Ölkədə siyasi gərginliyin artması düşmənin xeyrinədir
Şahnaz Salehqızı
Hakimiyyət haqlı-haqsız daxili, xarici təsirlərə məruz qalır
Payızın gəlişi iqlim dəyişikliyinə səbəb olduğu kimi, ölkədəki siyasi mühitə də təsir edib. Sentyabr başlayandan ölkədəki siyasi qüvvələr arasında gərgin məqamlar yaşanır. Hakimiyyət haqlı-haqsız həm daxili, həm də xarici təsirlərə, hücumlara məruz qalır.
Bir neçə gün bundan əvvəl hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədovun və hakimiyyətyönlü Ana Vətən partiyasının sədri Fəzail Ağamalının iştirakı ilə bəzi iqtidar və müxalifət partiyalarının görüşü keçirilib. Bu görüş hakimiyyətə yaxın media orqanlarında hakimiyyət-müxalifət dialoqu kimi təqdim edilsə də, iştirakçılar bunun dialoq deyil, adi görüş olduğunu bildiriblər.
Ölkədə cərəyan edən hadisələrin müşahidəsi də göstərir ki, Azərbaycan ətrafında baş verən siyasi proseslər qızışır. Müxalifətlə hakimiyyət arasındakı ziddiyyətlər daha kəskin xarakter alır. Müxalifət hakimiyyəti ağır cinayət hadisələri ilə ittiham edir, hətta əksər hallarda bu tənqidlər sərhəddi keçərək, hakimiyyət nümayəndələrinin şiddətli təhqir olunması həddinə çatır. Əgər hakimiyyət - müxalifət qarşıdurması bu formada uzun müddət davam edərsə, ölkədə ciddi hadisələrin baş verəcəyi şübhə doğurmur. Çünki müxalifət hakimiyyəti konkret olaraq işğal altında olan torpaqları qaytarmaq istiqamətində əməli iş görməməkdə, ermənilərin Qarabağı və ətraf rayonları özününküləşdirməsinə şərait yaratmaqda, ölkə sərvətlərini məmurlara talatmaqda, əmək haqqı və təqaüdləri insanların təlabatını ödəyəcək qədər artırmamaqda, uşaq pulunu qəsdən verməməkdə, ölkə vətəndaşlarının dolanışıq üzündən vətənini tərk etməyə məcbur etməkdə ittiham edərək, "ya torpağı azad et, ya da çıx get" şüarı ilə istehfaya çağırır.
Hakimiyyət isə, müxalifətin tələblərini qanunsuz hesab edir, onları hakimiyyəti qanunsuz yolla ələ keçirməyə cəhddə və bu məqsədlə xarici düşmənlərin tapşırıqlarını icra etməkdə ittiham edir. Hadisələrin bu cür gedişi, tərəflər arasında ittihamların kəskin qarşıdurmaya çevriləcəyindən xəbər verir. Məlumdur ki, Azərbaycanda müxalifətlə hakimiyyət arasında qarşıdurmanın güclənməsi Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfəri, Xankənddə təşkil olunmuş mitinqdəki çıxışında Qarabağı Ermənistanın tərkib hissəsi elan etməsindən sonra başlayıb.
Müxalifət həmçinin, Azərbaycan hakimiyyətini Ermənistanın baş naziri N. Paşinyana layiqincə adekvat cavab verməməkdə, baş nazirin beynəlxalq hüquqa zidd hərəkətindən sonra Ermənistana qarşı dərhal müharibəyə başlamamaqda ittiham edir.
Məsələ ilə əlaqədar rəyini öyrəndiyimiz politoloqların fikrincə, Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin kəskin xarakter alması ölkə və hakimiyyət üçün ciddi problemlər yaradır. Qarabağ və ətraf rayonların uzun müddət işğal altında qalması, beynəlxalq müşahidəçilərin və Minsk Qrupuna daxil olan həmsədr ölkələrin torpaqların azad olunması istiqamətində müsbət irəliləyişə nail olmaması, üstəlik, Ermənistan rəhbərliyinin, konkret olaraq, Ermənistanın baş naziri N. Paşinyanın ölkə əhalisində qıcıq yaradan, beynəlxalq hüquqa zidd bəyanatlar səsləndirməsi və sülh danışıqları prosesinə ziyan vuran bu cür hərəkətlərinə görə heç bir beynəlxalq qınağa məruz qalmaması vəziyyəti dramatikləşdirir.
Politoloqların rəyinə görə, yaxın zamanlarda Azərbaycan hakimiyyəti Qarabağ ətrafındakı ərazilərimizdə yerləşən hərbi qüvvələrin təmas xəttində ciddi əməliyyatlara başlayıb, heç bir beynəlxalq çağırışa baxmadan, torpaqların bir qismini güc vasitəsilə azad edərsə, bu ölkədə vəziyyət hakimiyyətin xeyrinə dəyişər, həm də Paşinyanın Xankənddə etdiyi provokasiya xarakterli hərəkətlərin Azərbaycan cəmiyyətinə göstərdiyi mənfi təsir aradan qalxar.
Belə olan təqdirdə, Ermənistanda vəziyyət ciddi şəkildə qarışacaq, Paşinyanın mövqeyi kəskin sarsılacaq və əhali uduzduğuna və xeyli canlı qüvvə itkisinə görə, onu mütləq cəzalandıracaq.
Azərbaycan hakimiyyəti vəziyyəti özünün və ölkənin xeyrinə dəyişmək üçün yuxarıda qeyd etdiyimiz kimi, düşmənin gözləmədiyi sarsıdıcı hərəkəti etməsə, hazırkı şərtlər altında ölkədə yaranacaq dumanlı durumu təsvir etmək çətindir.
Azərbaycan cəmiyyətində mövcud olan hazırkı siyasi durum olduqca gərgindir və iqtidarın əleyhinə işləyir. Vəziyyətin çətin olduğunu hiss etmək üçün sosial şəbəkələrdə hakimiyyət əleyhinə edilən çağırışlara diqqət etmək yetər. Ölkəni gözlənilən arzuolunmaz vəziyyətə düşməkdən qorumaq məqsədilə insanların "yanğısının" səbbin alan qabaqlayıcı tədbirlər görülməlidir. Məsələn, belə tədbirlərdən biri kimi, hakimiyyətlə xalq arasında ciddi narazılığa səbəb olan rüşvətxor məmurların açıq şəkildə cəzalandırılmasını reallaşdırmaq olar. Düşünürəm ki, bu, cəmiyyətdə toplanmış mənfi enerjinin boşalmasına müsbət təsir edə bilər.