“Limanda” görüşən üç sənətkar – Mirzə Babayevin son arzusu

 

 

Bəzən saatlarla, yorulmadan eyni musiqini dinləyə bilirik. Dinlədikcə bizi çox uzaqlara aparan həmin bəstələrin böyük əksəriyyəti sevgiyə həsr olunub. Bu gün sizinlə həmin musiqilərdən birinin tarixçəsini bölüşəcəyik.

Söhbət sevilən üç sənət adamını birləşdirən “Limanlar” mahnısından gedir.

Gələcəkdə dillər əzbəri olacaq mahnının sözləri 1968-ci ildə Adil Rəsul tərəfindən qələmə alınıb. A.Rəsulun sətirlərə düzdüyü dəniz, liman sevgisinə musiqini isə Rəşid Nəsiboğlu 1971-ci illərdə bəstələyib.

Bəstəkar bu musiqini məhz Mirzə Babayevə həsr etmişdi. Deyilənə görə, bu musiqi onun üçün o qədər əziz, əvəzedilməz olub ki, ömrünün son zamanlarında ona klip çəkilməsini istəyib. Elə son istəyi və arzusu olan klip hazırlandıqdan bir neçə gün sonra isə vəfat edib.

paralel.az sehri ilə qəlbləri ovsunlayan “Limanlar” mahnısının tarixçəsi barədə maraqlı faktları təqdim edir:

Mahnının yazılması ilə bağlı çox maraqlı məqamlar var. Bəzi mənbələrdə Rəşid Nəsiboğlunun “Limanlar” mahnısını həbsdə, kiçik bir taxta parçası üzərinə çəkdiyi xəyali piano dillərinin üzərində bəstələdiyi qeyd edilir.

Heç bir musiqi səsi olmadan, notları bu dərəcədə ahəngli şəkildə düzən Rəşid bəy dövrünün ən gənc sənət adamlarından biri olub. Bu gün geniş auditoriyanın tanımadığı Rəşid Nəsiboğlu bu əsəri ilə adını tarixə yazmağı bacardı.

Bəstəkarın qardaşı qızı, jurnalist Afaq Vasiqızı əmisinin 51 illik musiqi həyatında bəstələdiyi mahnılara, eləcə də, “Limanda” mahnısının tarixi barədə məqamlara aydınlıq gətirib:

“Rəşid Nəsiboğlunun ən çox zaman ayırdığı məhz musiqi idi. Getdiyi yerdə piano varsa, mütləq ifa edərdi. Bizə tez-tez gələrdi. Hər kəslə görüşüb “Sizə nə ifa edim?” deyərək piano arxasına keçərdi.

Rəşid Nəsiboğlu 1943-cü ildə İçərişəhərdə yazıçı Nəsib Əfəndiyevin ailəsində dünyaya gəlib. Anası İnsafxanım Ağazadə dil-ədəbiyyat müəllimi idi. Gənc yaşlarından musiqiyə olan həvəsi Rəşidi Büllbül adına orta ixtisas musiqi məktəbinə, orada da Konservatoriyaya aparır. Cövdət Hacıyevin sinfində bəstəkarlıq təhsili alır.

Əfəndiyevlər ailəsində təhsilə, elmə xüsusi ehtiram vardı. Sonralar Asif Ata kimi tanınan filosof Asif Əfəndiyev Rəşidin əmisi oğlu olub. Rəşid konservatoriyada oxuyanda Asif müəllim orada fəlsəfədən dərs deyirmiş. İmtahan vaxtı Rəşidin xatirinə bütün qrupa yüksək qiymət yazır. Sıra Rəşidə çatanda məlum olur ki, əmisi oğlunun fənninə tələbə heç hazırlaşmayıb.

Professor əmisi oğlunu imtahandan kəsir. Bu “iki”ni əmisinə belə izah edir: “O biri uşaqlar oxumasalar da, olar, Rəşid oxumasa, ona qiymət vermərəm”. 

Rəşidin bacarıqları tez bir zamanda üzə çıxır. Dövlət televiziyasında çalışmağa başlayır. Sonralar “İrs” folklor ansamblını yaradır. Azərbaycanı qarış qarış gəzib milli musiqi alətlərini toplayan ilk musiqiçi də məhz Rəşid Nəsiboğlu olur. Qısa zamanda “İrs”in şöhrəti ölkə hüdudlarını aşır.

Bəstəkar “Almanı alma gəlin”, “Cığey-cığey” kimi qədim xalq mahnılarını bərpa edib işləyir. 

R.Nəsiboğlunun Nazım Hikmətin sözlərinə yazdığı “Ceviz ağacı” romansı guya sətiraltı türkçülük ideologiyasına görə, “Zarafat” mahnısı isə sovet rejiminə ironik baxış sərgilədiyi iddia edilərək efirə buraxılmadı.

(Bəstəkar Rəşid Nasiboğlunun mahnılarının klavirləri, öz əl yazısı)

Bütün çətinliklərə baxmayaraq, Rəşid Nəsiboğlunun 1981-ci ildə yaratdığı “İrs” folklor ansamblı onun yaradıcılığını daha geniş auditoyiyaya çatdıra bildi. “İrs” dövrün özünəməxsus kollektivi ilə seçilirdi. Çox keçmədi ki, ansambl dövlət statusu aldı və qastrollara başladı.

Dəfələrlə onu səfərlər zamanı rüşvət damğası ilə qarşı-qarşıya qoydular və nəhayət, Avstriya səfəri zamanı onu şərlədilər. Dövlət Təhlükəsizlik Komitəsində məcburən öyrədilən insanlar məhkəmədə şahidlik edərək onun rüşvət aldığını dedilər və erməni hakim ona səkkiz il hökm oxudu”.

A.Vasifqızı deyir ki, sovet dönəmində xaricə səfər edən qrupların hər birinə xüsusi xidmət orqanlarının əməkdaşları salınırdı:

“Ümumilikdə məqsəd dəmir pərdənin o biri üzündə, sovet adamının etdiyi hərəkətlərə nəzarət etmək idi. Rəşid Nəsiboğlunun yaratdığı “İrs” ansamblı dəfələrlə qastrollara gedir. Həmin səfərlərdən birinə hazırlaşan zaman qrupun rəhbərinə təklif edilir ki, məxfi şəkildə DTK-ya məlumat ötürsün.

Başqa sözlə desək, öz həmkarlarına nəzarət etsin, yəni bir növ casusluq etsin. Bu təklifdən boyun qaçırdığına görə Rəşidin başı çox bəlalar çəkir. Sonda isə onu şərləyib həbs edirlər. İş Moskvaya qədər gedib çatır. Moskvada işə baxılır və heç bir cinayət tərkibi olmadığına görə bəstəkara bəraət verilir.

Proses tamamlanana qədər isə 1 il 8 ay keçir. O müddət ərzində Rəşid Nəsiboğlu məhbus həyatı yaşayır. Həbsxanada kiçik taxta parçası üzərində özünə piano şəkli çəkmişdi. Həmin taxtanın üzərində, musiqini eşitmədən mahnılar bəstələyirdi.

Bəzən “Limanda” mahnısının həbsdə bəstələndiyini iddia edirlər. Lakin bu, yanlış məlumatdır. Çünki “Limanda” mahnısı 1970-ci illərdə bəstələnib, Rəşid isə 1984-cü ildə həbsdə olub. Həbsdə olduğu müddətdə bir çox mahnılar bəstələyib ki, onlardan ən məhşuru “Bu çay niyə qurudu?” mahnısı olub”.

Mahnı Mirzə Babayevin ifasında daha da tanınır. Bu gün isə çoxları bu mahnını Mirzə Babayevin adı ilə xatırlayır. O Mirzə Babayev ki, ömrünün son günlərini bu mahnıya klip çəkməyə həsr edir. Klipi isə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu lentə alır.

B.Vəziroğlu klipin yaranmasını belə xatırlayır:

“O vaxt Mirzə Babayev bu mahnını ifa edərək onu tamamladı. 

“Hiss edirəm ki, vaxt azalır, getmək vaxtı yaxınlaşır. “Limanda” mahnısına klip çəkməyini istəyirəm. Bu mahnı mənim üçün başqadır, o biri mahnılara çəkdiyim kliplərdən fərqli klip istəyirəm. Məni Mirzə edən o mahnıdır, o mənim taleyimin mahnısıdır. Bunun tarixdə qalmasını istəyirəm”, - M.Babayev duyğularını dilə gətirir.

Nəhayət, mən o klipi çəkdim. Klipin əvvəlində və sonunda da özüm çəkilmişəm. O mahnı dünyanın bir liman olduğundan bəhs edir. Görüşüb ayrıldığımız dünya limanı. Klipdə azyaşlı uşaqların, gənclərin və yaşlı insanların görüşüb ayrıldığı məqamları əks etdirmişik.

Orada Elmira Şabanova da çəkilib. Təəssüf ki, klip çəkiləndən bir neçə gün sonra Mirzə Babayev dünyadan köçdü və mən klipi artıq həyatda olmayan üç insanın - Rəşid Nəsiboğlunun, Adil Rəsulun və Mirzə Babayevin əziz xatirəsinə həsr etdim”.

Rəşid Nəsiboğlu ilə Mirzə Babayev arasında çox güclü ürək bağları var idi. Kənardan onları ata-bala kimi görənlər də az olmayıb. Bəstəkar elə sağlığında Mirzə Babayevə çox gözəl bir cümlə deyib:

“Limanda” mahnısını səndən yaxşı və səndən qeyri bir kəs oxuya bilməyəcək...”

Həbs həyatı Rəşid Nəsiboğlunun həyatında silinməz izlər qoydu, onun yaradıcılıq həvəsini sarsıtdı. Kimliyindən asılı olmayaraq, ədalətsizlik hər kəsin qolunu-qanadını sındırır. Nəhayət 1987-ci ildə bəraət alan bəstəkar dağılmış “İrs” ansamblından geriyə qalan parçaları bir araya toplamağa, yenidən yazıb-yaratmağa cəhd etsə də, buna nail ola bilmir. Ruhu sağalmaz yaralar alan bəstəkar əlindən alınan azadlığa təkrar qovuşsa da, çox yaşamadı. 1993-cü ilin dekabr ayının 30-da, həyatının 51-ci ilində qəflətən vəfat edir. 

Təxminən 50 yaşı olan mahnı bu gün belə oxunur, dinlənilir və sevilir. Elə onu ərsəyə gətirən üç gözəl insanın daim hörmətlə xatırlandığı kimi...

Könül Cəfərli  

0.12759184837341