Xalq müxalifətə inanmır

Tahir Abbaslı

Mövcud durum hakimiyyətin xeyrinədir

Azərbaycanda siyasi qüvvələr arasında gedən mü-barizədə hakimiyyət üstün mövqeyə malikdir. Hakimiyyətin ölkədə üstün mövqeyə malik olmasının bir sıra obyektiv səbəbləri var. Bu səbəblərdən istənilən qədər danışmaq olar. Lakin bu səbəblərin hər kəsə bəlli olmasını nəzərə alıb, yazıda onlardan yalnız bir neçəsinə diqqət çəkəcəm.

Fikrimcə, hazırkı iqtidarın uzun illər hakimiyyətdə qalmasının əsas səbəbi AXC-Müsavat cütlüyünün bir il sürən hakimiyyət zamanı xalqın etimadını itirməsidir. İkinci əsas səbəb isə, belə çətin məqamda xalq arasında böyük nüfuza sahib olan, dövləti yüksək səviyyədə idarə etmək qabiliyyətinə malik Heydər Əliyevin xalqın yüksək etimadı ilə, hakimiyyətə gətirilməsdir. Hazırkı Prezident İlham Əliyev xalqın atası Heydər Əliyevə bəslədiyi etimaddan dolayı 16 ildir hakimiyyətdədir.

Xalqın cəbhə hakimiyyəti zamanında gördüyü və nifrət etdiyi məmur çəkişmələri, siyasi qüvvələrin dərəbəyliyi, prezident Əbülfəz Elçibəyin ciddi qərar qəbul edilməsinə zərurət olduğu zaman göstərdiyi qətiyyətsizlik, hakimiyyətin pərakəndəliyi, qonşu dövlətlərlə münasibətlərin düzgün qurulmamasından gözü qorxub.

Hazırda hakimiyyətin kürsüdə qalmasının başqa bir səbəbi də xalqın 26 il bundan əvvəl ölkədə baş vermiş mənfi hadisələrdən qorxması, cəbhə hakimiyyətində təmsil olunmuş, hazırda isə müxalifəti təmsil edən əksər siyasi qüvvəyə inamsızlığıdır.

İstənilən ölkədə istər hakimiyyət olsun, istər müxalifət, bu siyasi qüvvələrin gücü xalqın verdiyi dəstəyə bağlıdır. Yuxarıda qeyd etdim ki, xalq müxalifətə etibar etmədiyinə görə, hakimiyyət ölkəni - qanunsuzluq, haqsızlıq, rüşvətxorluq, korrupsiya, klançılıq, qohumbazlıq, yerliçilik, hakimiyyətin sülalələrə təslim olunması, ölkə sərvətlərinin məmurlar tərəfindən kütləvi mənimsənilib xaricə daşınması, cinayətkarlıq və s. üsullarla - qüsurlu idarə etsə də, xalq hakimiyyətin bu hərəkətlərinə hələlik dözür. Xalq hakimiyyətin haqsızlığına, ədalətsizliyinə ona görə dözür ki, ölkədə olan siyasi qüvvələrin heç birinə, müxalifətə inanmır və hakimiyyəti dəyişmək üçün güc mərkəzi tapa bilmir. Eyni zamanda, xalq hakimiyyətə gətirəcəyi siyasi qüvvəni görmür və buna görə də hakimiyyətin ömrü uzanır.

Ölkədəki mövcud durum hələlik hakimiyyətin xeyirinədir. Bu, o demək deyil ki, hakimiyyət çox güclüdür. Bu, o deməkdir ki, hakimiyyət bütün vasitələrlə, qanuni və qeyri-qanuni vasitələrlə özünü qorumağa çalışır və xalqın müxalifətlə birləşməsinə imkan vermir, şərait yaratmır.

Bu günlərdə sosial şəbəkələrdə və mediada gündəmə gətirilən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ailədaxili probleminin ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilməsi, heç də  bu ailənin probleminin həllinə xidmət etmir. Bu müzakirə, əslində, ölkə hakimiyyətinin fəaliyyətini ciddi tənqid edən, xaricdən dəstək alan AXCP-nin və sədr Əli Kərimlinin xalqın və beynəlxalq aləmin nəzərində gözdən salınmasına xidmət edir.

Yəni bu, siyasi mübarizə üsulu kimi, təqdir olunası hal olmasa da, hakimiyyət rəqibinə qarşı mübarizə üsulu seçib və ölkədə hakimiyyətə gəlmək iddiasında olan müxalif siyasi partiya sədri müavininin ailəsilə necə qəddar rəftar etdiyini diqqətə çəkərək, AXCP-nin ölkədə hakimiyyətə gələcəyi təqdirdə, bu təşkilat rəhbərlərinin xalqla necə qəddar davranacağı düşüncəsini önə çəkib.

Göründüyü kimi, ölkədə müxalifət parça-parçadır, bir-birilə didişir, biri-digərini iqtidara işləməkdə ittiham edir, deməli, birləşmək ehtimalı yoxdur. Bu səbəbdən də müxalifətin mövqeyi hakimiyyətin mövqeyilə müqaisədə kifayət qədər zəifdir. Müxalifətin zəifliyinin ən həssas nöqtəsi isə, qeyd etdiyim kimi, xalqdan dəstək ala bilməməsidir.

0.11127805709839