Multikulturalizmi və tolerantlığı təhdid edən əsas amillərdən biri də, etnik və dini münaqişələrdir
Rusların köməyi ilə ermənilər "Xocalı faciəsi"ni törətdilər və Azərbaycanın 7 rayonunu işğal etdilər
Müasir dünyamızda multikulturalizmi və tolerantlığı təhdid edən əsas amillərdən biri də, etnik və dini münaqişələrdir. Bunların da arasında etnik-milli münaqişələrin xüsusi çəkisi daha çoxdur. Bu münaqişələrin yaranmasının səbəbləri müxtəlif, tarixi isə çox qədim zamanlara gedib çıxır. Bütün dünyada multikulturalizmin və tolerantlığın, eləcə də demokratiyanın bərqərar olmasından və inkişaf etdirilərək qorunmasından danışılan bir zamanda da, etnik münaqişələrin davam etməsi, bu gün bəşəriyyəti daha çox narahat edən problemlərdən biridir.
Buna görə də biz XX əsrin II yarısından başlayan etnik münaqişələrə diqqət etsək görərik ki, dünyanın bir çox bölgələrində baş qaldıran münaqişə ocaqlarının söndürülməsi məqsədi ilə elə həmin dövrlərdə, həm də bir çox beynəlxalq təşkilatlar yaranıb. Dünyanın bir çox dövlətlərində, artıq on illərdir ki, bu təşkilatlar dini və milli zəmində yaranan münaqişələrin sülh yolu ilə nizama salınması istiqamətində fəaliyyət göstərir. Bəzi ölkələrdə isə bu təşkilatlar hələ keçən əsrin 2-ci yarısından etnik münaqişələrin öyrənilməsi və təhlili ilə məşğuldur.
Məlumdur ki, postsovet məkanında 80-ci illərin sonu, 90-cı illərin əvvəlində baş qaldıran etnik münaqişələrin, həm dövlət səviyyəsində (siyasi baxımdan), həm elmi-tədqiqat institutlarında (elmi baxımdan) öyrənilməsinə meyllər xeyli artdı. Bir müddət sonra isə münaqişəni öyrənən analitik mərkəzlər, tədqiqat qrupları meydana gəldi. Bu da məlumdur ki, Kommunist Partiyasının təkhakimiyyətliliyi dövründə, müxalif fikrin ortaya çıxması çox çətin məsəli idi. Bununla belə, bəzi millətçi təşkilatların üzvləri müxtəlif xarici radiostansiyalarda öz sözlərini deməyə imkan və cəsarət tapırdılar.
Onların da bir qismi sonradan keçmiş milli münasibətləri, beynəlmiləlçiliyi, eləcə də etnik münaqişələri öyrənən mütəxəssislərə çevrildi və hamısı birdən-birə vətənpərvər və millətçi oldu. Nəticədə gələcəkdə qurulacaq milli hökumətlərin etnik-siyasi qurumların rəhbər tərkibi formalaşmağa başladı. Maraqlıdır ki, bu zaman bütün qüvvələr ziddiyyətlərin həllindən daha çox, onun kəskinləşməsində maraqlı idi. Bu münaqişələrin kəskinləşməsi sayəsində bir sıra təşkilatlar, xüsusilə SSRİ-nin dağılmasında mühüm rol oynayan təşkilatlar meydana gəldi. Həmin təşkilatlar da müxtəlif miqyaslı və dərəcəli münaqişələrin nizamlanmasının strategiyasının hazırlanmasına başladılar. Onların arasında etnik münaqişələrin həlli strategiyasının üç əsas növü xüsusi ilə diqqət çəkirdi:
1) hüquqi mexanizmlərin tətbiqi;
2) danışıqlar;
3) informasiya yolu.
Bununla belə, qeyd etmək lazımdır ki, irimiqyaslı, dərin kök salmış münaqişələrin kəskinləşməsi mərhələsində yuxarıda qeyd etdiyimiz strategiya növlərinin heç biri müsbət nəticə vermir.
Çünki yuxarıda qeyd etdiyimiz birinci strategiyanın reallaşdırılması çox çətin işdir; burada çoxetnoslu dövlətlərdə bütün qanunvericiliyin dəyişilməsi tələb olunur. Hər bir cəmiyyətdə qruplar, daha doğrusu, etnoslar arasında imtiyazlar düzgün bölüşdürülmürsə (məsələn, İsraildə yəhudilər və ərəblər arasında, Latviyada latışlar və ruslar arasında), o zaman sosial strukturda harmoniya yaratmaq üçün etnoslar arasındakı münasibətlərdə mütləq dəyişikliklər yaratmaq lazım gəlir. Etnoslar arasında danışıqların aparılması da zəruri məsələlərdən biridir. Burada psixoloji məqamlar daha çox üstünlük təşkil etsə belə, heç də hər zaman uğurlu nəticə əldə etmək olmur. O ki qaldı münaqişələrin həllinin informasiya yoluna, burada obyektivlik daha böyük rol oynayır.
Münaqişələri araşdıran tədqiqatçılar hesab edirlər ki, informasiyaların verilməsində obyektivlik işin həllinə yardım edə bilər. Azərbaycan dövləti olaraq biz bunu Dağlıq Qarabağ problemi yarandığı ilk gündən hiss etmişik. O zaman mərkəzi orqanlar (xüsusilə qəzetlər), eləcə də televiziya kanalları özünün ermənipərəst mövqeyi ilə azərbaycanlıların psixologiyasına xüsusi təsir edirdilər.
Moskvada erməni lobbisi güclü olduğundan, həm də mərkəzi orqanlarda rəhbər vəzifələrdə çalışan ermənilərin çoxluğu məsələnin onların xeyrinə həllinə kömək edirdi. Bu proses SSRİ dağıldıqdan sonra da davam etdi. Nəticədə rusların köməyi ilə ermənilər "Xocalı faciəsi"ni törətdilər və Azərbaycanın 7 rayonunu işğal etdilər. Beynəlxalq təşkilatların, dünya birliyinin problemə "ikili standart"lar mövqeyindən yanaşması, müsəlman dünyasında birliyin zəifliyi, problemin həllinin uzanmasına münbit şərait yaratdı. Bu da son nəticədə ev-eşiyindən, yurdundan didərgin düşən bir milyona yaxın vətəndaşımızın vəziyyətinin daha da ağırlaşmasına səbəb oldu.
Bu gün ATƏT və digər beynəlxalq təşkilatların nümayəndələrinin gedib-gəlməsi, problemin həllinə çalışmağın görüntüsündən başqa bir şey olmadığı faktdır.
Bütün bu illər ərzində münaqişənin həlli istiqamətində heç bir nəticə əldə edə bilməyən (bəlkə də heç istəməyən) beynəlxalq qurumlar, bu gün iddia edirlər ki, problemi Azərbaycan xalqı özü həll etməlidir. Əgər tarixi faktlara müraciət etsək görərik ki, indiyə qədər bu kimi münaqişələrin sülh yolu ilə həlli imkanları çox az olub. Digər tərəfdən məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi "etnik münaqişə" adı altında yaransa da, əslində ermənilərin Azərbaycana qarşı ərazi iddiası məqsədindən qaynaqlanır. Bunu deməyə əsas verən fakt odur ki, ermənilər zaman-zaman ona qonşu olan bütün dövlətlərə-Türkiyə, Gürcüstan və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış ediblər və proses bu gün də davam edir.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, ölkəmizin dünyada multikulturalizm və tolerantlıq mərkəzi kimi qəbul olunması, ermənilərin məzlum erməni obrazının təbliği ideologiyasını puça çıxırıb və onlar artıq heç kimi həmin fikirlərin doğruluğuna inandıra bilmirlər. Bu da bizim informasiya cəbhəsindəki uğurlarımızın nəticəsidir.
Ermənilər artıq hiss edirlər ki, müharibənin başlanacağı günə o qədər də çox vaxt qalmayıb, buna görə də vaxt qazanmağa, silahlanmağa, müdafiə qabiliyyətini gücləndirməyə çalışırlar. Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, biz münaqişəni sülh yolu ilə, beynəlxalq normalara uyğun şəkildə həllinə tərəfdarıq və buna hazırıq. Ancaq biz bir qarış torpağımızı belə, ermənilərə verməyəcəyik. Gec və ya tez, torpaqlarımız hansı yolla olursa-olsun erməni işğalından azad olunacaq. Bu gün xalqımız da tam əmindir ki, Azərbaycanın hərbi, iqtisadi potensialı buna imkan verir.
Artıq hamıya məlumdur ki, etnik münaqişələrin siyasi, o cümlədən psixoloji metodlarla tam şəkildə həll edilməsi utopiyadır və mümkün olmayan bir məsələdir. Bu barədə həm Freydin, həm də K. Lorensin fikirləri bizə imkan verir ki, öz mülahizələrimizin düzgün olduğunu sübut edək. Freydin fikrincə, insanın aqressiyasının (təcavüzünün) istiqamətini elə dəyişmək lazımdır ki, o, öz ifadəsini müharibədə tapmasın. Freyd bunu hisslərin vəhdətinə nail olmaq kimi başa düşürdü.
Biz isə bilirik ki, bu deyilənləri erməni-Azərbaycan münasibətlərinə aid etmək mümkün deyil. Bir millət ki, əsrlər boyu qonşuluq edən, ona çörək, yaşamaq, dolanmaq imkanı verən xalqdan torpaq tələb edə, onunla necə hisslərin vəhdətinə qovuşmaq olar? Freyddən fərqli olaraq özünün "Aqressiya" ("Təcavüz") əsərində bəşəriyyətin 8 günahından danışan Nobel mükafatı laureatı, Avstriyalı alimi K. Lorens qeyd edir ki, onların arasında 6-cı günahın fəsadları daha dəhşətlidir.
Onun fikrincə, bu günah ənənə ilə əlaqənin kəsilməsilə bağlıdır. Ənənə keçmişdə mövcud olan insanların təcrübəsi ilə müəyyənləşdirilən mədəniyyət normalarıdır. Mühafizəkarlıq deyə həmin təcrübədən imtina edilməsi, bu gün üçün yararlı hesab olunmur, elə buna görə də insanların ənənələrlə əlaqəsi kəsilir.
K. Lorensin fikrincə, bu problem etnik münaqişələrin həll olunmasına da təsir göstərir. Ənənə ilə əlaqənin kəsilməsi yaddaşsızlığa, erməni xislətinin dəyişməz olduğunu unutmağa bərabərdir. Bu da öz növbəsində aqressiv ermənilərə qarşı mübarizə hissini kütləşdirir.
Sual olunur, ermənilərin XX əsrin əvvəllərində Azərbaycan xalqının başına gətirdiyi fəlakətləri, 1988-ci ildən başlayan "Dağlıq Qarabağ" problemi və onun yaratdığı faciələri, bir milyon qaçqın və köçkün, Ermənistandan öz tarixi ata-baba torpaqlarından 100 minlərlə azərbaycanlının çıxarılmasını unutmaq lazımdırmı, yaxud mümkündürmü? Bizcə yox!
Belə olduğu halda, ənənəyə sadiq qalaraq, düşməni öz yerində oturtmağın vaxtı çatıb artıq. Onu da qeyd etmək vacibdir ki, postsovet məkanında baş verən milli-etnik münaqişələr (Gürcüstan, Pribaltika, Azərbaycan, Moldova və s.) lokal münaqişələr kimi başlayıb, qlobal münaqişələrə çevrilib. Onların arasında ən ağrılı, ən çox qan tökülən, milyonlarla insanı evsiz-eşiksiz qoyan erməni-Azərbaycan-türk münaqişəsi xüsusi qəddarlığı ilə seçilir. Burada faciənin miqyası olduqca böyükdür. Münaqişənin açıq müharibəyə çevrilməsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox Azərbaycan vətəndaşı doğma yurd-yuvasından qaçqın-köçkün düşüb, erməni faşistlərinin zəbt etdikləri Azərbaycan ərazisində törətdikləri vəhşilikləri isə dilə gətirmək belə, mümkün deyil. İşğal olunmuş ərazidə radioaktiv tullantıların basdırılması, bu ərazidən narkotik maddələrin tranziti yolu kimi istifadə edilməsi, təkcə ölkəmizə yox, bəşəriyyətə qarşı cinayət kimi qəbul olunmalıdır. Terrorçuların işğal altında olan ərazilərdən baza kimi istifadə etməsi də xüsusi qeyd edilməlidir.
Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, dünyada demokratiyadan, insan hüquq və azadlıqlarından danışan, multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayan beynəlxalq təşkilatların ermənistanın işğalçılıq siyasətinə ikili standartlarla yanaşması, ümumiyyətlə anlaşılan deyil.
Bu gün regionda təhlükəsizliyin qarantı olan, dünyada multikuturalizm mərkəzi kimi tanınan Azərbaycan, bütün törətdiyi cinayətlərinə rəğmən ermənistanla sülh danışıqlarına hazır olduğu halda, ermənilər bu danışıqlardan müxtəlif səbəblərlə imtina edirsə, buna nə ad vermək olar?
“Paralel”in Araşdırma Qrupu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub