki düşmənin sifarişini icra edən qüvvələrdir.

İdarəetmədə qeyd etdiyim mənfi hallar hazırda xalq-iqtidar münasibətlərinə ciddi zərbə vurur. Ölkədə məmur özbaşınalığını təsdiq edən bir çox faktların hər gün ortaya çıxması, hakimiyyətin ifşa olunub, hörmətdən tam düşməsinə xidmət edir. Mənfi proseslərin inkişafının getdikcə tündləşməsi ölkəmizin bədxahlarının xeyrinə işləyir. Hakimiyyətdaxili ziddiyyətlərin getdikcə dərinləşməsi də, Qarabağ və işğalda olan torpaqların azad olunmasına vaxt ayırmağı çətinləşdirir.

Ölkəmizin daxilində və xaricində baş verən xoşagəlməz hadisələrdən aydın hiss olunur ki, hakimiyyətin daxilinə nüfuz etmiş və fəaliyyətilə xalqı hakimiyyətdən, beynəlxalq aləmi dövlətimizdən narazı salan ünsürlərin durdurulması qaçılmazdır. Bu zatlar durdurulmasa, ölkəmizin hüzura qovuşacağına, Qarabağ və işğal altında olan torpaqlarımızın azad olunacağına inanmıram..

 

 

0.11423397064209