Xatırlatma

Yusif Seyid

Masazır əhli də Azərbaycan vətəndaşlarıdır

Bu gün mətbuatda dərc olunan iki məlumat diqqətimi cəlb etdi. Onların biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamdır.

Sənəddə deyilir: -Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubu rayonunun Quba-Qusar (9km.) -Alpay-Kükün-Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Quba-Qusar (9km.) -Alpay-Kükün-Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agenitliyinə 13, 4 milyon manat ayrılıb.

Çox gözəl, çox pakizə, nəhayət, bu kəndlərdə yaşayna əhalinin də çamurdan, palçıqdan canı qurtaracaq.

Mən paxıl adam deyiləm. Bununla belə, həmin kəndlərin sakinlərinə yaman paxıllığım tutdu. Necə olur ki,  Prezident Qubanın, Qusarın cəmi 5 min əhalisi olan kəndlərindən xəbər tutur, onların problemlərinin həlli üçün diqqət, qayğı göstərir, amma Bakının 5 addımlığında yerləşən və ən azından 50 min əhalisi olan Masazır kəndi heç kimin yadına düşmür. Adamın inanmağı gəlmir ki, belə bir şey ola bilər, ancaq faktdır və məcbursan paxıllıq edəsən...

Bu hələ harasıdır. Bir başqa məlumatda oxuyuram ki, Bakıda velosiped yolu çəkilir. Vallah təəccüblənməmək mümkün deyil. Bakının 5 addımlığında insanlar üçün yol tikmirlər, Bakıda 5-10 velosipedçi ola-olmaya, onlar üçün velosiped yoli tikirlər (onlar da yəqin ki, əcnəbilərdir, qorxurlar ki, birdən gedib Somalidə, Konqoda, Fil dişi adalarında, daha nə bilim harada deyərlər ki, Bakıda İnsan hüqüqları pozulur, orada velosiped yolu yoxdur). Biz də axı, inkişaf etmiş dövlətik hamıya göstərməliyiki ki, velosiped yolumuz da var.)

Mən cəhənnəm, qoca kişiym, bir ayağım burada, biri görda, deynigənliyimə də, artıq, deyəsən hamı öyrəşib. Yaxşı, bu məlumatları oxuyan kəndin cavanlarına necə başa salım ki, onlar da bu dövlətin tamhüquqlu vətəndaşlarıdırlar. Çətin məsələdir...

Bilirsiniz də, ölkəmizdə BNA (Bakı Nəqliyyat Agentliyi) adında bir qurum var. Guya vəzifəsi əhalini nəqliyyat xidmətləri ilə təmin etməkdir. Onun da başı Velosiped yolunun tikintisinə necə qarışıbsa, öz vəzifələri tamam yadından çıxıb.

Çıxar da bə, hansısa səbəbdən Bakının bütün yollarını (Masazır yolları, deyəsən istisnadır) ona ərmağan ediblər. İstəyirsən avtobusla adam daşı pul qazan, istəmirsən avtobusları qoy bir kənara, yol kənarındakı maşınları cərimələ ciblərini doldur, təki pul olsun. Onlar da ucuz başa gəlir deyə, ikinci yolu seçiblər, birinci yol da, sadəcə olraq görüntüdür. Bax, asan qazanc da buna deyərlər. "Nə yoğurdum nə yapdım, hazırca kökə tapdım". Bəyənmədiyimiz, hər gün söydüyümüz sovet dönəmində buna "netrudovoy daxod" deyərdilər və onun da N qədər cəzası var idi. İndi isə "netrudavoy daxod" yolu ilə pul qazananlar BÖYÜK İŞ ADAMI, BİZNESMEN hesab olunurlar.

Deyirəm, nə olar həmin "BNA" netrudovoy doxod yolu ilə qazandığı paralardan bir azacıq ayırsın, Masazır yollarını təmir etsin, sonra da oraya 5-6 avtobus buraxsın, inandırım sizi ki, Bakı şəhərində fəaliyyət göstərən avtobuslardan çox qazanc gətirərlər. Digər bir tərəfdən burada o qədər yol kənarında maşınlar olacaq ki, onları cərimələməklə də, yaxşı pul əldə etmək olar. Beləliklə, həm camaatın işi düzələr, həm də sizlər yaxşı pul əldə edərsiniz. Vallah sizdən təklf üçün mükafat-zad istəməyəcəyəm, söz verirəm.

Amma belə görürəm ki, Masazır kəndini hansısa müxalifətçi elə qarğışlayıb ki, bu kənd nə dövlət başçımızın, nə Abşeron rayon rəhbərliyinin, nə də digər dövlət qurumlarının yadına düşür. Tövbə, tövbə torpaq dəllalları istisnadır, burası onların oylağıdır.

Yuxarıda, Prezident sərəncamında belə bir qurumun adı var-Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi. Maraqlıdır, görəsən həmin Agentliyin yol xəritəsində Masazır kəndinin adı var? BNA-nın xəritəsində yoxdur, bunu 100 faiz bilirəm. Olsaydı, bu kəndə işləyən avtobuslara da bir nəzarət olardı. Nuh əyyamından qalan bu avtobuslara heç bir nəzarət olmadığından, onlar da hava qaralan kimi yoxa çıxırlar. Soruşanda da deyirlər ki, "bu yollarda gündüz avtobusu zorla idarə edirik, gecələr buraya necə girək?". Düz sözə nə deyəsən, sual verdiyinə peşiman olursan.

Əlqərəz, mən dövlətin işinə qarşımaq istəmirəm, özü bilər hara yol çəkir, kimin üçün çəkir. Mən, sadəcə olaraq, xatarlatmaq istədim ki, Masazır əhli də Azərbaycan vətəndaşlarıdırlar və onların da dövlətin qayğısına ehtiyacları var. Bu qədər.

P.S. Prezidentimiz biz jurnalistləri özünün yaxın köməkçisi, dostu hesab edir. Mən də  dost kimi yazdım ki, ölkəmizin başçısı bəlli məmurların günahı üzündən vətəndaşlarımızın üzləşdiyi problemlərdən xəbərdar olsun!

 

0.64096713066101