Dilimizə nifrəti kimlər yaradır?

Dilimizə nifrəti kimlər yaradır?
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

Şəhərdə dilimizin vəziyyəti daha ağırdır

Azərbaycan müstəqil dövlət olsa da, Azərbaycan dili özünün normal dövlət dili statusunu hələ heç də hər yerdə bərpa etməyib. Ölkə prezidentinin dilimizin qorunması barədə imzaladığı sərəncama, verdiyi ciddi tapşırıqlara səthi yanaşılır. Əksər hallarda prezidentin dilin qorunması ilə bağlı imzaladığı sərəncam və tapşırıqlar icra olunmaq əvəzinə, ayrı-ayrı dövlət və ictimai qurumlar, QHT-lər yığıncaqlar, seminarlar keçirir və bununla da işi bitmiş hesab edirlər.

Qarşıya qoyulan vəzifə isə bu tədbirləri keçirməklə yanaşı, dilin bütün fəaliyyət sahələrində düzgün istifadə edilməsinə nail olmaqdan ibarətdir. Xüsusən, şəhərdəki reklamlar, elanlar, ad və ünvanlar ən azı, dövlət dilində düz yazılmalıdır və müvafiq aidiyyatı dövlət qurumları buna ciddi yanaşmalıdır. Lakin şəhərin küçələrinə baxanda adam özünü xarici ölkədə hiss edir, hara baxırsan, ingilis dili gözə girir. Dilimizin qorunması, ondan istifadə qaydalarına əməl olunması sahəsində Bakı şəhərində görülən işlər olduqca yarıtmaz vəziyyətdədir.

Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyinin dəyişməsi, yəni H. Abutalıbovun Eldar Əzizovla əvəzlənməsi bu sahədə olan nizamsızlığın qaydaya düşəcəyinə ümidləri artırsa da, dəyişiklikdən xeyli zaman keçməsinə baxmayaraq, şəhərdəki yazılarda dilin işlənməsindəki qüsurlar və çatışmazlıqlar azalmaq əvəzinə, daha da artıb. İcra hakimiyyətinin əksər departament rəhbərlərinin fəaliyyəti ilə maraqlanarkən onların öz vəzifəsini icra etməklə deyil, yalnız qazanc əldə etməklə məşğul olduqları aşkara çıxır. Bakı şəhər meriyasının rəhbərliyi dilimizin qorunması və işlədilməsinə görə də məsuliyyət daşıdıqlarını yaddan çıxarıblar, başları müxtəlif növ məhsulların ticarətinə qarışıb.

Bu il isə, BŞİH-nin xeyir-duası ilə Bakı şəhərində cənab prezident tərəfindən qadağan olunmuş açıq küçə ticarəti iri addımlarla irəliləməyə başlayıb. Hiss olunur ki, şəhərin küçələrindəki yazılarda dilin qorunmasına nəzarət kimi vacib məsələ şəhər rəhbərliyi tərəfindən küçə ticarətinə qurban verilir. Ölkədə, xüsusən Bakı şəhərində dilin istifadəsi və qorunması sahəsində buraxılan səhvlərin çoxu bilavasitə bu sahəyə birbaşa nəzarət edən Prezident Administrasiyasının müvafiq strukturları ilə bağlıdır.

Ümumiyyətlə, Azərbaycanda dilimizin istifadə olunması və qorunması sahəsində yol verilən nöqsanların böyük əksəriyyətinin səbəbkarları və günahkarları arasında nazirliklər, komitələr, baş idarələr öndə gedir. Dilimizin öyrənilməsi, öyrədilməsi, tətbiq olunması və qorunması bilavasitə onun vəzifəsi olduğu halda, dilimizə qarşı, bəlkə də, ən çox nifrət bəsləyən, onun qorunması, istifadə və təbliğ edilməsi sahəsində kobud səhvlərə yol verən dövlət qurumu Təhsil Nazirliyidir. Təhsil Nazirliyinin yarıtmaz, qeyri-peşəkar fəaliyyətinin acı nəticəsidir ki, hər il rus dilində təhsil almaq istəyən şagird və tələbələrin sayı sürətlə artır. Burada dövlətin digər orqanlarının da qanunsuz təhrikedici və həvəsləndirici hərəkətlərinin  rolu az deyil.

Dünyanın istənilən dövlətində hər hansı işdə çalışmaq üçün insanların dil məsələsi ön planda yer aldığı halda, Azərbaycanda işəgötürənlərin üstünlüyü rus və ingilis dilini bilənlərə verməsi dilimizə ən böyük nifrətin və hörmətsizliyin bariz nümunəsidir. Ən dəhşətli hal odur ki, bu, daha çox dövlət orqanlarında baş verir və heç bir tədbir görülmür.

Fikrimcə, hər kəsin bir neçə dil bilməsi və həmin dillərdə yazıb-oxumağı bacarması çox müsbət haldır, vacibdir və bunun üçün ölkəmizdə hərtərəfli şərait var. Yəni heç kim fikirləşməsin ki, çox dil bilməyin əleyhinəyik, əksinə, hətta düşmənimiz ermənilərin də dilini hər bir vətəndaşımızın öyrənməsini vacib hesab edirik. Düşmənə qalib gəlməyin ən yaxşı üsullarından biri də onun dilini mükəmməl bilməkdir.

Deməli, apardığımız araşdırmalar ataların "balıq başdan iylənər" məsəlinin bu məsələdə də tam yerinə düşdüyünü təsdiqləyir. Dil ilə bağlı apardığım araşdırmalar nəticəsində əldə etdiyim yekun rəy bundan ibarətdir ki, dilimizin hörmətdən salınmasının əsas səbəbi dövlət orqanlarında dilimizə qarşı biganəliyin hökm sürməsidir. Xüsusən, çox utancverici haldır ki, ölkənin bir neçə yüksək vəzfəli şəxsləri bir neçə xarici dil bildiyi halda, Azərbaycan dilində danışa və yaza bilmirlər. Məsələn, xarici işlər naziri E. Məmmədyarov buna konkret nümunədir və bunu bütün dünya bilir ki, Azərbaycan dövlətinin xarici işlər naziri Azərbaycan dilində normal danışmağı və yazmağı bacarmır! Sonra da gileylənirik ki, Qarabağ problemini niyə həll edə bilmirik, xarici diplomatiyamız nə üçün bu qədər acizdir və sairə...

Azərbaycan dilinə qarşı hörmətsizliyin dövlət orqanlarından başlanması barədə söylədiyim fikrə şübhə ilə yanaşan varsa, zəhmət çəksin, ölkədə fəaliyyət göstərən nazirliklərə, komitələrə, baş idarələrə, xüsusən, xarici işlər, təhsil, müdafiə, səhiyyə nazirliklərinə təşrif buyursunlar və orada çalışan yüksək vəzifəli şəxslərin və əməkdaşların rus və Azərbaycan dilində danışıqlarına diqqət etsinlər. O zaman diimizlə əlaqədar vəziyyətin nə qədər ağır durumda olduğunu çox aydın şəkildə müşahidə edəcəksiniz.

Düşünürəm ki, dilimizə qarşı indiki kimi, xoşagəlməz vəziyyət bundan sonra da bu sürətlə davam edəcəksə, bir neçə ildən sonra dilimizi axtarıb tapmaq üçün, bəlkə də, böyük axtarış qrupları yaratmağa ehtiyac yaranacaq. Belə bir vəziyyətlə üzləşməmək, dilimizə qarşı göstərilən laqeydliyin aradan qaldırılması üçün dövlət orqanları ciddi düşünməlidirlər.

Hər kəs xalqın taleyində dilin nə qədər önəmli rol oynadığını unutmamalıdır. Dilimizin qorunması və onun saflığının təmin olunmasının milli kimliyimizin vacib faktoru olduğunu daim diqqətdə saxlamalıyıq və dilimizin qorunmasını təmin etməyi dövlət orqanlarından tələb etməliyik.

0.094736099243164