Bülbül haqqında xatirələr

Xatirələri bizimlə tarzən Zülfü Quliyev bölüşdü

Zülfü müəllimi rayonumuzda uşaqdan-böyüyə hamı tanıyır, sevir və hörmət edir. O, uzun müddət Beyləqan rayon musiqi məktəbində tar müəllimi işləyib. Gözəl ifaları və özünün bəstələdiyi mahnılarla dinləyicilərin qəlbinə yol tapıb. Onun istedadlı yetirmələri bu gün vaxtilə dərs dediyi məktəbdə musiqi müəllimi kimi çalışırlar. El şənliklərində, dövlət tədbirlərində çıxışlar edib, dövlət tərəfindən təltiflərə layiq görülənlər də var.

Bir sözlə, Allahın verdiyi ömrü o, boşa verməyib, istedadı ilə daim xalqının xidmətində olub.

Bütün bunlarla yanaşı, o, həm də nəcib və gözəl qəlbli insan, qayğıkeş ailə başçısıdır. Onun şirin söhbətlərindən doymaq olmur. Onunla görüşüb söhbətləşməyi özümə borc bildim.

- Zülfü müəllim, sizi istedadlı musiqiçi, gözəl qəlbli bir insan kimi  tanıyırıq. İstərdik ki, sizi qəzetimiz vasitəsilə oxucularımıza da tanıdaq. Buyurun, özünüz barədə qısa məlumat verin.

- Mən Quliyev Zülfü Səməd oğlu 20 aprel 1941-ci ildə Beyləqan rayonunda anadan olmuşam. Uşaqlığımdan musiqiyə böyük həvəsim olub. Ona görə də valideynlərim mənə tar alıblar. 1958-ci ildə professor Bülbül Məmmədov Beyləqana qastrol səfərinə gəlmişdi. Çayxanada çay içən zaman çayçı professora deyib ki, burada bir uşaq var, yaxşı tar çalır. O da maraqlanıb və deyib ki, uşağa deyin, gəlsin bura, mən onu musiqi məktəbinə düzəldərəm. Və məndən yadigar qalar.

Gəldilər, mənə dedilər, mən də tarı götürüb gəldim professorun yanına. Mən çayxanaya girəndə gördüm ki, professor təkcə oturub bir stolda, oğlu Polad isə tarçalan Firudin Ələkbərovla başqa bir stolda oturub. Mən də salam verib başqa stulda əyləşdim. Professor gördü ki, mən əlimdə tar keçdim içəri, dedi ki, "oğlum, tar çalırsan?" Dedim, bəli. "Bizim üçün nə çala bilərsən"- deyə soruşduqda  "nə istəsəniz",- deyə, savab verdim. Mənim cavabım professorun xoşuna gəldi. O da, " Oğlum, bir "Rast" muğamı çal",- dedi. Mən tarı köklədim. Gördüm professor gözünün altından mənə baxır. Dedim ki, çala bilərəm? Dedi ki, buyur. Mən başladım çalmağa. "Rast" muğamının 12 şöbəsinin hamısını çaldım. Professor ayağa durub mənə yaxınlaşdı, qolumdan tutdu, çıxdıq bayıra. Professor mənə dedi ki, "sağ ol". Oğlu Polada(Polad Bülbüloğlu) dedi ki,  evimizin ünvanını yaz ver bu oğlana, gəlsin Bakıya. Mən onu məktəbə qoyacam, məndən yadigar qalsın.

1959-cu ildə orta məktəbi bitirdikdən sonra Bakıya getdim. Professorun ünvanına gəldim, ancaq onu evdə tapa bilmədim. Həyat yoldaşı Adilə xanım mənə dedi ki, professor Göyçayda qastrol səfərindədir. Adilə xanım mənə oğlum, uzaq yol gəlmisən deyib, içəri dəvət etdi və nahara qonaq edib yola saldı.

- Zülfü müəllim, sizi xoşbəxt adam hesab etmək olar. Siz professorun evində nahar etmisiniz (hər ikimiz gülürük).

Bəs sonra nə oldu? 

- Musiqi məktəbində oxumağıma və musiqinin əlifbasını bilmədiyimə görə məktəbə daxil ola bilmədim.

- Növbəti il yenidən musiqi məktəbinə sənəd verdinizmi?

- Bəli, 1960-61-ci tədris ilində Ü.Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Texnikumunun tar şöbəsinə daxil oldum. Məktəbdə oxuya-oxuya 1962-ci ildə Ağdam 7-illik Uşaq Musiqi Məktəbində işlədim və yaxşı işlədiyimə görə pionerlər evində də işləmək üçün dəvət aldım. Burada mən görkəmli musiqiçilər yetişdirməkdə bacarığımı əsirgəmədim. Həmin musiqiçilərdən Sədi Məmmədov, Aydın Məmmədov və Bala Aydını göstərə bilərəm.

- Bilirik ki, rayonumuzda uşaq musiqi məktəbi 1968-ci ildə təşkil olunub. Siz həmin il qayıtdınız, yoxsa, bir neçə il keçəndən sonra?

- Bəli, elə həmin il qayıdıb burada işləməyə başladım. Kadr çatışmazlığı var idi. Demək olar ki, ilk illərdə məktəbin bütün yükünü müəllimlər öz çiyinlərində daşıyıb. Musiqi məktəbində işləməklə bərabər, mədəniyyət evində də ansambl təşkil etdim. Adını da "Mil" çalğı alətləri ansamblı  qoydum. Rayonun bütün kənd və məktəblərini gəzərək yaxşı çalıb-oxuyan uşaqları öz ansamblıma  dəvət edirdim.

- Göründüyü kimi, siz  zəhmətkeş musiqiçi, yəni həm də təşkilatçı olmusunuz. Söhbətimizin əvvəlində qeyd etdiniz ki, əməyim həmişə layiqincə qiymətləndirilib, diqqətdən kənarda qalmamışam.

- Tamamilə doğrudur. 1974-cü ildə "Mil" xalq çalğı alətləri ansamblının bədii rəhbəri kimi, onun repertuarının genişləndirilməsinə və üzvlərinin sayının artırılmasına nail olduğuma görə, Respublika Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif olundum.

1976-cı ildə Zəhmətkeşlərin Bədii Özfəaliyyət Yaradıcılığının Birinci Ümumittifaq Festivalının birinci turunda Nəbi Xəzrinin "Günəşin bacısı" əsərinin tamaşasının  müvəffəqiyyətli olmasına və ona yazdığım musiqiyə görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin I dərəcəli diplomuna layiq görüldüm. 1975-ci ildə "Mil" çalğı alətləri ansamblının səmərəli fəaliyyətinə görə, Beyləqan rayon Komsomol Komitəsi tərəfindən Fəxri Fərman və medalla təltif olundum. 1985-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən Tərifnaməyə, elə həmin il yaxşı fəaliyyətimə görə Ümumittifaq Festivalların laueratı adına və  medalına layiq görüldüm.

1986-cı ildə Beyləqan Mədəniyyət Sarayının açılışı ilə əlaqədar Bakı şəhərindən xalq artistlərindən bir neçəsini konsertə dəvət etmişdik. Həmin konsertdə mənim rəhbərliyimlə Canəli Əkbərov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Alim Qasımov, Səxavət Məmmədov və başqaları ansamblın müşayiəti ilə bir neçə muğam və xalq mahnıları ifa etdi. Mədəniyyət şöbəsinin rəhbərliyi tərəfindən Fəxri Fərmana layiq görüldüm.

Bütün mükafatlarımı saymalı olsam, qəzetinizin bir səhifəsinə yerləşməz, hesab edirəm ki, bu qədəri kifayətdir.

- Siz həm də gözəl mahnılar müəllifisiniz. Sizin "Sarışın qız» mahnınızı dinləmişəm, çox xoşuma gəlib. Mahnı peşəkar bəstəkarların yaratdığı mahnılardan heç də geri qalmır. Bu barədə oxucularımıza məlumat verməyinizi istərdim.

- Bəli, mən həm də bir sıra mahnılar bəstələmişəm. 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı Əhməd Əhmədova "Əhməd" mahnısını, sürücu-mexanik Rübabə Vəliyevaya "Rübabə" mahnısını həsr etmiş əm, "Mil" rəqsi yazmışam. Sözləri gənc şair Elsevər İsrafiloğlunun olan Ulu Öndər Heydər Əliyevə həsr etdiyim "Heydər baba", Türk xalqının unudulmaz oğlu Mustafa Kamal Paşa Atatürkə həsr etdiyim "Atatürk", sözləri Elman İsrafiloğlunun olan "Yaşa, Azərbaycanım", "İlhamla irəli gedək" , "Eşq olsun sərhədçilərə", "Xocalım", "Vətənin mərd oğlu, igid Mübariz", "Beyləqanım» və bu kimi 60-a yaxın mahnıların da bəstəsi mənə məxsusdur.

- Yetirmələriniz barədə nə deyə bilərsiniz? Onların da sayı çoxdur, yəqin?

- Mən dərs dediyim uşaqlarla fəxr edə bilərəm. Onlar mənim zəhmətimi hədərə verməyiblər. Həmin şagirdlərdən Müşfiq Quliyev, Elmurad Quliyev, Mehman Qasımov, Qənimət Həsənov, Tapdıq Şirinov və bir çox başqaları mənimlə çiyin-çiyinə işləyib. İşlədiyim dövrdə 25-ə yaxın Fəxri Fərman və diploma layiq görülmüşəm. Respublikamızın tanınmış xanəndələrindən Yaqub Məmmədov, İldırım Həsənov, Sara Qədimova, Qaraxan Behbudov və başqalarını tarımla müşayiət etmişəm.

- Zülfü müəllim, siz zəngin yaradıcılığa malik sənətkarsınız. Çoxları sizi musiqi müəllimi kimi tanıyırdısa, bu söhbətimizi oxuduqdan sonra sizin həm tarzən, pedaqoq, bəstəkar və ictimai xadim olduğunuzu biləcək. Ən başlıcası, nəcib, sadə və səmimi bir insansınız. Siz xoşbəxt insansınız, ona görə ki, öz sevdiyiniz sənətlə məşğul olub uğurlar qazanmısınız. Xoşbəxtsiniz, ona görə ki, gənc yaşınızda dahi Bülbüldən sənət xeyir-duası almısınız. Sadıqcanın bizlərə miras qoyub getdiyi tarı və tar sənətini qoruyub saxlayanlardan, gənc nəslə ötürənlərdən olmusunuz. Deməli, Tanrının sizə verdiyi  ömrü mənalı yaşamısınız. Sizə uzun ömür, cansağlığı  və yaradıcılıq  uğurları arzulayırıq. Qismət olsa, 80 yaşınızda görüşmək arzusuyla.

Hüseynbala Eyvazov

P.S. 26 sentyabrda SSRİ xalq artisti Bülbülün ölümündən 58 il ötür. 

 

0.1120719909668