Mənəviyyat yoxsulları

Şahnaz Salehqızı

Siyasi mübarizənin çirkinlikləri

 

Fuad Qəhrəmanlının ailədaxili problemi ölkə gündəmini zəbt edib. Siyasətlə məşğul olan hər kəs sosial şəbəkələrdə bu mövzuya köklənib. Adamda belə təsəvvür yaranır ki, ölkənin ən böyük problemi Selcanın atasından imtina etməsidir. Mövzu ölkənin iqtidar və müxalifət səngərində bir-birinə atəş açmağa hazır olan siyasi qüvvələrin fəallığını artırıb. Hadisədən hər iki düşərgə öz marağına uyğun istifadə edərək, qarşı tərəfi hörmətdən salmağa girişib.

Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı etdiyi haqsızlığa haqq qazandırmaq, əlbəttə, mümkün deyil. Ailə üzvlərinə qarşı şiddətin bütün formalarının inkar edildiyi müasir zamanda - Selcanın atasının ailə üzvlərinə qarşı törətdiyi əzabların nə qədər doğru olduğunu ədalətlə müəyyən etmək mümkün olmadığı halda - bu iddialara biganə qalmaq çətindir.

Lakin Fuad Qəhrəmanlının ailəsində yaradılmış problemdən istifadə edərək, hakimiyyət düşərgəsindən AXCP rəhbərlərinin ünvanına yağan kəskin ittihamların xarakteri baş vermiş hadisənin hakimiyyət tərəfindən qurulmuş siyasi oyun olması ehtimalını ciddiləşdirir. Problemin müxalifətçi ailəsində baş verməsindən istifadə edib, hadisəyə siyasi fon verilməsi, ailə başçısı Fuad Qəhrəmanlı olduğu halda, onun kənara qoyulub, hakimiyyətin siyasi arsenalına daxil olanların AXCP rəhbərliyinə, xüsusən, Əli Kərimliyə hücum etməsi hadisə ilə bağlı xeyli gizli mətləblərin mövcudluğundan xəbər verir.

Qeyd edim ki, heç bir siyasi partiyanın üzvü deyiləm. Fuad adlı şəxslə də heç bir tanışlığım yoxdur. Lakin kimliyindən asılı olmayaraq, istənilən Azərbaycan vətəndaşının üzərində oynanılan oyunun gedişatına ədalətli yanaşmaq, düzgün qiymət vermək həyat devizimdir. 

Bu gün sosial şəbəkələrdə gedən müzakirələri müşahidə etdikcə görürəm ki, burada ciddi canfəşanlıq nümayiş etdirən iqtidaryönümlü kəslərin  Fuad Qəhrəmanlı deyilən bu adamın ailə problemini gündəmə gətirməsində əsas məqsədi AXCP-ni ifşa etməkdir, başqa heç nə. Hadisənin ictimailəşdirilməsində rol oynadığı iddia olunan psixoloq xanım Nərminin, atasından imtina edən Selcanın anası Zümrüd Yağmurla yaxın dostluq münasibətdə olması, eyni zamanda, Nərminin süfrə masası arxasında Selcanla əyləşib badə qaldırdığı anın sosial şəbəkədə yayılması da Fuad Qəhrəmanlının ailədaxili probleminin sadə məsələ olmadığını və hakimiyyətə yaxın olan mənəviyyat yoxsulları tərəfindən hazırlandığı ehtimalını gücləndirir.

Bir azərbaycanlı ailəsində baş vermiş bu xoşagəlməz  hadisənin gündəmə gətirilməsi və bundan siyasi məqsədlər üçün istifadə edilməsi onu göstərir ki, ölkədə gedən siyasi mübarizə milli-mənəvi, əxlaqi dəyərlərin sərhədlərini aşaraq, gənclərin əxlaqsızlıq girdabına yuvarlanmasına şərait yaradıb.

Bu səbəbdən də istər iqtidar, istərsə də müxalifət nümayəndələrinin sosial şəbəkədə və mediada siyasi mübarizə predmetinə çevirdikləri ailədaxili problemlərin milli əxlaqımıza və ailə dəyərlərimizə zidd şəkildə ictimai müzakirəyə çıxarılmasını ölkənin siyasi qüvvələrinin deqradasiyaya uğrayıb, mənəvi yoxsulluq həddinə düşməsinin nəticəsi hesab edirəm.

0.43379402160645