Paşinyanın əvəz edilməsi işğala son qoymayacaq

Mahir Abbaszadə

Torpaqlarımızın azad olması Rusiyanın çökməsinə bağlıdır

Son günlər Ermənistanın baş naziri N. Paşinyanın koman-dasında baş verən istefalar onun dayaqlarını sarsıdacağı barədə rəyləri gücləndirib. Rusiya, ABŞ və digər supergüclər tərəfindən sıxışdırılması, hər bir dövlətin maraqlarına xudmət etməyə məcbur edilməsi Paşinyanı çaşdırıb.

Bir tərəfdən, Rusiyanın təzyiqləri sayəsində hökumət üzvlərinin istefası, xüsusən də Ermənistan dövlət təhlükəsizlik xidmətinin şefi Vanesyanın vəzifəsindən istefa verməsi və ardınca da baş naziri hədələməsi Paşinyanı kritik duruma salıb. Hiss olunur ki, baş nazirin hakimiyyətə gəlməsində əsaslı təsir gücünə malik olan ABŞ ondan daha ciddi addımlar atmağı tələb edir. Rusiya isə, əksinə, Ermənistanın sabiq prezidenti R. Köçəryanın həbs olunmasından narazıdır və Putin bu hadisəyə görə, Paşinyana daha çox qəzəblənib və onu bağışlamayacağı aydın görünür.

Əslində, ABŞ və Rusiyanı işğal altında olan Azərbaycan torpaqlarının azad olunması yox, hər iki dövlət arasında Ermənistanı ələ keçirmək uğrunda gedən mübarizə daha çox maraqlandırır. Gedişatdan görünən odur ki, bu mübarizədə üstünlük hələlik Rusiyanın tərəfində olsa da, yaxın zamanlarda ABŞ-ın üstünlüyü ələ keçirəcəyi ehtimalı böyükdür.

Bunlar öz yerində, bizim üçün əsas məsələ bu mübarizədə ABŞ-ın qalib gəlməsidir. Başlıca vəzifə Qarabağ və ətraf rayonların erməni işğalından azad olunmasıdır. Bu məsələdə həlledici məqam iki super dövlət arasında Ermənistan uğrunda gedən mübarizədə Rusiyanın yox, ABŞ-ın uğur qazanmasıdır.

Sual yarana bilər, niyə? Ona görə ki, Rusiyanın torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasında oynadığı böyük rolu heç kim inkar edə bilməz. Əsl həqiqət ondan ibarətdir ki, Ermənistan heç zaman Azərbaycan torpaqlarını işğal etmək gücünə qadir olmayıb. Azərbaycan torpaqlarının Ermənistanda daha əvvəl Xankənddə olan Rusiya hərbi birləşmələrinin birbaşa köməyi ilə işğal olduğunu bütün dünya bilir. Diqqətdən qaçırmaq olmaz ki, işğalın davam etdiyi son 30 ildə özünü Azərbaycanın dostu kimi qələmə verən Rusiya ölkəmizin ərazi bütövlüyünü tanımayıb, yaxud sözdə tanıyıb. Buradan aydın görünür ki, Rusiyanın regionda söz sahibi kimi, güclü olacağı halda, Qarabağın işğaldan azad olması mümkün olmayacaq, problem sağalmaz yara kimi, daim göynəyəcək.

Düşünürəm ki, əgər regionda ABŞ söz sahibi olarsa, Rusiyanın regiona təsiri zəifləyəcək, işğal altında olan torpaqların, o cümlədən Qarabağın Azərbaycanın tərkib hissəsi kimi geri qaytarılması mümkün olacaq. ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə artıq keçmiş müşaviri Boltonun ötən il regiona səfəri zaman hər iki dövlət başçıları ilə görüşün təəssüratları barədə mətbuata verdiyi açıqlamasından sonra bu fikirə gəldim.

Ona görə də bizim üçün Ermənistanda hansı erməninin hakimiyyətdə olması yox, regionda Avropanın və ABŞ-ın təsir gücünün artması, Rusiyanı üstələməsi daha çox maraqlandırmalıdır. Çox təəssüf ki, ölkəmizin siyasi dairələri, politoloqları daim regiondakı duruma ABŞ və Avropanın təsirinin güclənməsi yollarını aramaq əvəzinə, Ermənistandakı siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsini təsvir etməyə üstünlük verirlər. Bu isə, bizi əsl məqsəddən yayındırır, Rusiyanın vassallığına, torpaqlarımızı itirməyə doğru aparır. Açıq qeyd edim ki, Gürcüstanın, Ukraynanın, Moldovanın hazırda Rusiya tərəfindən işğal olunmuş torpaqlarının gec-tez qaytarılacağına daha çox inanıram, nəinki Azərbaycanın ermənilərin işğalı altında olan torpaqlarının geri qaytarılmasına...

Tarixdən bəllidir ki, ölkəmiz və xalqımız iki əsrdən çoxdur Rusiyanın və İranın işğalçı təcavüzünə məruz qalır. SSRİ-nin dağılması nəticəsində ərazilərimizin bir hissəsində əldə etdiyimiz müstəqilliyi boğmaq üçün hər iki qonşu dövlət Ermənistandan silah kimi ölkəmizə qarşı istifadə edir. Əgər beynəlxalq aləmdən çəkinməsəydi, Rusiya hərbi qüvvələrini istədiyi an ölkəmizə yeritməyə və dövlətimizi təkrar işğal boyunduruğu altına salmağa hazırdır. Eləcə də İranın molla rejimi eyni məqsədlə marığa yatmış düşməndir.

Bölgəmizin və ölkəmizin yeganə xilas yolu regionda ABŞ və Avropanın təsirinin güclənməsidir. Azərbaycanın hazırda regionda həyata keçirdiyi mehriban qonşuluq və dostluq siyasəti kifayət qədər yetərlidir. Lakin regionda vəziyyət arzu etdiyimiz istiqamətdə dəyişərsə, o zaman qonşularla münasibətlərimizi yeni yaranan arxitekturaya uyğun qurmağa başlamalıyıq, başqa yol yoxdur.

 

0.28885102272034