Qafqaz - dünyanın unikal, etnik cəhətdən rəngarəng regionu

Separatizm, çoxmillətli və polietnik region olan Qafqaza ciddi təhlükədir

Müasir dünyamızda millətlərarası münasibətlərin düzgün tənzimlənməməsi bir çox hallarda müxtəlif regionlarda dini və milli zəmində münaqişələrin yaranmasına səbəb olur. Bu gün dünyanın bir çox dövlətlərini ciddi narahat edən problemlərdən biri də budur. Qeyd etmək lazımdır ki, bu narahatlığı yaradan və həm də narahatlıq keçirən dövlətlərdən biri də Rusiyadır. Məlumdur ki , hələ  2014-cü ildə İctimai Palata tərəfindən Rusiyanın 10 ən iri şəhərində millətlərarası münasibətlərin monitorinqi keçirilib və millətlərarası gərginliyin reytinqi tərtib olunub.

Elə həmin dövrdə Rusiyanın ən böyük şəhərlərindən biri olan Sankt-Peterburqda "Miqrasiya proseslərinin nizamlanması üzrə zəruri vəzifələr nəzərə alınmaqla millətlərarası münasibətlərin problemləri və müasir Rusiya cəmiyyətində millətlərarası münaqişələrin qarşısının alınması" mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbir iştirakçılarına millətlərarası münaqişələrin vəziyyətinin qiymətləndirilməsinin aparılması və gərginliyin reytinqinin hazırlandığı barədə məlumat verilib. Çıxış edənlər bildiriblər ki, belə tədbirlər yerli icra strukturlarının bu sahədə fəaliyyətlərinin  qiymətləndirilməsinə yardım edəcək. Qeyd olunub ki, İctimai Palata habelə iri şəhərlərdə millətlərarası münaqişələrin tənzimlənməsi üzrə idarələrarası işçi qruplarının yaradılmasını məqsədəuyğun sayıb və onların tərkibinə təkcə hüquq-mühafizə orqanlarının deyil, həmçinin yerli özünüidarəetmə orqanları, Federal Miqrasiya Xidməti, ictimai təşkilatların nümayəndələri, gənclərlə iş üzrə mütəxəssislər də cəlb olunub. Tədbirin sonunda İctimai Palata Sankt-Peterburq hakimiyyətinə millətlərarası münaqişələr sahəsində vəziyyətə təsir edə biləcək ciddi  tövsiyələr verib.

Bununla yanaşı, Rusiyada millətlərarası münaqişələrə görə regional məmurların məsuliyyəti haqqında qanun da artıq qüvvəyə minib.

Rusiya Prezidenti Vladimir Putin həmçinin, yerli hakimiyyətlərə millətlərarası münasibətlər, millətlərarası və dinlərarası həmrəyliyin möhkəmləndirilməsi, milli, dil və dini mənsubiyyətə görə diskriminasiyanın qarşısının alınması üzrə səlahiyyətlər verən qanunu imzalayıb.

Sənəddə qeyd olunur ki, yerli icra hakimiyyətləri millətlərarası münaqişənin qarşısını almamağa görə, hətta istefaya belə, göndərilə bilər.

Məlumdur ki,  bu gün millətlərarası münaqişələr problemi, təkcə Rusiya üçün deyil, eləcə də dünyanın bir çox dövlətləri üçün aktualdır və yer üzündə qeyri-sabitliyin aparıcı amillərindən birinə çevrilib. Mənşəyinə və xarakterinə görə rəngarəng olan bu münaqişələr arasında etniklərarası və millətlərarası qarşıdurmalar və gərginliklər xüsusilə seçilir və onlar daha mürəkkəb, dolaşıq, üzücü və çətin həll olunan münaqişələr sırasında yer alır. Tarixi faktlar da göstərir ki, etniklərarası və millətlərarası münaqişələr bir çox polietnik regionlarda miqyasına, davamlılığına və intensivliyinə görə sosial-siyasi münaqişələrdən fərqlənir.

Böyük təəssüflə qeyd edirik ki, separatizmlə müşayiət olunan etniklərarası münaqişələr Azərbaycanın da yerləşdiyi regionun inteqrasiya və hərtərəfli inkişafına  mane olan əsas amillərdən biridir. Çünki separatizm ümumiyyətlə, çoxmillətli və polietnik region olan Qafqaza ciddi təhlükədir.

Qafqazdakı münaqişələrdən söz açan rusiyalı politoloq Sergey Markedonov haqlı olaraq qeyd edir ki, sovet dönəminin sonu və postsovet tarixində "Qafqaz" və "münaqişə" anlayışları assosiasiyalaşdırılmış oldu. Məhz bu səbəbdən də, XX əsrin 80-cı illərinin sonlarından başlayaraq Qafqaz Avrasiya qitəsinin daha kəskin etno-siyasi münaqişələrin və müharibələrin baş verdiyi regiona çevrildi. Bildiyiniz kimi, postsovet məkanındakı 8 silahlı etno-siyasi və mülki münaqişələrdən 6-sı Qafqaz regionunda baş verib. Bunlar aşağıdakılardır:

- Dağlıq Qarabağla bağlı Ermənistan-Azərbaycan,

- Gürcüstan-Osetiya və Gürcüstan-Abxaziya,

- Gürcüstanda vətəndaş müharibəsi,

- Rusiya daxilində Osetiya-İnquşetiya və rus-çeçen münaqişələri. Bu münaqişələr nəticəsində, Qafqaz regionu postsovet məkanında separatizmin mərkəzinə çevrilmiş oldu. Bunu da xüsusi qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sabitliyin pozulmasının və millətlərarası gərginliyin artmasının əsas səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını irəli sürməsi oldu. Bilavasitə Ermənistanın təhriki ilə Dağlıq Qarabağda yaranan təcavüzkar etnik-separatçı hərəkat bütün Qafqazı əhatə etdi, regionda təhlükəli meyllər artdı və erməni separatizmi həlli müşkül dünyəvi problemə çevrildi. Hazırda da separatizmlə müşayiət olunan etnik ekstremizm bütün Qafqaz üçün əsl faciədir .

Məlumdur ki, erməni tərəfi Azərbaycan torpaqlarına (Dağlıq Qarabağa) ərazi iddialarını Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə şüarı altında (yəni Azərbaycandan ayırlmaq) gerçəkləşdirməyi qarşısına məqsəd qoymuşdu. Lakin qeyd edilməlidir ki, millətlərin özünütəyinetmə hüququ heç də "ayrılma hüququ" və ya separatizmlə eynilik təşkil etmir.

Eyni zamanda, bunu da qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında öz üzərinə vasitəçilik missiyasını götürən beynəlxalq təşkilatlar və böyük dövlətlər Ermənistana lazımi təzyiq göstərmir, onu sülh danışıqlarında konstruktiv mövqe tutmağa məcbur etmir, özünütəyinetmə ilə manipulyasiya etməməyə vadar edə bilmirlər. Bu səbəbdən də, Qafqaz regionundakı digər analoji münaqişələrə də təsir göstərə bilmirlər. Çünki bu münaqişələrin əksəriyyəti millətlərarası və etniklərarası xarakter daşımaqla, elə bil dalana dirənib.

Qafqazda mövcud olan münaqişələrin qarşısını almaq üçün problemin tezliklə həllində maraqlı olan Qərb dövlətləri və beynəlxalq təşkilatlar bu regionun xüsusiyyətlərini, tarixini, etnik tərkibini və geosiyasi situasiyanı daha yaxşı bilməli və bütün bunlar nəzərə alınmalıdır. Əks təqdirdə, münaqişənin həlli üçün təklif olunan bütün variantlar uğursuzluqla nəticələnəcək.

Bir şeyi dəqiq bilmək lazımdır ki, Qafqaz - dünyanın unikal, etnik cəhətdən rəngarəng bir regionudur. Bu region etnik, dil, konfessional və mədəni rəngarəngliyi ilə seçilir. Bu da tarixi faktdır ki, Qafqaz bir çox alim və səyyahlar tərəfindən xalqlar muzeyi adlandırılıb. Bu gün də Qafqazda 50-dən artıq millətin nümayəndəsi yaşayır və onların hər biri özünəməxsus orijinal mədəniyyətə sahibdir.

Belə bir şəraitdə Ermənistanın özünütəyinetmə prinsipindən dönməməsinə göz yuman dövlətlər və beynəlxalq  təşkilatlar aşağıdakı suala cavab tapmalıdır: əgər regionun bütün millətləri və etnosları eyni hüququ separatizm mənasında tələb etsələr, onda Qafqazda nələr baş verə bilər? Bu münaqişənin həll üsulu heç şübhəsiz, çoxmillətli regionun digər etnik münaqişələri üçün presedent olacaq. Hadisələrin bu cür gedişi isə, nə region ölkələrinin, nə də Qərbin xeyrinədir.

Bəzi siyasi dairələr hesab edir ki, bu region ənənəvi olaraq Rusiyanın maraq dairəsində olduğundan, Rusiya onu öz təsirinə salmaq üçün Cənubi Qafqazda sadəcə, mövcud vəziyyəti qoruyub saxlamalıdır. Onların fikirlərinə görə, mövcud vəziyyəti nəzərə alaraq Rusiya regionda "idarəolunan qeyri-sabitliyi" qoruyub saxlamaqda maraqlıdır.

Lakin Rusiyanın özünün də etniklərarası münaqişələrdən sığortalanmadığı göz önündədir. Bunun təsdiqi üçün yaxın keçmişə nəzər salmaq kifayətdir. Belə ki, 1990-cı illərin əvvəllərində Şimali Qafqazda çeçen üsyanı ilə yanaşı, başqa "özünütəyinetmə, hətta ayrılma" ideyalarına istinad edən digər etnomilli hərəkatlar da meydana çıxdı. Bu zaman Qafqaz xalqları təkcə Rusiyadan deyil, bu və ya digər etnik qrupların nümayəndələrinin də daxil olduğu respublikalardan da ayrılma layihələrini irəli sürürdülər. 1991-ci ildə təkcə Qaraçay-Çərkəz ərazisində 5 respublika (Qaraçay Respublikası, Çərkəz Respublikası, Abaza Respublikası, Batalpaşin Kazak Respublikası, Zelençuk-Urup Kazak Respublikası) elan olundu. Nəzərə alın ki,  Rusiya Federasiyasının Şimali Qafqazda başqa subyektləri də var.

Bu baxımdan Rusiya həm də, təkcə Şimali Qafqazdan ibarət deyil, onda Rusiya kimi nəhəng və çoxmillətli ölkə üçün separatizmin xüsusən də Yaxın Şərqdə gedən və getdikcə yaxındakı regionlara yayılan köklü geosiyasi transformasiyalar şəraitində nə ilə nəticələndiyini təsəvvür etmək belə, çox çətin məsələdirё

Buna görə, Qərb dövlətləri də regional təhlükəsizliyin, sülh və sabitliyin möhkəmləndirilməsi üçün Dağlıq Qarabağ münaqişəsinin, habelə digər regional müna-qişələrin tezliklə həllində maraqlı olmalıdır. Çünki Qafqaz həm də ərazisindən keçən enerji, nəqliyyat və ticarət marşrutlarına görə, bir çox Qərb dövlətləri üçün həyati əhəmiyyətli regiondur. Münaqişələrin bu formada davam etməsi, Qərbin bir sıra iri layihələrinin reallaşmasına mane ola bilər. Bu da məlumdur ki, Cənubi Qafqaz dünyanın geosiyasi məkanının ən strateji əhəmiyyətli regionlarından biri hesab olunur. Hazırda bu regionun Qərb üçün əhəmiyyəti ondadır ki, Mərkəzi Asiyaya birbaşa yol, Rusiya və İrandan yan keçərək onun ərazisindən keçir. Ona görə inandırıcı deyil ki, indiki qloballaşma və inteqrasiya şəraitində Qərb elə də böyük olmayan qeyri-sabit bir regionda xırda dövlətlərlə iş qurmaq istəsin. Qərb ölkələrinin təhlükəsizliyini təhdid edən təkcə iqtisadi və siyasi maraqlar deyil, həm də həll olunmayan regional münaqişələrdir. Bu münaqişələr hər an genişmiqyaslı müharibəyə çevrilə bilər ki, bu da Avropa dövlətlərinin maraqlarına uyğun deyil. Problemə ümumi təhlükəsizlik mövqeyindən yanaşsaq, region ölkələrinin özləri də aralarındakı münaqişələrin həllində maraqlı olmalıdırlar. Silahlı münaqişələr bu günədək çoxsaylı insan tələfatına, maddi itkilərə, iqtisadi tənəzzülə, yüz minlərlə insanların qaçqın və məcburi köçkün olmasına səbəb olub.

Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bütün münaqişələrin, faciələrin qarşısının alınması yolu, multikulturalizmdən və tolerantlıqdan keçir. Bu gün Azərbaycan dövləti bütünlüklə Qafqazda, eləcə də dünyanın hər yerində multikulturalizmin bərqərar olması və bütün növ münaqişələrin qarşısının alınması üçün  əlindən gələn bütün işləri görür. 

“Paralel”in Araşdırma Qrupu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

0.12264800071716