Yarı yolda qoyma məni!

Hidayət Ağalar - yeni şeirlər

Redaksiyadan: Hörmətli oxucular, şair təbiətli Hidayət Ağalar əslən Beyləqan rayonunun Əlinəzərli kəndindəndir. O, uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda pensiyaçıdır. Müxtəlif janrlarda yazdığı şeirləri dövrü mətbuatda tez-tez çap olunur. «Paralel» qəzeti olaraq, şair-pedaqoqun bir neçə şeirini oxucularla bölüşmək istədik.  yeni şeirləri ilə görüşünüzə gəlib, oxuyun və şairin zərif duğularının təsirilə feyziyab olun

ADSIZ ŞEİR

Xəyalın qapısın açıb,
Dünyaya xəyalımın gözü ilə
Baxıram mən də.
Dünya nə kiçik görünür
Onu dərk edə bilməyəndə?!
Dünya kiçik, xəyalım ondan böyük.
Xəyalımın qanadında dünya kiçicik bir yük.
İndi dünya söyləsin:
-Mən böyüyəm, O böyük?

QATAR

Ayrı düşüb ümidim xəyalımdan,
Nə xəyalım ümidimə qayıdır,
Nə ümidim xəyalıma çatır.
Ağır yük çəkən qatar.
Eh!
Bu qatarın qayıtmağı yox,
Getməyi var...

KÜLƏK

A layla çalan külək,
Yavaşca çal laylanı.
Hay-haray salma külək,
Oyatma el-obanı,
Sevgilim yuxudadır.
Sözlərimi eşit bir,
Səndə bu tərslik nədir?
Pəncərəni qoy açım,
Sən Allah yavaşca gir,
Sevgilim yuxudadır.

SƏHƏR GƏLƏRSƏN SƏN DƏ

Yuxumda səni gördüm, sərnicim aşdı-daşdı,
Mən ayılcaq çəkildin, qaldım gözləri yaşlı.
Yatdım ki, bir də görüm, amma gəlmədin nədən?
Gəl başına döndüyüm, yoxsa küsübsən məndən?
Bir də gəl gir yuxuma, çəkilmə xəyal kimi,

Dur, səsini dinləyim, dayanaraq lal kimi.
Gecənin zülmətində məni boğardı qəhər,
Geciksəydi yanıma gecənin qızı-səhər.
İncə təbəssümüylə günəş mənə güləndə,
İnandım ki, günəş tək səhər gələrsən sən də.

HARA TƏLƏSİRSƏN?

Buludların dolmağı var,
Dönüb leysan olmağı var.
Açılanın solmağı var,
Çiçək, hara tələsirsən?

Yox hesabı gileyimin,
Ürək birdir, diləyi min.
Yolu yoxsa diləyimin,
Dilək, hara tələsirsən?

Dərd dağları qarıdımı?
Beçə verməz arıdımı?
Bir gör ömür yarıdımı?
Fələk, hara tələsirsən?

Allahımdan dilə məni,
Bir körpəyəm, bələ məni.
narın-narın ələ məni,
Ələk, hara tələsirsən?

Əzrayıla qıyma məni,
Duymadınsa duyma məni.
Yarı yolda qoyma məni,
Ürək, hara tələsirsən?

Hidayətəm, bitməz sözüm,
Dərd-sərim var düzüm-düzüm.
Ömrü yelə verdim özüm,
Külək, hara tələsirsən?

DÜNYANI MƏNDƏN XƏBƏR AL

Küləyi sərt, mehi sərin,
Haqqı ağır, behi şirin,
Ağasıdır tamahkirin,
Dünyanı məndən xəbər al.

Dərd adlı bir şələsi var,
Sərvər adlı tələsi var.
İnsan adlı köləsi var,
Dünyanı məndən xəbər al.

Yolu birdir, qapısı bir,
Gələn gəlir, gedən gedir.
Xeyir, filan güdən gedir,
Dünyanı məndən xəbər al.

Gəlimi, gedimi belə,
Ölümü, itimi belə.
Əzəldən idimi belə,
Dünyanı məndən xəbər al.

Ay əliboş gedən yolçu,
Əlin boşdu nədən yolçu?!
Falçı, filan güdən yolçu,
Dünyanı məndən xəbər al.

Biz gedərik, özü qalar,
İz qoyanın izi qalar.
Hidayətin sözü qalar,
Dünyanı məndən xəbər al.

SÖZÜM ÖTMƏDİ 

Barışardım zamanla mən,
Zaman düz yola getmədi.
Xeyir əkdim, şər bitirdi,
Həsrətim, qəmim bitmədi.

Həsrətdən bağrım diddilər,
Sevincim göydə güddülər.
"Ahın dağlara"- dedilər,
Atım dağlara yetmədi.

Nisgilim, qəmim qoşadı,
Mənim gileyim daşadı.
Arsız-arsız hey yaşadı,
Qəm-kədər ölüb-itmədi.

Tərlan durmaz sar yanında,
Qoy məni qəmxar yanında.
Hidayətəm, yar yanında,
Bircə yol sözüm ötmədi.

 

0.13382601737976