Əhalinin siyahıyaalınmasına dair maariflənmə işləri Beyləqanda uğurla başa çatıb

2019-cu il oktyabrın 1-10 tarixində ölkədə keçiriləcək Əhalinin Siyahıyaalınmasına dair maariflənmə işləri Beyləqan rayonunda başa çatlb.

Məlum olduğu kimi, oktyabrın 1-10-nu tarixində ölkədə həyata keçiriləcək əhalinin siyahıyaalınması müstəqil Azərbaycan Respublikasının tarixində sayca üçüncüdür.  “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 sentyabr tarixli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında”,  2016-cı il 16 dekabr tarixli Qərarına əsasən siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədilə rayon icra hakimiyyəti başçısının müavininin sədrliyi ilə ümumilikdə rayon üzrə əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılıb.

Aidiyyatı dövlət orqanlarının əhalinin siyahıyaalınması ilə bağlı müvafiq vəzifələri müəyyən edilib. Beyləqan rayon Statistika İdarəsi tərəfindən əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsini və onun keçirilməsini təmin etmək məqsədilə geniş tədbirlər planı həyata keçirilib.

Siyahıyaalmaya cəlb edilmiş bütün işçilər üçün xüsusi təlim proqramları hazırlanaraq ayrı-ayrı qruplarla Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əhalinin Siyahıyaalma Qrupunun nümayəndəsi B. Ə. Abdullayev və rayon Statistika İdarəsinin rəisi Rövşən Allahverdi oğlu Quliyevin iştirakı ilə siyahıyaalma məntəqələrinin müdirləri, müdir müavinləri, təlimatçı-nəzarətçilər və sayıcılardan ibarət olmaqla (ayrı-ayrı qruplara) 12 təlim keçirilmişdir.

Bu təlim proqramları Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi qaydalarını, siyahıyaalma və sorğu vərəqələrinin doldurulmasına dair göstərişləri, yerli statistika orqanlarının rəislərinin və siyahıyaalma qrupu rəhbərinin rayon üzrə nümayəndəsinin, siyahıyaalma məntəqəsi müdirləri və onların müavinlərinin, təlimatçı-nəzarətçilərin və sayıcıların əhalinin siyahıyaalınması ilə bağlı vəzifələrini və fəaliyyət istiqamətlərini, ümumilikdə əhalinin siyahıyaalınması ilə bağlı hazırlanmış müvafiq metodoloji və digər sənədlərin izahlı əyani təqdimatını əhatə edib.

2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı tətbiq ediləcək siyahıyaalma və sorğu vərəqələrində bir sıra yeniliklər öz əksini tapıb. Siyahıyaalınmada istifadə olunacaq sorğu vərəqəsinə ilk dəfə olaraq əlilliyə dair suallar əlavə edilib. Bu suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna və əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatlar şəhər və rayonlar, eləcə də yaş qrupları üzrə əldə ediləcək. Siyahıyaalma və sorğu vərəqələrində istifadə olunan terminlər milli normativ və beynəlxalq sənədlərə əsaslanır. Vərəqələr elə tərtib olunub ki, alınacaq məlumatlar bundan əvvəlki siyahıyaalmanın göstəriciləri ilə müqayisə aparılmasına imkan yaratsın.

2019-cu il əhali siyahıyaalınması bütün əhali üçün vahid olan siyahıyaalma proqramı əsasında sayıcılar tərəfindən bütün yaşayış yerlərini (müvəqqəti yaşayış yeri də daxil olmaqla) əhatə etməklə sorğu yolu ilə aparılacaq. Bu yanaşma nəticəsində əhalinin faktiki məskunlaşması barədə də mühüm məlumatlar əldə ediləcək.

Məlumdur ki, siyahıyaalmanın müvəffəqiyyətlə keçirilməsi əhali arasında maarifləndirmə işlərinin təşkil olunmasından çox asılıdır. Bu məqsədlə əhalinin məlumatlandırılması üçün zəruri forma və metodlardan istifadə olunur. Kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edilməsi əhalinin siyahıyaalınmasının mütəşəkkil keçirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. “Dayanıqlı gələcək naminə siyahiyaalınmada öz töhfəni əsirgəmə!” şüarı altında həyata keçirilən tədbirlərin əsas məqsədi əhalinin siyahıyaalmada könüllü olaraq fəal iştirakın təmin edilməsinə, siyahıyaalınmanın əhəmiyyəti və məqsədinə dair (ictimai maarifləndirmə və izahatı) təbliğat və maarifləndirmə işlərinin aparılmasıdır. Bu məqsədlə təşviqat xarakteri daşıyan banerlər və plakatlar rayonun mərkəzi küçələrində, bütün qəsəbə və kəndlərdə müəyyən olunmuş dislokasiyalar üzrə yerləşdirilib.

Siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Ölkənin inkişafında həlledici rol, məhz insan potensialı ilə bağlı olduğundan əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş məlumatlar informasiya cəmiyyətinin qiymətli resursudur. Dövlətimizin inkişafına, müstəqilliyimizin gücləndirilməsinə və ölkənin hər bir vətəndaşının sosial rifahının daha da yaxşılaşdırılmasına təkan verəcək əhalinin siyahıyaalınmasında fəal iştirak etmək hər birimizin vətəndaşlıq borcudur.

Rövşən Quliyev

Beyləqan Rayon Statistika İdarəsinin rəisi

stat2stat3stat1

0.29243993759155