Tərbiyədə şəxsi nümunənin rolu

Tərbiyədə şəxsi nümunənin rolu
 

Şahnaz Salehqızı
[email protected]

Valideynin, müəllimin, rəhbər şəxsin nümunəsi çox vacibdir

Həyatın bütün sahələrində tərbiyənin yeganə məqsədi ağıllı, bacarıqlı, kamil dünyagörşə malik şəxsiyyət formalaşdırmaqdır. Belə şəxslərin formalaşmasında bir sıra yüksək keyfiyyətlər ailədə, məktəbdə və cəmiyyətdə formalaşır.

Keçdiyimiz ömür yolundan aldığımız həyat dərsi sübut edir ki, məktəb illəri insanın həyatında əxlaqi keyfiyyətin formalaşmasında ən fəal dövrdür. Bu dövr insanın  mənəvi cəhətdən zəngin inkişaf etdiyi, intellektual baxımdan təkmilləşdiyi, yetgikinlik mərhələsinin, mənəviyyatın formalaşdığı  mərhələdir. Hər birimiz zaman-zaman bu təkrarolunmaz yollardan keçsək də, bu gün yenə də bəşəriyyətin ən böyük problemi olan, məhz o məkanda layiqincə ala bilmədiyimiz tərbiyə ilə bağlıdır.

Bilim adamlarının, alimlərin son axtarışlarının nəticəsi təsdiq edir ki, insanın tərbiyəsi doğulandan sonra deyil, döl ana bətnindəykən başlayır və həyatda davam  edir. İnsan həyatında misilsiz rol oynayan tərbiyə prosesi sadə iş deyil, həddindən çox çətin, vacib məsələdir.

Tədqiqatçı alimlər insanın həyata gətirdiyi övladın tərbiyəsində valideynin, ilk növbədə döl ana bətnində olanda ananın sinir sisteminin sağlamlığından, ekoloji sağlam qida qəbulundan, rahat ailə-məişət və həyat şəraitindən çox asılı olduğunu müəyyən ediblər. Buna görə də inkişaf etmiş ölkələrdə dövlət hamilə qadınlara qayğını önə çəkib.

Övlad böyütmək, onu normal tərbiyə etmək, təhsil alması üçün şərait yaradıb cəmiyyət üçün faydalı şəxsə çevirmək hər bir valideynin müqəddəs borcudur.

Ailənin dövlət və cəmiyyətin nüvəsi adlandırılması da təsadüfi deyil. Çünki dövlətin qüdrəti onun vətəndaşının enerjisi, elmi və iqtisadi fəallığı nəticəsində qazanılır. Əgər vətəndaşlar sağlam, yüksək elmi, əxlaqi tərbiyəyə malikdirsə, həmin vətəndaşların dövləti heç zaman gücsüz ola bilməz. Buna görə də dünyada güclü olmaq istəyən hər bir dövlət, ilk növbədə, yüksək elmi, əxlaqi tərbiyəyə malik, hərtərəfli sağlam vətəndaş böyütmək məqsədilə hər il dövlət büdcəsindən ailəyə, elmə, təhsilə, səhiyyəyə kifayət qədər maddi vəsait ayırır. Məsələn, dünya nəhəngi ABŞ-ın dövlət büdcəsindən ailəyə, səhiyyəyə, elm və təhsilə hərbdən daha çox pul vəsaiti ayrılır. Qardaş Türkiyə də həmçinin, dövlət büdcəsindən qeyd etdiyimiz sahələrə xeyli çox vəsait ayırır, yeni nəsil insan kapitalının həlledici amil olduğunu ciddi şəkildə nəzarətində saxlayır.

Tərbiyə işində dövlətin verdiyi maddi dəstəyin rolunu inkar etmək mümkün deyil, lakin vətəndaşın yüksək səviyyədə tərbiyə olunması prosesində evdə valideynin, təhsildə müəllimin, işdə rəhbərin qabiliyyət və bacarıqları ilə yanaşı, onların hər birinin şəxsi nümunəsinin xüsusi önəmi var. Bunu dünyanın tədqiqatçı alimləri qeyd edirlər. Sovet pedaqoqu A. S. Makarenko öz əsərində qeyd edirdi ki, şagirdlərin tərbiyəsində valideynin və müəllimin şəxsi nümunəsi təlim-tərbiyə prosesinin təməl daşıdır.

Bu, bir həqiqətdir ki, qədimdən günümüzədək, insan və onun tərbiyəsi, sözlə işin, davranışın vəhdəti həmişə aktual problem olaraq qalıb və bu gün də ən zəruri məsələ kimi qarşıda durur.

Şərqin görkəmli nümayəndələrindən olan Sədi Şirazi deyirdi ki, oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora, elm oxuyub əməl etməyən adam isə torpağı şumlayıb toxum səpməyən əkinçiyə bənzər! Barsız alim də balsız arıya!

Tarixi vərəqlədikcə, ədəbiyyatımıza nəzər yetirdikcə bu qəbildən olan saysız, hesabsız fikirlərlə, deyimlərlə qarşılaşırıq.  Abbasqulu ağa  Bakıxanovun  "Əxlaqın təmizliyi" adlı əsərindən yaddaşımda  belə bir fikir qalıb: "Sözü ilə işi bir-birinə uyğun gəlməyən adam pis yoğrulmuş xəmirə bənzər. Belə adamlardansa, yol qırağında bitən ağac və ayaq altında ayaqlanan palçıq daha yaxşıdır. Çünki onlardan ən azı tikinti materialı kimi istifadə etmək olar."

Bəli, bu gün təmbəki sümürən valideynin öz övladına, müəllimin isə şagirdinə "siqaret çəkmə"-söyləməsinin heç bir faydası olmayacaq. Valideyn və müəllim özləri siqaret çəkməyib, şəxsi nümunə göstərəcəklərsə, o zaman bunun faydası və təsiri olacaq. Yəni valideynin, müəllimin, rəhbər işçilərin sözdə bir cür, əməldə, gündəlik fəaliyyətdə, şəxsi həyatda başqa cür, yanlış hərəkətləri həmin şəxslərin rəhbərliyi altında olan insanlara da mənfi təsir göstərir və bunu hər kəs asanlıqla müşahidə edir.

Məsələn, korrupsiya və rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq və digər mənfi hallarla məşğul olan rəhbər şəxs tabeçiliyində çalışan vəzifəli şəxslərdən bu kimi mənfi fəaliyyətə son qoymağı top-tüfənglə qadağan etməyə çalışsa belə, yenə heç bir müsbət nəticə əldə edə bilməyəcək. Çünki rəhbərin özünün şəxsi nümunəsi insanların beyninə mismar kimi çalınıb və həmin "mismarı" oradan çıxarmaq qeyri- mümkündür.

Əyani sübut kimi ölkəmizdə müşahidə olunan rüşvətxorluq və korrupsiya fırtınasına qarşı aparılan mübarizənin nəticəsini göstərmək yetər. Bu gün Baş Prokuror yanında fəaliyyət göstərən  Korrupsiyaya qarşı Mübarizə İdarəsinin uzun zamandır fəaliyyətdə olmasına baxmayaraq, rüşvətxorluq və korrupsiyanın ölkədə mövcud olan real durumu hər kəsdə dəhşət yaradır. Burada da yenə eyni vəziyyətin şahidiyik, mübarizə aparan idarə rəhbərlərinin özlərinin rüşvət və korrupsiyada göstərdikləri şəxsi nümunə bu mübarizənin nəticəsinə mənfi təsir göstərir və ölkə həm  daxildən, həm də xaricdən güclü təzyiqlərə məruz qalır.

Gətirdiyim misallar və faktlar əxlaqda, tərbiyədə, gündəlik fəaliyyətdə hər kəsin sağlam nümunə göstərməsinin ailə, cəmiyyət və dövlət üçün vacib, əsas olduğunu təsdiq edir. Dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsi bizə güclü dövlət qurmaq üçün ən yaxşı nümunədir. Lakin güclü dövlət qurmaq üçün yeni təfəkkürə, sağlam düşüncəyə və kompleks tərbiyəyə malik nəsil yetişməlidir. Müstəqillik illərinin acı reallığı sübut edir ki, sovet tərbiyə sisteminin düşüncə və təfəkkürü ilə beyni zəhərlənmiş hazırkı rüşvətxor, korrupsioner rəhbər kadrlarla azad, demokratik, müasir, güclü dövlət qurmaq mümkün deyil, çünki yenidən tərbiyə olunma prosesinin çətin olduğunu tarixdən bilirik.

Həyatın təcrübəsi bütün sahələrdə hər birimizdən şəxsi nümunə göstərməyi tələb etdiyi zamanda, bizim bu çağırışa cavab verə bilmədiyimiz aydın görünür. Digər tərəfdən, bizi idarə edənlərin də həyat dərslərindən düz nəticə çıxarmaq qabiliyyətinin olmadığı üzə çıxır və nümunə göstərmək keyfiyyətlərinə yiyələnmiş müasir gəncliyə ehtiyac duyulur.

0.018733978271484