Əhalinin siyahıyaalınması dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyidir

Tahir Budaqov: "Keçən il oktyabrın 1-dən 10-na qədər Qəbələdə sınaq siyahıyaalınması keçirilib"

Siyahıyaalma vaxtaşırı keçirilən çox ciddi əhəmiyyətə malik bir tədbirdir. Siyahıyaalma, əslində ölkə əhalisinin real vəziyyətini qiymətləndirmək, həm gələcəkdə idarəetməni həyata keçirmək üçün ciddi informasiya bazası yaramaq baxımından müstəsna əhəmiyyətə malikdir.

Bu baza nə qədər geniş sferanı əhatə edirsə, onun informasiya kimi keyfiyyəti də bir o qədər yüksəlir. Siyahıyaalma, ilk növbədə ölkədəki əhalinin dəqiq sayı, tərkibi və həyat şəraiti haqqında məlumatları, milli tərkibi və digər təsnifat kateqoriyalarını ayrı-ayrılıqda müəyyən etməyə imkan verir.

İkincisi, siyahıyaalma əvvəlki siyahıyaalmadan bəri keçən müddət ərzində bu göstəricilərdəki dəyişikliklərin dinamikasını qiymətləndirməyə şərait yaradır. Yəni yeni göstəricilər bizə imkan verir ki, son on ildə ölkə əhalisinin inkişaf səviyyəsini dəqiq müəyyənləşdirə bilək.

Üçüncüsü, bu məlumatlar qarşıdakı on il ərzində əhalinin perspektiv inkişafının müəyyənləşdirilməsi və ölkədəki sosial-iqtisadi vəziyyətin əsas xüsusiyyətlərini qiymətləndirmək üçün ilkin informasiya bazasını formalaşdırır.

Siyahıyaalmada əsasən, rayon, şəhər, kənd əhalisi və onun tərkibi haqqında dəqiq məlumatlar əldə edilir ki, bu məlumatlara əsaslanaraq, on il ərzində ən konkret problemlər daxil olmaqla idarəetmədə vacib qərarlar qəbul edilir. Məsələn, harada yeni məktəb tikmək lazımdır, gənc nəslə təlim-tərbiyə verəcək bu müəssisə üçün neçə müəllimə ehtiyac olacaq, harada xəstəxana, uşaq bağçası və s. tikilməyə ehtiyac var. Bu kimi suallara cavab tapmaq üçün mütləq siyahıyaalmanın nəticələrinə istinad edilir, onun formalaşdırdığı informasiya bazasından istifadə olunur. Ən nəhayət, siyahıyaalma ölkənin salnaməsidir, tarixidir - gələcək nəsil, məhz bu məlumatlara istinadən bizə statistik - rəqəmli qiymət verə biləcək.

Bütün bunlarla yanaşı, siyahıyaalmanın ən əsas sosial-siyasi əhəmiyyəti ondan ibarətdir ki, siyahıyaalma insanları bir araya gətirən ümumxalq kompaniyasıdır, cəmiyyətin birgə fəaliyyətidir. Siyahıyaalmada seçkilərdən fərqli olaraq heç kim bir-biri ilə yarışmır, mübarizə aparmır, əksinə, insanlar bu kompaniyada bir sosiallaşma fürsəti qazanırlar. Siyahıyaalma həm də sosial-iqtisadi baxımdan ciddi əhəmiyyə malik bir tədbirdir. Belə ki, siyahıyaalma nəticəsində ölkə rəhbərliyi əhalinin yaşı və cinsi kateqoriyası, məşğuliyyəti və məşğulluğu, miqrasiyası ilə bağlı etibarlı məlumatlar əldə edərək, vətəndaşlarımızın bir neçə ildən sonra nəyə ehtiyac duyacağını təxmin edə biləcək.

Yeni siyahıyaalma əvvəlkilərdən nə ilə fərqlənir?

2009-cu ildə keçirilən əhalinin siyahıyaalma proqramı yeni keyfiyyət dəyişiklikləri qazanaraq, müasir çağırışlara və beynəlxalq standartlara uyğun şəkildə yenidən proqramlaşdırılıb. Bu proqramla keçirilən siyahıyaalma prosesinin nəticələri əhali haqqında daha dolğun və geniş məlumat əldə etmək imkanı verir. Məsələn, sorğu bölmələrində yüksək səviyyəli mütəxəssislərin və elmi kadrların potensialını öyrənmək üçün ali peşə təhsil pillələri təqdim edilib: bakalavr, mütəxəssis, magistr. Həmçinin, elmi dərəcəyə sahib olan fərdlər üçün xüsusi qrafalar nəzərdə tutulub. Sorğu bülletenlərinə bunlarla yanaşı, məşğulluq haqqında daha dolğun məlumat əldə etmək üçün gəlirin miqdarı göstərilmədən ikinci məşğulluq və dolanışıq mənbəyinin göstərilməsi məsələsi daxil edilib. Binaların yaxşılaşdırılması və sanitar-gigiyenik yaşayış şəraitinin öyrənilməsi baxımından əhalinin yaşayış şəraiti ilə bağlı sualların siyahısı genişləndirilib. Dil bölməsində əvvəlki illərdəkindən fərqli olaraq əhalinin siyahıyaalınmasında açıq şəkildə göstərilməyən ana dili məsələsi yenidən bərpa edilib. Bu sual bəzi millətlərin öz adlarının düzgün təfsiri üçün lazımdır. İlk uşağın doğum tarixi ilə bağlı qadınlar üçün əlavə bir sualın nəzərdə tutulması, əhalinin proqnozlaşdırılma keyfiyyətinin yaxşılaşdırılması üçün məlumat bazasını təmin edəcək. Proqram layihəsinə ilk dəfə informasiya cəmiyyətinin inkişafı və hər bir insanın hüquq və azadlıqlarının həyata keçirilməsində imkanlarının genişləndirilməsi vasitəsi kimi əhali arasında telekommunikasiya imkanlarının öyrənilməsi daxil edilib.

Azərbaycanda siyahıyaalma nə vaxt və necə keçiriləcək?

Siyahıyaalma əhali haqqında məlumatların toplanması, respondentlərin yaşadığı yaşayış və digər binalar, habelə hər kəsin anket suallarına cavab verə biləcəyi xüsusi avadanlıqlarla təchiz edilən siyahıyaalma məntəqələrində əhali ilə görüşmək və siyahıyaalma blanklarını doldurmaqla həyata keçiriləcək. Əhalinin hesablanması zamanı ölkədə daimi yaşayan bütün şəxslər davamlı monitorinq proqramının suallarını cavablandıracaqlar. Belə ki, cins, yaş, doğum yeri, ailə vəziyyəti, təhsili, vətəndaşlıq, milliyyət və dil bilikləri haqqında məlumatlar bütün siyahıyaalmalar üçün ənənəvi suallardır.

Bu il oktyabrın 1-dən 10-dək Azərbaycanda əhalinin kütləvi siyahıyaalınması keçiriləcək. Bunun üçün bütün hazırlıq işləri tam yekunlaşıb. Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, siyahıyaalma prosesinə hazırlıq işlərinə hələ 2017-ci ilin yanvarından başlanılıb: "Ötən iki ildə siyahıyaalmanın metodoloji bazasının yaradılması başa çatdırılıb. Siyahıyaalmanı tənzimləyəcək 50-yə yaxın normativ hüquqi sənəd hazırlanıb. Keçən ilin oktyabrın 1-dən 10-na qədər Qəbələdə sınaq siyahıyaalınması keçirilib". 

"Siyahıyaalınmanın keçirilməsində məqsəd bu idi ki, hazırlanan metodoloji bazanın əyani şəkildə tətbiqini qiymətləndirək və eyni zamanda, proqram təminatını sınaqdan keçirək. Artıq siyahıyaalınmanın keçirilməsi üçün tam hazırıq. Hər bir rayon üzrə xüsusi nümayəndə seçilib və onlar üçün seminarlar keçirilib. 34 mindən artıq insan bu təlimlərə çəlb edilib ki, siyahıyaalınma uğurla həyata keçirilsin", - T.Budaqov deyib.

O qeyd edib ki, bundan sonra 10 milyondan artıq sorğu siyahıları emal ediləcək, bu isə uzun bir prosesdir və bütün bu mərhələlər Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən Tədbirlər Planında öz əksini tapıb.

Siyahıyaalınmanın nəticələri isə 2022-ci ilin birinci rübünün sonunda açıqlanacaq

Xatırladaq ki, müstəqillik tarixində ilk dəfə 2009-cu il aprelin 13-dən 22-dək Azərbaycan əhalisi siyahıya alınıb. Bu proses BMT-nin tövsiyələrinə uyğun olaraq hər 10 ildən bir və dünyanın bütün ölkələrində aparılır. Komitə sədri bildirib ki, ölkəmizdə akkreditə olunan beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Əhali Fondunun, Uşaq Fondunun, İnkişaf Proqramının, Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşlər keçirilib və əhalinin siyahıyaalınması ilə bağlı əməkdaşlıq istiqamətləri müəyyən edilib: "BMT-nin "2020-ci il mərhələsində əhali və mənzil fondunun siyahıyaalınmalarının keçirilməsinə dair Avropa statistikləri konfransının tövsiyələri" ilə nəzərdə tutulan əsas əlamətləri özündə əks etdirən siyahıyaalma proqramı, Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklər, MDB-yə üzv olan dövlətlərin statistika xidmətləri rəhbərləri Şurasının müvafiq qərarı, Azərbaycan Respublikasında müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla siyahıyaalma və sorğu vərəqələri hazırlanıb, digər metodoloji sənədlər təsdiq edilib".

Qeyd edək ki, Azərbaycanda 1999-cu ilin yanvarında keçirilən siyahıyaalmanın nəticələrinə görə respublikamızda 7 milyon 954 min əhali yaşayıb. 2009-cu ilin göstəricilərinə görə isə Azərbaycan əhalisinin sayı 8 milyon 733 min nəfər olub. Bu ilin aprel ayında isə Azərbaycanda on milyonuncu körpə dünyaya gəlib. Göründüyü kimi, son iyirimi ildə Azərbaycan əhalisi yüksək templə artaraq səkkiz milyondan on milyona çatıb. Bu isə müasir dünyada iqtisadi inkişafın əsas göstəricilərindən biridir.

Ümumiyyətlə, siyahıyaalma prosesinin təhlilindən göründüyü kimi, bu tədbir bir ümumxalq, vətəndaş işidir. Ona görə də siyahıyaalma prosesində hər bir vətəndaş aktiv iştirak etməli, hökumətin təyin etdiyi sayıçıların yerinə yetirdiyi missiyaya hörmətlə yanaşmalıdırlar. Bu, bir vətəndaş olaraq bizim vəzifəmiz, borcumuz, həm də gələcək üçün gözləntilərimizdir. Çünki siyahıyaalma bu günün salnaməsidir, gələcək nəsilə bizim haqqımızda verilən dolğun mesajdır, hansıki əsrlərin arxasından, yalnız bu göstəricilərə görə bizim cəmiyyətə statistik qiymət veriləcək. İkincisi, biz bu gün fərd olaraq nələrə qadirik və bizim nəyə ehtiyacımızın olduğunu bu fürsət vasitəsi ilə idarəedicilərə çatdıra bilərik. Digər tərəfdən, qarşıdakı on il ərzində bütün idarəetmə prosesi bu günlərdə başlanacaq siyahıyaalmanın nəticələrinə əsaslanacaq. Bu səbəbdən də siyahıyaalma blanklarında verilən suallara dəqiq və dürüst cavablar vermək, prosesə ciddi şəkildə yanaşmaq hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. Bu borcu layiqincə yerinə yetirməyə çalışaq ki, xalqımızın tarixi salnaməsini dəqiq yazaq!

Akif Nəsirli

Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün dərc olunur

0.20023107528687