Azadlıq məfkurəsini mühafizə edən cəmiyyət, tolerant cəmiyyətdir

Multikulturalizmin mühüm məqamlarından biri də, dünyada insanların birgəyaşayışını təmin edən mühit yaratmaqdır

Biz müasir dövrün multikultural və tolerant dəyərlərindən danışdığımız zaman, dövrün tələblərini, eyni zamanda, müasir cəmiyyətdə fərdlərin rolunu da inkar edə bimərik. Hər bir cəmiyyət fərdlərdən və həmin fərdlərin təşkil etdiyi qruplardan formalaşır. Bu səbəbdən də hələ çox qədim zamanlardan bəri mədəni və əxlaqlı olmaq, siyasi varlıq olmaqla bərabər tutulub.

Qədim yunan filosofu Aristotel özünün "Nikomax etikası" əsərində qeyd edir ki, "özünə münasibətdə fəzilətli davrananlar" yox, "başqalarına münasibətdə fəzilətli davrananlar" daha düzgün hərəkət edirlər. Yəni başqalarına qarşı tolerantlıq cəmiyyətin inkişafı və stabilliyi baxımından daha vacib faktordur.

Bu baxımdan, multikulturalizmin özü də birbaşa tolerantlıq məfhumu ilə bağlıdır. Tolerantlıq multikulturalizmin, o cümlədən, bəşəri münasibətlərin əsasında duran etik yaşam formalarından biridir. Məlumdur ki, "Tolerantlıq" latın mənşəli söz olub, dilimizə "dözümlülük" kimi tərcümə olunur. "Tolerantlıq" terminindən məna baxımından "təmkinlik", "səbrlik", "qarşılıqlı hörmət""ehtiram" kimi sözlərə sinonim olaraq da istifadə etmək mümkündür. Tədqiqatçı alimlər qeyd edirlər ki, Laruss lüğətinə görə, "tolerance" sözü ilk dəfə 1361-ci ildə ortaya çıxıb, "Toleration" anlayışının yaranması isə XVI əsrə təsadüf edir.

Bu da səbəbsiz deyil, çünki orta əsrdə Qərb dünyasında dini və milli zəmində baş verən müharibələr, XVII əsrdə bağlanan Vestfaliya sülhündən sonra bir qədər səngidi və millət-dövlət anlayışı, fəlsəfə tarixində Rene Dekartla başlayan modernizm, o cümlədən, ictimai sferada modernləşmə təmayülləri tolerantlıq və multikulturalizm anlayışlarının geniş yayılmasına münbit şərait yaratdı. Məlumdur ki, hələ 1562-ci ildə dini baxışlarına görə katolik olan fransa kralına protestantlara ölkədə qalmağa icazə verilməsi məqsədilə olunan müraciətdə "tolerer" sözündən istifadə olunub və müsbət nəticə verib.

Məşhur alman filosofu Yurgen Habermas da haqlı olaraq qeyd edir ki, tolerantlıq məfhumu XVI-XVII əsrlərdə meydana çıxıb. Məlumdur ki, o dövrdə katoliklər və kalvinistlər bir-birlərinə böyük nifrət bəsləyirdilər və bu qarşıdurmanı dayandırmaq lazım idi. 80 il davam edən müharibə, sadəcə, İspaniyaya qarşı üsyan deyil, eyni zamanda, Ortodoks kalvinistlərin katoliklərə qarşı apardıqları bir "cihad" kimi tarixə düşüb.

O dövr  filosoflarından Con Lokk (1632-1704),  Con Stüart Mill (1806-1873), Pyer Beyl (1647-1706), Volter (1694-1778)  və başqaları da, tolerantlıq ideyasının inkişafında mühüm rol oynayıblar. Belə ki ingilis filosofu və təbii hüquq nəzəriyyəsinin banisi hesab olunan Con Lokk özünün "Tolerantlıq məktubu" adlı əsərində xristian din qardaşlarını bir-birlərinə qarşı dini dözümlülüyə və aralarındakı qarşıdurmanı tolerantlıq hissləri ilə əvəz etməyə çağırır.

Bəzi filosoflar və tədqiqitçılar hesab edirlər ki, liberal düşüncə maarifçilik dövründən (XVII əsr) etibarən fərd və cəmiyyətin formalaşmasını izah edən əsas məfhumlardan biri kimi qəbul olunur. Məsələn, klassik liberalizmə təbii hüquqlar, praqmatizm, iqtisadi liberalizm, sosial darvinizm kimi məhfumlar daxildir. Filosof Con Stüart Mill yeni dövr fəlsəfə tarixində müxtəliflik və fərdi azadlıq fikirlərinin banisi kimi, liberalizmin də mühüm simalarından sayılır. O, ictimai həyatda liberalizmin labüdlüyünü düşüncə sisteminin əsası olaraq qəbul edib və liberalizm üçün əsas məfhum olaraq tolerantlığı seçib.

Filosof hesab edir ki, tolerantlıq azadlıq və müxtəliflik kimi məfhumlardan daha genişdir və həm də onların varlığına zəmanət verir. Millin ən mühüm əsərlərindən biri "Azadlığa Dair" adlanır. Con Lokkdan fərqli olaraq Mill tolerantlığı sadəcə, dini dözümlülük mənasında deyil, daha geniş aspektdən qiymətləndirir və onun tolerantlıq anlayışı iki əsasa istinad edir:

-insan təbiətinin müxtəlifliyi və onun özünü bu müxtəliflik içərisində inkişaf etdirə biləcəyinə inamı;

-yaşamağa haqqı olan həyatın, şəxsin özünün seçdiyi və özünün müəyyənləşdirdiyi həyat olduğunu bildirən fərdi azadlıq inancı.

Filosof, insanı ağaca bənzədərək, onun canlı olaraq daxili, təbii gücləri istiqamətlərində inkişaf edən və böyümək istəyən bir varlıq olduğunu qeyd edir. Məlumdur ki, hər bir insan, fərqli qabiliyyətlərə malikdir və onu eyni şərtlərə məhkum etmək doğru deyil. Buna görə də fərd inkişaf etmək üçün azad olmalıdır. Bu mənada, Mill fərqliliyi, müxtəlifliyi, o cümlədən, multikulturallığı zənginlik olaraq qəbul edib və dəyərləndirib. O, həmçinin həqiqətin, yalnız fikirlərin azad platfromasında ortaya çıxacağını bildirib. Mill fərdiyyətçiliyi və fərdin azadlığını daha çox önə çıxarsa da, insanın ictimai tərəfini də inkar etmir. Millə görə "insan istər-istəməz məcburi şəkildə yalnız öz fərdiyyətinə aid məsələlərlə məşğul olan eqoist varlıq deyil". İnsan Aristotelin də qeyd etdiyi kimi, "ictimai varlıq"dır.

Bu baxımdan, maarifçilik layihəsi də, kainat, cəmiyyət və insan təbiəti ilə bağlı bütün suallara veriləcək cavabın universal və rasional şəkildə ifadə edilməsinin vacibliyini ortaya qoyur.

Con Lokk isə cəmiyyəti fərdlər üçün qurulan struktur olaraq qəbul edir. Bu düşüncə tərzi XVII əsrin sonlarından etibarən Qərb düşüncə tərzinə hakim olub. XVIII əsrin ortalarından etibarən isə insanlar arasındakı fərdi müxtəlifliklərin əxlaqi məzmun daşıması və bu səbəbdən də hər kəsin başqasına həsəd aparmadan yaşaması mühüm əhəmiyyət kəsb etməyə başladı.

Bir müddət sonra isə alman sosioloqu Maks Veberin də təsiriylə protestant əxlaqına istinad edilərək işləməyin, nizam-intizama uymanın və istehsalçı olmanın yeni ibadət forması cəmiyyətin inkişafı düşüncəsinə ciddi təsir göstərdi.

Qeyd etmək lazımdır ki, tolerantlığın liberal interpretasiyası XVII əsrdə dini azadlıqla bağlı mövzularda,  xüsusən də Con Lokkun fəaliyyəti ilə ortaya çıxdı. Ümumiyyətlə,  tolerantlıq və multikulturalizmlə bağlı fikirlərin formalaşmasında C. Lokkla yanaşı, Volter, Hobbs və Mill kimi alimlərin də düşüncə və ideyaları böyük əhəmiyyət kəsb edib.

Stüart Mill tolerantlıq məfhumunun əxlaqi mənada azadlıq və müxtəliflikdən əvvəl gəldiyini bildirib. Çünki müxtəlif həyat tərzlərinə və düşüncələrə malik fərdlərin müştərək ictimai struktur daxilində birgə yaşamalarını təmin etmənin əxlaqi formulu tolerantlıqdır. Təşkilatlanma azadlığını inkişaf etdirən və beləliklə, azadlıq məfkurəsini mühafizə edən bir cəmiyyət isə tolerant cəmiyyətdir .

Məlumdur ki, XVIII əsr maarifçilik fəlsəfəsinin nəhənglərindən biri də, fransalı filosof Volter olub. O, tolerantlıq mövzusuna "Fəlsəfi məktublar", "Fəlsəfə lüğəti" kimi əsərlərində toxunub. Onun üçün tolerantlıq bir tərəfdən bütün demokratik azadlıqların əsası, digər tərəfdən isə əxlaqın qızıl qaydasına riayət etmənin nəticəsi idi: "...başqalarının sənə qarşı pislik etməsini rəva bilmədiyin kimi, sən də başqalarına pislik etmə". Digər tərəfdən, o, "insanın ümumi təbiətinin zəif və xəta etməyə meylli olduğunu ifadə edərək insanların bu cəhətlərinin tolerant qarşılanmasının vacibliyini" qeyd edir. Volterə görə "tolerantlıq təbii bir qanun"dur.

Müasir dövr fəlsəfəsində multikulturalizm ideyalarının anlaşılması üçün İngilis filosofu Tomas Hobbsun da dünyagörüşləri böyük əhəmiyyət kəsb edir. Çünki Hobbs liberalizm kontekstində müxtəlif fərdlərin ehtiyac və tələbləri arasında qaçırılmaz rəqabətin olduğunu iddia edir. Ona görə, insanlar təbiətlərinə uyğun olaraq özlərini idarə edə biləcək qabiliyyətə sahibdirlər və eyni zamanda, əllərindən alına bilməyəcək hüquq və azadlıqlara malikdirlər.

Bu da məlumdur ki, multikulturalizmin ən mühüm məqamlarından biri də, dünyada insanların birgəyaşayışını təmin edən mühit yaratmaqdır. Bu, daha çox ictimai müqavilə (social contract) anlayışına istinad edir. Bu nəzəriyyəyə görə, insanların birgəyaşayışının əsasını rasional-konvensional müqavilə təşkil edir. Bu mənada, birgəşamaya müxtəlif konfessiya və etnosların, o cümlədən, müxtəlif mədəniyyətlərin konvensional həyat tərzləri daxildir.

Təsadüfi deyil ki, orta və yeni dövr Qərb dünyasında baş verən din və məzhəb müharibələrinin qarşısını almaq üçün "kimin bölgəsində yaşayıramsa, onun dinini qəbul edirəm" (cuis regio, eius religio) prinsipi səbəbilə dini azadlıq, siyasi iqtidar vasitəsilə müəyyənləşməli oldu. Bu mənada, orta əsr düşüncəsində hakim olan Tanrı və kilsə anlayışının yerini dövlət tutmağa başladı.

 Bunun da nəticəsində fərdlərdən ibarət cəmiyyət və dövlət meydana gəlir, bu dövlətin əsasını isə onun suverenliyi təşkil edir.

Maarifçilik dövrünün mütəfəkkirləri insanı eyni zamanda, hər hansı bir mədəniyyətə mənsub varlıq kimi də qəbul etdilər. Kartezian fəlsəfəsinin (XVIII əsr) tənqidçisi Giambatista Vikoya görə təbiət, yəni fenomenlər dünyasından fərqli olaraq tarix və mədəniyyəti insanlar yaradır. İctimai həyatı insanın formalaşdırdığını qeyd edən Giambatista Vikodan sonra tarixi, hüquqi və siyasi antropologiyanın banilərindən Monteskyu və Herder də bu düşüncələri inkişaf etdirib.

Beləliklə, yeni dövr fəlsəfəsində, o cümlədən, maarifçi filosof və yazıçılar multikultural ideyaları həm fərdin öz həyatında, həm də ictimai sferada mühüm hesab edirlər. Antik dövr, orta əsr və yeni dövr fəlsəfi cərəyanlarında yekdilliklə insanın birgəyaşayışının ən əsas səbəblərindən birinin tolerantlıq təşkil etdiyi qəbul edilir. Məhz fəlsəfə tarixinin yeni dövr mərhələsində mədəniyyətlərarası münasibətlər, müxtəlif mədəniyyətlərin qarşılıqlı inteqrasiyası, nəhayət, çoxmədəniyyətlilik anlayışının əsasları ciddi şəkildə tədqiq edilməyə başlandı. Daha sonra, XX əsrin ortalarından etibarən, müasir dövrümüz də daxil olmaqla multikulturalizm tendensiyası, "multikultural vətəndaşlıq", "konstitusional vətəndaşlıq" məfhumları çərçivəsində daha qabarıq şəkildə araşdırılır və təbliğ olunur.

Bütün qeyd olunanlara istinadən demək mümkündür ki, bu gün müasir Azərbaycan dövləti, dünyada multikulturalizmin, tolerantlığın və bəşəri birgəyaşayışın təmin olunması istiqamətində çox böyük işlər görür və mükəmməl nəticələr əldə edə bilib.

 

“Paralel”in Araşdırma Qrupu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

0.40156602859497