Eşşəyin günahı nə?

Yusif Seyid

Asfalta "prob" qoyurlar ki, təmirin düşər - düşməzi olar

Hə, millət, Abşeron rayonunun bitib-tükənməyən problemlərindən bəhs edən keçən yazımda qeyd etmişdim ki, sizə Abşeron rayonunun paytaxt Bakıya ən yaxın kəndlərindən biri olan Masazır, daha doğrusu Masazır kəndinin problemləri barədə daha ətraflı məlumat verəcəyəm.

Mənim üçün çox maraqlıdır ki, görəsən Abşeron rayon idarəçilik sisteminin rəhbərliyində Azərbaycan dilini bilən bir kadr var? Bunu elə -belə demirəm, görünəni odur ki, bu kadrların yazıb-oxumaq, ələlxüsus da oxumaqla heç araları yoxdur. Olsaydı, son illər bu rayonda baş alıb gedən problemlər bardə yazılan çoxsaylı yazıların heç olmasa birinə cavab verərdilər. Susmaq isə bildiyiniz kimi, razılıq əlamətidir.

Tövbə, mən demədim ki, onlar savadsızdır. Savadsız olsaydılar torpaq, mülk alverini bu dərəcədə mükəmməl bilmələri mümkün olmazdı. Bu işdə hətta Amerika, İngiltərə kimi qocaman dövlətlərin makler-menejerləri (öz dilimizdə desək, dəllalları) belə, onlara çata bilməz. İngiltərə dedim, yadıma düşdü, deyirəm bəlkə onlar savadlarının çoxluğundan ingilis, rus, türk dillərində olan qəzetləri oxuyurlar və bu səbəbdən də, rəhbərlik etdikləri rayonun problemlərindən xəbərləri yoxdur.

Deyirəm, 5-10 manat artıq pulum olsaydı, bu yazını ingilis, yaxud rus dilində tərcümə etdirib dərc edərdim, bəlkə oxuyalar.

Əlqərəz, keçirəm mətləbə. Deyirlər ki, yol inkişafdır, tərəqqidir, mədəniyyətdir. Yolsuzluq isə tam əksinə...

İlk əvvəldən onu qeyd edim ki, Abşeron rayonunun Masazır kəndi paytaxt Bakıya ən yaxın yaşayış məskənlərindən biri olsa belə, burada ölkəmizdə gedən sosial- iqtisadi  inkişafdan, abadlıq-quruculuq işlərindən heç əsər-əlamət belə yoxdur. Baxmayaraq ki, sovet dönəmində kiçik aqrar kənd olan Masazırda, bu gün bəlkə də, hər hansı bir bölgə rayonunda yaşadığından çox əhali yaşayır.

Kəndin problemləri o qədər çoxdur ki, hansından başlayıb, hansında qurtarmaq məsələsi ortaya gələndə çaşıb qalırsan. Çünki müstəqillik əldə etdiyimiz gündən keçən müddət ərzində bu kənddə sosial inkişaf baxımından heç bir iş görülməyib. Bu rayona təyinat alan hər kəsi, yalnız torpaqları satıb, öz güzəranını qurmaq düşündürüb.

Yuxarıda da qeyd etdim ki, yol həyatdır, inkişafdır, mədəniyyətdir. Təsəvvür edin ki, bu kəndin Əliağa Vahid küçəsi istisna olmaqla (bunun da səbəblərini hər kəs bilir) bütün yolları bərbad vəziyyətdədir. Bu kəndin yollarına baxmaq kifayətdir ki, rayon rəhbərliyinin Masazır kəndinə biganə münasibətinin miqyasını görəsən. Ona görə yolların vəziyyətindən başladım ki, qarşıdan payızın yağışlı-yağmurlu günləri gəlir. Masazır kəndində asfalt örtüklü yollar demək olar ki, yoxdur. Olanları da elə bərbad vəziyyətdədir ki, ona normal yol demək mümkün deyil.

Bilirsiniz ki, insan xəstələnəndə həkim ona dərman təyin edir, bu dərmanın düşər-düşməzliyini yoxlamaq üçün isə xəstəyə "prob" qoyurlar.

Deyəsən, Abşeron rayon rəhbərliyində həkim ixtisası olanlar üstünlük təşkil edir, yoxsa belə bir ideya heç kimin ağlına belə gəlməzdi. Belə ki, son zamanlar, rayonun "xəstə" (təmirə ehtiyacı olan) yollarına "prob" qoymaq yaman dəbə düşüb. Bir də görürsən ki, Nuh əyyamından qalan bir "ZİL" markalı yük avtomobili, bir- iki fəhlə düşüblər yolların canına, 50-100 metrdən bir, bir-neçə "lapatka" asfalt atırla çuxura, guya yolu təmir edirlər. Bu da, elə arasında artıq lətifəyə çevrilib. Rayon əhalisi deyir ki, hökumət yollara "prob" qoyur ki, heç zaman asfalt görməyə yola asfaltın düşər-düşməzliyini yoxlasınlar.  Görünəni odur ki, düşmür. Bu səbəbdən də yollar elə Nikolayın dövründəki kimi, araba yoluna oxşayır.

Qarşıdan qış gəlir. Bununla da Masazır əhalisinin çətin günləri başlayır.

Bu gün dünyanın sivil dövlətlərində yaşayan insanlar kosmasa turist səfərlərinə gedir. Masazır camaatı isə şəhərə getmək üçün çantasında "zapas" ayaqqabı gəzdirir. Birini kənddən çıxana kimi, digərini isə şəhərdə geyinmək üçün.

Təsəvvür edin ki, kiçik yaşlı uşaqlar belə, bu palçıqlı-lilli küçələrlə hər gün məktəbə getmək zorundadır. Rayon və kəndin rəhbərlərinə edilən müraciətlərin isə standar savabı var-,"pul yoxdur".

Məsazır kəndinin problemləri təkcə yollarla bitmir. Kəndin işıq, qaz, su problemləri də, elə bil dərin bir quyuya düşüb, gözləyirlər ki, Məlikməhəmməd gəlsin, həmin problemləri həll etsin. Qazın, suyun, işiğın istənilən vaxt və istənilən müddətə kəsilməsi adi haldır, buna isə heç kim məsuliyyət daşımır. Səbəbini soruşduqda isə hər dəfə eyni cavabı eşidirsən, "xətlər köhnədir, qəza baş verib". Bu xəttlərin nə vax təmir olunacağı, problemin nə vaxt sona çatacağını isə bilən yoxdur. Baxmayaraq ki, istər "Azəriqaz", istər "Azərişıq", istərsə də "Azərsu " rəhbərliyi hər il qışın əvvəlində bəyan edir ki, heç bir problem yoxdur. Əhalini heç bir problem olmadan qaz, su, işıqla tam təmin etmək imkanlarımız var və s. və ilaxır. Qış gəlir, havalar bir qədər soyuyur, görürsən ki, illərlə davam edən problemlərdə heç bir dəyişiklik yoxdur, "köhnə hamam, köhnə tas".

Mən dəfələrlə "Azəriqaz" və "Azərişıq"da çalışan həmkarlarıma çağırış etmişəm ki, qış aylarında gəlin Masazıra, dediklərinizlə gördüklərinizi reallıqda müşahidə edin.

 Az qala bütün Avropanı təbii qazla təmin etmək iddiasında olan bir dövlətin paytaxtının on addımlığında insanlar evlərini qızdırmaq üçün odun sobasından, təzəkdən istifadə edir. Evlərdə quraşdırılan istilik sistemləri isə qazın və işığın normal təhcizatının olmaması səbəbindən işləmir. Masazır kəndinə hətta yay aylarında işıq elə bir səviyyədə verilir ki, bir çoxları hətta kondisionerlərindən belə, istifadə edə bilmir.

Bilirsiniz ki, Azərbaycan hökuməti Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tövsiyə və tapşırıqları əsasında Bakı, Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı həyata keçirib. Bu proqramlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Bakının, ətra kənd və qəsəbələrin siması nəzərəçarpacaq dərəcədə dəyişib. Lakin çox təəssüf ki, bu proqramların Masazır kəndinə heç bir təsiri olmayıb. Son 20 il ərzində həyata keçirilən bu proqramlar çərçivəsində Masazır kəndində hər hansı bir iş görülübsə, onu bizə də göstərsinlər, bilək.

Bəzən məndə belə bir təsəvvür yaranır ki, Abşeron rayonunun Azərbaycana, ümumiyyətlə Azərbaycanda gedən quruculuq işlərinə heç bir aidiyyati yoxdur.

Ancaq çox maraqlıdır ki, dövlət məmurları öz çıxışları zamanı dönə-dönə vurğulayırlar ki, dövlət büdcəsinin 90 faizindən çoxu Abşeron iqtisadi rayonunda formalaşır. Onda belə bir sual ortaya çıxır, bəs bu vəsaitlərdən Abşeron rayonuna və onun kəndlərinə heç nə düşmür?

Açıq etiraf etmək lazımdır ki, təkcə son 10 ildə Abşeron rayonunu demirəm, təkcə Masazır kəndində satılan torpaqların hesabına, bu kəndi dünyanın ən gözəl yaşayış məskəninə çevirmək olardı. Lakin təəssüflər olsun ki, həm rayon, həm də kənd bələdiyyə və icra nümayəndəliyinə rəfhbərlik edən şəxslər buna imkan vermir. Onları maraqlandıran təkcə şəxsi gəlirləridir. Kənd əhalisinin hansı problemlərdən əziyyət çəkdiyini elə bilirsiniz onlar bilmir? Çox gözəl bilirlər və "pul yoxdur" ifadəsini tutuquşu kimi təkrarlayaraq yaranmış vəziyyətdən çıxmağa çalışırlar. Kənddə görülən az-çox işlər də, bilavasitə kənd əhalisinin vəsaitləri hesabına başa gəlib.

Bu yazının müəllifi də 5 ilə yaxındır ki, bu kənddə yaşayır, bununla belə, nə seçkili orqan olan bələdiyyə sədrini, nə də dövlət nümayəndəsi olan kənd icra nümayəndəliyinin rəhbərini tanıyır. Onların başları öz şəxsi işlərinə o qədər qarışıb ki, kəndi və kənd əhalisini tamamiylə yaddan çıxarıblar.

Kəndin ən ağrılı problemlərindən biri də, burada ünvanların düzgün formalaşdırılmamasıdır. Burada hətta dövlət reyster xidmətindən mülkiyyət şəhadətnaməsi (kupça) olan ev sahibi də, hansı ünvanda yaşadığını bilmir. Bu da müxtəlif sənədləşmə, poçt xidməti və ən əsası da təcili tibbi xidmət çağırışı zamanı ciddi problemlər yaradır. Vətəndaş zəng edib ünvanını deyir, təcili tibbi xidmət personalı isə tamam başqa bir ünvana gedir və bu alaşılmazlıq çox ciddi faciələrə səbəb ola bilər.  

Keçən seçkilər ərəfəsində guya bu problemi həll etdilər- görüntü xatirinə harda bir qapı gördülərsə, oraya bir nömrə vurdular və bununla da iş bitdi. Əslində isə kənddə yaşayan əhalini böyük əksəriyyəti bilmir ki, o hansı ünvanda yaşayır. Bunu da kənd və rayon rəhbərliyi çox gözəl bilir, sadəcə olaraq özlərinə əziyyət verib, problemi həll etmək istəmirlər.

Və sonda bir məsələni də diqqətinizə çatdırım ki, mənim eşşəyə xüsusi rəğbətim-simpatiyam var, təkcə gözlərinin gözəlliynə görə yox, zəhmətkeşliyinə görə. Eşşək bir çox məmurlardan fərqli olaraq, heç bir əlavə təmənna ummadan, bir qarın yeməyə ondan tələb olunan işi canla-başla yerinə yetirir. Bir az kobudluğu, qanmazlığı var. Xub, bizim məmurlarımız da bundan xali deyillər. Əlqərəz, başa düşə bilmirəm ki, hansısa bir məmur öz işinə səhlənkar yanaşırsa, dövlət tərəfindən ona tapşırılan işi yerinə yetirmirsə, eşşəyin günahı nə?

Deyə bilərsiniz ki bəs,məmurların fəaliyyətinə eşşəyin nə dəxli? Mən deyim, siz də eşidin. Artıq bir neçə aydır ki, Masazır kəndində mövcud olan bütün zibilxanalar ləğv edilib (daha doğrusu, yeri satılıb). Həmin zibillikləri alan şəxslər də, kənddəki bütün zibil yeşiklərin yoxa çıxarıblar. İnsanlar da məcburiyyət qarşısında zibili hara gəldi atırlar.  

Bir çoxları da buna dözmür, zibil atılan ərazidəki divarlara müxtəli, hətta mənəviyyatdan və etikadan uzaq şüarlar yazırlar. Şüarların bir çoxunda isə eşşəyin adı hallanır. Məsələn, "Ay eşşək, bura zibil atma", "Buraya zibil atanın...", "Zibil atma eşək" və s.

İndi mən sizdən soruşuram, əgər məmurlar öz vəzifələrini yerinə yetirə bimirlərsə, burada eşşəyin nə günahı var? Hələlik bu qədər. Qalan məsələlər gələn dəfə...

0.60248112678528