Adsız yazı

Yusif Seyid

Yazmaq istəmədən yazdım

Abşeron rayonunun problemlərindən və məmurlarından o qədər yazdım ki, axır yoruldum. Onların isə heç veclərinə belə deyil. Necə deyərlər, "çax-çax baş ağrıdır, dəyirman öz işində". Bu səbəbdən də, bu gün bir qədər fərqli mövzuya toxunmaq istəyirəm.

Belə deyirlər ki, sən siyasətlə məşğul olmasan da, siyasət səninlə mütləq məşğul olacaq,  buna heç şübhəniz olmasın. Çünki jurnalist olub, ətrafında baş verənlərə biganə qalmaq mümkün deyil. Bəzən istəyirsən ki, hansısa maraqlı bir mövzu ətrafında müzakirə açasan, yaxud onu müzakirə mövzusuna çevirəsən, çifayda, bir də görürsən ki, yazmaq istəmədiyin problemlər alıb səni ağuşuna ki, bəs, bizdən nə üçün yazmırsan?.

Son illər bizim başbilənlərimiz dil-ağıza qoymadan iddia edirlər ki, son 10-15 ildə ölkəmizdə 2 milyondan artıq, yeni iş yerləri yaradılıb, işsizliyin səviyyəsi 50-55 faizdən 5-6 faizə salınıb. Bu göstəricilərə görə, ölkəmiz MDB dövlətləri arasında liderdir. Bəs necə, belə də olmalıdır da. 2 milyarddan çox əhalisi olan Çində əhalinin cəmi 15 faizi (300 milyon insan) yoxsulluq səviyyəsində yaşayırsa, onun yoxsul əhalisinin sayından 30 dəfə az əhalisi olan möhtəşəm neft ölkəsində insanların işsiz və yoxsulluq şəraitində yaşaması ayıb olar axı. Biz hələ iş qabiliyyətli insanlarımızın böyük bir qisminin əcnəbi ölkələrdə çorək qazanmalarından danışmırıq.

Qazanc demişkən, bir məsələni xüsusi qeyd etmək istəyirəm. Dünyanın hər yerində qazancgətirən sahələr də, nədənsə ölkəmizdə gəlir gətirmək bir yana, dövlətdən aldığı yardım, dotasiya və subsidiyalar hesabına öz mövcdudluqlarını zorla qoruyurlar. Daha doğrusu, bu yolla dövlət büdcəsinə külli miqdarda ziyan vururlar. Bunun əsas səbəbi də, məmurların həmin sahələrdən qazanc əldə etmək maraqlarının olmamasıdır. Onlar belə fikirləşirlər ki, tər töküb, iş görüb pul qazanmaqdansa, büdcədən ayrılan vəsaitləri müxtəlif üsullarla talamaq daha asan yoldur. Bu bizim məmurlarımızın böyük əksəriyyətinin həyat kredosu, həyat və yaşam tərzidir (Baxmayaraq ki, ölkəmizdə məmurların bizneslə məşğul olmaları qanunla qadağandar).

Məsələn, götürək sərnişindaşınma sahəsini. Bu sahədə fəaliyyət göstərən sahibkarlar qeyd edirlər ki, dövlətin yardımı olmasa, onlar fəaliyyət göstərə bilməzlər. Eyni zamanda görürsən ki, onların həyat tərzi heç də deyilənlərə uyğun deyil (söhbət bu sahəyə rəhbərlik edənlərdən gedir, eks-nəqliyyat nazirinin oğlunun fəaliyyətini yada salın). Yəni dotasiya və yardımla işləyən bir qurumun "xozeyinləri" mil-yonçular kimi yaşayır.

Bunu həm də Metropoliten xidmətinə şamil etmək olar. Yadınızdadırsa, metronun bir şefi var idi (adını çəkmirəm, mənim sabiqlərlə işim yox), deyirdi ki, metronun qazancla işləməsi üçün gediş haqqı 1 manat olmalıdır. Bunları deyəndə, metroda vurhavurla gedən pərakəndə ticarətdən əsla söz açmazdı. Çünki metro gəlirsiz və dövlət yardımı ilə işləsə də, həmin ticarətdən gələn gəlir onun dolanışığını istədiyi kimi təmin edirdi. Bildiyiniz kimi, Londonda da metro xidməti var və onun gəlirinin böyük hissəsi sərnişindaşımadan deyil, xəritələrdən çıxır. Yəni bu iş elə qurulub ki, ondan külli miqdarda gəlir əldə olunur. Bizim metrolarda isə bir zamanlar tuman-köynəkdən tutmuş, uşaq oyuncaqlarına qədər hər şey satılırdı və metro nədənsə, yenə ziyanla işləyirdi.

Tağı Əhmədovun ölənlərinə rəhmət!

London metrosunda isə ancaq xəritələr satılır və bununla belə, dünyanın ən inkişaf etmiş metro strukturu kimi fəaliyyət göstərir. Daha bizimkilər kimi, gözünü dövlətin ayırdığı yardımlara dikməyib.

Bu heç də, ancaq metroya xas xüsusiyyət deyil. "Azərsu", "Azərişıq", "Azəriqaz" kimi, bir çox qurumlar, düzgün idarəçilik sistemi yarada bilməmələri üzündən, dövlət büdsəsini talamaqla öz işlərini bitmiş hesab edirlər.  

Bunu həm də ölkəmizin kənd təsərrüfatına, aqrar sektora da aid etmək olar. Çünki, bu gün demək olar ki, ölkəmizin aqrar sektoru bütünlüklə dövlətin yardımından asılı vəziyyətdədir. Eyni zamanda, ölkəmizin bazar və marketlərində dünyanın istənilən ölkəsindən gətirilən məhsullara rast gəlmək mümkündür. Baxmayaraq ki, həmin məhsulların böyük bir qismini ölkəmizdə də istehsal etmək mümkündür. Bunun üçün ilk növbədə stimul lazımdır. Korrupsiyanın və rüşvətin tüğyan etdiyi bir məkanda isə heç bir stimuldan danışmaq mümkün deyil. Korrupsiya və rüşvət elə bir bəladır ki, o, sahibkarların fəaliyyətini iflic edərək, sıradan çıxarır.

Sahibkarların özləri də etiraf edirlər ki, istər qiymət artımı, istərsə də istehsalın keyfiyyət və kəmiyyətinin aşağı düşməsinin əsas səbəbi, ölkəmizi bürüyən korrupsiya və rüşvət virusudur. Bu virus məhv edilərsə, bütün sahələrdə inkişafın və tərəqqinin şahidi ola bilərik. Korrupsiya və rüşvətin çiçəkləndiyi bir məkanda isə dövlətdən alınan dotasiya və subsidiyaları talamaqla yaşamaq daha asandır.

Gördünüz də, alınmadı. Yazı yenə də gedib problemlərin üzərinə çıxdı.

Bilirsiniz, bunun səbəbi nədir? Məmurlarımızın gönüqalınlığı və mətbu sözünə biganəliyi. Əgər məmurlar mətbuatda qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində azacıq bir cəhd göstərsəydilər, bu gün məmləkətimiz Avropanın ən inkişaf etmiş ölkələrini belə, hər bir sahədə geridə buraxardı.

Çox təəssüflər olsun ki, bizim məmurlarımız nöqsanları aradan qaldırmaq əvəzinə, həmin nöqsanları ictimailəşdirən jurnalistləri susdurmaq yolunu tuturlar və bir çox hallarda buna nail ola bilirlər. Bu səbəbdən də, bütün nöqsanlar acı bağırsaq kimi uzanır illərlə öz həllini tapmır.

Allah məmurlara insaf versin ki, pul hərisliyindən əl çəkib, bir qədər də xalqı və dövləti üçün çalışsınlar.

Bu yazının Abşeron məmurlarına heç bir aidiyyatı yoxdur, onlar tamam başqa bir yazının "qəhrəmanları" olacaqlar, İNŞƏALLAH!

0.17256593704224